Məhkəmə qərarları › İş №2(060)-4323/2023

Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(060)-4323/2023

15.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4323/2023 15.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 xüsusi notariusuna qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, qiyabi icraat qaydasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 xüsusi notariusu X1 və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 xüsusi notariusu X2 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli icra qeydinin ləğv olunması, ödənilmiş 100 manat dövlət rüsumunun və 100 manat hüquqi yardım xidmət pulunun cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı dəqiqləşmə verərək, iddia tələbinin 100 manat hüquqi yardım xidmət pulunun tutulması hissəsində həcmini azaltmışdır. Eyni zamanda iddiaçı ərizə verərək, Cavabdeh2 MMC-nin maraqlı şəxs qismində cəlb olunmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-nin Sumqayıt filialından qiyməti 2200 manat olmaqla “Bosch” markalı kondisioner almışdır. Evin naqillərində nasazlıq olduğundan və bu kondisioner yüksək voltla işlədiyindən “Bosch” markalı kondisioneri "xxxx" MMC-nin öz ustalarının məsləhəti ilə qaytarıb əvəzində ümumi dəyəri 1650 manat olmaqla 2 ədəd “Carrier” markalı kondisioner almışdır. Üç ay ərzində “Emanat” ödəniş terminalı ilə 1652 manat ödəniş etməklə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmişdir. Keçən ilin dekabr ayında onunla Cavabdeh2 MMC-dən əlaqə saxlanılaraq 548 manat borcunun olduğunu bildirmişdirlər. O, "xxxx" MMC-yə getmiş, baş ofisdə Davud adlı işçi səhv onların olduğunu, aradan qaldırılacağını bildirmişdir. Lakin, "xxxx" MMC üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən Cavabdeh2 QSC onun barəsində icra qeydi çıxarılması üçün Sumqayıt şəhər 3 saylı notariat orqanına müraciət etmiş, xüsusi notarius Telman Mustafazadə də işin hallan ilə maraqlanmadan onun barəsində 548 manat əsas, 25 manat dövlət rüsumu olmaqla, ümumilikdə 573 manat borcun ödənilməsi barədə xx.xx.2023-cü il tarixli, 8İ-5896 nömrəli icra qeydi çıxarmışdır. Notarius üzərinə düşən vəzifəni yerinə yetirməmiş, onun ödənişinin olubolmamasını araşdırmamışdır. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə etdiyini bildirərək, tələbin təmin olunmasını xahiş etdi. Cavabdeh1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" MMC və maraqlı şəxsCavabdeh2 QSC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də məhkəmə iclasına öz nümayəndəsini göndərməmiş, bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, AR MPM-nin 238.1-ci maddəsinə əsasən iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, borclu İddiaçı ilə "xxxx" MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli SQK10429 saylı müqavilə üzrə öhdəlik Azərbaycan Kredit Bürosundan Çıxarışda hesabata salınmışdır. Həmin çıxarışda göstərilmiş 2200 manat aktiv öhdəliyə tam xitam verilmişdir. Xitam verilmiş öhdəliklərin həcmi 2200 manatdır. - xx.xx.2023-cü il tarixli, 8İ-5896 nömrəli icra qeydinin surətindən görünür ki, Cavabdeh1 xüsusi notariusu X2 “Notariat Haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə əsasən Cavabdeh2 QSC-nin xeyrinə İddiaçı SQK10429 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 548 manat, bundan əlavə ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 573 manat pul tutmuşdur. - Cavabdeh1 xx.xx.2023-cü il tarixli, 8İ-5896 nömrəli icra sənədi üzrə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Gündüz Aslanov tərəfindən xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü icra olunması barədə bildiriş borcluya göndərilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə "xxxx" MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli SQK10429 saylı müqavilə üzrə öhdəlik yerinə yetirilmədiyindən xx.xx.2023-cü il tarixində Cavabdeh1 tərəfindən icra qeydi verilmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1.4-cü maddəsinə əsasən notariusun icra qeydləri icra sənədi sayılır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 2-ci hissəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın İİ bölməsinin 2-ci hissəsinin “b” və “c” bəndlərində göstərilmişdir ki, icra qeydi almaq üçün təqdim olunur: müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci bəndinin 2-ci hissəsində göstərilmişdir ki, notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Həmin Təlimatın 162-ci bəndinin 1-ci hissəsində göstərilmişdir ki, icra qeydi təqdim edilmiş sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi halda aparılır. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, icra qeydinə əsasən yönəldilən tutmanın (borcun) məbləği mübahisəsiz olmadığından iddia əsaslıdır. Belə ki, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli maliyyə arayışından aydın olur ki, İddiaçı ilə "xxxx" MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli SQK10429 saylı müqavilə üzrə 2200 manat öhdəliyə tam xitam verilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 8İ-5896 nömrəli icra qeydi ləğv edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, Cavabdeh1ndən ödənilmiş 100 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Bu Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh1 xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 8İ-5896 nömrəli icra qeydi ləğv edilsin və ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Sumqayıt Şəhər Məhkəməsinə ərizə verə bilər. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar