Məhkəmə qərarları › İş №2(060)-4288/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4288/2023

06.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4288/2023 06.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X4 cəlb etməklə cavabdeh Sumqayıt “ASAN xidmət” mərkəzinin Notariat ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X4 cəlb etməklə cavabdeh Sumqayıt “ASAN xidmət” mərkəzinin Notariat ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən İddiaçı X3 xeyrinə 5625 manat pul tutulması nəzərdə tutulmuş və icra olunması üçün Abşeron Rayon İcra şöbəsinə göndərilmişdir. Qeyd edilən İcra Qeydinin olması barədə məlumatı Abşeron Rayon İcra şöbəsinin icra məmuru tərəfindən ailə üzvlərinə edilmiş zəngdən sonra olmuşdur. Bundan sonra, icra qeydini rəsmi olaraq əldə etmişlər. Qeyd edilən icra qeydi qanunsuz olduğu üçün ləğv edilməlidir. Həmin kredit üzrə borc məbləğ tam olaraq ödənilmişdir. Ödənilmiş iş üzrə notariat ofisi mübahisənin olub-olmaması ilə bağlı heç bir araşdırma aparmadan icra qeydi vermişdir. İcra qeydi kredit müqaviləsi əsasında verilmişdir. Həmin müqavilədə qeyd edilən ümumi yanaşmaya əsasən əgər İddiaçı aldığı krediti vaxtında ödəməsə, Novruzov Azad məhkəməyə müraciət etmək hüququ ilə ala bilər. Qeyd edilən bəndin tələbindən göründüyü kimi əgər qeyd edilən müqavilə üzrə mübahisə yaranardısa, o halda bu mübahisənin həllinin məhkəmə yolu ilə həyata keçirilməsi nəzərədə tutulub. Lakin cavabdeh bu bəndi nəzərə almadan icra qeydi vermişdir. Göstərilənlərə əsasən, Sumqayıt “ASAN xidmət” Mərkəzinin Notariat Ofisinin xx.xx.2022-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı onunla bağlanılmış kredit müqaviləsi üzrə borcunu ödəməmişdir. O, sözügedən məsələ ilə bağlı dəfələrlə Sumqayıt “ASAN xidmət” Mərkəzinin Notariat Ofisinə müraciət etmişdir. Hazırda iddiaçı həbsdədir və adına qeydiyyatda heç bir əmlak yoxdur.

5. Cavabdeh Sumqayıt “ASAN xidmət” mərkəzinin Notariat ofisi tərəfindən məhkəməyə məktub göndərilərək, işə onların nümayəndələrinin iştirakları olmadan baxılması məhkəmədən xahiş edilmişdir.

6. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadə verərək bildirir ki, o, iddiaçıdan borc götürmüşdür və pulu iddiaçıya qaytarmalı idi. İddiaçıya 5000 manat borcu var idi. İddiaçının atası ona zəng edərək, borcunu qaytarmalı olduğunu bildirdi. Bundan sonra, o, Bakı şəhərinə gedərək, Rauf adlı şəxslə görüşmüş və pulu Raufa vermişdir. Rauf adlı şəxsi tanımır və iddiaçının atası Raufun əlaqə nömrəsini vermişdir və o şəkildə əlaqə saxlamışdır. İddiaçıya borcu qalmamışdır.

9. Məhkəmə iclasında şahid qismində dindirilən Cəfərov Zakram Əlizulla oğlu ifadə verərək göstərdi ki, o, iddiaçının atasıdır. Oğlu Rəmiş, X2 5600 manat pul götürmüşdü. İddiaçı tutulandan sonra ona yerdə qalan 5000 manat pulu qaytarmalı olduğunu bildirmişdir. Bundan sonra, o, iddiaçıya borcu olan Tural Nəcəfovla əlaqə saxlamış və pulu Rauf adlı şəxsə verməsini bildirmişdir. Əlavə olaraq qeyd edir ki, Rauf adlı şəxslə Novruzov Azad bir yerdə işləyirlər, onları hər zaman bir görürlər.

10. İş materiallarında olan Sumqayıt şəhəri 4 saylı notariat ofisinin notariusu Rüstəmov Cəmaləddin tərəfindən təsdiq edilmiş, X8 ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli “Kredit Müqaviləsi”ndən görünür ki, borc verən borcalana 5600 manat məbləğində pulu hal-hazırda tam olaraq notariat ofisinin depozit hesabına qoyaraq "xxxx" ASC 8 saylı şöbəsi vasitəsilə borc verir, borcalan krediti xx.xx.2020-ci il tarixədək borcverənə qaytarmağı öhdəsinə götürür.

11. İş materiallarında olan “İcra qeydinin aparıldığı barədə tələbkar tərəfindən borcluya göndərilən” xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, borclu İddiaçı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün 20 gün vaxt verilmişdir.

12. İş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu X7 tərəfindən 12 may 2022-ci il tarixdə təsdiq edilmiş X8 tərəfindən verilmiş **********480 saylı ərizəyə əsasən, o, 21 yanvar 2020-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı xx.xx.2020-ci il tarixinədək qaytarmaq şərti ilə 5600 manat borc vermişdir. Aralarında borc müqaviləsi Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu Rüstəmov C.Q oğlu tərəfindən təsdiq edilmişdir və 3M/103 nömrə ilə qeyd edilmişdir. Lakin bu günə kimi dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı 5600 manat borcu qaytarmaqdan imtina etmişdir. Azərbaycan Respublikasının “Notariat haqqında Qanun”un 76-cı maddəsinə uyğun olaraq həmin borcun İddiaçı tərəfindən ona qaytarılmasını təmin etmək məqsədilə icra qeydinin verilməsini və ira olunması üçün aidiyyatı üzrə icra qurumuna göndərilməsini xahiş etmişdir.

13. İş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzində Notariat ofisinin xx.xx.2022-ci il tarixli, № 8İ/15481 saylı icra qeydindən görünür ki, "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən həmin sənədlər üzrə ünvan 2 ünvanında qeydiyyatda olan X3 (AZE 18390024, xx.xx.2018 00:00 – Asan – Sumqayıt 1, FİN: 0XLTB2H; d/t: xx.xx.1978) xeyrinə ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı (AA*******, xx.xx.2019 – Asan-Masallı; FİN: xxxxxxx, d/t: xx.xx.1990) xx.xx.2020-ci il tarix müddət üçün vaxtında ödənilməmiş 5600 manat 00 qəpik tutulmalıdır. Bundan əlavə İddiaçı tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik məbləğində dövlət rüsumu olmaqla, cəmi 5625 manat 00 qəpik pul tutulmalıdır.

14. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Ramazani tərəfindən Sumqayıt “ASAN xidmət” mərkəzinin Notariat ofisinin 15481 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən icra icraatına başlanılmışdır.

15. İş materiallarında olan tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, borclu İddiaçı icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

16. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə X8 arasında xx.xx.2020-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən X1 Rəmiş Zakram oğluna 5600 manat məbləğində pulu notariat ofisinin depozit hesabına qoyaraq "xxxx" ASC 8 saylı şöbəsi vasitəsilə borc vermiş, borcalan krediti xx.xx.2020-ci il tarixədək borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Bu müqavilə əsasında ödənilməyən məbləğlə bağlı Sumqayıt “ASAN xidmət” mərkəzində Notariat ofisinin icra qeydi vardır. Hazırda iddiaçı borcun ödənildiyini iddia edərək, icra qeydinin ləğv olunmasını tələb edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

17. Hazırki tələblə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

19. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir.

20. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

21. Yuxarıda qeyd olunduğu kimi iddiaçı kredit müqaviləsi bağlanarkən göstərilən şərtlərlə razılaşaraq X8 ilə həmin müqaviləni bağlamışdır.

22. İddiaçı xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə borcun ödənilməsini bildirməsinə baxmayaraq, tələbinin əsasını təşkil edən halları sübuta yetirə bilməmişdir.

23. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).

24. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.

25. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

26. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

27. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

28. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir.

29. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

30. Digər tərəfdən, şahidlərin məhkəmə iclasında verdikləri ifadələrlə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, onların verdikləri ifadələr işin araşdırılması zamanı digər sübutlarla öz təsdiqini tapmadığına görə iddianın təmin olunması üçün əsas hesab oluna bilməz.

31. Belə ki, məhkəmə iclasında şahidlər sözügedən borcun Rauf adlı şəxsin vasitəsilə X6 qaytarıldığını bildirmişlər.

32. Bundan əlavə, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 45ci maddəsinə əsasən notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər.

33. Həmçinin, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinin əvvəlki redaksiyasında göstərilmişdir ki, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır. Barəsində icra qeydi verilən tələb üçün qanunla başqa müddət müəyyən edilmişsə, icra qeydi bu müddət həddində verilir. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

34. Bundan əlavə, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 77ci maddəsinə əsasən icra qeydləri aşağıdakı məlumatları özündə əks etdirməlidir: 1) icra qeydini aparan notariusun vəzifəsi, soyadı, adı və atasının adı; 2) tələbkarın adı və ünvanı; 3) borclunun adı və ünvanı; 4) ödəniləsi məbləğ və tələb olunub alınası əşyalar, çatası faiz və peniyalarla birlikdə; 5) haqqın miqdarı, tələbkarın ödəyəcəyi dövlət rüsumunun və ya borcludan tutulmalı olan dövlət rüsumunun məbləği; 6) icra qeydinin aparıldığı tarix (il, ay, gün); 7) icra qeydinin reyestrdə rəsmiləşdirildiyi say; 8) icra qeydini aparan notariusun imzası, möhürü.

35. Həmin Qanunun 79-cu maddəsinə əsasən icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat kontoruna daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərir.

36. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 162-ci bəndində qeyd edilmişdir ki, icra qeydinin aparılacağı müddətlər tələbkarda borcu məcburi qaydada tutmaq hüququnun əmələ gəldiyi gündən hesablanır. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır.

37. Göründüyü kimi 8İ-15481 saylı, xx.xx.2022-ci il tarixli icra qeydi qanunvercilikdə göstərilən qaydada tərtib edildiyindən onun ləğv edilməsinə əsas yoxdur.

38. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X4 cəlb etməklə cavabdeh Sumqayıt “ASAN xidmət” mərkəzinin Notariat ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

41. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

42. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

43. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

44. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Nəticə hissəsi:

45. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə

QƏT ETDİ:

İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X4 cəlb etməklə cavabdeh Sumqayıt “ASAN xidmət” mərkəzinin Notariat Ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar