Məhkəmə qərarları › İş №2(060)-4780/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4780/2021

12.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4780/2021 12.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı və Cavabdeh qarşı «maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair» mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dəymiş maddi ziyanın əvəzi olaraq 3500 (üç min beş yüz) manat, eləcə də, mənəvi ziyana görə 5000 (beş min) manat məbləğində pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, Cavabdeh onun keçmiş həyat yoldaşıdır. Belə ki, o, 2017-ci il tarixdə cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, lakin bir müddət mehriban yaşadıqdan sonra münasibətləri alınmamışdır. Belə ki, buna səbəb Elşənin evə çox vaxt sərxoş vəziyyətdə gəlməsi, bu azmış kimi ona böhtan ataraq evə yad adamlar saldığını deyərək onu təhqir etməsi və döyməsi olmuşdur. Bu barədə dəfələrlə DİN-nin 102 xidmətinə müraciət etmiş və ərazi PB-də araşdırma aparılmışdır. Məhz bu səbəblərə görə rəsmi olaraq 2018-ci ilin iyul ayında boşanmışlar. Boşandıqdan sonra Sumqayıt şəhəri, 9-cu mikrorayon, Kristal Abşeron ərazisində yerləşən mənzilə köçmüş və orda tək yaşamışdır. Lakin buna baxmayaraq Elşən mütəmadi olaraq evinə gələrək nalayiq ifadələrlə onu təhqir etmişdir. Sonuncu dəfə 31.10.2020-ci il tarixdə, saat 21:30 radələrində evdə olarkən qapı döyülmüş, qapını açdığı zaman Elşən olduğunu görmüşdür. Elşən içəri daxil olarkən onu əli ilə itələmiş və o, divara dəymişdir. Daha sonra cavabdeh otağa keçərək içikili vəziyyətdə divanda uzanmışdır. Daha sonra o, Elşəndən evdən çıxmağını tələb etsə də cavabdeh onu təhqir edərək evə yad kişilər saldığını deməyə başlamışdır. O, cavabdehə etiraz etdiyi zaman isə divandan ayağa qalxaraq yerdəki stulu onun qoluna vurmuş, saçından tutaraq paltarını cırmışdır. O, otağa keçərək paltarını dəyişmək istədiyi zaman isə cavabdeh arxasınca gələrək təpiklə sol ayağından vurmuşdur. O, taxtın üstünə yıxılmış, taxtdan durmaq istəyərkən Elşən ona imkan verməmiş, buna görə də məcbur qalaraq Elşəni taxtın üzərinə itələmiş və nəticədə taxt qırılmışdır. Bu zaman mobil telefonuna zəng gəlsə də Elşən telefonu açmağa icazə verməmiş və telefonu əlindən alaraq yumruqla sağ qoluna və başına zərbələr endirmişdir. Daha sonra telefonu Elşəndən almaq istəsə də Elşən “X3 9” markalı telefonunu dizinə vuraraq qırmışdır. Bildirmək istəyir ki, həmin telefonu o, 2019- cu ildə 2 000 (iki min) manata almışdır. Daha sonra Elşən evi tərk etmişdir. Telefonun qırıldığı üçün aşağı mərtəbədə yaşayan qonşusu Validənin evinə gedərək onun telefonu ilə polis sahə rəisinə və DİNnin 102 xidmətinə bu barədə məlumat vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-166/2021 saylı cinayət işi üzrə 25 fevral 2021-ci il tarixli hökmü ilə xx.xx.1980-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Sumqayıt şəhər TTYS-da sürücü işləyən, əvvəllər məhkum olmayan, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 6a, mənzil 41-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Cavabdeh Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinərək qazancından dövlət nəfinə 10 (on) faiz məbləğində pul tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilməsi, Cavabdeh cəzasının əvvəli işlədiyi və onun qazancından tutmalar aparıldığı vaxtdan hesab edilməsi, hökmün icrasının Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılması, Cavabdeh barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanması hökm edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-210/2021 saylı iş üzrə 15 mart 2021-ci il tarixli qərarı ilə xx.xx.1980-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, ona inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislində, yəni 600 (altı yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi, qərarın icrasının Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilməsi, inzibati iş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 100 (yüz) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Elesab Z 34CTRE********************) keçirilməsi qərara alınmışdır. Bu hadisə onun həyatına mənfi təsir göstərmiş, maddi və mənəvi cəhətdən əziyyət çəkməyinə səbəb olmuşdur. Belə ki, cavabdeh qeyd etdiyi kimi 2000 (iki min) manat dəyərində olan “X3 9” markalı telefonunu sındırmışdır. Bundan başqa yataq otağındakı taxtını da sındırmışdır. Həmin taxtın dəyəri 1500 (min beş yüz) manat təşkil edir. Ard-arda baş verən hadisələr onu stresə salmış, mənəvi cəhətdən iztirab çəkməyinə səbəb olmuşdur. Baş verən hadisələrdən sonra psixoloji müalicə almışdır. Hazırda bir sıra əsəb sakitləşdirici dərmanlardan istifadə edir. İndiyəcən də cavabdeh səbəb olduqlarına görə ona maddi və mənəvi cəhətdən heç bir dəstək olmamışdır. Göstərilənləri nəzərə alaraq, Cavabdeh dəymiş maddi ziyanın əvəzi olaraq 3500 (üç min beş yüz) manat, eləcə də, mənəvi ziyana görə 5000 (beş min) manat məbləğində pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qismən qəbul edərək göstərdi ki, təxminən 16 ildən çox müddətdir ki, İddiaçı tanıyır, 2017-ci ildən onunla rəsmi nikaha girərək ailə həyatı qurmuş, Ülviyyə ilə ailə həyatı quran zaman Ülviyyənin birinci nikahdan Nurlan adlı övladı olmuş, Nurlan onlarla birlikdə yaşamamış, birgə nikah müddətində ona məxsus ünvan 2 ünvanında yaşamış, onun xasiyyəti Ülviyyə ilə uyğun gəlmədiyi üçün rəsmi olaraq 2018-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə boşanmışdır. Ülviyyədən ayrıldıqdan bir müddət sonra Ülviyyə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Kristal Abşeron" yaşayış kompleksinə köçmüş, həmin müddətdə o, Ülviyyənin yaşadığı mənzilə Ülviyyənin istifadəsində olan mobil nömrədən gələn zənglərdən sonra 2-3 dəfə getmiş, belə ki, Ülviyyə ona zəng edərək evdə tək qaldığını, darıxdığını və evinə gəlməyini demiş, o da keçmiş həyat yoldaşı olduğu üçün evinə getmişdir. 31.10.2020-ci il tarixdə, saat 21:00 radələrində istifadəsində olan ***-***-**-** mobil nömrəyə Ülviyyə gizli nömrədən zəng edərək onun yaşadığı evə gəlməyini bildirmiş, o da həmin zəngdən yarım saat keçməmiş Ülviyyənin yaşadığı evə getmiş, Ülviyyə qapını açmış, o, evə daxil olmuş, Ülviyyə ilə hal-əhval tutmuş, qonaq otağına keçərək divanda oturmuş, Ülviyyənin “Samsung J 3" markalı mobil telefonuna zəng gəlmiş, Ülviyyə də telefonunu götürərək mətbəxə keçmiş, o, Ülviyyənin əlində olan mobil telefonla şəklini çəkdiyini və səsini yazdığını görmüş, həmin vaxt telefonu "razetka”ya taxdığı üçün oradan çıxardıb çəkdiyi şəkilə və səs yazılarına baxmaq istəyərkən, telefonunun kodda olduğunu görmüş, Ülviyyədən kodu soruşduqda, Ülviyyə kodu ona deməmiş, o da bu səbəbdən əsəbləşərək həmin mobil telefonu dizinə vuraraq sındırmış və telefonu yerə ataraq evdən çıxıb getmişdir. Həmçinin Ülviyyəyə məxsus sındırdığı telefon “Samsung J 3" markalı telefon olmuş, “Samsung Note-9” markalı olmamışdır. Qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı və Cavabdeh dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-166/2021 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək, qazancından dövlət nəfinə 10 (on) faiz məbləğində pul tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-210/2021 saylı, 15.03.2021-ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək ona inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislində, yəni 600 (altı yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10.03.2021-ci il tarixli ekspert rəyinin surətindən görünür ki, Respublikada yerləşən mobil telefon alqı-satqı məntəqələrində, internet saytlarında mövcud olan qiymətlərdən və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə analoji malların markasına, modelinə və orta texniki göstəricilərinə əsasən, qərardadda göstərilən 1 ədəd 2018-ci ildə alınmış “Samsung N960 Blue” markalı, 128GB yaddaş tutumlu mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmamasına və istifadədə olmasını nəzərə alaraq nəzəri hesablama yolu ilə 2020-ci ilin oktyabr ayına orta bazar qiyməti təxminən 600 manat müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 06.05.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 6A, mənzil 41-də qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 06.05.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 59, mənzil 67-də qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə iclasında işin faktiki halları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, iddiaçıya mobil telefonun sındırılmasına görə dəyən maddi zərər 600 manat məbləğindədir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10.03.2021-ci il tarixli ekspert rəyinin surətindən görünür ki, Respublikada yerləşən mobil telefon alqı-satqı məntəqələrində, internet saytlarında mövcud olan qiymətlərdən və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə analoji malların markasına, modelinə və orta texniki göstəricilərinə əsasən, qərardadda göstərilən 1 ədəd 2018-ci ildə alınmış “Samsung N960 Blue” markalı, 128GB yaddaş tutumlu mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmamasına və istifadədə olmasını nəzərə alaraq nəzəri hesablama yolu ilə 2020-ci ilin oktyabr ayına orta bazar qiyməti təxminən 600 manat müəyyən olunmuşdur. Cavabdeh tərəfindən Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkəti nəticəsində İddiaçı maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan iddiaçıya ödəməlidir. İddiaçı ona vurulmuş mənəvi zərərin əvəzi kimi 5000 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il 7 №li Qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenumun qərarında məhkəmələrə izah edilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Hazırki iş üzrə İddiaçı Cavabdeh tərəfindən ona 5000 manat məbləğində mənəvi ziyanın vurulması barədə məhkəməyə heç bir sübut təqdim etməmiş və qeyd olunan hal iş materialları sübuta yetirilməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən, vurduğu maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh 600 (altı yüz) manat məbləğində pulun və 30 (otuz) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1097.1ci və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 600 (altı yüz) manat məbləğində pulun və 30 (otuz) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilsin. İddia tələbi mənəvi ziyan hissəsində təmin edilməsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar