Məhkəmə qərarları › İş №2(060)-4780/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4780/2023

20.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4780/2023 20.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı «cavabdehin üzərinə öhdəlik qoyulma tələbi»nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı «cavabdehin üzərinə öhdəlik qoyulma tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2008-ci il tarixdə "xxxx" MTK ilə “Mənzil tikintisi haqqında” müqavilə imzalanmışdır. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən, «Kooperativ» inşa ediləcək binanın 1-ci girişində, 3-cü mərtəbəsində yerləşən 8 saylı mənzili «Payçı»ya təhvil verməyə öhdəsinə götürmüşdür. Tərəfindən xx.xx.2008-ci il tarixdə həmin mənzilin pay haqqı tam şəkildə ödənilmişdir. Həmin mənzil üzərində mülkiyyət hüqunun dövlət qeydiyyatına alınması ilə bağlı "xxxx" MTK-ya ərizə ilə müraciət edərək, Sumqayıt şəhəri, 6-cı mikrorayon, “Qızılqum” yaşayış massivində "xxxx" MTK-nın inşa etdiyi binanın 1-ci girişində 3-cü mərtəbəsində yerləşən 8 saylı mənzilinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi idarəsindən çıxarışın alınması məqsədi ilə tələb olunan sənədlərin MTK tərəfindən verilməsini təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəyə cavab məktubunda bildirmişdir ki, xx.xx.2008-ci il tarixində Sumqayıt şəhəri, 6-cı mikrorayon, “Qızılqum” yaşayış massivi ev-7A, 8 saylı 93 kv.metr olan 3 otaqlı mənzil üçün göstərilən mənzil kommunal xidmətləri hər kv metri 0,25 manat olmaqla, ümumən 23,25 manat təşkil edir. Buna baxmayaraq, İddiaçı göstərilən mənzil kommunal xidmətlərinin haqqını tam ödəməmişdir və nəticədə 1725 manat qalıq borc yaranmışdır. Qalıq borc ödənildikdən sonra lazım olunan arayış veriləcək. Hazırda cavabdehin imtinası ilə razı olmadığına görə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Göstərilənlərə əsasən xx.xx.2008-ci il tarixli "xxxx" 70 saylı müqaviləyə əsasən iddiaçının payçı olduğu Sumqayıt şəhəri, 6-cı mikrorayon, “Qızılqum” yaşayış massivi, ev 7A, 8 saylı 93 kv metr olan 3 otaqlı mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı arayışın verilməsinin cavabdeh "xxxx" MTK-nın üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi məhkəmə iclasında gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verməmişdir.

5. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 7.İşin materiallarında olan İddiaçı ilə "xxxx" Mənzil Tikinti Kooperativi arasında bağlanmış 28 fevral 2008-ci il tarixli, 70 saylı "xxxx" müqavilədən görünür ki, həmin müqaviləyə əsasən MTK Sumqayıt şəhəri, 6-cı mikrorayon, “Qızılqum” yaşayış massivi, ev 7A, 8 saylı 93 kv metr olan 3 otaqlı mənzili payçı İddiaçı təhvil verməyi, payçı isə mənzilin dəyərini MTK-ya ödəməyi öz öhdələrinə götürmüşlər.

8. İş materiallarında olan "xxxx" MTK tərəfindən verilmiş 05 fevral 2008-ci il tarixli arayışdan görünür ki, İddiaçı 3 otaqlı mənzilin 93 kvadrat metr yaşayış sahəsinin dəyərini tam ödəmişdir.

9. İş materiallarında olan "xxxx" Mənzil Tikinti Kooperativinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2008-ci il tarixində Sumqayıt şəhəri, 6-cı mikrorayon, “Qızılqum” yaşayış massivi ev 7A, 8 saylı 93 kv metr olan 3 otaqlı mənzil üçün göstərilən mənzil kommunal xidmətləri hər kv-metri 0,25 manat olmaqla, ümumən 23,25 manat təşkil edir. Buna baxmayaraq, İddiaçı göstərilən mənzil kommunal xidmətlərinin haqqını tam ödəməmişdir və nəticədə 1725 manat qalıq borc yaranmışdır. Qalıq borc ödənildikdən sonra lazım olunan arayış veriləcək.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

10. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi arasında 28 fevral 2008-ci il tarixli, 70 saylı "xxxx" müqavilə bağlanmış, iddiaçı pay haqqını tam həcmdə ödəmiş, mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı arayışın verilməsi ilə bağlı cavabdeh "xxxx" MTK-ya müraciət etmiş, lakin MTK arayışın verilməsindən imtina etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

11. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

12. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8ci maddəsi, həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər.

13. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir.

14. Həmin Məcəllənin 113.2-ci maddəsinə əsasən şəxsin mənzil-tikinti kooperativinə üzv qəbul edilməsi mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqını tam ödəməsi isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır.

15. Qeyd olunan Məcəllənin 113.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır.

16. Kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar qeyd edilməlidir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır.

17. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır.

18. Sahiblik hüququ – əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

19. Sahiblik və istifadə hüquqları nəticəsində şəxs əmlaka malik olur və onu istismar edə bilir. Sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsi ilə nəticələnir.

20. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

21. Əsas insan hüquqlarından biri olan mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və ayrılmazdır.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələblərinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

23. Həmin Məcəllənin 157.1-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

24. Beləliklə, yuxarıda göstərilənlərə görə məhkəmə hesab edir ki, iddiaçının pay haqqını tam şəkildə ödəməsi, iddiaçının həmin mənzilə dair hüquqlarının rəsmiləşdirilməli olmasını nəzərə alaraq "xxxx" Mənzil Tikinti Kooperativinin mübahisəli mənzilə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı arayışın verilməsindən imtinası əsassız hesab olunmalı və iddia tələbi təmin olunmalıdır.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

27. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

30. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

Nəticə hissəsi:

31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" MTK-nın üzərinə İddiaçı xx.xx.2008-ci il tarixli, 70 saylı "xxxx" müqaviləyə əsasən payçı olduğu Sumqayıt şəhəri, 6-cı mikrorayon, “Qızılqum” yaşayış massivi, ev 7A, 8 saylı 93 kv.m olan 3 otaqlı mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı arayışın verilməsi öhdəliyi qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar