Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-443/2024 17.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əmlakının boşaldılması tələbi”nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı “cehiz əmlakının boşaldılması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1-dan cavabdehin cehiz əmlakının boşaldılmasını istəyir. Belə ki, Cavabdeh ilə iddiaçı arasında olan nikah rəsmi qaydada 10 aprel 2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Cavabdeh xeyli zamandır ki, övladları ilə birlikdə başqa ünvanda yaşayır. İddiaçı dəfələrlə cavabdehə ünvan 1-dan cehiz əmlakının boşaldılmasını bildirsə də, Cavabdeh buna əhəmiyyət verməyərək, hələ də ünvan 1-dan öz cehiz əmlakını boşaltmamışdır. İddiaçı cavabdehin əmlakının həmin ünvanda qalmasından çox narahatdır, yəni iddiaçı cavabdehin cehiz əmlakına görə hər-hansı məsuliyyəti öz üzərinə götürmək istəmir. Ona görə də dəfələrlə cavabdehə cehiz əmlakının həmin ünvandan boşaldılmasını bildirmişdir. Təxminən iddiaçının bildiyinə və evdə işlədilən zaman gördüyünə görə onun cehiz əşyaları 1 ədəd termodan,1 ədəd şfanerdən, 2 ədəd xalçadan, 1 ədəd sandıqdan, 1 ədəd divandan, 2 ədəd kreslodan, 1 ədəd taxt çarpayıdan, 2 ədəd döşəkdən, 4 ədəd yastıqdan, 1 ədəd çaydandan, 1 ədəd dəm çaynikindən, 1 ədəd qənd qabıdan, 10 ədəd boşqabdan, 5 ədəd qaşıqdan, 4 ədəd stəkandan və 4 ədəd nəlbəkidən ibarətdir. Qalan qab-qacaq cehiz əşyalarından işlətmədikləri də var və iddiaçı onların nədən ibarət olmalarını dəqiq deyə bilmir. Belə ki, Cavabdeh özü iddiaçıya bildirmişdir ki, onun cehiz əşyalarına toxunulmasın. Ona görə ki, onun cehiz əşyaları açılmadan qutularda ağzı bağlı qablaşdırılıb. İddiaçı da həmin cehiz əşyalarına heç bir halda toxunmamışdır. Göstərilənlərə əsasən, ünvan 1-dan cavabdehin cehiz əmlakının boşaldılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində cehiz əşyaları tam şəkildə qeyd olunmamışdır. Həmçinin, iddiaçı yenidən ailə həyatı qurmaq üçün cehiz əşyalarının boşaldılmasını tələb edir. Belə ki, əvvəl iddiaçı ilə birlikdə başqa ünvanda yaşayırdılar, iddiaçının bacısı mənzil almağı və onların orada yaşamaqlarını təklif etdi və tərəflər bundan sonra ərizədə qeyd olunan mənzilə köçmüşlər. Mənzil iddiaçıya məxsusdur, lakin bacısının adına qeydiyyatdan keçirmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, ev 4, mənzil 90 X1 adına xüsusi mülkiyyət üzrə hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə xx.xx.2021-ci il tarixdə 3 saylı reyestr kitabının 15 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır.
7. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən 04 iyul 2023cü il tarixində verilmiş “nikahın pozulması haqqında” şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh nikahları Sumqayıt Şəhər Məhkəməsinin 10 aprel 2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuş və nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 285 nömrə ilə qeyd edilmişdir.
8. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MŞS/MT030/2023-01719 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan məlum olur ki, İddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
9. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, tərəflərin nikahları 10 aprel 2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Cavabdehin cehiz əmlakları ünvan 1 ünvanındadır. Həmin əmlak iddiaçının bacısının mülkiyyətindədir. Hazırda iddiaçı cehiz əmlaklarının sözügedən ünvandan çıxarılmasını tələb edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
10. Məhkəmə işin hallarını araşdıraraq hesab edir ki, məsələnin qanuni həlli üçün ilk öncə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmaması məsələsi müəyyən edilməlidir.
11. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz.
13. Göründüyü kimi iddiaçının subyektiv hüquqa malik olmadığı halda hazırki iddia tələblərini irəli sürməsi tələblərinin əsassız olduğuna dəlalət edir.
14. Belə ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi mübahisə predmeti olan cehiz əmlakları iddiaçıya məxsus olmayan mənzildə yerləşir. Bu baxımdan məhkəmə araşdırılan mübahisə ilə bağlı iddiaçının ona məxsus olmayan mənzildən cehiz əmlakının boşaldılması ilə bağlı məhkəməyə müraciət etmək hüququ yoxdur.
15. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “cehiz əmlakının boşaldılması tələbi”nə dair iddia tələbi rədd edilməlidir.
16. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
18. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
19. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
21. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
22. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Nəticə hissəsi:
23. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı “cehiz əmlakının boşaldılması tələbi”nə dair iddia tələbi rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva