Məhkəmə qərarları › İş №2(060)-4643/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4643/2022

04.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4643/2022 04.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X4 oğlunun katibliyi, iddiaçının nümayəndəsi, Vəkil, Cavabdeh2 BOKT MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinə və Cavabdeh2 BOKT MMCyə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Sumqayıt şəhəri üzrə İcra İdarəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Ərazi İdarəsi və "xxxx" MMC) icra qeydinin, hərracın nəticələrinə dair yekun protokolun, müqavilə və çıxarışın ləğvi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinə və Cavabdeh2 BOKT MMC-yə (bundan sonra – cavabdehlər) qarşı (Sumqayıt şəhəri üzrə İcra İdarəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Ərazi İdarəsi və "xxxx" MMC-ni üçüncü şəxslər kimi gğöstərməklə) iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri 4 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən verilmiş 8İ-10600 nömrəli, 12 avqust 2021ci il tarixli İcra qeydinin, "BAKİ HƏRRAC MƏRKƏZİ” MMC hərrac təşkilatının xx.xx.2021-ci il tarixli, 599/2021 nömrəli hərracın nəticələri haqqında yekun protokolun, "xxxx" MMC ilə ”PSG FİNANS” BOKT MMC arasında ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2021-ci il tarixli müqavilənin və daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-cı il tarixli, **********67-05101-093004 reyestr nömrəli, ********** saylı çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan ünvan 5, mənzil 4-də yerləşən yaşayış sahəsi Sumqayıt şəhəri 4 saylı notariat ofisi tərəfindən verilmiş 12 avqust 2021-ci il tarixli icra qeydi əsasında hərracda satılaraq cavabdeh ”PSG FİNANS” BOKT MMC-nin mülkiyyətinə keçmişdir. Bu barədə cavabdeh tərəfindən həmin mənzildən çıxarımağına dair iddia tələbi barədə məhkəmə bildirişi aldıqda bilmişdir. Bundan sonra Sumqayıt şəhəri üzrə İcra İdarəsinə müraciət edərək tutmanın həmin mənzilə yönəldilməsi haqqında notarisun icra qeydi əsasında aparılmış hərracın keçirilməsi ilə bağlı sənədlərlə tanış olmuşdur. Mənzili "xxxx" MMC hərrac təşkilatının xx.xx.2021-ci il tarixli, №-599/2021 nömrəli hərracın nəticələri haqqında yekun protokoluna əsasən 45900 manata ”PSG FİNANS” BOKT MMC tərəfindən əldə edilərək daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-cı il tarixli **********67-05101-093004 reyestr nömrəli ********** saylı çıxarış verildiyini müəyyən etmişdir. İcra qeydi 54000 manat əsas borc, 15622,25 manat faiz borcu və 20 manat dövlət rüsümü ilə birlikdə 69642,25 manat borca görə verilmişdir. Həmin borcun hansı əqdən irəli gəlməsi icra qeydindən aydın etmək mümkün deyil. Borcla və tutmanın ipoteka predmetinə yönəldilməsinə razı deyildir. Tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddiaçı qanunvericiliklə müəyyən olunmuş qaydada məlumatlandırılmamış, eyni zamanda icra orqanı və hərrac təşkilatı tərəfindən hərracın keçirilməsi barədə bildiriş almamışdır. Məhkəmə müdafiə tədbirindən məhrum edilərək mülkiyyətindən məhrum olmuşdur. İddiaçının nümayəndəsi, Vəkil məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi, həmçinin bildirdi ki, tərəfə icra qeydi verilməzdən öncə xəbərdarlıq edilməliydi. İcra qeydi isə iddiaçıya göndərilməyib. İddiaçının bildirişdən xəbəri olmayıb. Bütün digər məsələlər icra qeydi əsasında aparılmışdır. Bu səbəbdən icra qeydinin ləğvi nəticəsində digər əməliyyatlar da öz hüquqi qüvvəsini itirmiş olacaqdır. Qeyd edilənlərə əsasən iddiaçının nümayəndəsi iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh2 BOKT MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçının bu prosedurlardan xəbərdar olub. Pandemiya dövrü vətəndaşlar kredit ödənişləri ediblər. İddiaçı tərəfin nümayəndələri dəfələrlə baş ofisə yaxınlaşmış, müəyyən danışıqlar aparmışlar. İddiaçı həmişə kredit borcunu ödəyəcəyini desə də, öhdəliyini icra etməmişdir. İcra qeydi barədə iddiaçıya dəfələrlə bildiriş göndərilmişdir. İddiaçıya hərracla bağlı məktublar da göndərilib və xəbərnamələri də mövcuddur. “Evdən çıxarılma” tələbi ilə bağlı keçirilən başqa bir məhkəmə iclasında bütün sübutlar məhkəməyə təqdim edilmişdir. Qeyd edilənlərə əsasən nümayəndə iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh ünvan 1 ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Üçüncü şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə üçüncü şəxslərin nümayəndəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, ipoteka predmetinə tutumanın yönəldilməsi haqqında xx.xx.2021-ci il tarixli icra qeydinə əsasən Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təklif edilmişdir ki, ipoteka müqaviləsi üzrə tərəf İpoteka saxlayan- AZİ 025, ünvan 2 ünvanında yerləşən "xxxx" BOKT MMC-nin tələbi ilə ipoteka qoyan – ünvan 3 ünvanında qeydiyyatda olan iddiaçıya (AA2014549, 3C 29.2020 - Asan-Sumqayıt; FİN: xxxxxxx; d/t: xx.xx.1983) məxsus ipoteka predmeti olan ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 60.9 kv/m olan 4 nömrəli mənzilə 1156/3 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 54000 manat əsas borc, 15622,25 manat faiz borcu olmaqla cəmi 69622,25 manat tutma yönəldilsin. İddiaçıdan ipoteka saxlayan tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 69642 manat 25 qəpik pul tutulsun. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmurunun xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarında Sumqayıt şəhəri 4 saylı notariat ofisinin xüsusi notariusunun 8İ-10600 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Cavabdeh2 BOK.T ASC-nin xeyrinə iddiaçıya məxsus ipoteka predmenti olan ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 60,9 kv/m olan 4 nömrəli mənzilə 1156/3 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 54000 manat əsas borc, 15622,25 manat faiz borcu olmaqla, cəmi 69622,25 manat tutma yönəldilməlidir. Həmin qərarla iş üzrə icraata başlanması, iddiaçıya 10 gün müddətində icra sənədinin icrasının könüllü təmin edilməsinin təklif edilməsi qərara alınmışdır. “X3 Azerbaijan” şirkətinin Sumqayıt şəhəri üzrə İcra İdarəsinə ünvanladığı A-İ/0995 nömrəli, xx.xx.2021-ci il tarixli məktubunda iddiaçıya məxsus ünvan 6-nın xx.xx.2021-ci il tarixə bazar dəyərinin 72 000 manat olduğu göstərilmişdir. İş materiallarına əlavə edilmiş hərracın keçirilməsi haqqında Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2021-ci il tarixli, 179/14 nömrəli sifarişi ilə müəyyən edilir ki, hərracın keçirilməsi üçün müvafiq sənədlər iddiaçıya, cavabdehlərə və "xxxx" MMC-yə göndərilmişdir. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 599/21 nömrəli protokola və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən ünvan 5, mənzil 4 Cavabdeh2 BOKT MMC tərəfindən 45900 manata alınmışdır. Məhkəmə sorğusu əsasında 4 saylı Notariat ofisi tərəfindən icra qeydi işi üzrə sənədlərin surətləri məhkəməyə göndərilmişdir. Həmin sənədlərlə müəyyən edilir ki, Cavabdeh2 BOKT MMC xx.xx.2021-ci il tarixli elektron ərizə ilə Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinə müraciət edərək 1156/3 saylı kredit müqaviləsi üzrə iddiaçının öhdəlikləri üzrə tutmanın ipoteka predmeti olan ünvan 5, mənzil 4-ə yönəldilməsi ilə bağlı icra qeydi verilməsi xahiş olunmuşdur. Həmin ərizə və ona əlavə edilmiş sənədlər əsasında Sumqayıt şəhəri 4 saylı Notariat Ofisi tərəfindən xx.xx.2021-ci il tarixli icra qeydi verilmişdir. Məhkəmə sorğusu əsasında Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru tərəfindən məhkəməyə göndərilmiş icra işinin materialları ilə müəyyən edilir ki, xx.xx.2021ci il tarixli icra qeydi əsasında icra məmuru tərəfindən icraata başlama haqqında qərar qəbuil edilmiş, ünvan 5, mənzil 4-ə dair icra məmuru tərəfindən müstəqil qiymətləndiricinin rəyi alınmışdır. Bundan sonra icra məmurunun sifarişi əsasında "xxxx" MMC tərəfindən mənzillə bağlı hərrac keçirilmişdir. Keçirilən iki hərrac baş tutmadığı üçün ipoteka predmeti "xxxx" MMC ilə bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Cavabdeh2 BOKT MMC tərəfindən 45900 manata alınmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa əsasən bu Qanunun 37.1ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir (8.1.). İpoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ipoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. Bu halda ipoteka predmeti ipoteka qoyanın əsas öhdəliyin həcmi barədə notariusa təqdim etdiyi arayış əsasında satılır. İpoteka predmeti bu müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra orqanının depozit hesabına köçürür və həmin məbləğ bu Qanunun 47-ci maddəsinə uyğun olaraq bölüşdürülür. İpoteka predmeti bu müddətdə açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsində müəyyən edilmədikdə, tərəflərin razılığı əsasında ipoteka müqaviləsində göstərilən müstəqil qiymətləndiricilərdən biri, ilkin satış qiyməti müəyyən edilərkən həmin müstəqil qiymətləndiricilər qanunla müəyyən edilmiş qaydada fəaliyyətini dayandırdıqda və ya onların fəaliyyətinə xitam verildikdə isə, tərəflərin sonradan müəyyənləşdirdiyi digər qiymətləndirici tərəfindən müəyyən edilir. Müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunduqda buna görə xərclər ipoteka saxlayan tərəfindən ödənilir və bu xərclər ipoteka predmetinin satışından əldə edilən vəsait hesabına ona qaytarılır (38.2.). Qeyd edilən normaların məzmunundan göründüyü kimi ipoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin bu barədə müraciətini icra qeydi ilə birlikdə icra orqanına göndərməlidir. Tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilməli və ipoteka qoyanın notariusa təqdim etdiyi əsas öhdəliyin həcmi barədə arayış əsasında ipoteka predmeti satılmalıdır. Həmin müddət ərzində əmlak satılmadıqda icra məmuru tərəfindən məcburi icra edilməlidir. Notariat işinin materiallarında isə notariusun iddiaçıya (ipoteka qoyana) icra qeydi barədə məlumat verərək ondan belə bir arayış tələb etməsi barədə hər hansı sənəd mövcud deyildir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir (76). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda göstərilmişdir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka kağızının əsli və ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının elektron sistemindən müvafiq çıxarış və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli; b) ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə uyğun olaraq əldə edilir (bənd 1-1). Göründüyü kimi qanunvericilikdə ipoteka predmetinə icra yönəldilməsi üçün ipoteka kağızının mövcud olması zəruri şərt kimi göstərilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 169-1 (b) bəndində ipoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydinin verilməsi üçün zəruri olan hallardan biri kimi ipoteka saxlayanın hüquqlarının ipoteka kağızı ilə təsdiq edilməsi göstərilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, opoteka kağızı ipoteka müqaviləsinin qüvvədə olduğu müddətdə verilə və ya rəsmiləşdirilə bilər. İpoteka kağızı tərtib edildiyi halda ipoteka qoyanın, ipoteka saxlayanın, eləcə də onun digər qanuni sahiblərinin hüquq və vəzifələri ipoteka kağızına dair bu Qanunda müəyyən edilmiş xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilir (17.1. ). İpoteka kağızı onun qanuni sahibinin aşağıdakı hüquqlarını təsdiq edir: ipoteka predmeti üzərində ipoteka hüququnu, başqa sübutlar təqdim etmədən əsas öhdəliyin icrasını tələb etməsini, bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş hallarda ipoteka predmetinə tutmanın yönəldilməsini (17.2. ). ünvan 5, mənzil 4-ün Cavabdeh2 BOKT MMC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda ipoteka predmeti olan əmlaka dair ipoteka kağızının tərtib olunmadığı göstərilmişdir. Yuxarıda qeyd edilən qanunvericilik aktlarının məzmunundan görünür ki, ipoteka predmetinə icra qeydi əsasında tutma yönəldilməsi üçün ipoteka kağızının olması vacib şərtdir. Yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, ünvan 5, mənzil 4-ə tutma yönəldilməsi barədə Sumqayıt şəhəri 4 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli icra qeydi qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün ləğv edilməli və onun əsasında aparılmış digər bütün əməliyyatlar da öz hüquqi qüvvəsini itirmiş hesab edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 8İ-10600 nömrəli icra qeydi, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 599/21 saylı hərrac protokolu, "xxxx" MMC ilə Cavabdeh2 BOKT MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair müqavilə və daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, **********67-05101-093004 reyestr nömrəli, ********** saylı çıxarış ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar