Məhkəmə qərarları › İş №2(060)-4703/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4703/2023

01.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4703/2023 01.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdeh 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı "xüsusi notariat hərəkətlərinin qeyri-qanuni hesab edilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində xüsusi notarius X22 qarşı "xüsusi notariat hərəkətlərinin qeyri-qanuni hesab edilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixdə anaları X25 vəfat etmişdir. Anaları vəfat etdikdən bir qədər sonra vərəsələr, yəni İddiaçı qanunla müəyyən edilmiş müddətdə vərəsəlik şahədətnaməsini almaq üçün Sumqayıt “ASAN xidmət” Mərkəzinin Notariat Ofisinə yazılı ərizə ilə müraciət etmişdir. Müstəqil Notariat Ofisi heç bir qanuni əsas olmadan xx.xx.2018-ci il tarixdə 5546 saylı məktubla vərəsəlik şəhadətnaməsi verilməsindən imtina edilmişdir. Müstəqil notariusun etdiyi hərəkətlər “Notariat haqqında” Qanunun 57 və 58-ci, Mülki Məcəllənin tələblərinə zidd olduğundan göstərilən əsaslarla ləğv edilməlidir. Göstərilənlərə əsasən Sumqayıt “ASAN xidmət” Mərkəzinin Notariat Ofisinin İddiaçı vərəsəlik şəhadətnaməsinin verilməsinə dair imtinasının qeyri-qanuni hesab edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

3. Sonradan iddiaçının nümayəndəsi və vəkili cavabdehin əsl cavabdeh ilə əvəz olunmasına dair məhkəməyə ərizə təqdim edərək, 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində xüsusi notarius X17 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində motariat ofisi ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin ərizə təqdim edərək işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişlər.

6. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. İş materiallarında olan Sumqayıt şəhər ZAQS şöbəsi tərəfindən xx.xx.1970-ci il tarixdə verilmiş A3 № ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.1970-ci ildə Sumqayıt şəhərində anadan olmuş, atası X28, anası X13r.

9. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 26/8B, mənzil 43 (Yeni qaydalarla: AZ 5004, Sumqayıt şəhəri, Cəfər Cabbarlı küçəsi, 58, M5, m1) X8 adına xüsusi mülkiyyət üzrə hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə xx.xx.2017-ci il tarixdə ********** nömrə ilə qeydiyyat aparılmışdır.

10. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AZ-İ № 911162 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 xx.xx.2018-ci il tarixdə ölmüşdür.

11. İş materiallarında olan İddiaçı 1 saylı Sumqayıt regional “ASAN xidmət” Mərkəzində Notariat ofisinə ünvanladığı xx.xx.2018-ci il tarixli ərizəsindən görünür ki, o, xx.xx.2018-ci il tarixdə vəfat etmiş anası X2 qalmış miras əmlakı qəbul edir. Miras əmlak: ünvan 2 ünvanından ibarətdir. Ondan başqa vərəsələr bunlardır: 1. X24, 2. X26, 3. X27, 4. X19, 5. X20, 6. X14, 7. X15, 8. X9r.

12. İş materiallarında olan 1 saylı Sumqayıt regional “ASAN xidmət” Mərkəzində Notariat ofisinin İddiaçı ünvanladığı xx.xx.2018-ci il tarixli, 5546 saylı məktubda qeyd edilmişdir ki, miras şərikləri arasında mübahisə olduğundan Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina olunur.

13. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarxili, 2(105)-342/2022 saylı icra sənədinə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, hazırki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-769/2019 nömrəli, 06 mart 2019-cu il tarixli qətnaməsi iddia tələbinin xx.xx.2018-ci il tarixində ölmüş X2 miras qalmış əmlak olan Sumqayıt şəhəri, 1-ci mkr-n, 8b/26 saylı evin, 43 saylı mənzilin (yeni qaydalarla Sumqayıt şəhəri, Cəfər Cabbarlı küçəsi, 58, M5, m1) 1/20 hissəsinə X3, 1/20 hissəsinə X10 məcburi pay hüququ, qalan 18/20 hissəsinə isə vəsiyyət üzrə vərəsə X4 vərəsəlik hüququnun tanınması hissəsində ləğv edilməli, bu hissədə yeni qətnamə qəbul edilməli, həmin hissədə iddia qismən təmin edilməli, Sumqayıt şəhəri, 1-ci mkr-n, 8b/26 saylı evin, 43 saylı mənzilin 1/18 hissəsinə X3, 1/18 hissəsinə X10 məcburi pay hüquqları, qalan 16/18 hissəsinə isə X4 vəsiyyət üzrə vərəsəlik hüquqları üzrə payları müəyyən edilməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 5 (beş) manat dövlət rüsumu iddiaçılara aid edilməlidir.

14. İş materiallarında olan məhkəmə sorğusuna cavab olaraq göndərilmiş 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinin məktubundan görünür ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X2 miras qalmış əmlaka dair vərəsələri : qızı X20 xx.xx.2018-ci il tarixdə 827 nömrəli, oğlu X15 xx.xx.2018-ci il tarixdə 8İ-4351 reyestr nömrəli, qızı İddiaçı xx.xx.2018-ci il tarixdə 1367 nömrəli, qızı X14 xx.xx.2018-ci il tarixdə 1366 nömrəli, oğlu X21 xx.xx.2018-ci il tarixdə 1333 nömrəli, X38 xx.xx.2018-ci il tarixdə, 8İ-4352 reyestr nömrəli, oğlu X24 xx.xx.2018-ci il tarixdə 1334 nömrəsi ilə təsdiq edilmiş “mirasın qıbulu barədə” ərizə ilə müraciət etmişlər. X7 xx.xx.2018-ci il tarixli, 7E-16158 reyestr nömrəli, qızı X19 xx.xx.2018-ci il tarixli, 7E-13233 reyestr nömrəli, oğlu X27 xx.xx.2018-ci il tarixli, 7E-13234 reyestr nömrəsi ilə təsdiq edilmiş “mirasdan X4 xeyrinə imtina” barədə ərizə ilə müraciət etmişlər. Mirasqoyan xx.xx.2013-cü il tarixdə Sumqayıt şəhəri 4 saylı notariat ofisində 2V-127 reyestr nömrəsi ilə təsdiq edilmimş vəsiyyətnamə ilə bütün daşınar və daşınmaz əmlakını qızı- X11 vəsiyyət etmişdir. Vərəsə - X16 xx.xx.2018ci il tarixdə 5548 nömrəli məktubla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. X24 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. X1 xx.xx.2018-ci il tarixdə 5523 nömrəli məktubla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1291-ci maddələrinə əsasən məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Vərəsə- X6 xx.xx.2018-ci il tarixdə 5547 nömrəli məktubla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Vərəsə - X12 xx.xx.2018-ci il tarixdə 5545 nömrəli məktubla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Vərəsə - İddiaçı xx.xx.2018-ci il tarixdə 5546 nömrəli məktubla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarxili, 2(105)-342/2022 saylı icra vərəqəsinə əsasən mirasqoyana məxsus Sumqayıt şəhəri, 1-ci mkr-n, 8b/26 saylı evin, 43 saylı mənzilin 1/18 hissəsinə X3, 1/18 hissəsinə X10 məcburi pay hüquqları, qalan 16/18 hissəsinə isə X4 vəsiyyət üzrə vərəsəlik hüquqları üzrə payları müəyyən edilmişdir. İddiaçı “xüsusi notariat hərəkətlərinin qeyri-qanuni hesab edilməsi tələbi”nə dair Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın İİ bölməsinə “Təsdiq edilməli olan hüquq və fakt barəsində müahisə edən digər əlaqədar şəxsdən ərizə alınması haqqında məhkəmədən məlumat gəldikdə notariat hərəkətlərinin aparılması məhkəmədə iş həll edilənədək dayandırılmalıdır. Buna əsasən vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir.

15. İş materiallarında olan 1 saylı Sumqayıt regional “ASAN xidmət” Mərkəzində Notariat ofisinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, o, vərəsələr dairəsinə daxil edilmişdir. Lakin miras şərikləri arasında mübahisə olduğundan xx.xx.2018-ci il tarixində 5546 saylı məktubla miras şərikləri arasında mübahisənin həlli üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

16. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, miras qoyan X23 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. İddiaçı onun övladı olaraq vərəsələr dairəsinə daxil edilmişdir. İddiaçıya vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina olunur. Hazırda iddiaçı notariat hərəkətlərinin qeyri-qanuni hesab edilməsini tələb edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

17. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

19. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

20. Eyni Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

21. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

22. Göstərilən Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

23. Eyni Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.

24. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

25. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (maddə 1243.1, 1243.2, 1243.3, 1246).

26. «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx.xx.2014-cü il tarixli Qərarında qeyd etmişdir ki, “Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır.

27. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu.

28. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.”

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

30. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

31. Göstərilən Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

32. "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – "Notariat haqqında” Qanun) 9-cu maddəsinin birinci hissəsinə görə, notarius öz vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir.

33. “Notariat haqqında” Qanunun 59-cu maddəsinin tələbinə əsasən, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağrılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər.

34. Göründüyü kimi İddiaçı qanuni vərəsəlik dairəsinə daxil edilmişdir. Belə olan halda, iddiaçı haqlı olaraq hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun.

36. Həmin Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir.

37. Eyni Məcəllənin 1324-cü maddəsinə əsasən əgər mirası qəbul etməyə çağırılmış vərəsə miras açıldıqdan sonra onu müəyyənləşdirilmiş müddətdə qəbul etməyə macal tapmadan ölərsə, onun vərəsələri ilkin miras qoyanın ölümündən sonra qalmış əmlaka vərəsəlik şəhadətnaməsi ala bilərlər.

38. Həmin Məcəllənin 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir.

39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə” xx.xx.2000-ci il tarixli Qərarının 36-cı bəndinə əsasən notarius notariat hərəkətinin aparılmasından imtina etdikdə, şəxsin xahişi ilə üç gün müddətində imtinanın səbəbləri barədə əsaslandırılmış qərar çıxarır. Həmin qərarda aşağıdakılar göstərilir: -qərarın çıxarıldığı tarix; -qərarı çıxaran notariusun soyadı, adı, atasının adı, notariat ofisinin adı və ünvanı; -notariat hərəkətinin aparılması üçün müraciətin edildiyi tarix və müraciət edən şəxs barədə məlumatlar (fiziki şəxsə münasibətdə – soyadı, adı, atasının adı, doğum tarixi, şəxsiyyətini müəyyən edən sənəd və onun rekvizitləri, yaşayış yeri, əcnəbilərə münasibətdə – həmçinin vətəndaşlığı, hüquqi şəxsə münasibətdə – tam adı, VÖEN; -aparılması üçün müraciət edilən notariat hərəkətinin məzmunu (xahişin qısa məzmunu); -qanuna istinad olunmaqla, notariat hərəkətinin aparılmasından imtina edilməsinin əsasları; -imtina ilə bağlı məhkəməyə müraciət edilməsi qaydası.

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1 və 1325-ci maddələrinin tələblərinə uyğun olaraq, notariat orqanları vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı qanunvericilikdə təsbit edilmiş vəzifələrini icra etməli, bu zaman məsələyə formal yanaşmayaraq mübahisələrin yaranmasının qarşısının alınmasına və vərəsələr arasında qarşılıqlı razılığın əldə edilməsinə çalışmalıdır. Müraciət edən şəxslərin vərəsə olması mübahisə predmeti deyildirsə, mübahisə vərəsəlik paylarının həcmi ilə bağlıdırsa, notariat orqanları vərəsəlik payının nisbətini göstərmədən müvafiq sənədi verməlidirlər.

41. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinin İddiaçı “vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilməsinə dair” notariat hərəkəti qanunazidd hesab edilməlidir.

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

44. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

45. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

47. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

48. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi təmin edilsin. 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinin İddiaçı “vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilməsinə dair” notariat hərəkəti qanunazidd hesab edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar