Məhkəmə qərarları › İş №2(060)-4471/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4471/2020

26.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4471/2020 26.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulan maddi və mənəvi zərər tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən girov kimi saxladığı əşyaların qaytarılması, həmin əşyalar olmadığı təqdirdə onların pulla ifadə olunan dəyərinin yəni, 6800 (altı min səkkiz yüz) manatın, mənəvi zərərə görə 5000 (beş min) manatın və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 11830 (on bir min səkkiz yüz otuz) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, evi olmadığı üçün mənzil kirayələmək məqsədilə ev alqı-satqısı ilə Sumqayıt şəhərində məşğul olan maklerə müraciət etmişdir. Makler onu cavabdehlə (Cavabdeh) ilə tanış etdi. Cavabdeh ona Sumqayıt şəhəri, 19-cu məhəllə ünvanında yerləşən 26 saylı evin, 50-ci mənzilinin ona məxsus olduğunu və hər ay 260 manata 2 otaqlı mənzilini kirayə verdiyini bildirdi. Beləliklə o, xx xxxxx 2019-cu ildən başlayaraq ailə üzvləri ilə (anası və 3 uşağı ilə) birlikdə cavabdehə məxsus sözügedən mənzilə köçərək orada xx.xx.2020-ci ilə qədər yaşamışdır. Yaşadıqları 1 il ərzində vaxtlı-vaxtında cavabdehə hər ay 260 manat kirayə haqqı ödəmişdir. Razılaşmaya görə ödəniş günü hər ayın 6-sı müəyyən edilmişdir. “COVİD-19” xəstəliyi səbəbindən mart ayının 20-dən sonra (karantinlə əlaqədar olaraq) nə o, nə də uşaqları işləməmiş və qazanc əldə edə bilməmişlər. Bu səbəbdən də aprel ayının 6-da (2020-ci il) aylıq kirayə haqqını ödəyə bilməyəcəyini cavabdehin nəzərinə çatdırmışdır. Ondan işsizliyə görə verilən 190 manat birdəfəlik müavinəti alaraq kirayə haqqını ödəyəcəyimi cavabdehin nəzərinə çatdırmışdır. Lakin Rəşad onunla razılaşmayaraq aylıq kirayə haqqını tələb etmiş, pulu vermədiyi halda əşyalarını girov saxlayıb onları çölə atacağını bildirmiş, ünvanına nalayiq ifadələr işlətmişdir. Etdiyi xahişin cavabında cavabdeh bildirmişdir ki, “Dövlət zad mən tanımıram, evi tərk edin”. Aprel ayının 8-də Rəşad telefonla ona bildirmişdir ki, bu gün kirayə haqqını ödəməsə sabah onları çölə atacaq. Mən və ailə üzvləri Rəşadın dediklərinə inanmayıblar. Aprel ayının 9-da (2020-ci il) Rəşad özündə olan açarlarla mənzilin qapısnı açaraq onları çölə atmışdır. Cavabdeh özlərinə məxsus əşyaların mənzildən götürülməsinə imkan verməmişdir. Aprel ayının 9dan sonra o və digər ailə üzvlərinın mənzildə yaşamağına cavabdeh imkan verməmiş, ev əşyalarını isə girov saxlamışdır. Hal-hazırda cavabdehə məxsus sözügedən mənzildə onun 1000 (min) manat dəyərində olan paltaryuyan maşını, 600 (altı yüz) manat dəyəri olan Plazma televizoru, 200 (iki yüz) manat dəyərində məişət əşyaları (fen, ət çəkən maşın, sok çəkən maşın), həmçinin ümumi dəyəri 5000 (beş min) manat olan qızılları (qolbaq, sep, 750 əyarlıq 3 ədəd üzüklər) qalmışdır. 1 ayın mənzil kirayə haqqına görə ümumi dəyəri 6800 (altı min səkkiz yüz) manat olan əşyalarını cavabdeh mənzilində girovluqda saxlamışdır. Dəfələrlə əşyalarını çıxarmağa cəhd göstərsə də cavabdeh onları qaytarmaqdan imtina etmişdir. Həmçinin cavabdeh tərəfindən karantin müddəti ərzində o və ailə üzvləri mənzildən çıxarıldığına görə evsiz-eşiksiz qalmışdır. Həmin müddətdə şəhərdən çıxmaq xəstəlik səbəbindən qadağan edildiyinə görə dost-tanışın evinə sığınmalı olmuşdur. Nəzərə almaq lazımdır ki, onunla yanaşı 70 yaşlı anası da həmin müddətdə qohum-tanışın evində gecələməli olmuşdur. Cavabdehin qanunsuz əməlləri onun, anasının, uşaqlarının istiraf keçirməsinə, qorxu altında (xəstəliyə yoluxma riski ilə) yaşamalı olmuşdur. Buna görə də hesab edir ki, cavabdeh ona 5000 (beş min) manat mənəvi zərərə görə ödəniş etməlidir. İddiaçı əlavə olaraq bildirdi ki, onda tələb etdiyi əşyaların foto-şəkilləri yoxdur. Qeyd etdiklərinə əsasən, iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının ona qarşı qaldırdığı iddia tamamilə əsassızdır. Şər böhtandan ibarətdir. Eyni məsələlərlə bağlı iddiaçı polis orqanlarına da müraciət etmiş, lakin cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o özü də iddiaçı onu təhqir etdiyinə görə polisə şikayət etmişdir. Polisdə bu məsələlərin hamısı araşdırılmışdır. Bundan başqa sözügedən ev onun mülkiyyətində deyil, valideynlərinin mülkiyyətindədir. Ona görə də iddiaçı məhkəmədə ona qarşı iddia qaldıra bilməzdi. Eyni zamanda iddiaçı bir neçə ayın kirayə haqqını ödəməmişdir, bu səbəbdən də ev yiyəsi onu mənzildən çıxartmışdır. Onlar evdən gedərkən bütün əşyalarını özləri ilə aparıblar. Göstərilənlərə əsasən cavabdeh iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarına əlavə olunmuş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1971-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatdadır. İşdə olan Sumqayıt şəhəri Pİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı X2 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri, 19-cu məhəllə, ev 26, mənzil 50 ünvanında yaşayan Cavabdeh Azərbaycan Respublikası DİN-in 102- xidmətinə zəng edərək Sənubər, Seymur adlı şəxslərin digər şəxslərlə birgə onun anası X5 döymələri və evin qıfılını sındıraraq evi yandırmağa cəhd göstərmələri barədə məlumat vermişdir. Eyni tarixdə Sumqayıt şəhəri, 19-cu məhəllə, ev 26, mənzil 50 ünvanında kirayədə yaşayan İddiaçı Azərbaycan Respublikası DİN-nin 102-xidmətinə zəng edərək və Sumqayıt ŞPİ-nin 4-cü PB-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 12:30 radələrində kirayədə yaşadığı Sumqayıt şəhəri, 19-cu məhəllə, ev 26, mənzil 50 ünvanında ev sahibinin oğlu Cavabdeh onun və oğlu X6 ünvanına nalayiq ifadələr bildirmiş və sözlə hədələmişdir. Araşdırma zamanı daxil olmuş müraciət ilə əlaqədar olaraq Cavabdeh ilə telefon əlaqəsi saxlanılan zaman o, anası X1 ilə bağlı Bakı şəhərində xəstəxanada müalicə olunacağı səbəbindən xx.xx.2020-ci il tarixdə bölməyə gəlib ərizə və izahat verəcəyini bildirsə də, gəlməmişdir. Bu barədə raport tərtib edilərək toplanmış materiala əlavə edilmişdir. Araşdırma zamanı izahatı alınmış İddiaçı bildirmişdir ki, yaranmış mübahisə zamanı oğlu Seymur Səməndov kirayə yaşadıqları ünvanda olmamış, özü də yaranmış mübahisə zamanı Cavabdeh anasına vuraraq xəsarət yetirməmiş, evini qıfılım sındıraraq yandırmağa cəhd göstərməmiş, Cavabdeh onun və oğlu Elnur Səməndovun ünvanına nalayiq ifadələr bildirmiş və onları sözlə hədələmişdir. Beləliklə araşdırma müddətində Cavabdeh anası X3 İddiaçı və X9 tərəfindən döyülməsi faktı, habelə Cavabdeh İddiaçı və X6 ünvanına nalayiq ifadə bildirməsi və hədələməsi faktı təsdiqini tapmadığından, habelə toplanmış materialda cinayət tərkibinin əlamətləri olmadığından toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İşdə olan Sumqayıt şəhəri Pİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis kapitanı X7 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə saat 10:28-də X10 Azərbaycan Respublikası DİN-nin “102'’ xidmətinə telefonla zəng vuraraq kirayə yaşadıqları ünvan 4 ünvanında evin sahibi tərəfindən onlara məxsus əşyaların çölə atılması ilə bağlı ünvana yaxınlaşdıqda mücrünün içərisindən onlara məxsus 5.000 (beş min) manat dəyərində qızıl zinyət əşyaların oğurlanmasını aşkar etməsi barədə məlumat vermişdir.xx.xx.2020-ci il tarixdə ünvan 5 ünvanında yaşayan İsayeva X4 şəhər Pİ-nin 4-cü PB-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, ünvan 4 ünvanında xx.xx.2019-cu il tarixdən kirayə yaşamış və lakin karatın rejimi ilə bağlı işə getmədiyi üçün kirayə haqqını ödəyə bilməmiş və xx.xx.2020-ci il tarixdə kirayə yaşadığı ünvanda olmadığı müddət ərzində ev sahibi Cavabdeh onun icazəsi olmadan əşyalarını mənzildən kənara çıxartmış və sındırıb yararsız hala salmış və ona məxsus 5.000 (beş min) manat dəyərində olan 750 əyarlı qızıl zinyət əşyalarını oğurlamışdır. Təhqiqat araşdırması dövründə izahatı alınmış Cavabdeh bildirmişdir ki, ünvan 4 ünavnmda yerləş 2 otaqlı mənzil atası Aağayev Əlövsət Əhməd oğluna məxsusdur və İddiaçı xx.xx.2019-cu il tarixdə qeyd edilən ünvanda kirayə ayda 250 manat ödəməklə əşyalı və tam təmrili mənzildə yaşamış və yaşadığı müddət ərzində mənzilin giriş qapısnın açarlarını dəyişdirmiş və o mənzilə heç bir məişət avadanlıqları gətirməmiş mart-aprel ayı kirayə pulunu ödəyə bilmədiyi üçün ondan kirayə pulu istəmiş, lakin Sənubər kirayə pulu ödəməkdən imtina etmiş və o xx.xx.2020-ci il tarixdə mənzilə gəlsə də, lakin Sənubər mənzilin qapısını açmamış, xx.xx.2020-ci il tarixdə Sənubər mənzili tərk edərək özünə məxsus olan bütün əşyaları aparmış, ona məxsus olan heç bir əşya onun tərəfindən mənzildən çıxardılmamışdır. Eyni zamanda qızıl-zinyət əşyalarını oğurlamamış, Sənubər ona şər bötan atmışdır. Beləliklə İddiaçı müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı ona vurulmuş maddi zərərlə bağlı iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni ona məxsus əşyaların cavabdeh tərəfindən girov saxlanıldığını, əşyaların qaytarılmadığını, həmin əşyaların ümumiyyətlə mövcudluğunu sübut edə bilməmişdir. Belə ki, o, məhkəməyə bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Halbuki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. (Mülki Prosessual Məcəllənin 81-ci maddəsi). Məhkəmə iddia tələbinin mənəvi ziyanla bağlı hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.4-cü maddəsində şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ nəzərdə tutulmuşdur. Bu qaydalar həmçinin hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir (maddə 23.6). Lakin burada göstərilən zərərin maddi və yaxud mənəvi olduğu birbaşa göstərilməmişdir. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarında göstərilir ki, “məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü məddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər şəxsi qeyri-əmlak ziyanı olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər)” hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak ziyanı ilə birlikdə, yaxud əmlak ziyanı vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə hesab edir ki, iddiaçı mənəvi ziyan tələbi ilə bağlı istinad etdiyi halları da sübut edə bilməmişdir. Bu səbəbdən iddia həmin hissədə də təmin edilməməlidir. Qeyd edilənlərə əsasən İddiaçı məhkəməyə iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı sübut təqdim etmədiyindən onun Cavabdeh qarşı vurulan maddi və mənəvi zərər tələbinə dair iddiası təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilən 30 manat dövlət rusumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı vurulan maddi və mənəvi zərər tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar