Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4557/2021 22.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahveridili Nuranə Həmzə qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil X1, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 5000 manat məbləğində pul və 30 manat dövlət rüsumu olmaqla, cəmi 5030 manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin direktoru X2 cavabdeh ilə 01.09.2018-ci ildə tanış olmuşdur. Cavabdeh şifahi razılaşma əsasında 6000 manat dəyərində araq məmulatı satacağını iddiaçıya bildirmişdir. 2017-ci ildən cavabdeh araq məhsullarını götürmüş və götürdüyü araq məhsullarının pulunu sonradan ödəyəcəyini bildirsə də, sözügedın pulu ödəməkdən imtina etmişdir. Cavabdehin öz əli ilə yazdığı və imzası ilə təsdiq etdiyi öhdəlik ərizəsi də mövcuddur. Həmin öhdəlik ərizəsində cavabdeh iddiaçıdan götürdüyü 6000 manat dəyərində araq məmulatının pulunu 01.09.2018-ci ildən hər ay 500 manat olmaqla ödəməyi öhdəsinə götürdüyünü bildirmişdir. Buna baxmayaraq, cavabdeh öhdəlik ərizəsində verdiyi vədi yerinə yetirməmiş, öhdəliyin icrası üçün müəyyənləşdirilmiş vaxtın ötməsinə baxmayaraq öhdəliyin icrasından imtina etmiş, dəfələrlə cavabdehlə danışdıqdan sonra isə 2 dəfə 500 manat olmaqla, ümumi borcun sadəcə 1000 manat məbləğində olan hissəsini ödəmişdir. Hal-hazırda borcun ödənilməmiş məbləği 500 manat təşkil edir. Cavabdeh əsaslı səbəb olmadan bu pulu ödəməkdən yayınır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdil və iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, fərdi sahibkar deyildir. Lakin, iddiaçıdan satış məmulatları araq məmulatlarını götürmüşdür. Şifahi razılaşmaya əsasən həmin məmulatları satdıqdan sonra iddiaçının pulunu ödəməli idi. Etiraf edir ki, işlə bağlı olan qəbzi həqiqətən özü imzalamışdır. 6000 manat məbləğində borcdan 2 dəfə olmaqla ümumilikdə 1000 manat məbləği qaytarmışdır. Yerdə qalan 5000 manat məbləği də qaytaracaqdır. Hal-hazırda işsizdir, buna görə də borcu hissə-hissə ödəyə bilər. Cavabdeh qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, cavabdeh xx.xx.1984-cü ildə anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan cavabdehin adından yazılaraq imzalanmış qəbzdə cavabdeh 6000 manat borcu 01.09.2018-ci il tarixinədək iddiaçıya qaytarmağı öz öhdəsinə götürmüşdür. İşdən göründüyü kimi cavabdeh iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Öncə qeyd edilməlidir ki, iş materiallarında olan yazılı qəbzdə cavabdeh iddiaçıya borcu olduğunu etiraf etdiyi üçün həmin qəbzə borcun etirafı haqqında müqavilə kimi yanaşılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir (882.1.). Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz (882.2.). Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya iddia ərizəsində göstərilən məbləğdə borcu olduğunu yazılı şəkildə etiraf etmişdir. Bu səbəbdən onun iddiaçıya həmin borcu qaytarmaq öhdəliyi yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1.). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və 5000 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 5000 (beş min) manat pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-4557/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4557/2021
22.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver