Məhkəmə qərarları › İş №2(060)-4294/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4294/2021

01.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4294/2021 01.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borc məbləğinin qaytarılması barədə” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “borc məbləğinin qaytarılması barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun xeyrinə 60.000 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Sumqayıt sakini kimi ümumi dostlarının vasitəsi ilə Cavabdeh ilə tanış olmuşdur. 02.02.2018-ci il tarixdə Cavabdeh ondan 60000 manat məbləğində borc pul vəsaiti istəmişdir. Dediyinə görə aldığı pul vəsaitini 1-2 il ərzində qaytarmalı idi. Bundan sonra aralarında razılıq əldə olunmuş və ona 60.000 manat pul vəsaitini vermişdir. Verdiyi pulun 2021-ci ilin yanvar ayının 1-i qaytarılmasına razılaşmışlar. Borcun qaytarılması üçün müddət qoyulmasına baxmayaraq, Cavabdeh bu pulu ona qaytarmamışdır. Pulu qaytarmamasını 02.11.2019-cu il tarixdə sahibkarlıq fəaliyyəti iiə məşğul olduğu ünvan 1 ünvanında yerləşən mağazada yanğın hadisəsinin baş verməsi və bu hadisə zamanı mağazada olan 167.484 manat məbləğində əmtəə mallarının məhv olması ilə əlaqələndirmişdir. Cavabdeh ünvan 1 ünvanında yerləşən mağazasında baş vermiş yanğın onun borcunun qaytarılmamasına əsas ola bilməz. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, cavabdeh onun yaxın dostudur, etibar etdiyi üçün aralarında yazılı müqavilə bağlanmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında göstərdi ki, iddia tələbini tam həcmdə qəbul edir, iddiaçıdan 60.000 manat borc aldığını etiraf edir. Maddi imkanı düzələcəyi halda borcu qaytaracaqdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər aralarında borc münasibətlərindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmış, borclu üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, 60.000 manat borcu qaytarmamışdır. Məhkəmə iclasında cavabdeh iddianı etiraf barədə ərizə verdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddianı etirafın qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı etirafı məhkəmə tərəfindən qəbul edilməli və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Beləlikə, məhkəmə bu nəticəyə gəlir ki, iddia təmin edilməli, 60.000 manat borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 60.000 (altmış min) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar