Məhkəmə qərarları › İş №2(060)-4226/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4226/2020

03.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4226/2020 03.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə xx.xx.2020-ci il tarixinədək hesablanmış 1147,30 manat məbləğində kommunal xidmətlərə görə yaranmış borc və məhkəməyə müraciət üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 məhəllə, ev 68B/2, 146 saylı mənzilin alqı-satqısına dair Cavabdeh ilə binanın inşasını həyata keçirmiş “xxx” MTK arasında xx.xx.2008-ci il tarixində müqavilə imzalanmışdır. Mənzil əldə etmək üçün ödəniş etdiyinə görə cavabdehin də payçısı (üzvü) olduğu “xxx” Mənzil Tikinti Kooperativi ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən binaların həyətinin, bloklarının təmiz saxlanılması, yük və sərnişin liftlərinin fasiləsiz işləməsi, sakinlərin 24 saat soyuq su ilə təmin edilməsi, binanın həyətində abadlıq, yaşıllaşdırma işlərinin aparılması, mərtəbələrin və həyətin işıqlandırılması, lazım gəldikdə təmir-bərpa işlərinin aparılması, lift mexanizminə texniki xidmət göstərilməsi, binaların mühafizəsinin təmin olunması, kommunal xidmət haqqının yığılması, xərclərin ödənilməsi və sair xidmətlərin göstərilməsi icraçı İddiaçı MMC-yə həvalə edilmişdir. Müqavilə bağlanan tarixdən etibarən İddiaçı MMC tərəfindən yüksək keyfiyyət və peşəkarlıqla bütün sakinlərə, o cümlədən cavabdehə məxsus mənzilə kommunal xidmətlər göstərilmişdir. Lakin bəzi az sayda sakinlərin, o cümlədən cavabdehin MMC-yə qalıq borcu yaranmışdır. xx.xx.2014-cü il tarixindən etibarən yığılmış borcun ödənilməsi cavabdehdən dəfələrlə tələb olunsa da bunun müsbət nəticəsi olmadığı üçün məhkəməyə müraciət olunması zərurəti yaranmışdır. Cavabdehin iddiaçıya vaxtında ödəmələri həyata keçirməməsi iddiaçının məhz kommunal xidmətlərlə bağlı üçüncü şəxslər (dövlət orqanları, işçilər və s.) qarşısında əlavə xərclər yaranması və bununla da MMC-yə zərər vurulması ilə nəticələnmişdir. İddiaçı MMC məhkəmə iclasında iştirak etməmiş, lakin ərizə ünvanlayaraq pandemiya və digər son dərəcə obyektiv səbəblərdən məhkəmə iclaslarında nümayəndələrinin iştirakı təmin edilə bilmədiyindən, məhkəmə iclaslrının nümayəndələrinin iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbi ilə bağlı bildirmişdir ki, onunla “xxx” MTK arasında xx.xx.2008-ci il tarixində ünvan 1 məhəllə ev 68B/2, 146 saylı mənzilin alqı-satqısına dair müqavilə imzalanmışdır. Adıçəkilən mənzili alqı-satqı müqaviləsinə əsasən əldə etsə də, həmin mənzildə heç vaxt yaşamamışdır. Ona görə də iddiaçı təşkilatın mənzildə yaşamaya-yaşamaya ondan İddiaçı tələb etməsini heç cür anlaya bilmir. Əlavə olaraq qeyd etmişdir ki, məhkəməyə qədər ona heç bir xəbərdarlıq olunmamışdır. Göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə baxış iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan xx.xx.2008-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə “xxx” Mənzil Tikinti Kooperativi arasında ünvan 1 məhəllə ünvanında yerləşən sahəsi 100,64 kv.m olan iki otaqlı mənzilin alqı-satqısına dair müqavilə bağlanmışdır. İş materialarına əlavə olunmuş xx.xx.2015-ci il tarixli, 01 saylı müqavilənin surətindən görünür ki, “xxx” Mənzil Tikinti Kooperativi ilə İddiaçı MMC arasında xx.xx.2015-ci il tarixli müqavilə bağlanmış və həmin müqaviləyə əsasən binaların həyətinin, bloklarının təmiz saxlanılması, yük və sərnişin liftlərinin fasiləsiz işləməsi, sakinlərin 24 saat soyuq su ilə təmin edilməsi, binanın həyətində abadlıq, yaşıllaşdırma işlərinin aparılması, mərtəbələrin və həyətin işıqlandırılması, lazım gəldikdə təmir-bərpa işlərinin aparılması, lift mexanizminə texniki xidmət göstərilməsi, binaların mühafizəsinin təmin olunması, kommunal xidmət haqqının yığılması, xərclərin ödənilməsi və sair xidmətlərin göstərilməsi icraçı İddiaçı MMCyə həvalə edilmişdir. İşdə olan “xxx” Mənzil Tikinti Kooperativi ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 01 nömrəli müqaviləyə olan xx.xx.2018-ci il tarixli dəyişikliyin surətindən görünür ki, Kommunal xidmətlərə görə xidmət haqqı yaşayış sahələrinin hər bir kvadrat metri üçün 0,30 AZN, qeyri-yaşayış sahəsinin hər bir kvadrat metri üçün 0,25 AZN müəyyən edilmişdr. İş materiallarında olan İddiaçı MMC-in xx.xx.2020-ci il tarixli, 010/İŞ nömrəli xəbərdarlıq məktubundan görünür ki, xx.xx.2020-ci il tarixə yaranmış 996,34 manat borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə cavabdehə yazılı bildiriş ünvanlanmışdır. Məhkəmənin sorğusu əsasında məhkəməyə ünvanlanmış İddiaçı MMC-nin xx.xx.2020-ci il tarixli, 070/İŞ nömrəli məktubundan görünür ki, Cavabdeh məxsus ev 68B/2, 146 saylı mənzilə xx.xx.2014-cü il tarixindən, xx.xx.2020-ci il tarixədək kommunal xidmətlər hesablanmışdır. xx.xx.2020-ci il tarixinədək mənzilə hesablanmış kommunal xidmət haqqından, MMC-yə heç bir ödəniş aparılmamışdır. İşdə olan İddiaçı MMC tərəfindən Cavabdeh məxsus +99450 *** ** ** mobil nömrəsinə göndərilmiş SMS-dən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2019-cu il tarixədək İddiaçı görə 815,19 manat məbləğində borcu olduğu bildirimişdir. Məhkəmə iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2008-ci ildə Bakı şəhəri, Xətai rayonu, 2945-ci məhəllədə inşa edilmiş yaşayış binasında mənzil almaq üçün Kooperativin üzvlüyünə qəbul edilmişdir. Cavabdeh ilə «xxx» Mənzil Tikinti Kooperativi arasında mənzilin alqı-satqısına dair müqavilə bağlanmış və ünvan 1 məhəllədə yerləşən 68B/2 saylı evin, 146 saylı mənzili cavabdehin istifadəsinə verilmişdir. Həmin yaşayış binasının kommunal xidmətlərini həyata keçirən İddiaçı MMC Cavabdeh İddiaçıi vaxtlıvaxtında ödəmədiyinə istinad edərək məhkəməyə müraciət etmişdir. Mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra - mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır (Mənzil Məcəlləsinin 1.1-ci maddəsi). AR Mənzil Məcəlləsinin 135-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar (135.1). Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan; dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan; mənziltikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan (135.2). Həmin Məcəllənin 136.2-ci maddəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.2. kommunal xidmətlərə görə haqq. Həmin Məcəllənin 137.1-ci maddəsinə əsasən çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir. Mənzil Məcəlləsinin 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. Mənzil Məcəlləsinin 138.5-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Məhkəmə hesab edir ki, mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsi tikilib təhvil verildiyi andan mənzil-tikinti kooperativi üzvləri yaşayış sahəsinin saxlanması və təmirinə görə və kommunal xidmətlərə görə haqq ödəmək vəzifəsi daşıdığından iddia tələbi əsaslıdır. Göründüyü kimi mənzil qanunvericiliyində mənzil-tikinti kooperativinin üzvlərinin çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı ödənişləri və (və ya) haqları mənzil-tikinti kooperativinin idarəetmə orqanının müəyyənləşdirdiyi qaydada ödəməsi nəzərdə tutulmuşdur. Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumu “Bakı şəhər icra hakimiyyəti başçısının “Mənzil xidməti tariflərinin tənzimlənməsi haqqında” 1999-cu il 5 oktyabr tarixli 961 saylı sərəncamı barədə” x xxxx 2000-ci il tarixli Qərarında qeyd etmişdir ki, tam özəlləşdirilmiş mənzillərin (evlərin) mülkiyyətçilərinin evə xidmət və onun təmiri üçün müstəqil surətdə təşkilatlar, o cümlədən dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları, kooperativlər, xüsusi firmalar və başqa təsərrüfatçılıq subyektləri seçməyə ixtiyarı vardır. Beləliklə, özəl mülkiyyətdə olan çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmətin təşkilində sərbəstdirlər və istədikləri təşkilatla müqavilə bağlamaqda azaddırlar. Hazırki iş üzrə «xxx» MTK ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilədən və həmin müqaviləyə xx.xx.2018-ci il tarixli dəyişiklikdən görünür ki, sifarişçi «xxx» MTK Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2945-ci məhəllədə yüksəkmərtəbəli yaşayış binasının sakinlərinə kommunal xidmətlərin göstərilməsi hüququnu icraçı İddiaçı MMC-yə vermiş, icraçı İddiaçı MMC isə öz növbəsində həmin sakinlərə kommunal xidmətlər göstərməyi və haqqını həmin sakinlərdən almağı öhdəsinə götürmüşdür. Beləliklə cavabdehin üzvü olduğu mənzil-tikinti kooperativi bu ödənişlərin İddiaçı MMC tərəfindən yığılması qaydasını və mənzilin hər kv.metrinə görə 0,30 manat ödənişlərin alınmalı olmasını müəyyən etmişdir. Digər tərəfdən Mənzil Məcəlləsinin 137.10-cu maddəsinə əsasən mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Bu səbəbdən məhkəmə cavabdehin sözügedən ünvanda yaşamamasına istinad edərək bu haqqın ödənilməsindən imtina etməsini əsassız hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli qərarında qeyd etmişdir ki, məhkəmələr çoxmənzilli binalarda kommunal xidmətləri həyata keçirən idarəedici təşkilatların fəaliyyəti ilə bağlı yaranan mübahisələri həll edərkən, həmin təşkilatlar tərəfindən ümumi istifadədə olan sahələrdə sərf edilən təbii inhisarda olan malların (qaz, elektrik, su və s.) qiymətinin Tarif Şurası tərəfindən müəyyən edilmiş satış qiymətlərinə müvafiq olaraq kommunal xidmətlərə daxil edilməsinə xüsusi diqqət yetirməlidirlər. Həmçinin həmin qərarla qərara alınmışdır ki, çoxmənzilli binaların mənzil və digər sahələrinin mülkiyyətçiləri ilə ümumi əmlakın saxlanmasına dair xidmətləri həyata keçirən idarəedici təşkilatlar arasında müqavilə bağlanarkən Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarda formalaşdırdığı hüquqi mövqeləri nəzərə alınmalıdır. Məhkəmə cavabdehdən mənzilinin sahəsinə görə tələb edilən kommunal haqqın miqdarını da ağlabatan hesab edir. Belə ki, cavabdehdən tələb edilən məbləğ (mənzilin hər kvadrat metrinə görə 30 qəpik) “Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2000-ci il tarixli 40 saylı Qərarının tələblərinə uyğundur. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 1147,30 manat pulun tutulması hissəsində iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 30 manat dövlət rusumu da cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1147,30 (bir min yüz qırx yeddi manat otuz qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar