Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4130/2023 25.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, onun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Maksimus MMC-nə qarşı arakəsmələrin qoyulması və terrasa girişin qadağan edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Maksimus MMC-nə qarşı arakəsmələrin qoyulması və terrasa girişin qadağan edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən iddiaçıya məxsus Sumqayıt şəhəri, Sülh küçəsi, X5 cənubu, 1-ci döngə ünvanında yerləşən C-1 blok, 2-ci mərtəbədə yerləşən 1 nömrəli mənzilin qarşısında olan terrasa gül dibçəklərindən arakəsmə qoyulması, kənar şəxslərin terrasa girişinin qadağan edilməsi, kompleksin işçilərinin zərurət yarandığı halda iddiaçını qabaqcadan xəbərdar etməklə terrasa girişinə icazə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə "xxxx" MMC arasında 18 dekabr 2018ci ildə 053/18 saylı “Mənzil İnşaat Müqaviləsi” bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə görə Sumqayıt şəhəri, Sülh küçəsi, X5 cənubu, 1-ci döngə ünvanında yerləşən C1-blok, 2-ci mərtəbədə yerləşən 1 nömrəli mənzil ona satılmışdır. Onunla "xxxx" MMC arasında 28 fevral 2022-ci ildə “yaşayış binasının sakinlərinin birgə yaşayış qaydaları haqqında” 0687 nömrəli kommunal müqaviləsi bağlanmışdır. Ona satılan 1 nömrəli mənzilin qarşısında təxminən 60-70 kv.m terras ərazi vardır. Həmin terras ərazi bina rəhbərliyinin sərəncamındadır. Adı çəkilən kommunal müqaviləsinin 5.10-cu bəndinə görə “binanın terras mərtəbə hissələrindən yararlanan mənzil sahibləri mənzillərinin qarşısında yerləşən terrasdan istifadə edə bilərlər”. Müqavilənin həmin bəndinə görə terras ərazi mənzillər üzrə xüsusi gül dibçəkləri ilə bölünməlidir. Həmin gül dibçəklərinin və içindəki güllərin qorunub-saxlanması həmin mənzil sahiblərinə aiddir. Terrasın təmizliyini qoruyubsaxlamaq üçün terrasa düşən mənzil sahibləri terrasdan məhdud istifadə edə bilərlər. Həmin hissədə hər hansı bir inşaat işlərinin aparılması qadağandır. Cavabdeh mənzillərinin qarşısında olan terras ərazidə gül dibçəkləri qoymamışdır. Müqaviləyə əsasən həmin gül dibçəkləri onun evinin ön hissəsindəki terras ərazisinin sol yan tərəfinə arakəsmə formasında düzülməli idi. Həmin arakəsmə qoyulmadığına görə kənar şəxslər terrasda hərəkət edərək evin içərisində yaşamaqlarına süni əngəllər yaradır. Terras ərazi mənzili ilə paralel olduğu üçün terrasda hərəkət edən kənar şəxslər tərəfindən mənzilinin içərisi görünür. Bu da ailə üzvləri arasında narahatlıq yaradır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mənzilininin qapı və pəncərələri terras əraziyə tam açılır. Bu da tərəflər arasında bağlanmış “kommunal müqavilə”-nin 5.10-cu maddəsinin tələblərinə ziddir. Onunla bağlanmış 053/18 saylı “alqı-satqı” müqaviləsinin bağlanmasından beş ilə yaxın vaxt keçməsinə baxmayaraq cavabdeh gül dibçəklərindən ibarət arakəsmə qoyulacağı vədinə əməl etməmişdir. Onunla və digər sakinlərlə kompleks rəhbərliyi arasında arakəsmə qoyulacağı barədə şifahi razılaşma sakinlərin fikri nəzərə alınmadan ləğv edilmişdir. Dəfələrlər qeyd edilən nöqsanların aradan qaldırılması üçün cavabdehə müraciət etsə də heç bir tədbir görülməmişdir. Hesab edir ki, terrasa gül dibçəklərindən arakəsmə qoyulması, kənar şəxslərin terrasa girişinin qadağan edilməsi, kompleksin işçilərinin zərurət yarandığı halda onu qabaqcadan xəbərdar etməklə terrasa girişinə icazə verilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X4 izahatında bildirdi ki, iddia tələbini müdafiə edir. Əlavə olaraq bildirdi ki, 2018-ci il tarixdə mənzili ilkin ödəniş edərək, daxili ipoteka şərti ilə almışlar. Daha sonra müqavilə bağlanmış, lakin nə müqavilədə yazılı nə də şifahi olaraq bildirilməmişdir ki, onların işçiləri orada qurğu quraşdıracaq, işçiləri istənilən zaman oraya keçəcəkdir və sair. Yazılı və şifahi olaraq bildirilmişdir ki, mənzil onlara istifadə üçün verilir. Mənzil içəridən görünür. Düşünür ki, onların mənzil və rahatçılıq hüquqları vardır ki, onlar ondan istifadə etməlidirlər. Bunu dəfələrlə onlara vurğulamışlar. 2022-ci ildən artıq bu məsələnin üstünə düşmüş və dəfələrlə onlara şifahi və yazılı formada demişlər. Rəhbərliyə kimi hər biri münasibət bildirmişdir. Onlara deyilir ki, pəncərələri və pərdələri bağlı saxlasınlar. Bir stabilizator qoyulmuş, hər dəfə problem olduqda gəlib iş görürlər. Həmin stabilizatoru başqa yerə də yerləşdirmək mümkündür. Əgər arakəsmələr olsa məhrumiyyətlər qoruna bilər. Uzun sahənin ona aidiyyatı yoxdur. Onların istifadəsi üçün verilmişdir. Qonşular istifadə edə bilməz. Ən azından müqavilənin şərtlərinə əməl edə bilərlər. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı və onun nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan: Sumqayıt Bağça Şəhər yaşayış kompleksinin idarəetməsi tərəfindən X2 ünvanlanmış müraciətə cavabdan görünür ki, xx.xx.2018-ci il tarixində N053/18 saylı Mənzil İnşaat Müqaviləsi ilə İddiaçı Bina 18, mərtəbə 2, 1 nömrəli 103 kvadrat metr olan mənzil satılmışdır. Müqavilə üzrə şirkət üzərinə götürdüyü öhdəliyi icra etmiş, müqavilədə göstərilən vaxdan əvvəl qeyd olunan mənzil sahibinə təhvil verilmişdir. Qeyd olunan mənzilin qarşısında təxminən 60-70 kvadrat metr terras ərazi vardır və həmin terras ərazi İddiaçı satılmamış və bina rəhbərliyinin sərəncamındadır. Həmin terras ərazidə yağış suları üçün nəzərdə tutulmuş daimi qulluq tələb edən trap xətləri, qeyri yaşayış obyektlərinə aid qurğular, elektrik xətləri və s. vardır. Bu səbəblə tələb olunduğu təqdirdə şirkətin işçi heyəti terras ərazidə təmir-bərpa və təmizlik işləri icra edirlər. Terras ərazi onlara satılmadığı üçün və müqavilə üzrə 103 kvadrat metr-lik mənzilinizə hər hansı bir kənar müdaxilə olmadığı üçün rəsmi müraciətdə qeyd etdikləri Azərbaycan Respublikası Konstutsiyasının 31-ci, 33-cü və 43-cü maddələrinin pozuntusuna iddia etməklərinin heç bir hüquqi əsası yoxdur. Digər mərtəbələrdəki mənzillərdən fərqli olaraq terrasa düşən mənzillərin təhlükəsizliyi üçün şirkət əlavə vəsait xərcləyərək terras hissəyə düşən bütün pəncərələri tam örtməklə məhəccər ilə təmin etmişdir. Binaların terras hissəsi mənzil sahiblərinə satılmadığı üçün həmin hissələrdə mənzillər arası arakəsmə edərək bağlı şəkildə mənzil sahiblərinin istifadəsinə verilməsi nəzərdə tutulmamışdır. Bununla bağlı sonuncu müzakirədə verilən qərarı onlara bildirmiş, anlayış göstərilməsini xahiş etmişdir. 053/18 nömrəli mənzil inşaatı müqaviləsindən görünür ki, inşaatçı "xxxx" MMC ilə sahib İddiaçı arasında müqavilə bağlanmışdır. İnşaatçı Azərbaycan Respublikası Qanunverciliyinə, inşaat sənayesinə mövcud olan işgüzar adətlərə və müvafiq qaydada aidiyyəti təşkilatlarla təsdiq olunmuş layihə sənədlərə uyğun olaraq, ünvan 2 ünvanda özünəməxsus torpaq sahəsində inşa etdiyi yaşayış binasının C1-blok, 2-ci mərtəbəsində yerləşən ümumi inşaat sahəsi 102 kvadrat metr olan, üç otaqlı, 1 nömrəli mənzil ilə təmin etməyi öhdəsinə götürür. Bu müqavilədə başqa hal nəzərdə tutulmazsa inşaatçı mənzilin inşaatını başa çatdırılması üçün lazım olan bütün materiallar, işçi qüvvəsi və avadanlıqları öz vəsaiti hesabına təmin edir. Bu maddənin məqsədləri üçün inşaat sahəsi dedikdə, mənzilin çöl və daxili divarların, eyvan eləcə də kolonların tutduğu sahələrin tamamı və qonşu divarların yarısı nəzərdə tutulur. 28 fevral 2022-ci il tarixli, 0687 nömrəli kommunal müqavilədən görünür ki, "xxxx" MMC ilə İddiaçı arasında yaşayış binasının sakinlərinin birgə yaşayış qaydaları haqqında kommunal müqaviləsi bağlanmışdır. Sumqayıt şəhəri, Sülh küçəsi ünvanda yerləşən “Sumqayıt Bağça Şəhər” hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının sakinləri bu müqavilədə göstərilən norma, standartlara və qaydalara əməl edir. Şirkət isə bu müqavilənin tələblərinə sakin tərəfindən əməl olunmasına nəzarəti həyata keçirir. Müqavilənin icra olunmasını və bu müqavilənin 7.1-ci bəndində sadalanan kommunal xidmətlərin göstərilməsini təmin edir. Bu müqavilə üzrə sakinlər dedikdə qeyd olunan yaşayış binalarının ayrı-ayrı mənzil vahidlərinin mülkiyyətçiləri, həmin mülkiyyətçilərin mənzildə yaşayan ailə üzvləri, mənzildə müvəqqəti olaraq yaşayan şəxs (kirayəçi qismində) başa düşülür. Azərbaycan Respublikası DİN-in yaşayış yeri üzrə qeydiyyat haqında ******* nömrəli arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikası, Tovuz rayonu, Ayıblı kəndində xx.xx.1968-ci il tarixdə anadan olmuşdur. Sumqayıt şəhəri, yataqxana 14, otaq 68, məhəllə 42 ünvanında 16 yanvar 2017-ci il tarixdən qeydiyyatdadır. Məhkəmə hesab edir ki, iddia tələbinin əsaslı olması məhkəmə araşdırması gedişatında öz təsdiqini tapmamışdır. Yerli baxış zamanı müəyyən edildi ki, ünvan 2 ünvanında yerləşən C1-blok, 2-ci mərtəbədə yerləşən terras ümumi istifadədədir. İddiaçının istifadəsində olan 1 nömrəli mənzil terrasın sonunda yerləşir. Terrasa 2-ci mərtəbədə yerləşən mənzillərdən eləcə də, ümumi istifadədə sahələrdən (bloklardan) çıxışlar var. Sakinlər terrasa mənzillərindən çıxır. Bloklardan isə terrasa xüsusi arakəsməli qapılardan mövcud olan çıxışlar kilidlə bağlıdır. Həmin çıxışlardan yalnız cavabdehin əməkdaşları tərəfindən istifadə olunur. İddiaçının iştirakı ilə keçirilən video-diskə baxış zamanı müəyyən olundu ki, əyləşmək üçün yerə bərkidilməyən oturacaq qoyulmuşdur. Həmin oturacaqdan başqa əyləşmək üçün digər şəxslər tərəfindən başqa bir oturacaq yerləşdirilməmişdir. Belə ki, arakəsmələrin qoyulması və terrasa girişin qadağan edilməsi tələbinə dair iddia irəli sürməklə İddiaçı hansı hüquqlarının pozulmasını, ümumilikdə iddia tələbinin hüquqi əsasının nədən ibarət olmasını əsaslandıra bilməmiş, mötəbər sübutları məhkəməyə təqdim etməmiş, yəni sübutetmə vəzifəsini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə iclasında təqdim olunmuş sübutlar qiymətləndirilərkən məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsassız olmaqla öz təsdiqini tapmır. Məhkəmə iclasında iddiaçı 28 fevral 2022-ci il tarixli kommunal müqaviləsinə istinad etsə də, həmin müqavilənin 5.10-cu bəndinə əsasən binaların 2-ci mərtəbəsində mənzil qarşısına düşən hissə terras adlanır və həmin ərazi alqı-satqı müqaviləsində qeyd olunmadığı üçün hər hansı bir mənzilə aid deyildir, bina rəhbərliyinin sərəncamındadır. Terras ərazi mənzillər üzrə xüsusi gül dibçəkləri ilə bölünməsi nəzərdə tutulmuşdur ki, həmin gül dibçəklərinin və içindəki güllərin qorunub baxılması həmin mənzil sahiblərinə aiddir. Gül dibçəklərini qəsdən və ya ehtiyatsızlıqdan sındıran və ya yararsız hala salan mənzil sahibləri terrasın təmizliyini icra etdikləri təqdirdə terrasdan məhdud şəkildə istifadə edə bilərlər. Terrasda yemək bişirmək, manqal, samovar və sair yanğın təhlükəsi olan əşya və avadanlıqların istifadə edilməsi qadağandır. Məhkəmə hesab edir ki, ümumi istifadə üçün nəzərdə tutulmuş sahədə, arakəsmələrin qoyulması mənzilin görünüş və ümumi qaydaların tələblərinə zidd olmaqla, digər vətəndaşların hüquqlarının pozulmaqla, haqlı narazılıqlarına səbəb ola bilər.Bundan əlavə cavabdehin nümayəndəsi tərəfindən iddiaçının müraciətinə cavab məktubundan müəyyən edilir ki, iddiaçının mənzilinin qarşısında yerləşən terrasda, ümumi işlərin görülməsi üçün, şirkətin işçi heyəti terras ərazidə təmir-bərpa və təmizlik işləri icra edərkən anlayışla qarşılanmasını diqqətə çatdırmışdır. İddiaçının hər bir vətəndaşın hüquqlarının pozulması ilə məhkəməyə müraciət etmək imkanın olması baxımından məhkəmə hesab edir ki, arakəsmələrin qoyulması və sair tələbi ilə hansı hüquqlarının bərpa olunmasını əsaslandıra bilməmiş, bunun əsasında isə mütənasiblik təşkil etməmişdir. Məhkəmənin iddianın təmin edilməməsi qənaətinə gəlməsinə əsas, işin məhkəmə araşdırması zamanı müəyyən edilən hallar və aşağıda qeyd olunan qanunvericilikdə nəzərdə tutulmuş normalardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 170.1 və 170.2-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. 255.1-ci maddəsinə əsasən servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. 255.2-ci maddəsinə əsasən daşınmaz əşyanın servitutla yüklülüyü həmin əşyanın mülkiyyətçisini sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etmir. 255.4-cü maddəsinə əsasən servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. 257.1-ci maddəsinə əsasən servitut almış şəxs (ixtiyarlı şəxs) servitutun saxlanması və həyata keçirilməsi üçün tələb olunan hər şeyi edə bilər, lakin o öz hüququndan imkan daxilində elə istifadə etməlidir ki, bu, yüklü olan mülkiyyətçinin mənafelərinə zidd olmasın və ona lüzumsuz narahatlıq yaratmasın. 257.2-ci maddəsinə əsasən servitutla yüklü olan mülkiyyətçi servitutun həyata keçirilməsinin qarşısını alan və ya onu çətinləşdirən heç bir hərəkət etməməlidir. Məhkəmə hesab edir ki, İddiaçı ərizəsində qeyd etdiyi hallarla, təqdim etdiyi sübutlar arasında zidiyyət təşkil edərək iddia tələbinin əsası kimi istinad etdiyi halları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada sübut edə bilməmiş, işin tədqiq olunan hallarına əsasən iddia tələbi öz təsdiqini tapmamışdır. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 4.1-ci və 14.1-ci maddələri). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Məhkəmə qeyd olunanlara əsasən bu nəticəyə gəlir ki, İddiaçı arakəsmələrin qoyulması və terrasa girişin qadağan edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır (MPM 217.4, 218.3-cü maddələri). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 337, 339-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdeh Maksimus MMC-nə qarşı arakəsmələrin qoyulması və terrasa girişin qadağan edilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-4130/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4130/2023
25.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver