Məhkəmə qərarları › İş №2(060)-4433/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4433/2021

08.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4433/2021 08.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 13000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehi 2 ildən artıq bir vaxtdır ki, tanıyır. Təxminən 2020-ci ilin yanvar ayının əvvəlləri cavabdeh iddiaçıya zəng edərək qumarda pul uduzduğunu və təcili pulu çatdırmasa, ona böyük bir problem yaradılacağını deyərək iddiaçıdan 15 000 manat pul istəyib. İddiaçı cavabdehə 13 000 manat pul verə biləcəyini bildirib. Cavabdeh bildirib ki, həmin pulu 6 ay ərzində üstündə 2000 manat da əlavə etməklə hissə-hissə qaytaracaq. İddiaçı 29 yanvar 2020-ci ildə aralarında müqavilə bağlamaqla 13 000 manatı cavabdehə vermişdir. Sonra cavabdehlə əlaqə saxlayıb pulu tələb edəndə o, iddiaçıya yalan vədlər verərək günü-günə satmağa başlamışdır. Son olaraq iddiaçıya bildirmişdir ki, pulu yoxdur. Bundan sonra iddiaçı dəfələrlə zənglər etməyinə baxmayaraq cavabdeh telefona cavab verməmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və həmçinin bildirdi ki, iddia ərizəsinə əlavə etdiyi iltizam və təqdim etdiyi iltizam hər ikisi cavabdeh tərərfindən yazılaraq imzalanmışdır. İltizamda olan 13000 manat sözləri cavabdeh tərəfindən yazılıb və iltizamın mətninə sonradan daxil edilməyib. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, o iddiaçıdan 5000 manat məbləğində borc götürüb. Borc götürərkən həqiqətən iltizam imzalayıb. İddiaçının təqdim etdiyi iltizam həqiqətən onun tərəfindən yazılaraq imzalanmışdır. Lakin, iltizamda olan 13000 manat sözləri iltizama düzəliş edilərək daxil edilib. Belə ki, o iltizamda cavabdehdən 13 000 deyil 5000 manat məbləğində pul aldığını qeyd edib. Borcundan 200 manat ödəyib. Hal-hazırda iddiaçıya 4800 manat borcu vardır. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1990-cı ildə, Qazaxıstan Respublikası, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh isə xx.xx.1991-ci ildə, Sumqayıt şəhərində anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarına cavabdeh tərəfindən yazılmış əlyazmanın surəti əlavə olunmuşdur. Həmin əlyazmada göstərilmişdir ki, “Cavabdeh 29 yanvar 2020 tarixində İddiaçı 13000 (on üç min) manat pulu 6 ay müddətinə qaytarmağı öz öhdəmə götürürəm. Bu pulu borca götürmüşəm”. Əlyazmanın aşağı hissəsində cavabdehin ad və soyadı qeyd edilmiş və imzalanmışdır. Tarix “29 yanvar 2020” kimi göstərilmişdir. Məhkəmə tərəfindən iş üzrə sənədlərin məhkəmə-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1. İş materiallarının 5-ci səhifəsində olan Cavabdeh tərəfindən imzalanmış qəbzin 2-ci sətrində olan “13000 (on üç min)” sözləri həmin qəbzin mətni tərib olunarkən mətndə olmuş, yoxsa sonradan qəbzə düzəliş edilərək daxil edilmişdir? 2. İş materiallarının 5-ci səhifəsində olan Cavabdeh tərəfindən imzalanmış qəbzin 2-ci sətrində olan “13000 (on üç min)” sözləri sonradan qəbzə düzəliş edilərək daxil edilmişdirsə, həmin hissədə qəbzin əsl mətni necə olmuşdur? 15.09.2021-ci il tarixdə məhəməyə daxil olmuş Azərbaycan Rerspublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09.09.2021-ci il tarixli, 5/895 saylı ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş “Cavabdeh” sözü ilə başalyıb “29 yanvar 2020” rəqəmləri ilə bitən qəbzin üzərində olan əl yazılar birbaşa qələm vasitəsilə deyil, hər hansı bir texniki qurğu (skayner, fotoaparat və s.) vasitəsilə kompüterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). İddiaçı məhkəməyə təqdim etdiyi yazılı iltizama borcun etirafı haqqında müqavilə kimi əsaslanaraq həmin iltizam əsasında cavabdehdən 13000 manat pul tələb edir. Cavabdeh belə bir iltizam yazdığını, lakin həmin iltizamda olan “13000 manat” sözlərinin onun tərəfindən yazılmadığını və iltizama sonradan daxil edildiyini bildirmiş və bu səbəbdən məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Ekspert rəyində isə qeyd edilən iltizamın ümumiyyətlə qələmlə yazılmadığı, hər hansı texniki qurğu vasitəsilə kağıza köçürüldüyü bildirilmişdir. Beləliklə, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş yazılı iltizamın cavabdeh tərəfindən yazılmadığı təsdiq edildiyindən həmin iltizama tələbin əsası kimi istinad oluna bilməz. İddiaçı tərəfindən sonuncu məhkəmə iclasında başqa bir iltizam da məhkəməyə təqdim olunmuşdur. Lakin, iddiaçının tələbin sübutu kimi iddia ərizəsinə əlavə etdiyi əlyazma üzrə artıq ekspertiza tədqiqatı aparıldığı üçün məhkəmə ikinci iltizamı sübut kimi nəzərə almır. “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 noyabr 2018-ci il tarixli Qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, sübutların əldə edilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması aşağıdakı formada baş verə bilər: - sübutların qanunla nəzərdə tutulmayan sübutetmə vasitələri ilə əldə edilməsi; - sübutların əldə edilməsinin prosessual qaydalarının pozulması; -qanunsuz yolla əldə edilmiş məlumatların sübut kimi işə cəlb edilməsi. Sübutların mötəbərliyini təmin etmək üçün onların əldə edilməsi, rəsmiləşdirilməsi və işə əlavə olunması ilə bağlı qanunvericiliyin tələblərinə riayət edilməlidir. Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (76.1.). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (106.1.). Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər (106.2.). Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir (106.3.). Cavabdeh məhkəmə iclasında iddiaçıdan 5000 manat borc pul aldığını etiraf etməsi iddiaçını həmin faktı sübut etmək vəzifəsindən azad edir. Həmin borcun qaytarılmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh iddiaçıya 200 manat pul qaytardığını bildirsə də, həmin halı sübut edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 5000 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia qismən təmin edildiyi üçün iddiaçının iddia ərizəsi verilməsi üçün ödədiyi 30 manat dövlət rüsumunun 15 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 5000 (beş min) manat pul və 15 (on beş) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar