Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4071/2021 18.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclasının katibi X7 İddiaçı və cavabdeh X2 iştirakları ilə İddiaçı cavabdehlər Sumqayıt şəhər 2 nömrəli Doğum evinə və X3 qarşı «maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair» mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh 2 saylı Doğum evindən 100000 (yüz min) manat mənəvi zərərin, həmin Doğum evinə uşağın doğulması üçün ödədiyi 1000 (bir min) manat maddi ziyanın və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, cəmi 101030 (yüz bir min otuz) manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, 2 saylı Sumqayıt Doğum evinə hamiləliklə əlaqədar olaraq 04 yanvar 2014-cü ildə müraciət etmişdir. 05.01.2014-cü ildə doğuş baş vermiş və 4400 qram çəkisində oğlan uşağı dünyaya gəlmişdir. Sumqayıt 2 saylı Doğum evinin “Əvəzləmə kartına” görə uşaq doğularkən qoyulmuş diaqnoza görə “sağlam iri uşaq” olmuşdur. Uşağın anadan olması barədə tərtib olunmuş sənədlərdə göstərilənlərdən fərqli olaraq uşaq anadan olandan sonra onun sağlamlıq durumunda bir çox problemlər aşkar olunmuşdur. Belə ki, anadan yeni doğulmuş uşağın yuxusu, fasiləsiz olaraq ağlaması, uşağın qarnının dayanmadan getməsi (işləməsi) yaranmışdır. Qeyd edilənləri “X24” MMC-nin 21.01.2014-cü il tarixli laboratoriya arayışı təsdiq edir. Həmçinin uşağın səhhətində olan problemlərlə bağlı sahə həkiminə müraciət etmişdir. Sahə həkiminin məsləhəti ilə Bakı şəhərində olan X8 müraciət etmişdir (Aygün adlı həkimə). Həkimin dediklərinə görə uşağın oturmaması, yeriməməsi, anasını tanımaması nevroloji xəstəliklə bağlı olmuşdur. Bundan sonra uşağın sağlamlıq durumu daha da ağırlaşdığı üçün Azərbaycan Respublikası Tibb Universitetinin Tədris Terapevtik Klinikasının həkimi professor Zakir Əliyevə 25.12.2015-ci ildə müraciət etmişdir. Həmin Mərkəzin verdiyi 25.12.2015-ci il tarixli diaqnoza görə uşağın nitqinin inkişafının ləngiməsi yaranmışdır. Nitqin inkişafının ləngiməsi xəstəliyinin baş verməsinə səbəb həm xarici, həm də daxili faktordur. “Real Sağlamlıq” Tibb Mərkəzinin həkimi Yaqut Məmmədovanın dopler müayinəsinə görə daxili faktora aiddir “uşaq ana bətnində olan uşaqlıq tonusunun yüksək olması, uşaqlıq və kiçik çanaq venalarında varikoz genişlənmənin izlənilməsi, həmçinin oksigen çatışmazlığı və uşağın çəkisinin normadan çox olması”. “Xəstəliyin xarici faktoru isə doğuş zamanı uşağın travma və zədə olması ilə xarakterizə olunur. Qeyd edilənləri “Real Sağlamlıq” Tibb Mərkəzinin həkimi Yaqut Məmmədovaya görə “ananın vəziyyəti və uşağın çəkisinin çox olması” nəzərə alınaraq uşaq onun keysəriyyə olmasını məsləhət görmüşdür. Lakin doğuşdan əvvəl Sumqayıt 2 saylı Doğum evinin həkimi Ramidə Əliəsgərova ona bildirmişdir ki, “narahat olma, uşaq və sən sağlam olacaqsan, sağlamlığına boynumla cavabdehəm”. Bu zaman həkim R.Əliəsgərova yerinə yetirəcəyi işin müqabilində ondan 1000 manat pul istəmişdir. O, cavabdehə həmin məbləği R.Əliəsgərova doğuşdan sonra, yəni 06.01.2014-cü ildə vermişdir. Hesab edir ki, X16 anadan olarkən həkim R.Əliəsgərovun səhlənkarlığı səbəbindən səhhətində ciddi problemlər yaranmışdır. Hal-hazırda uşaq danışa bilmir, kənar şəxslərin köməyinə ehtiyacı vardır, gecə səhərə qədər yatmır, gəzməyində çətinlik çəkir, əllərinin tutma qabiliyyəti azdır, ağzından daimi olaraq su gəlir. Qeyd edilən xəstəliklər səbəbindən ona Tibb-Sosial Ekspert Komissiyasının rəyinə görə 14.08.2020-ci ildə “Orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən davranış pozuntuları ilə” əlillik təyin edilmişdir. Hal-hazırda 05.01.2014cü il təvəllüdlü X10 müalicəsini maddi imkansızlıq səbəbindən davam etdirə bilmir. Hesab edir ki, 2 saylı Doğum evinin həkimi R.Əliəsgərovanın səhlənkarlığı səbəbindən uşağı əlil olmuşdur. Oğlunun səhhətində olan problemlər doğuş zamanı almış olduğu travma və zədələrlə bağlıdır. Həmin travma və zədələrin alınması doğuş həkiminin vəziyyəti (uşağın çəkisinin və ananın səhhətinin) düzgün qiymətləndirilməməsi və səhlənkarlığı ilə bağlıdır. Göstərilənləri nəzərə alaraq, cavabdeh 2 saylı Doğum evindən 100000 (yüz min) manat mənəvi zərərin, həmin Doğum evinə uşağın doğulması üçün ödədiyi 1000 (bir min) manat maddi ziyanın və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, cəmi 101030 (yüz bir min otuz) manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdeh X5 iddia tələbini qəbul etməyərək göstərdi ki, 04.01.2014-cü il tarixdə, saat 23:00-da iddiaçı normal sancı ilə onların doğum evinə daxil olmuş, həmin vaxt iddiaçının 5-ci hamiləliyi idi. İddiaçı birinci övladını 4,500 kq çəkidə doğduğu üçün ona normal doğuş məsləhət görmüş və iddiaçını keysəriyyə əməliyyatı etməmişdir. Doğuş əməliyyatı normal keçmiş və iddiaçı uşaq doğulandan 3 gün sonra özü və övladı yaxşı olduğu üçün evə buraxılmışdır. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Sumqayıt şəhər 2 nömrəli Doğum evinin nümayəndəsi X14 məhkəmədə iştirak edən zaman iddia tələbini qəbul etməyərək göstərmişdir ki, iddiaçı doğuşdan sonra üç gün xəstəxanada qalmışdır. İddiaçı və onun övladında hər şey normal olduğu üçün üç gündən sonra evə buraxılmışdır. Hesab edir ki, əgər iddiaçının övladında olan problemlər doğuş zamanı baş versəydi, iddiaçı həmin zaman xəstəxanaya müraciət edərdi. Hazırda, iddiaçının yeddi ildən sonra məhkəməyə mənəvi və maddi ziyanla bağlı müraciət etməsinə heç bir əsas olmadığını və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə İddiaçı cavabdehlər Sumqayıt şəhər 2 nömrəli Doğum evinin nümayəndəsi X14 və X4 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. İş materiallarında olan, AZ-İİİ № 262882 saylı, 13.02.2014-cü il tarixli “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X17 05.01.2014-cü il tarixdə Sumqayıt şəhərində anadan olub və bu barədə doğum haqqında akt qeydləri kitabında 207 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universiteti Tədris-Terapevtik Klinika “Nevrologiya və X15”nın 25.12.2015-ci il tarixli müayinəsinin surətindən görünür ki, X13 müayinə zamanı “Mikrofiriya” yəni nitq inkişafının ləngiməsi diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universiteti X1 şöbəsinin 31.10.2018-ci il tarixli müayinəsinin surətindən görünür ki, X13 müayinə zamanı “Mikrofiriya” yəni psixi-fiziki, əsasən əqli və nitq inkişafının ləngiməsi diaqnozu qoyulmuşdur. İş materiallarında olan şəxsiyyəti təsdiq edən sənəd üzrə axtarışın surətindən görünür ki, 05.01.2014-cü il təvəllüdlü X17 “Sağlamlıq imkanları məhdud uşaq” kimi qeydiyyatdadır. İş materiallarında olan Sumqayıt şəhər Səhiyyə şöbəsi 2 №-li Doğum evi “əvəzləmə kartı”nın surətindən görünür ki, Şirinova Xanım Elxan qızı tərəfindən 05.01.2014-cü il tarixdə çəkisi 4400 qram olan, sağlam iri uşaq doğulmuşdur. Doğuşdan üç gün sonra, yəni 08.01.2014-cü il tarixdə Şirinova Xanım Elxan qızı kafi vəziyyətdə evə buraxılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər 2 nömrəli doğum evinin 20.05.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yaşayan 1981-ci il təvəllüdlü Şirinova Xanım Elxan qızı 04.01.2014-cü il tarixində saat 23:00-da doğum evinə daxil olub. Diaqnoz: 40 həftə, doğuşun İ dövrü, iri öl, Preeklamsiya orta dərəcə. 05.01.2014-cü il tarixində saat 04;45-də çəkisi 4400.0 boyu 54 sm olan kişi cinsində uşaq doğmuşdur. Diaqnoz doğuş. İri uşaq. 08.01.2014-cü il tarixində uşaqla birlikdə kafi vəziyyətdə evə yazılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin 12.10.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı 2013-2014-cü il tarixlərində Sumqayıt Şəhər Perinatal Mərkəzinə müraciət etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X12” X20 23.01.2021-ci il tarixli, 643/KES nömrəli rəyindən görünür ki, Nihat Vahabovun mütəxəssis müayinəsi zamanı hazırda onda orta kəmağıllılıq, qulluq və müalicə tələb edən ciddi nitq və davranış pozuntusunun olduğu müəyyən edilmişdir. Qeyd olunan patoloji dəyişikliklər anadangəlmə qüsur kimi qiymətləndirilir. Sumqayıt şəhər 2 nömrəli X23 Vahabovun adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, 05.01.2014-cü il tarixdə təbii yolla doğulmuş və onda “Kəskin intranatal hipoksiya” əlamətlərindən başqa digər hər hansı bir patoloji dəyişikliklərin olduğu qeyd edilməmişdir. N.Vahabovda mövcud olan anadangəlmə patologiya inkişaf mərhələsindən asılı olaraq bir neçə müddət sonra özünü biruzə vermişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 15 saylı Mənzil-Kommunal sahəsinin 13.04.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı ünvan 1-da qeydiyyatsız yaşayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, qanunun qeyd olunan normasına əsasən göstərilən hüquq münasibətləri üzrə delikt məsuliyyətinin yaranması üçün ziyanın baş verməsi və ziyan vuranın qanunazidd hərəkətləri arasında səbəbli əlaqənin olması, eləcə də həmin hadisədə onun təqsirinin olması zəruridir. Sadalanan əsaslar göstərilən delikt öhdəliklərinin yaranması üçün məcburi xarakter daşıyır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, 2 saylı Sumqayıt Doğum evinə hamiləliklə əlaqədar olaraq 04 yanvar 2014-cü ildə müraciət etmiş, 05.01.2014-cü ildə doğuş baş vermiş və 4400 qram çəkisində oğlan uşağı dünyaya gəlmiş, Sumqayıt 2 saylı Doğum evinin “Əvəzləmə kartına” görə uşaq doğularkən qoyulmuş diaqnoza görə “sağlam iri uşaq” olması qeyd olunsa da, uşağın anadan olması barədə tərtib olunmuş sənədlərdə göstərilənlərdən fərqli olaraq uşaq anadan olandan sonra onun sağlamlıq durumunda bir çox problemlər aşkar olunmuşdur. Nəticəyə görə ona vurulmuş maddi ziyanın həcmini 1000 manat, mənəvi ziyanın həcmini 100000 manat məbləğində dəyərləndirir. Bu səbəbdən iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iş üzrə obyektiv araşdırma aparımlası ilə əlaqədar məhkəmə tibbi ekspertizası təyin edilmişdir və ekspertizanın 643/KEŞ nömrəli, 17.06.2021-ci il tarixli rəyindən görünür ki, Nihat Vahabovun mütəxəssis müayinəsi zamanı hazırda onda orta kəmağıllılıq, qulluq və müalicə tələb edən ciddi nitq və davranış pozuntusunun olduğu müəyyən edilmişdir. Qeyd olunan patoloji dəyişikliklər anadangəlmə qüsur kimi qiymətləndirilir. Sumqayıt şəhər 2 nömrəli X23 Vahabovun adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, 05.01.2014-cü il tarixdə təbii yolla doğulmuş və onda “Kəskin intranatal hipoksiya” əlamətlərindən başqa digər hər hansı bir patoloji dəyişikliklərin olduğu qeyd edilməmişdir. N.Vahabovda mövcud olan anadangəlmə patologiya inkişaf mərhələsindən asılı olaraq bir neçə müddət sonra özünü biruzə vermişdir. Qeyd olunan dəyişikliklərin spinal anesteziya nəticəsində yaranması istisna edilir. Göründüyü kimi eksprert rəyi ilə iddiaçının övladında olan qüsurun anadangəlmə qüsur olduğunu bildirmiş və bunun doğuş zamanı hər hansı pozuntu olmadan həyata keçirilməsi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Əlavə olaraq, iddiaçı övladında yaranmış qüsurun doğuş zamanı yarandığını qeyd etsə də, övladının 2014-cü il təvəllüdlü olmasını və iddiaçının hazırki ərizə ilə məhkəməyə müraciət etməsi bir daha sonuncunun övladında yaranmış qüsurun doğuş zamanı yaranmamasını bir daha sübuta yetirir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə iddiaçının övladında yaranmış qüsurun sübuta yetirilməsi ilə bağlı halların ekspert rəyi ilə təsdiq olunmamasını, eyni zamanda iddiaçı tərəfindən bununla bağlı başqa sübutların təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən maddi ziyanın tutulması ilə bağlı irəli sürülmüş tələb əsaslı hesab edilə bilməz. Belə ki, qanunvericiliyin tələblərinə əsasən ziyanın tələb edilməsi üçün ilk növbədə zərərvuran qismində göstərilən şəxsin hərəkətlərində zərərçəkmiş şəxsə qarşı yönəlmiş hüquqi zidd hərəkətləri sübut olunmalı və vurulmuş ziyanın məhz həmin hərəkətlər nəticəsində əmələ gəlməsi təsdiq olunmalıdır. İddiaçı isə cavabdehlərin hərəkətləri nəticəsində ona 1000 manat maddi ziyan, 100000 manat mənəvi ziyan vurulması ilə bağlı hər hansı mötəbər sübutlar təqdim edə bilməmişdir. Məhkəmə hazırkı mübahisəyə də məhz sübutetmə aspektindən yanaşaraq qeyd edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehlər tərəfindən ona maddi ziyanın ödənilməli olduğuna dair tələbinin qanuni əsasının (Mülki Məcəllənin 1096-cı maddəsinin) dispozisiya şərtləri mövcud olmadığına görə həmin əsasın hüquqi nəticəsi də, yəni tələb etmək hüququ da yaranmamışdır. Belə ki, cavabdeh iddiaçıya birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd hərəkətə və ya hərəkətsizliyə yol verməmişdir və beləliklə də, hazırki iddia tələbi üzrə iddiaçı müvafiq subyekti hüquqa malik deyildir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də, cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib haiların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, zərərçəkən fıziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfı psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fıziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması, həmçinin onun şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi hallarında özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfındən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “İnsan Hüquqlarının və X9 haqqında” Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad olunan halları sübut etməlidirlər. İmperativ normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə nəzərə alır ki, mənəvi zərərin ödənilməsi üçün cavabdeh R.Əliəsgərovanın səhlənkarlığı nəticəsində övladının doğuş zamanı travma alması, eləcə də həmin hərəkətlə iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi arasında səbəbli əlaqənin sübut edilməsi yükü mülki-prosessual qanunvericiliyin tələbinə əsasən məhz iddiaçının üzərinə düşür. İddiaçı iddia tələbində cavabdeh R. Əliəsgərovanın doğuş zamanı etdiyi səhlənkarlıq səbəbindən mənəvi sarsıntı keçirməsi, övladının sağlamlığının pozulması, mənfi psixi reaksiyaya səbəb olması nəticəsində fiziki əzab çəkdiyini göstərsə də, keçirdiyi fiziki və mənəvi sarsıntılarla bağlı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə əsasən qeyd edilən halın sübut edilməsi məhz iddiaçının vəzifəsidir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə İddiaçı cavabdehlər Sumqayıt şəhər 2 nömrəli Doğum evinə və X3 qarşı “cavabdeh 2 saylı Doğum evindən 100000 (yüz min) manat mənəvi zərərin, həmin Doğum evinə uşağın doğulması üçün ödədiyi 1000 (bir min) manat maddi ziyanın və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, cəmi 101030 (yüz bir min otuz) manatın tutularaq ona ödənilməsi” barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1097.1ci və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-4071/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4071/2021
18.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver