Məhkəmə qərarları › İş №2(060)-4601/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4601/2023

17.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4601/2023 17.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X3 oğlunun katibliyi, iddiaçının nümayəndəsi, həyat yoldaşı Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər 4 saylı Notariat ofisinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs: "xxxx" ASC) icra qeydinin ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Sumqayıt şəhər 4 saylı Notariat ofisinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh "xxxx" ASC-nin xeyrinə apardığı xx.xx.2021-ci il tarixli icra qeydini ləğvi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 4 saylı Notariat Ofisi xx.xx.2021-ci ildə "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli məktubuna əsasən bankın xeyrinə icra qeydi aparmışdır. "Bank of Baku” ASC 4 saylı notariat ofisinə borcun mübahisəsiz olduğunu sübut edən hər hansı bir sənəd təqdim etməmiş, üstəlik notariat ofisindən "xxxx" ilə aralarında uzun illər aparılmış məhkəmə çəkişmələrini belə gizlətmişdir. Bundan əlavə "xxxx" notariat ofisinə ünvanladığı məktubda özünə sərf edən məbləğ yazmış, mübahisəli borcu təqribən 805 manat şişirtmişdir ki, bu da "xxxx"nun növbəti saxtakarlığının bariz nümunəsidir. Belə ki, "xxxx"nun xeyrinə aparılmış icra qeydində borc məbləği 2048 ABŞ dolları 28 sent göstərilmişdir ki, bu da manat ekvivalentində təqribən 3482 manat edir. Beləliklə bank öz səlahiyyətlərini aşaraq Mərkəzi Bankın bu çıxarışından 805 manat artıq pul tələb edmək cəsarətindədir ki, bu da mövcud qanunvericiliklə səlahiyyətlərdən sui-istifadə etməklə külli miqdarda aldatma kimi tövsif olunmalıdır. İşə məhkəmədə baxılarkən məhkəmənin təşəbbüsü ilə "xxxx" ASC iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəl edilmişdir. İddiaçının nümayəndəsi, həyat yoldaşı Nümayəndə1 məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi, həmçinin bildirdi ki, bank tərəfindən məbləğ şişirdilmişdir. Məhkəmə iclasları zamanı "xxxx" ASC kreditin verilməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının ümumiyyətlə iddia tələbi barədə məlumatları olmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Sumqayıt Şəhər Məhkəməsinin müvafiq qətnaməsini ləğv etmişdir. Məhkəmə əmri barədə icra zamanı məlumatları olub. Bundan sonra işə məhkəmədə baxılıb və əmr ləğv olunub. Yenə də iclas onların xəbərləri olmadan məhkəmə iclası keçirilib. Apellyasiya Məhkəməsində borcun restrukturizasiyaya düşüb-düşməməsini aydınlaşdırmaq üçün iş baxılmamış saxlanılıb. Bankla iddiaçı arasında icra qeydinin əsaslandığı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi imzalanmayıb. Həmin müqavilə saxtadır. Aralarında uzun illər çəkən məhkəmə mübahisələri zamanı belə həmin kredit müqaviləsinin niyə saxtalaşdırılması öz əksini tapmadı. Restrukturizasiya müqaviləsi bağlanan kredit müqaviləsi isə bolkartla bağlıdır. Qeyd edilənlərə əsasən iddiaçının nümayəndəsi iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh notariusu məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 10 oktyabr 2023-cü il tarixli məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, iddianı qəbul etmir. İddiaçı ilə üçüncü şəxs arasında xx.xx.2015-ci ildə kredit müqaviləsi imzalanmışdır. Həmin kredit müqaviləsi üzrə iddiaçıya 28 aya illik 25%-lə 3390 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə məhkəmə əmri olmuşdur. Daha sonra məhkəmə əmri ləğv olunmuş və iddia icraatına keçirilməsi qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 3741,22 ABŞ dolları məbləğində pulun iddiaçıdan "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, restrukturizasiya məsələsinə görə iddia ərizəsinin baxılmamış saxlanması qərara alınmışdır. İddiaçının hazırkı kredit borcu cənab Prezidentin müvafiq Fərmanının əhatə dairəsinə düşür. Lakin, iddiaçı borcun restrukturizasiya edilməsi üçün banka müraciət etməmişdir. İddiaçının hazırda banka 2064,04 ABŞ dolları borcu vardır. İş üzrə məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və kredit müqaviləsinin iddiaçı tərəfindən imzalandığı müəyyən edilmişdir. İcra qeydi üzrə tutulmalı olan 2048,28 ABŞ dolları borcun 473,21 ABŞ dolları faiz borcudur. Qeyd edilənlərə əsasən üçüncü şəxsin nümayəndəsi iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən iş üzrə aşağıdakı sübutlar tədqiq edilmişdir. Sumqayıt şəhər 4 saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli icra qeydinə əsasən ünvan 2 ünvanında qeydiyyatda olan iddiaçıdan MM/47707/51/11 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 2048 ABŞ Dolları 28 sent "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, MM/47707/51/11 saylı kredit sazişinə əsasən iddiaçıya 28 ay müddətinə, illik 25% ödəmək şərtilə 3390 ABŞ dolları məbləğində kredit verilmişdir. Ödəniş cədvəlinə əsasən iddiaçı 28 ay müddətinə hər ay 161,02 ABŞ dolları, sonuncu ay isə 164,94 ABŞ dolları ödəməli idi. Azərbaycan Respublikası Mərkəzi Bankının elektron portalınadan çıxarışa əsasən iddiaçının xx.xx.2015-ci il tarixli, MM/47707/51/11 saylı kredit borcu restrukturizasiya olunmalı borclar sırasına aiddir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-1102/2018 saylı qətnaməsi ilə iddiaçıdan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 2815,54 ABŞ dolları əsas borcu, 925,68 ABŞ dolları faiz borcu olmaqla, cəmi 3741,22 ABŞ dolları və ödənilmiş 23 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-642/2019 saylı qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-1102/2018 saylı qətnaməsi ləğv edilmiş və iddia ərizəsi baxılmamış saxlanmışdır. Məhkəmə sorğusu əsasında Cavabdeh xüsusi notariusu X1 tərəfindən xx.xx.2021ci il tarixli, 8İ-13978 saylı notariat işinin surəti məhkəməyə göndərilmişdir. Notariat işindən görünür ki, "xxxx" ASC icra qeydinin verilməsi haqqında ərizə ilə Cavabdehnə müraciət etmiş və həmin ərizə əsasında xx.xx.2021-ci il tarixli icra qeydi verilmişdir. İcra qeydində iddiaçıdan 2048 ABŞ Dolları 28 sent borcun "xxxx" ASC-nin xeyrinə tutulması qeyd edilmişdir. Notariat icra qeydinin verilməsi barədə üçüncü şəxsin ərizəsindən görünür ki, iddiaçıdan əsas borc üzrə 1575,07 ABŞ dolları, faiz borcu üzrə 473,21 ABŞ dolları olmaqla, cəmi 2048,28 ABŞ dolları təşkil edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsində göstərilmişdir ki, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın 2-ci bəndində göstərilmişdir ki, borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər əsasında icra qeydi aşağıdakı sənədlər əsasında alınır a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayış. İşdən göründüyü kimi iddiaçı ondan kredit müqavilələri üzrə borcun tutulmasına dair Cavabdeh tərəfindən verilmiş icra qeydini mübahisələndirir. Belə olan halda o, həmin icra qeydlərinin verilməsinə əsas olmuş tələbin əsassız olduğunu sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Göründüyü kimi iddiaçı ilə üçüncü şəxs arasında kredit müqaviləsi bağlanmış, sonradan iddiaçının kredit öhdəliklərini lazımi qaydada yerinə yetirməməsi səbəbindən üçüncü şəxsin ərizəsinə əsasən iddiaçıdan borcun tutulmasına dair notarius tərəfindən icra qeydi verilmişdir. “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər görülməsinə dair” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının 5.1-ci bəndində göstərilmişdir ki, Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 ABŞ dollarınadək, milli valyutada isə 17 000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000 manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsinin təmin edilməsi Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin (5.1). Banklara tövsiyə edilsin ki: 6.1. bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3. borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər (6.). Yuxarıda qeyd olunan Fərmanın müddəalarından göründüyü kimi həmin Fərmanın əhatə dairəsinə düşən problemli kreditlərlə bağlı fiziki şəxslərlə restrukturizasiya müqavilələrinin bağlanması, onların faizlərinin silinməsi, həmçinin digər güzəştli şərtlərin təklif edilməsi banklara tövsiyyə edilmişdir. xx.xx.2015-ci il tarixli, MM/47707/51/11 saylı kredit müqaviləsi üzrə iddiaçının əsas borcu 1575,07 ABŞ dolları olduğu halda, üçüncü şəxs həmin borca 473,21 ABŞ dolları faiz borcu da hesablamış və Sumqayıt şəhər 4 saylı Notariat ofisinin xx.xx.2021-ci il tarixli icra qeydində faiz borcunun da iddiaçıdan tutulması qeyd edilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh "xxxx" ASC-nin xeyrinə apardığı xx.xx.2021-ci il tarixli icra qeydi “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər görülməsinə dair” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanında nəzərdə tutulan güzəştlər nəzərə alınmadan verildiyi üçün (iddiaçıya əsas borcla yanaşı faiz borcu da hesablandığı üçün) icra qeydi ləğv edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xüsusi notariusunun xx.xx.2015-ci il tarixli, MM/47707/51/11 saylı kredit müqaviləsi üzrə "xxxx" ASC-nin xeyrinə apardığı xx.xx.2021-ci il tarixli İcra qeydi ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar