Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4485/2024 14.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı, İddiaçı X1 cavabdeh "xxxx" ASC-yə qarşı abunə kodunun onun adına keçirilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, məhkəmə müəyyən etdi: İddiaçı X2 cavabdeh "xxxx" ASC-yə qarşı abunə kodunun onun adına keçirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işlətdiyi sərfiyyata görə **********000253 kodunun onun adına keçməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, daxil olmuş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina olunmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, hazırki mübahisə üzrə cavabdeh qismində çıxış edən "xxxx" ASC inzibati orqan hesab olunmasa belə hazırki mübahisə üzrə tərəflər arasında müqavilə münasibətləri olmadığından, mübahisəyə baxılması inzibati məhkəmə tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 N-li qərarının 13-cü bəndində qeyd edilmişdir ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olar kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 14-cü bəndinə əsasən tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun inzibati məhkəmə icraatı qaydasında məhkəmələr tərəfindən baxılır”. Qeyd olunan qərarın hazırkı işə tətbiqi baxımından məhkəmə hesab edir ki, tərəflər arasında müqavilə münasibətləri olmadığından, İddiaçı "xxxx" ASC-yə qarşı mülkiyyətində olan mənzildə işlətdiyi sərfiyyata görə **********000253 kodunun onun adına keçməsinə dair iddia tələbi ilə inzibati məhkəmə icraatı qaydasında aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir Qeyd olunmalıdır ki, iş məhkəmədə baxılmalı olmadıqda iddia tələbinin tam və ya qismən yolverilməzliyini nəzərdə tutan bu institut bir sıra mühüm məqsədlərə xidmət edir. Belə ki, məhkəmədə baxılmalı olmayan iddia ərizələrinin yolverilməzliyi və ya artıq icraata qəbul edilmiş işlərə xitam verilməsi faktiki olaraq mübahisəli hüquq münasibətinin hələ yaranmadığı və məhkəmədən kənar baxılmalı olan işlərlə məhkəmələrin lüzumsuz yüklənməsinin qarşısını alır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 153.2.1, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı X1 cavabdeh "xxxx" ASC-yə qarşı abunə kodunun onun adına keçirilməsi tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunmasından imtina edilsin və ərizəyə əlavə olunmuş bütün sənədlər rəsmi qaydada ərizəçiyə təqdim olunsun. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətinə Sumqayıt şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Tanrıvediyeva
Məhkəmə qərarları › İş №2(060)-4485/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4485/2024
14.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver