Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4508/2023 12.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X16 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil,Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən mənzil şəxsi mülkiyyət hüququ əsasında ona məxsusdur. Cavabdeh onun keçmiş gəlinidir. xx.xx.2008-ci il tarixdə oğlu X8 ilə nikah qeydiyyatından keçib evlənmiş və onun mənzilinə gəlin gəlmişdir. 2014-cü il tarixdə cavabdeh öz arsuzu ilə onun digər evinə- Zeynalabdin qəsəbəsi, Ə.Vahid küçəsi, ev 4V ünvanda yerləşən evə köçmüş, həyat yoldaşı və uşaqları ilə orada yaşamış və bu gün də həmin evdə yaşayır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən cavabdehlə oğlu arasında olan nikah qeydi ləğv edilmişdir. Cavabdehin onun mənzilinə olan istifadə hüququ artıq itirilmiş hesab edilməlidir. Çünki, onun ailə üzvü deyil, bundan əlavə, doqquz ildir ki, onun mənzilində yaşamır. Bu mənzilə ehtiyacı yoxdur. Belə olan təqdirdə onun mənzilə olan istifadə hüququ məhkəmə qaydasında itirilmiş hesab edilməlidir. Qonuşlar tərəfindən tərtib və təsdiq edilmiş aktlardan da görünür ki, cavabdeh 2014-cü ildən uşaqları və həyat yoldaşı ilə birlikdə onun mülkiyyətində olan mənzildə yaşayır. Eləcə də məhkəmə qətnaməsindən görünür ki, cavabdeh oğlu ilə boşanmış və onun ailə üzvü sayılmır. Bu illər ərzində cavabdeh özü könüllü olaraq tək yaşamaq üçün məhz digər mənzili seçmiş, orada yaşamış, bütün əmlakları da oradadır. Bu gün də həmin mənzildə yaşayır. Onun mənzilinə ehtiyacı yoxdur. Bütün bu hallar cavabdehin onun mülkiyyətində olan mənzildə istifadə hüququna xitam verilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdeh uşaqları – xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X2 ilə birlikdə ünvan 1 ünvanda yerləşən mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddia tələbini qəbul etməyərək bildirdi ki, öz razılığı ilə evdən çıxmamışdır. Baldızı boşanmış, gəlmiş, onlar kirayəyə çıxmış, daha sonra hazırda yaşadıqları mənzili almış və bu vaxta qədər orda yaşayır. Şikayət etmək üçün şansı olmamışdır. 2014-cü ilin avqust ayında mənzildən çıxmışdır. Hal-hazırki vaxta qədər köçülən ünvanda uşaqları ilə birgə yaşayır. Nikahları isə 2021-ci il tarixində pozulmuşdur. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsi və vəkilinin və cavabdehin izahatlarını dinləyib, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Mülki iş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MA seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, hüququ rəsmiləşdirilən şəxs İddiaçı, Sumqayıt şəhəri, X15 qəsəbəsi, Qara Qarayev küçəsi, ev 10, mənzil 2 ünvanında yerləşən mənzil növündə daşınmaz əmlakı xüsusi mülkiyyət hüququ əsasında **********85-05101-093011 reyestr nömrəsi ilə tam payda ********** qeydiyyat nömrəsi ilə xx.xx.2011-ci il tarixdə rəsmiləşdirilmişdir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 147 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal təsərrüfatı İstehsalat Birliyinin 21 saylı Mənzil-Kommunal Sahəsinin 852 nömrəli, 05.2023cü il tarixli forma 2 nömrəli arayışdan görünür ki, İddiaçı Q.Qarayev küçəsi, ev 10, mənzil 2 ünvanında yaşayır və qeydiyyatdadır. Mənzil 2 otaqlıdır. 56.20 kvadrat metr olmaqla, mənzil 1 mərtəbəli evin 1-ci mərtəbəsində yerləşir. İddiaçı ailə üzvləri 9 nəfərdən ibarətdir. 21 saylı MKS tərəfindən verilmiş ətraflı arayışdan görünür ki, ünvan 6, 2- otaq, sahəsi 56.20 kvadrat metr olan mənzildə ev sahibi İddiaçı, həyat yoldaşı X3, oğlu X8, qızı X7, nəvəsi X6, nəvəsi X9, nəvəsi X2, gəlini Cavabdeh, nəvəsi X10, nəvəsi X13 həmin ünvanda qeydiyyatdadırlar. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Hacı Zeynalabdin qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil ünvanlanmış 08 may 2023-cü il tarixli sorğuya cavabdan görünür ki, qonşuların iştirakı ilə tərtib edilmiş akt sorğunu təqdim edən şəxs vasitəsi ilə göndərilmişdir. 21 MKS tərəfindən təsdiq edilmiş, qonşular tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, qonşuları Q.Qarayev küçəsi, ev 10, mənzil 2 ünvanında yaşayan Cavabdeh, 2014-cü ilin sentyabr ayından qeyd olunan ünvanda yaşamır. Azərbaycan Respublikası DİN tərəfindən verilmiş, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı Abşeron, Xələc kəndində xx.xx.1960-cı il tarixdə anadan olmuşdur. 10 oktyabr 2008-ci il tarixdən ünvan 5 ünvanında qeydiyyatdadır. Qonşular tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, ünvan 6 ünvanında qeydiyyatda olan xx.xx.1984-cü il təvəllüdlü X8, həmin ünvanda qeydiyyatda olan həyat yoldaşı xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh, övladları xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X4 ilə birlikdə 2014-cü ildən Sumqayıt şəhər, Hacı Zeynalabdin qəsəbəsi, Ə.Vahid küçəsi 4 V saylı bağ evində qeydiyyatsız yaşayır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6629/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, X8 ilə Cavabdeh arasında xx.xx.2008-ci il tarixdə Sumqayıt şəhər Qeydiyyat şöbəsində 1096 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X1 iddiaçı Cavabdeh yanında qalmaları qət edilmişdir. İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyaya dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Bütün bunları nəzərə alan məhkəmə iddianın təmin olunmasına maneçilik görmür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü bəndinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Plenumun qeyd olunan qərarından görünür ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1. və 228.2-ci maddələrinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün üç mütləq şərtin, mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasının yerinə yetirilməsi tələb olunur. Plenumun qeyd olunan qərarında həmçinin yaşayış sahəsindən istifadə hüququnun mövcud olması üçün əsaslar olmadıqda belə bu hüquq, keçmiş ailə üzvünün mənzil maraqlarının qorunması məqsədilə məhkəmə qaydasında saxlanıla bilər. Bu mənada həmin hüququn Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulan ağlabatan və ədalətli əsas olduğu halda həyata keçirilməsi və bu hüququn yalnız müəyyən müddətə saxlanılması mülkiyyətçinin hüququnun məhdudlaşdırılmasının mütənasibliyinə dəlalət edir. Mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin (davamlılığının) müəyyənləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq, Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların olub-olmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur, həmin şəxslərin istifadədə olan yaşayış sahəsindən çıxarılması isə yalnız işin hüquqi əhəmiyyət kəsb edən bütün hallarının məhkəmə tərəfindən yoxlanılmasından sonra mümkündür. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və X5 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 22 iyun 2004-cü il tarixli Qərarı, §148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 29 mart 2006-cı il tarixli Qərarı, § 93) «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Həmin Qanununun 9-cu maddəsinə əsasən, yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır.Belə ki, cavabdehin mənzildən öz razılığı ilə köçməsi, uzun müddət yaşamaması, nikah münasibətərinə xitam verilməsi işin mübahisə edilməyən halı olub, cavabdehin iddia tələbini qəbul etməyərək öz razılığı ilə köçməməsini iddia etməsinə baxmayaraq, bu hal işdə olan sübutlar əsasında təsdiq olunmur. İddia tələbinin əsaslı olması cavabdehin uşaqları ilə birlikdə mənzildə uzun müddət yaşamaması, yalnız iddiaçının hüquqlarından sərbəst istifadə etməsinə mane olması, mülkiyyətçi kimi hüquqlarının məhdudlaşdırması və gerçəkləşdirməsinə maneçilik törədilməsi ilə ifadə olunur. Ona görə də, Cavabdeh uşaqları – xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X2 ilə birlikdə Sumqayıt şəhəri, X15 qəsəbəsi, Qara Qarayev küçəsi, ev 10 ünvanında yerləşən 2 saylı mənzilə istifadə hüquqları itirilmiş hesab edilməli, həmçinin Cavabdeh 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, iddiaçı tərəfindən isə dövlət rüsumu ödənildiyindən, ödənilmiş dövlət rüsumu cavabdehdən tutulub iddiaçının xeyrinə verilməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh uşaqları – xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X2 ilə birlikdə Sumqayıt şəhəri, X15 qəsəbəsi, Qara Qarayev küçəsi, ev 10 ünvanında yerləşən 2 saylı mənzilə istifadə hüquqları itirilmiş hesab edilsin. Cavabdeh 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-4508/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4508/2023
12.09.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver