Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4472/2023 04.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Kərimduxt Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətdə olan əmlakdan payın dəyərinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Kərimduxt Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətdə olan əmlakdan payın dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 6-cı mikrorayonda yerləşən 8 saylı evin 26 saylı mənzilində 1/3 hissədə olan mülkiyyət payının dəyərinin müəyyən olunaraq cavabdehlər Kərimduxt Cavabdeh1 və Cavabdeh2 tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər 6-cı mikrorayon ev 8, 26 saylı mənzil vərəsəlik qaydasında 2/3 açıq pay saxlanılmaqla onun adına qeydiyyata almmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən qeydiyyat nömrəsi **********, xx.xx.2022-ci il qeydiyyat tarixli adına çıxarış verilmişdir. O, cavabdehlərə mülkiyyətində olan əmlakın satılaraq və başqa formalarda bölünməsini təklif etsə də, cavabdehlər bu təklifləri ilə razılaşmırlar. O, öz mülkiyyət payını və ya dəyərinin ona ödənilməsini istəyir. Cavabdehlər isə qərəzli olaraq onun mülkiyyət hüquqlarını məhdudlaşdırmaq istəyir və ona bu hüququndan imtina etmək və yaxud ümumiyyətlə ona az miqdarda pul təklif edirlər. Bu məqsədlə də cavabdehlər öz paylarını qeydiyyata aldırmamışlar. Sumqayıt şəhər Məhkəməsinin e-2(060)-393/2023, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə onun cavabdehlər Cavabdeh1 qızma və Cavabdeh2 qarşı mülkiyyətdə olan əmlakdan payın naturada ayrılması tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Məhkəmə tərəfmdən belə bir qətnamə çıxarılarkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 28 fevral 2023-cü il tarixli 10/378 saylı rəyinə əsaslanılmışdır. Hazırda mülkiyyət hüququnun müdafiəsi məqsədi ilə yenidən məhkəməyə müraciət etmək məcburiyyətindədir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, mənzil 3 otaqdan ibarətdir. Mənzilin 1/3 hissəsinə onun mülkiyyət hüququ vardır. Lakin qarşı tərəf payının dəyərini ona ödəməkdən imtina edir. Bundan başqa 2 gün bundan əvvəl bacısı Sevinc ona telefonla zəng edərək mənzilin ½ hissəsinin Rövşənə verdiyi üçün peşman olduğunu bildirmiş və ona öz payının dəyərini almalı olduğunu demişdir. Bacısını dediyinə görə Rövşən analarından qalan pulu da mənimsəmişdir. İddiaçı qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia ərizəsinə dair izahat verərək iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, mübahisəli mənzil 1976-ci ildə onlara verilib. İddiaçı heç vaxt həmin mənzildə yaşamayıb. Lakin onların uşaqlığı orada keçib. Hazırda iddiaçı mənzili satıb ona düşən payı istəyir. Lakin iddiaçı mənzilin özəlləşdirilməsində iştirak etmədiyi üçün vərəsə ola bilməz. Onun iddiaçıya kompensasiya ödəmək üçün maddi imkanı yoxdur. Eyni zamanda mənzilinin hərracda satılmasını da istəmir. Bundan başqa iddiçının qeyd etdiyi pul onun adına olub. O, anasının yas və dəfn mərasimi ilə bağlı bütün xərcləri özü çəkib. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə əsasən) xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh Kərimduxt Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdeh Kərimduxt Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan texniki pasportun surətindən görünür ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 8, 26 saylı mənzil üzərində 1/3 hissədə İddiaçı payı müəyyən edilmiş, 2/3 hissədə pay isə açıq saxlanılmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş Deylyami Şahnaz Abazar qızının vərəsəsi İddiaçıdır və o, miras əmlakdan 1/3 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 8, 26 saylı mənzildən ibarətdir. İş materiallarında olan çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 8, 26 saylı mənzil 1/3 hissədə mülkiyyət hüququ üzrə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-393/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətdə olan əmlakdan payın naturada ayrılması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İşdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 01/23-555 nömrəli xx.xx.2023-ci il tarixli yaşayış binasının qiymətləndirilməsi barədə hesabatından görünür ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 8, 26 saylı mənzilin xx.xx.2023-cü il tarixə olan bazar dəyəri 80000 manat, likvid dəyəri 68000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 8, 26 saylı mənzil 2/3 hissədə mülkiyyət hüququ üzrə Cavabdeh2 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). Azərbaycan Respublikası Mülki Məcəllənin 152-ci maddəsinin mənasına görə, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (maddə 152.5). Mülki Məcəllənin 213-cü maddəsinin mənasına görə, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur (maddə 213.1). Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər (maddə 213.2). Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir (maddə 213.3). Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər (maddə 213.5). Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir(Mülki Məcəllənin 220.1., 220.2. və 220.3. maddələri). Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Bu Məcəllənin 220.3- 220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər (Mülki Məcəllənin 220.4., 220.5. və 220.6. maddələri). Məhkəmə qeyd edir ki, hazırkı mübahisə predmeti olan mənzil paylı mülkiyyətdə olmaqla tərəflərin mülkiyyətindədir. Mübahisəli mənzilin 1/2 hissəsi iddiaçının, 2/3 hissəsi isə Cavabdeh2 mülkiyyətindədir. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər, payın həcminə müvafiq olaraq iştirak edirlər (Mülki Məcəllənin 217-ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Paylara mütənasib ümumi əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir paylara uyğun şəkildə bölüşdürülür (Mülki Məcəllənin 216-cı maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dairAzərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Qərarda həmçinin qeyd edilmişdir ki, digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətdə olan əmlakdan payın naturada ayrılması tələbinə dair iddiası təmin edilməmişdir. Hazırda iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 6-cı mikrorayonda yerləşən 8 saylı evin 26 saylı mənzilində 1/3 hissədə olan mülkiyyət payının dəyərinin cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı hazırki iddiasını cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qaldırsa da, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mənzil 1/3 hissədə iddiaçının, 2/3 hissədə isə Cavabdeh2 mülkiyyətindədir. Beləliklə Cavabdeh1 münasibətdə iddia tələbinin təmin edilməsi üçün hər hansı hüquqi əsas yoxdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 isə iddiaçıya mübahisəli mənzildəki payına görə kompensasiya vermək üçün maddi imkanının olmadığını bildirmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Kərimduxt Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətdə olan əmlakdan payın dəyərinin ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə iddiaçıya izah edir ki, paylı mülkiyyətdə olan payının ayrılması ilə bağlı mənzilin hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edlmədiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi dövlət rüsumu və məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 220-216, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Kərimduxt Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətdə olan əmlakdan payın dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-4472/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4472/2023
04.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver