Məhkəmə qərarları › İş №2(060)-4645/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4645/2022

17.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4645/2022 17.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Cavabdehlərdən Cavabdeh1 onun əmisi olmaqla, 1994-cü ildən həyat yoldaşı Cavabdeh2 ilə daimi yaşamaq üçün Almaniyaya köçüb getmişlər. Həmin vaxtdan da orada yaşayırlar, son illər artıq o ölkənin vətəndaşlığını da alıblar və 1994-cü ildən bu mənzildə yaşamırlar. Cavadehlərdən Cavabdeh3 isə onun bibisi olmaqla, 1984-cü ildən rəsmi olaraq ərə gedərək öz həyat yoldaşının Corat qəsəbəsində olan evində yaşayır. Digər cavabdehlər Vüqar, Namiq və Fərqanə isə bibisinin övladları olmaqla, öz atalarının evində dünyaya gəlmiş, orada yaşayıb böyümüşlər, lakin formal olaraq analarının qeydiyyatda olduqları mənzildə qeydiyyatda olmaqda davam edirlər. Cavabdehlər uzun müddətdir mənzildən köçüb getdiklərinə, özlərinə başqa yaşayış yeri seçdiklərinə görə onların mülkiyyətində olan mənzildən istifadə hüquqları artıq itirilmiş hesab edilməlidir. Qeyd olunanlara əsasən məhkəmədən cavabdehlərin xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, cavabdehlərdən Cavabdeh1 qardaşı, Cavabdeh2 isə qardaşının arvadıdır. Onlar uzun müddətdir ki, Almaniyada yaşayır. Almaniyada və Bakıda evləri var. Aralarında heç bir ədavət yoxdur. Cavabdeh2 ölkəyə gəlib-getməsindən xəbərləri olmamışdır. Digər cavabdehlər Cavabdeh3 bacısı, Vüqar, Namiq və Fərqanə isə bacısının övladlarıdır. Qızı İddiaçı İ qrup gözdən əlildir. Özü xəstədir. Gələcəkdə qızı üçün heç bir problem olmaması üçün hazırki tələblə məhkəməyə müraciət etmişlər. Ona görə də məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilmələrinə baxmayaraq iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Cavabdehlər Cavabdeh4 və Cavabdeh6 xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək vaksin olunmadıqları üçün məhkəmə iclasına buraxılmadıqlarını bildirərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatında bildirmişdir ki, iddia tələbini qəbul edir. Cavabdehlərdən Vüqar, Namiq və Fərqanə onun övladlarıdır. Vüqar və Fərqanə də məhkəmə iclasına gəlmiş, lakin 3-cü doza vaksinləri olmadığına görə məhkəmə iclasına buraxılmamışlar. Onlar iddiaçıya məxsus mənzildə yaşamırlar. O, 1984-cü ildə ailə quraraq Corat qəsəbəsinə gəlin köçmüşdür. Həmin vaxtdan da Corat qəsəbəsində yaşayır. Uşaqları da Coratda doğulmuşdur. Ona görə də məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmin tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh5 izahatında bildirmişdir ki, iddia tələbini qəbul edir. O, ümumiyyətlə həmin mənzildə yaşamamışdır. Anası həmin mənzildə qeydiyyatda olduğu üçün onlar da formal olaraq həmin mənzildə qeydiyyata alınmış, lakin heç vaxt orda yaşamamışlar. Digər cavabdehlər olan bacısı Fərqanə və qardaşı Vüqar da formal qeydiyyatdadırlar. Ona görə də məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsi Nümayəndə izahatını dinləyib məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1990-cı il tarixdə anadan olmuşdur. Atası Nümayəndə, anası X1r. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanı İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan AR Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 13 Saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilmiş 403 №-li, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 göstərilən mənzildə qeydiyyatdadırlar. Məhkəmə sorğusu əsasında alınıb iş materiallarına əlavə edilmiş AR Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 16/8765 saylı məktubdan görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il, Cavabdeh2 isə xx.xx.2022-ci il tarixdə ölkə ərazisindən çıxmışdır. Məhkəmə sorğusu əsasında alınıb iş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, ünvan 2 ünvanda yerləşən 30 saylı mənzil Sumqayıt şəhər ZDS İK mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş xx.xx.1976-cı il tarixli, 09/24 nömrəli order, Sumqayıt Şəhər İcra Hakimiyyəti MTİİB 13 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 1068 nömrəli mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) və mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə ərizələri əsasında İddiaçı adına qeydiyyata alınaraq xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, cavabdehlərdən Cavabdeh1, Cavabdeh2 iddiaçının əmisi və onun həyat yoldaşıdır. Onlar ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatda olsalar da, uzun müddətdir ki, Almaniyada yaşayılar. Digər cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 isə həmin ünvanda qeyiyyatda olmalarına baxmayaraq faktiki olaraq orada yaşamırlar. Bunu onların məhkəmə iclaslarında verdikləri izahatlar da təsdiq edir. Cavabdehlərin həmin mənzildə yaşamaması onların izahatları, iş materiallarında olan sübutlar əsasında təsdiqini taparaq, işin mübahisəsiz halını təqzib edən dəllilər olmadığından məhkəmə iddia tələbinin təmin edilməsinə maneçilik görmür. Belə ki, İddiaçı qızının mülkiyyətçi olaraq hüquqlarının qorunması baxımından məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ünvan 1 ünvanı İddiaçı xüsusi mülkiyyətində olmaqla, xx.xx.2012-ci il tarixdə daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü bəndinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Plenumun qeyd olunan qərarından görünür ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1. və 228.2-ci maddələrinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün üç mütləq şərtin, mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasının yerinə yetirilməsi tələb olunur. Plenumun qeyd olunan qərarında həmçinin yaşayış sahəsindən istifadə hüququnun mövcud olması üçün əsaslar olmadıqda belə bu hüquq, keçmiş ailə üzvünün mənzil maraqlarının qorunması məqsədilə məhkəmə qaydasında saxlanıla bilər. Bu mənada həmin hüququn Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulan ağlabatan və ədalətli əsas olduğu halda həyata keçirilməsi və bu hüququn yalnız müəyyən müddətə saxlanılması mülkiyyətçinin hüququnun məhdudlaşdırılmasının mütənasibliyinə dəlalət edir. Mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin (davamlılığının) müəyyənləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq, Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların olub-olmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur, həmin şəxslərin istifadədə olan yaşayış sahəsindən çıxarılması isə yalnız işin hüquqi əhəmiyyət kəsb edən bütün hallarının məhkəmə tərəfindən yoxlanılmasından sonra mümkündür. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 22 iyun 2004-cü il tarixli Qərarı, §148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 29 mart 2006-cı il tarixli Qərarı, § 93) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Bütün bunları nəzərə alan məhkəmə iddianın təmin olunmasına maneçilik görmür. Məhkəmə iddia tələbini, məhkəmə iclasında iddiaçının nümayəndəsinin verdiyi izahatına, işdə olan sübutlara uyğun əsaslandırıb və qanunun qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası təmin edilərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Sumqayıt şəhəri, mik-6, ev 6 ünvanında yerləşən 30 saylı mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 217.1-217.4-cü maddəsi). Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır (Həmin Məcəllənin 218.3-cü maddəsi). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Sumqayıt şəhəri, mik-6, ev 6 ünvanında yerləşən 30 saylı mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar