Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4289/2024 22.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyeva Atakişi Nizami oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cinayət nəticəsində vururlmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh törətdiyi cinayət hadisəsi nəticəsində dəymiş maddi ziyanın əvəzi kimi 3000 (üç min) manat və mənəvi ziyanın əvəzi kimi 1000 (min) manat olmaqla, cəmi 4000 (dörd min) manat pulun və ödənilmiş 60 (altmış) manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 1(008)-15/2024 nömərli, 05 fevral 2024-cü il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-ci maddəsi nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü məddəsinə əsasən Cavabdeh tutulduğu 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 02 (iki) gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, cəza çəkmə müddətinin əvvəli Cavabdeh cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, hökmün icrasının Cavabdeh yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılması, Cavabdeh üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00- dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafıq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulması, Cavabdeh barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmdən də göründüyü kimi Cavabdeh ittiham aktına əsasən təqsirləndirilir ondan ötrü ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə onun işgüzar və şəxsi əlaqələrinin geniş olmasından istifadə etməklə sonuncunun oğlunu Azərbaycan Respublikası İdman və X2 tələbə kimi qəbul etdirməyə köməklik göstərmək imkanına malik olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib onun inam və etibarını qazanmış, köməklik göstərməsi üçün müraciət etdikdə bununla əlaqədar hər-hansı səlahiyyətə malik olmadığı halda yalan vəd vermiş, cinayətdən xəbərsiz tanışı X1 vasitəsi ilə onun 13 iyun 2022-ci il tarixdə ünvan 1 ünvanının qarşısında 15000 manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təyin edilmiş cəza ilə razı olmadığı üçün hökmdən apellyasiya şikayəti verib. Onu da qeyd edir ki, hökm çıxarıldıqdan sonra cavabdeh onunla maraqlanmamış və qalıq ziyanı da ödəməmişdir. Onu da qeyd edirəm ki, maddi ziyanm qalıq 3000 (üç min) manatı bu günə kimi ödənilməyib. Bu səbəbdən də maddi ziyanla yanaşı mənəvi iztirablar da keçirdir. Cavabdehin qanunazidd əməli nəticəsində ona mənəvi ziyan da vurulmuşdur. Belə ki, həmin dövrlərdə o mənəvi iztirablar keçirdib, depressiyada olub. İndiyədək də inana bilmir ki, belə bir hadisə baş verib. Hazırda psixi pozuntularına görə müalicə alır. Bu səbəbdən cavabdehdən 1000 manat mənəvi ziyana görə pul ödənilməsini tələb edir. İddiaçı qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, cavabdeh tərəfindən ona vurulmuş ziyanın 3000 manat hissəsi ödənilməmiş qalmışdır. Həmin məbləği cavabdehə vermək üçün o vaxtilə bankdan kredit götürmüş və əlavə faizlər ödəməli olmuşdur. Yəni cavabdehin hərəkətləri nəticəsində o xeyli ziyana məruz qalıbdır. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, (SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə əsasən) Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-cimaddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Azərbaycan Respublikası CPM-nin 179.2-ci mаddəsinə görə mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. İşdə olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 1(008)-15/2024 saylı hökmünün surətindən görünür ki, həmin hökmlə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh tutulduğu 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 02 (iki) gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəza çəkmə müddətinin əvvəli Cavabdeh cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, hökmün icrasının Cavabdeh yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılması, Cavabdeh üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması, Cavabdeh barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 181-ci maddəsinə əsasən: 181.1. Əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. 181.2. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. 181.3. Maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir: 181.3.1. zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə; 181.3.2. zərər çəkmiş şəxsin dəfninə; 181.3.3. sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə; 181.3.4. əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər. Azərbaycan Respublikası CPM-nin 179.3-cü mаddəsinə görə mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci mаddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2). Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1097.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 1(008)-15/2024 saylı hökmünün görünür ki, Cavabdeh, etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə İddiaçı işgüzar və şəxsi əlaqələrinin geniş olmasından istifadə etməklə sonuncunun oğlunu Azərbaycan Respublikası idman və X2 tələbə kimi qəbul etdirməyə köməklik göstərmək imkanına malik olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib İddiaçı inam və etibarını qazanmış, köməklik göstərməsi üçün müraciət etdikdə bununla əlaqədar hər-hansı səlahiyyətə malik olmadığı halda yalan vəd vermiş, cinayətdən xəbərsiz tanışı X1 vasitəsi ilə İddiaçı 13 iyun 2022-ci il tarixdə ünvan 2 ünvanının qarşısında 15000 manat məbləğində pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Beləliklə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 1(008)-15/2024 saylı hökmündən görünür ki, Cavabdeh törətdiyi cinayət hadisəsi nəticəsində İddiaçı 15000 manat məbləğində ziyan vurulmuş, həmin ziyanın 3000 manat hissəsi ödənilməmiş qalmışdır. Məhkəmə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 1(008)-15/2024 saylı saylı hökmünün preyudisiallığını nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində təmin edilməli, Cavabdeh cinayət nəticəsində vurulmuş zərərin əvəzi olan 3000 (üç min) manat məbləğində pul tutulub İddiaçı ödənilməlidir. Məhkəmə iddianın mənəvi ziyanla bağlı hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci və 1096.2-ci maddələrinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilir ki, “məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü məddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər şəxsi qeyri-əmlak ziyanı olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər)” hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak ziyanı ilə birlikdə, yaxud əmlak ziyanı vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbində cavabdehdən mənəvi ziyan tutulmasını xahiş etsə də, ərizəsində mənəvi ziyanla bağlı istinad etdiyi hallara dair (psixoloji müalicə alması, depressiyada olması və s.) məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçının cavabdehə hökmdə qeyd edilən məbləğdə pulu verə bilmək üçün bankdan kredit götürməsi və əlavə faizlər ödəməsi cavabdehdən onun xeyrinə mənəvi ziyan tutulması üçün əsas ola bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, 1000 manat məbləğində mənəvi ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia qismən (təxminən 75% həcmində) təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 60 manat dövlət rusumunun 45 manatı cavabdehdən tutulmalı, 15 manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh cinayət nəticəsində vurulmuş zərərin əvəzi olan 3000 (üç min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 45 (qırx beş) manat hissəsi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-4289/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4289/2024
22.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver