Məhkəmə qərarları › İş №2(060)-4474/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4474/2023

22.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4474/2023 22.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi Məhkəmə iclasının katibi Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı,cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair» mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən onun sağlamlığına vurulmuş zərərin əvəzi olaraq 11 aprel 2022ci il tarixdən başlayaraq hər ay 207 (iki yüz yeddi) manat məbləğində ödənişin və mənəvi zərərin əvəzi olaraq 5000 (beş min) manat məbləğində təzminatın onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, uzun müdddət ərzində "xxxx" zavodunda sulfat turşusu sexində tornaçı vəzifəsində işləmişdir. xx.xx.1999-cu il tarixində əmək vəzifələrini yerinə yetirərkən bədbəxt hadisə nəticəsində sağlamlığı pozulmuşdur. İstehsalatla əlaqədar olan bədbəxt hadisənin baş verməsi zavod üzrə müvafiq aktla təsdiq edilmişdir. "xxxx" zavodu ona əlillik dərəcəsini və əmək qabiliyyətinin itirilmə faizini nəzərə almaqla sağlamlığına vurulmuş zərərə görə, əmək xəsarəti almamışdan əvvəl olan orta əmək haqqını nəzərə almaqla aylıq ödənişlər ödənilmişdir. xx.xx.2001-ci il tarixdən "xxxx" zavodu özəlləşdirilməyə verilmiş və özəlləşdirmə nəticədə müəssisə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. Müəssisə özəlləşdirilməyə verildikdən sonra xx.xx.2022-ci il tarixədək aylıq ödənişlər əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********7 saylı məktubda göstərilir ki, "xxxx" ASC-nin səhmlərinin özəlləşdirilməsi xx.xx.2022-ci il tarixdə tam başa çatmışdır. Müəssisənin özəlləşdirilməsi tam başa çatdığına görə, xx.xx.2022-ci il tarixdən təyin olunmuş aylıq müavinatın ödənilməsi dayandırılmışdır. Sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müraciət etmişdir. Lakin cavabdeh cavab məktubu ilə vurulmuş zərərin ödənilməsi məsələsinin yaxın vaxtlarda müsbət həll olunmasına zəmanət versədə, sonradan müxtəlif bəhanələr gətirməklə verdiyi vədlərə sahib çıxmamışdır. Hesab edir ki, cavabdeh bilərəkdən mövcud əmək qanunvericiliyinin tələblərinə məhəl qoymur və bu cür qanuna zidd hərəkətləri ilə könüllü ödəniş etməkdən boyun qaçırır. Cavabdeh xx.xx.2022-ci il tarixdən etibarən sağlamlığına vurulmuş zərərin ödənilməsindən qərəzli şəkildə boyun qaçırmaqla ona mənəvi zərər vurmuşdur. Artıq on aydır ki, o, əvvəllər aldığı müavinətdən məhrum olunmuş, üstəlik, ölkədə baş verən bahalaşma maddi durumunu gündən-günə çətinləşdirir. Buna görə də, cavabdeh ona 5000 (beş min) manat məbləğində mənəvi təzminat ödəməlidir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, məlum olduğu kimi, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş işçiyə vurulmuş zərərin əvəzinin ödənilməsinə dair” iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən onun sağlamlığına vurulmuş zərərin əvəzi olaraq 11 aprel 2022-ci il tarixdən başlayaraq hər ay 207 (iki yüz yeddi) manat məbləğində ödənişin və mənəvi zərərin əvəzi olaraq 5000 (beş min) manat məbləğində təzminatın onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi qanunsuz və əsassız olduğuna görə, cavabdeh tərəf olaraq məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Belə ki, İddiaçı öz iddia ərizəsində "xxxx" zavodunda sulfat turşusu sexində tomaçı vəzifəsində işlədiyini və xx.xx.1999-cu il tarixində əmək vəzifələrini yerinə yetirərkən bədbəxt hadisə nəticəsində sağlamlığının pozulmasını, istehsalatla əlaqədar olan bədbəxt hadisənin baş verməsinin zavod üzrə müvafiq aktla (“İstehsalatda baş verən bədbəxt hadisə haqqında” Akt) təsdiq edilməsini qeyd etsə də bu hallara dair məhkəməyə hər hansı bir sənəd təqdim etməmişdir. Belə ki, iddia ərizəsində deyilir ki: “...İşəgötürənin məsuliyyətini tənzimləyən konkret normalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli 3 nömrəli qərarı təsdiq olunmuş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, Şərtləri və Məbləği”ndə nəzərdə tutulmuşdur. Qaydaların 1.1-ci bəndində göstərilir ki, işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda, bədbəxt hadisə təhqiqat aktına əsasən təqsirkar müəssisə işçiyə dəyən zərərə görə qanunvəriciliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Qaydaların 1.2-ci bəndinə əsasən aşağıdakı sənədlər olduqda, təqsirkar işəgötürən əmək xəsarətinə görə dəyən zərəri ödəməlidir: - istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyə edilmiş formada tərtib olunmuş akt və yaxud işəgötürən tərəfindən əməyi mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisəni baş verməsi barədə məhkəmənin hökmü (qətnaməsi, qərarı); - işçinin peşə əmək qabiliyyətinin itirilməsini və yaxud peşə xəstəliyini təsdiq edən TSEK-in şəhadətnaməsi. Qaydaların 2.1ci bəndinə müvafiq olaraq istehsalatda əmək xəsarəti zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən ziyanın əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir...” İddia ərizəsinə əlavə edilmiş sənədlərdən açıq-aşkar və mübahisəsiz şəkildə məlum olur ki, iddiaçı istinad edilən Qaydalarda nəzərdə tutulan sənədlərdən: bədbəxt hadisən təhqiqat aktını; istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyə edilmiş formada tərtib olunmuş akt və yaxud işəgötürən tərəfindən əməyi mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisəni baş verməsi barədə məhkəmənin hökmünü (qətnaməsini, qərarını); işçinin peşə əmək qabiliyyətinin itirilməsini və yaxud peşə xəstəliyini təsdiq edən TSEK-in şəhadətnaməsini məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən, iddia ərizəsində və ona əlavə edilmiş sənədlərdə iddiaçının peşə əmək qabiliyyətinin itirilmə faizinin hansı tarixdən müəyyən edildiyi barədə heç bir məlumat verilmir və iddiaçının peşə əmək qabiliyyətinin itirilmə faizinin müəyyən edilməsini təsdiq edən hər hansı bir sənəd mövcud deyildir və iddiaçı bu halları təsdiq edən hər hansı bir sübutu da məhkəməyə təqdim etməmişdir. Bundan əlavə iddiaçıın iddia ərizəsinə əlavə etdiyi və tibbi müayinə aktından çıxarış adlandırdığı sənəddə qiymətləndirilmə tarixi: xx.xx.1987-ci il, təyinat tarixi: xx.xx.1987-ci il kimi qeyd edilmişdir. Bu da iddiaçının qeyd etdiyi xx.xx.1999-cu il tarixindən uzun müddət-12 il 2 ay 5 gün əvvəl olduğunu təsdiq edir. Yuxarıda qeyd edilən səbəblərə görə cavabdeh tərəfi iddia tələbini qanunsuz və əsassız hesab edir. Məlum olduğu kimi, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İddiaçı ünvanlanmış 28 fevral 2023-cü il tarixli məktubunda deyilir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi onun ”özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrində istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş içisinə aylıq ödəncin ödənilməsinə dair” yazdığı 24 fevral 2023-cü il tarixli məktubuna (Qeyd-məktub xx.xx.2023-cü il tarixdə müəssisəyə daxil edilib) bildirir ki, araşdırılaraq sağlamlığınızın pozulması və əlilllik dərəcəsinin müəyyən edilməsi ilə bağlı aidiyyatı üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət edərək, yenidən müvafiq rəsmi sənədi alıb, ona təqdim etməsini xahiş etmişdir.” Cavabdeh tərəf hesab edir ki, iddiaçının peşə əmək qabiliyyətinin itirilmə faizinin müəyyən edilmə tarixi məlum olmadığına və bu barədə hər hansı bir sənəd məhkəməyə təqdim edilmədiyinə, hal-hazırki dövrdə iddiaçının peşə əmək qabiliyyətinin itirilmə faizi cavabdeh tərəfdə ciddi və əsaslı şübhə doğurduğuna və ən əsası ölkədə əlilliyin müəyyən olunmasının yeni meyarları müəyyən olunduğuna görə, iddiaçının peşə əmək qabiliyyətinin itirilmə faizinin yenidən müəyyən edilməsinə və bu məqsədlə iddiaçı barəsində yenidən tibbi sosial ekspertiza keçirilməsi üçün bəhs edilən işin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilməsinə zərurət yaranmışdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir, əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrıseçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri tənzimləyir. Həmin Qanunun 1-ci maddəsində deyilir: 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasıdır; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxsdir; 1.0.17. əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsidir. Həmin Qanunun 3-cü maddəsində deyilir ki, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi olan şəxslərin reyestrini elektron formada aparır. Əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş və 2022-ci il iyulun 1-dən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları” (bundan sonra “Meyarlar”) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. Həmin Meyarların 3-cü bəndində deyilir: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmişdir “Dövlət Tibbi-Sosial Ekspertiza və X1”-nin 3.1.2 və 3.1.5-ci bəndlərinə əsasən, bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələrinə: müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində işçinin peşə əmək qabiliyyətini, fiziki şəxsin sağlamlığına xəsarət yetirilmə nəticəsində və ya başqa şəkildə pozulmuş əmək qabiliyyətinin itirilmə faizini, habelə istehsalatda bədbəxt hadisələr və peşə xəstəliyi ilə əlaqədar işçinin (sağlamlığı xəsarət yetirilmə nəticəsində və ya başqa şəkildə pozulmuş fiziki şəxsin) əlavə xərclərə (müalicəyə, əlavə qidalanmaya, dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitəsinin verilməsinə və başqa peşə öyrədilməsinə) ehtiyacı olubolmadığını tibbi-sosial ekspert komissiyaları vasitəsilə müəyyən etmək daxildir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, 2(060)-4474/2023 saylı mülki iş üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu verilməsini və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən - İddiaçı xx.xx.1999-cu il tarixində əmək vəzifələrini yerinə yetirərkən bədbəxt hadisənin baş veribverməməsi, bədbəxt hadisə baş verdiyi halda həmin hadisə nəticəsində onun peşə əmək qabiliyyətinin itirilib-itirilməməsi, itirildiyi halda itirilmənin faizi və itirilmənin hansı tarixdən müəyyən edilməsi və sonuncu müayinən hansı tarixdə həyata keçirilməsi barədə geniş və ətraflı məlumat verilməsi və sorğuya verilən cavab məktubunda qeyd edilən faktları, halları və məlumatları təsdiq edən bütün sənədlərin (mövcud olduğu halda “İstehsalatda baş verən bədbəxt hadisə haqqında” aktının, İddiaçı peşə əmək qabiliyyətinin itirilməsinə dair müayinə aktının və sair) lazımi qaydada təsdiq edilmiş surətləri - İddiaçı istehsalat qəzası nəticəsində sağlamlığını itirməsinə görə ödənişlər edilib-edilməməsi, ödənişlər edildiyi halda ödənişlərin hansı tarixlərdə aparılması və ödənişlərin barədə məlumatlar və buna əsas olan sənədlərin surətləri əldə edilməsini, İddiaçı oğlunun peşə əmək qabiliyyətinin itirilmə faizinin təkrar müəyyən edilməsi və bu məqsədlə İddiaçı barəsində təkrar tibbi sosial ekspertiza müayinəsinin keçirilməsi üçün bəhs edilən mülki işin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilməsi və İddiaçı peşə əmək qabiliyyətinin itirilməsinin faizi, səbəbi və müddətinin təkrar müəyyən edilməsini xahiş etmişdir. İddiaçı məhkəmədə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə məhkəmədə iştirak edən zaman iddia tələbini qəbul etməyərək göstərdi ki, təqdim etdikləri vəsatət işin tam və hərtərəfli araşdırılması üçün və yekun olaraq qanuni və əsaslı məhkəmə aktının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edirdi. Orada müəyyən olunmamışdır ki, hansı dövrdən hansı dövrə kimi ödənişlər olmuşdur. Peşə əmək qabiliyyətinin müəyyən olunmasına ona görə əsas var ki, artıq ölkədə bu sahədə yeni qanunvercilik qəbul olunmuşdur. Bu qəbul edilmiş sənəd əslində gələcəkdə itirilmə faizini dəqiq müəyyən edilməklə, əgər məhkəmə tərəfindən iddia təmin edilərsə, hansı hissədə təmin edilib-edilməməsinə, yəni yekun məhkəmə aktına bilavasitə təsir edə bilərdi. Müayinə uzun illər əvvəl həyata keçirilmişdir. İddia tələbinə qeyri-müəyyənlik mövcuddur. Ona görə də hesab edirlər ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə tərəflərin izahatını dinləyib, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 14 iyun 2023-cü il tarixli MŞS/MT030/2023-01135 №-li “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, telefon əlaqəsi saxlanılmış, lakin ilkin mediasiya sessiyasında iştirak etməkdən qəti şəkildə imtina etmiş, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, 50 manat mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan İddiaçı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrində istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş işçiyə aylıq ödəncin ödənilməsinə dair ərizədən görünür, xx.xx.2022-ci il tarixdən etibarən ödənilən aylıq müavinət əvəzinə istehsalat qəzası nəticəsində sağlamlığa dəymiş zərərin əvəzi olaraq aylıq ödənişlər üzrə yaranmış borcu və hesablanmış ödənişlərə dair arayış verilməsini xahiş etmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış 11 nömrəli, 28 fevral 2023-cü il tarixli məktuba cavab olaraq bildirilmişdir ki, araşdırılaraq sağlamlığın pozulması və əlillik dərəcəsinin müəyyən edilməsi ilə bağlı, aidiyyatı üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Tibbi Sosial- Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət edərək müvafiq sənədin onlara təqdim edilməsini xahiş etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, İddiaçı Ermənistan Respublikasında xx.xx.1960-cı il tarixdə anadan olmuş, 22 iyul 2005-ci il tarixdən ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi üzrə forma 88 nömrəli arayışdan görünür ki, İddiaçı müddətsiz olaraq xx.xx.1987-ci il tarixdə üçüncü dərəcə əlillik verilmiş, əlilliyin səbəbi əmək zədəsigözdən əlil kimi qiymətləndirilmiş, əmək qabiliyyətini 60% həcmdə itirmiş, göz sinirinin nevriti VOS=işıq duyğusu VOD=1.0 diaqnozu qoyulmuş, yüngül işlərdə işləyə biləcəyi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 15 iyun 2022-ci il tarixli, **********7 nömrəli aylıq ödənc əvəzinə aylıq müavinət haqqında məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların tənzimlənməsi” qaydalarının 3-cü bəndinə əsasən dövlət müəssisələrinin müvafiq dövr üçün istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına peşə əmək qabiliyyəti itirildikdə - minimum aylıq əmək haqqının əmək qabiliyyətinin itirilmə faizi məbləğində (33 manatdan az olmayaraq), həlak olduqda – minimum aylıq əməkhaqqı məbləğində aylıq müavinət verilir. Məlumat üçün bildirmişlər ki, ona xx.xx.2009-cu il tarixindən özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinət təyin edilmişdir. Sözügedən qaydaların 5.1-ci maddəsinə əsasən aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərti ilə, 2003-cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. Bildirmişlər ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq məktubuna əsasən xx.xx.2022-ci il tarixindən "xxxx" ASC-nin özəlləşdirilməsi başa çatmışdır. Əlavə olaraq bildirmişlər ki, "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixindən özəlləşdirilməsinə baxmayaraq ona xx.xx.2009-cu il tarixindən təyin edilmiş aylıq ödənc əvəzinə aylıq müavinətin ödənişi xx.xx.2022-ci il tarixinədək davam etdirilmişdir. Nəticədə xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 275 manat məbləğində artıqvermə müəyyən olunmuşdur. Qeyd olunanları nəzərə alaraq bildirmişlər ki, "xxxx" ASC-nin özəlləşdirilməsi başa çatdığı üçün aylıq ödənc əvəzinə aylıq müavinətin ödənişi onlar tərəfindən dayandırılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71.2-ci və 73-cü maddələrinə əsasən qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüquqları vardır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2715/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1119.2-ci maddəsinə əsasən zərərçəkənin itirdiyi qazancın (gəlirin) tərkibinə onun həm əsas iş yerində, həm də əvəzçilik üzrə əmək və mülki hüquq müqavilələri əsasında əməyinin ödənilməsinin gəlir vergisi tutulan bütün növləri daxil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1126.1-ci maddəsinə əsasən həyata və ya sağlamlığa zərər vurulması üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin yenidən təşkil edildiyi halda müvafiq ödənişləri icra etmək vəzifəsini onun hüquq varisi daşıyır. Zərərin əvəzinin ödənilməsi tələbləri də ona qarşı irəli sürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 saylı Qərarı ilə təsdiq edilmiş ”İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Qərarının 1.1-ci bəndinə əsasən işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda, bədbəxt hadisənin təhqiqat aktına əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına ödənilir. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. Həmin Qərarın 2.1-ci bəndinə əsasən istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir.Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki,zərərə görə aylıq ödəncin məbləği müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur(zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Həmin Qərarın 3.5-ci bəndinə əsasən istehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödənclərin miqdarı qanunvericiliklə müəyyən olunmuş qaydada təqsirkar müəssisədə işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada təshih edilir və ödənilir. Həmin Qərarın 3.6-cı bəndinə əsasən 3.3.-3.5. bəndlərdə göstərilən qaydada təqsirkar müəssisə tərəfindən zərərçəkənin əvəzçiliklə işlədiyi yerlərdə aldığı əmək haqqı hesablanıb ödənilir. Həmin Qərarın 3.10-cu bəndinə əsasən zərər dəyməsində təqsirkar olan müəssisənin yenidən təşkil edildiyi halda onun hüquqi varisi zərərçəkənə zərərin əvəzini ödəyir. Məhkəmə qeyd olunan normalardan çıxış edərək hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 15 iyun 2022-ci il tarixli, **********7 nömrəli aylıq ödənc əvəzinə aylıq müavinət haqqında məktuba əsasən müəyyən edilir ki, xx.xx.2022-ci il tarixindən "xxxx" ASC-nin özəlləşdirilməsi başa çatmışdır. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixindən özəlləşdirilməsinə baxmayaraq iddiaçıya xx.xx.2009-cu il tarixindən təyin edilmiş aylıq ödənc əvəzinə aylıq müavinətin ödənişi xx.xx.2022-ci il tarixinədək davam etdirilmişdir. Nəticədə xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 275 manat məbləğində artıqvermə müəyyən olunmuşdur. "xxxx" ASC-nin özəlləşdirilməsi başa çatdığı üçün aylıq ödənc əvəzinə aylıq müavinətin ödənişi onlar tərəfindən dayandırılmışdır. Həmin dayandırma müvafiq normativ aktlara ziddir. Ona görə də məhkəmə hesab edir ki, ödənişlərin ödənilməsi davam etməlidir. Məhkəmə iddianın sağlamlığına vurulmuş zərərin əvəzi ilə əlaqədar iddiaçıya 11 aprel 2022-ci il tarixdən başlayaraq 207 manat məbləğində ödənişin ödənilməsi hissəsini araşdıraraq qeyd edir ki, iddia tələbi bu hissədə qismən əsaslı olduğundan qismən təmin edilməlidir. 2022-ci ilin yanvar ayının birindən Azərbaycan Respublikasında minimum əmək haqqının miqdarı 300 manat təşkil etmiş, iddiaçıya xx.xx.2009-cu il tarixindən təyin edilmiş aylıq ödənc əvəzinə aylıq müavinətin ödənişi xx.xx.2022-ci il tarixinədək davam etdirilmiş, ödənilməli məbləğ 60% olduğu üçün 300 manatın 60 %-i 180 manat təşkil etməlidir (Belə ki: 2022-ci ilin may ayı da daxil olmaqla ödənişlər ödənilmiş, yerdə qalan 7 (yeddi) ay üçün hər ay 180 manat). Belə ki, hazırda Azərbaycan Respublikası ərazisində minimum əmək haqqının məbləği 345 manat təşkil edir. Ödənilməli məbləğ 345 manatın 60%-i olduğu üçün, 345 manatın 60%-i 207 manat olduğu üçün tələb əsaslıdır. Ona görə də hər ay 207 manat məbləğində ödənclərin ödənilməsi davam etməlidir. İş materiallarında olan sənədlərə əsasən iddiaçıya xx.xx.2009-cu il tarixindən təyin edilmiş aylıq ödənc əvəzinə aylıq müavinətin ödənişi xx.xx.2022-ci il tarixinədək davam etdirilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin 1-ci hissəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin 2-ci hissəsinə əsasən işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənişlər ödənilməlidir. İşəgötürənin məsuliyyətini tənzimləyən konkret normalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq olunmuş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, Şərtləri və Məbləği”ndə nəzərdə tutulmuşdur. Qaydaların 1.1-ci bəndində göstərilir ki, işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda, bədbəxt hadisənin təhqiqat aktına əsasən təqsirkar müəssisə işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Qaydaların 2.1-ci bəndinə müvafiq olaraq istehsalatda əmək xəsarəti zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən ziyanın əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir. Qaydaların 1.2-ci bəndinə əsasən aşağıdakı sənədlər olduqda, təqsirkar işəgötürən əmək xəsarətinə görə dəyən zərəri ödəməlidir: - istehsalatda baş vərmiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmü (qətnaməsi, qərarı); - işçinin peşə əmək qabiliyyətinin itirilməsini və yaxud peşə xəstəliyini təsdiq edən TSEK-in şəhadətnaməsi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı nozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalarının 5.1-ci bəndinə əsasən aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003-cü il oktyabırın 1-dən başalayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq olunmuş “istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi” Qaydalarının 3-10-cu və 3.11-ci bəndlərinə müvafiq olaraq, maddi məsuliyyətin subyekti qismində təkcə işçinin əmək hüquq münasibətlərində olduğu işəgötürən deyil, həm də təqsirkar müəssisə birləşdirildikdə, yenidən təşkil edildikdə və yaxud ləğv olduqda onun işini davam etdirən hüquqi varis və yaxud yuxarı təşkilat çıxış edir. AR Mülki Məcəlləsinin 1119-cu maddəsinə əsasən zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirilməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Məhkəmə cavabdehin nümayəndəsi və vəkili tərəfindən verilmiş vəsatətə münasibət bildirərək qeyd edir ki, cavabdehin nümayəndəsi və vəkili məhkəmədən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu verilməsini və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən - İddiaçı xx.xx.1999-cu il tarixində əmək vəzifələrini yerinə yetirərkən bədbəxt hadisənin baş veribverməməsi, bədbəxt hadisə baş verdiyi halda həmin hadisə nəticəsində onun peşə əmək qabiliyyətinin itirilib-itirilməməsi, itirildiyi halda itirilmənin faizi və itirilmənin hansı tarixdən müəyyən edilməsi və sonuncu müayinən hansı tarixdə həyata keçirilməsi barədə geniş və ətraflı məlumat verilməsi və sorğuya verilən cavab məktubunda qeyd edilən faktları, halları və məlumatları təsdiq edən bütün sənədlərin (mövcud olduğu halda “İstehsalatda baş verən bədbəxt hadisə haqqında” aktının, İddiaçı peşə əmək qabiliyyətinin itirilməsinə dair müayinə aktının və s.) lazımi qaydada təsdiq edilmiş surətləri - İddiaçı istehsalat qəzası nəticəsində sağlamlığını itirməsinə görə ödənişlər edilib-edilməməsi, ödənişlər edildiyi halda ödənişlərin hansı tarixlərdə aparılması və ödənişlərin barədə məlumatlar və buna əsas olan sənədlərin surətləri əldə edilməsini, İddiaçı oğlunun peşə əmək qabiliyyətinin itirilmə faizinin təkrar müəyyən edilməsi və bu məqsədlə İddiaçı barəsində təkrar tibbi sosial ekspertiza müayinəsinin keçirilməsi üçün bəhs edilən mülki işin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilməsi və İddiaçı peşə əmək qabiliyyətinin itirilməsinin faizi, səbəbi və müddətinin təkrar müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hazırki halda iddiaçıya əmək qabliyyətinin itirilməsi ilə bağlı təyin edilən 3-cü qrup əllik dərəcəsinin mübahisələndirilməsi işin mübahisə edilən halı olmayaraq, araşdırılan tələbdən kənara çıxmaqla vəsatətin verilməsi iddia tələbinin qəbul edilməməsinə dair verilən etirazın əsası qanunvericiliyin tələbinə ziddir. Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçının mənəvi ziyana görə 5000 manat məbləğində pulun ödənilməsi tələbi ilə bağlı aşağıdakılar qeyd olunmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitəzərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də, cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib haiların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, zərərçəkən fıziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfı psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isəonun sağlamlığının pozulması nəticəsində fıziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması, həmçinin onun şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi hallarındaözünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfındən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləğiağlabatan və ədalətli olmalıdır. “İnsan Hüquqlarının və X2 haqqında” Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad olunan halları sübut etməlidirlər. İmperativ normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə nəzərə alır ki, mənəvi zərərin ödənilməsi üçün cavabdeh cəmiyyətin xx.xx.2022-ci il tarixdən etibarən sağlamlığına vurulmuş zərərin ödənilməsindən qərəzli şəkildə boyun qaçırmaqla ona mənəvi sarsıntı və iztirab keçirməsi arasında səbəbli əlaqənin sübut edilməsi yükü mülki-prosessual qanunvericiliyin tələbinə əsasən məhz iddiaçının üzərinə düşür. İddiaçı iddia tələbində cavabdehin sağlamlığına vurulmuş zərərin ödənilməsindən qərəzli şəkildə boyun qaçırmaqla ona mənəvi iztirablar çəkdiyini göstərmiş, keçirdiyi fiziki və mənəvi sarsıntılarla bağlı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə onun sağlamlığı pozulmuş şəxsi ödənişlərin ödənilməsindən azad etməklə sübuta yetirmişdir. Lakin mənəvi zərərlə bağlı vurulmuş məbləği müəyyən edərkən məhkəmə mütənasiblik dərəcəsinin nəzərə alınmasını qanuna uyğun hesab etməklə, 500 manat müəyyən edilməsini məqsədə uyğun bilir. Mülki prosessual qanunvericiliyin tələbinə əsasən qeyd edilən halın sübut edilməsi məhz iddiaçının vəzifəsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və yarədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi olaraq 500 (beş yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.3-cü maddəsinə əsasən əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə – iddiaçılar dövlət rüsumundan azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respulikası Mülki Prosessual Məcəlləsinin 112.1.5-ci maddəsinə əsasən iddianın qiyməti müddətsiz və ya ömürlük ödəmələr haqqındakı iddialarda— ödəmələrin 3 illik məcmusu ilə müəyyən edilir. Məhkəmə qeyd edir ki, iddia tələbinin birinci hissəsində dövlət rüsumunun məbləği üç illik məcmu ilə müəyyən olunduğu üçün (7x180=1260 manat, 3 ildə 36 ay olduğu və həmin məbləğin 7 ayı üçün 180 manat ilə hesablandığına görə yerdə qalan 29x207=6003 manat, iddia tələbinin ikinci hissəsində isə mənəvi təzminat üçün 5000 manat tələb olunduğuna görə, lakin həmin hissədə 500 manat ilə iddia tələbi təmin olunduğu üçün ümumillikdə təmin olunmuş tələbin məbləği 1260+6003+500=7763 manat), iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən ödənilməli olan 97.63 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. İstehsalat qəzası nəticəsində əmək xəsarəti alması ilə əlaqədar İddiaçı 31 may 2022-ci il tarixdən 31 dekabr 2022-ci il tarixə qədər hər ay 180 manat, 1 yanvar 2023-cü il tarixdən məbləği 207 manat olmaqla aylıq ödənclər hesablanaraq cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı ödənilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi olaraq 500 (beş yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddianın verilməsinə görə 97.63 manat dövlət rüsumu cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar