Məhkəmə qərarları › İş №2(060)-4168/2020

Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(060)-4168/2020

20.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4168/2020 20.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçı, nümayəndəsi və vəkili X1 oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12.000 ABŞ dolları və iddianın verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2009-cu ilin oktyabr ayında cavabdehlə dükanda təsadüf nəticəsində tanış olmuşdur. Cavabdehlə söhbət əsnasında cavabdeh ona bildirmişdir ki, ev, torpaq və sair daşınmaz əmlakların alqı-satqısının təşkilində vasitəçiliklə məşğul olur, hazırda da satışda ticarət obyekti vardır. Atasının yaşadığı ev həmin ərazidə, yəni Sumqayıt şəhəri 51-ci məhəllə ərazisində olduğu üçün oradan obyekt almaq istədiyini Yusifə bildirmişdir. Sonra Yusif ona Sumqayıt şəhəri 51-ci məhəllə ərazisində yerləşən “Bulaq” marketi göstərib 12000 ABŞ dollara satıldığını bildirmişdir. O da həmin marketə baxıb bəyənmiş və obyektin qiyməti həmin dövr üçün münasib olduğuna görə onu almaq qərarına gəlmişdir. Obyektin təmirə ehtiyacı var idi. Razılaşmışlar ki, obyekt təmir etdirilsin və sonra istifadə olunsun. Bundan bir neçə gün sonra o, 12.000 ABŞ dollarını Yusifə vermişdir. Marketin sənədlərini Yusifdən tələb etdikdə isə bildirmişdir ki, marketin təmiri yekunlaşdıqdan sonra sənədləri də ona təqdim edəcəkdir. Həmin obyektin təmirini Yusifin oğlu etmişdir. Təmir zamanı o, sözügedən marketin təmirinə 2.000 ABŞ dolları məbləğində pul xərcləmişdir. Təmir işləri həyata keçirildiyi vaxt ona məlum olmuşdur ki, Yusif həmin “Bulaq” marketi ondan əvvəl Zakir adlı şəxsə satmış və ondan da pul almışdır. Həmin vaxt o, israrla obyektin sənədlərini Yusifdən tələb etmişdir. Yusif isə bildirmişdir ki o, sənədləri itirmişdir. Bu zaman o, Yusifin onu aldatdığını düşünmüş və verdiyi pulları ondan geri qaytarmasını tələb etmişdir. Yusif isə marketin sənədlərinin saxta olmasını və onu aldadaraq pul almasını etiraf etmişdir (Yusif həmçinin 2010-cu ilin iyul avında bu barədə tərtib edilmiş akta imza etməklə dediklərini özü də təsdiq etmişdir.) Daha sonra 2009-cu ilin noyabr ayında Sumqayıt şəhəri 51-ci məhəllə ərazisində özünün yaşadığı evə bitişik olan dükanın 2 otağını (faktiki 30 kv. m sənəddə 12 kvm sahəsi olan bərbərxananı) 12000 ABŞ dolları məbləğində pulunu qaytarana kimi müvəqqəti olaraq onun istifadəsinə verməyi Yusif ona təklif etmişdir. Həmçinin bildirmişdir ki, hazırda pulu xərcləmişdir, əlində pul yoxdur, lakin qısa müddətdə onun pulunu toplayıb qaytaracaqdır. O da məcburiyyət qarşısında Yusiflə razılaşmışdır və 30 kv.m sahəsi olan bərbərxananı istifadəsinə qəbul etmişdir, həmin vaxt qarşılıqlı razılıq əsasında Yusifin qızı Validə onun qardaşı Ceyhuna etibarnamə də vermişdir. Belə ki, Yusif ona təklif etdiyi bərbərxana sənəd üzrə onun qızı Validə Ağamalıyevaya məxsus idi. 2009- 2017-ci illər ərzində dəfələrlə Yusiflə görüşlərində pulu qaytarmaq üçün ondan vaxt istəmiş, bir çox problemlərinin olduğunu, ondan başqa digər şəxslərə də pul borclu olmasını, bu səbəbdən də ailəsində də münaqişələrin baş verməsini ona bildirmişdir. O da mərhəmətlilik göstərərək hər dəfə Yusifə inanmış və pulunu qaytarması üçün ona vaxt vermişdir. Yusifin 2017-ci ilin mart ayında sonuncu bəhanəsi isə o oldu ki, hələ də pulu düzəldə bilməyib, hazırda satışda torpağı var onu satan kimi onun pulunu qaytaracaqdır. Lakin yenə də Yusif onun pulunu qaytarmamışdır. 2018-ci ilin oktyabr ayında Yusifin oğlu Vəli ona təklif etmişdir ki, bərbərxananı onun istifadəsinə versin və qazancından onun pulunu qaytarsın. O da Vəliyə bildirmişdir ki, notariusda bu barədə borc müqaviləsi bağlansın. O da razılaşmışdır. Lakin sonradan Yusifin oğlu Vəli onunla görüşməkdən və notariusa getməkdən müxtəlif bəhanələrlə yayınmışdır. 2019-cu ilin iyun ayında o, Sumqayıt şəhəri 51-ci məhəllə ərazisindəki 30 kv.m sahəsi olan bərbərxanaya baxmağa gedərkən obyektin qapısının sındırıldığını və orada təmir işlərinin aparılmasını görmüşdür. O, Yusifin oğlundan bu hərəkətin nə demək olduğunu soruşduqda bildirmişdir ki, “sən pulu atama vermisən, mənim atamla heç bir əlaqəm yoxdur, get 12000 ABŞ dolları məbləğində pulu atam Yusifdən tələb et, mən sənə nə pulu verəcəm nə də bərbərxananı”. Hal-hazırda isə nə qədər cəhd etsə də Yusiflə əlaqə saxlaya bilmir. Başa düşmüşdür ki, Yusif ondan aldığı 12000 ABŞ dolları məbləğində pulu qaytarmaq istəmir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddiaçının göstərdiklərini müdafiə edərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki iş materiallarına əlavə edilmiş xx.xx.2010-cu il tarixdə tərtib olunmuş aktdan görünür ki, Cavabdeh 2009-cu ilin oktyabr ayında ona məxsus Sumqayıt şəhəri 51-ci məhəllədə yerləşən “Bulaq” marketi İddiaçı 12000 ABŞ dollarına sataraq göstərilən məbləği almış və saxta sənədlərlə aldadaraq guya təmir etdikdən sonra obyekti ona verəcəyini bildirmişdir. Sənədlər saxta olduğuna və mübahisəli tərəflər olduğu üçün ona verilmiş 12000 ABŞ dollarını geri tələb etdikdə 2009-cu ilin noyabr ayından hazırkı vaxta qədər müxtəlif bəhanələrlə, müxtəlif vaxtlarda verəcəyini bildirmiş, lakin indiyədək qaytarmamışdır. Bununla əlaqədar Cavabdeh ailəsinə məxsus yaşadığı evin ərazisində olan dükanın iki otağını pul qaytarılana qədər verəcəyini bildirmişdir. Aktı tərtib edənlər, o cümlədən, Cavabdeh aktın doğruluğunu imzaları ilə təsdiq etmişlər. Beləliklə, iddiaçının əmlak almaq məqsədilə cavabdehə 12.000 ABŞ dolları məbləğində pul ödəməsi iş materialları ilə öz təsdiqini tapmışdır. Cavabdeh üzərinə düşən öhdəliyi icra etməmiş və əsassız olaraq iddiaçıdan aldığı pulu geri qaytarmamışdır. Məhkəmə işin hallarını hüquq normaları əsasında qiymətləndirərək qeyd edir ki, hazırkı münasibətlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 58-ci fəslinin təsiri altına düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-cü maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 12.000 (on iki min) ABŞ dolları (ödəniş gününə manata məzənnə ilə) məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 12.000 (on iki min) ABŞ dolları (ödəniş gününə manata məzənnə ilə) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat İddiaçı xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Sumqayıt Şəhər Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar