Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-481/2025 02.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı mənzilə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, Cavabdeh ünvan 1 ünvanda yerləşən şəxsi mülkiyyətində olan mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
İlkin iddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən mənzil şəxsi mülkiyyət hüququ əsasında ona məxsudur. Həmin mənzili özüməməxsus şəxsi mənzili dəyişmək yolu ilə əldə etmiş və cavabdehin bu mənzildə hər hansı bir payı yoxdur. Cavabdehlə 1998-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişdirlər. Rəsmi nikahdan uşaqları olmamışdır. Cavabdeh hazırda onu bu qoca yaşında tək qoyaraq evdən çıxıb getmiş və uzun müddətdir ki, mənzildə tək, köməksiz vəziyyətdə qalmışdır. Cavabdehin qayıtmaq fikri yoxdur. Daha onunla barışmaq fikri yoxdur. Bu qoca yaşında son günlərini rahat yaşamaq istəyir. Cavabdehlə aralarında olan münasibətlər tam pozulub, ailəsi dağılıb və bərpası mümkün deyil. Bu məqsədlə boşanma iddiası ilə məhkəməyə müraciət etmişdir. Həmin iddiasına qarşılıqlı olaraq cavabdeh mənzilin bölünməsi barədə qarşılıqlı iddia vermiş və boşanma ilə razı olduğunu bildirmişdir. Sonradan mənzilin nikahdan qabaq və əvəzsiz olaraq əldə edilməsi barədə məhkəməyə sübut təqdim etdikdən sonra mənzili bölmə şanşı itdiyini görən cavabdeh boşanmaq istəmədiyini bildirərək, mənzilə köçmək üçün özünə şans qazandırmaq istədi və məhkəmə barışmaq üçün 3 ay vaxt verdi. Onun isə onunla barışmaq fikri yoxdur və cavabdehin də onunla barışmaq fikri yoxdur. Çünki onunla yaşamaq istəsəydi, onu bu qoca vaxtında iki ildən artıq müddətə tək və köməksiz vəziyyətdə qoyub başqa ünvana köçməzdi. İndi onun mənzilə köçmək istəyi də onunla bir yerdə yaşamaq yox, sadəcə mənzildən nə isə pay əldə etmək niyyətidir. O isə onunla bir mənzildə yaşamaq istəmir. Cavabdeh könüllü olaraq mənzili tərk edərək özünə başqa yaşayış yeri seçmiş, uzun müddət mənzildə yaşamamış, boşanma barədə iddia qaldırmayana qədər mənzilə qayıtmaq fikrində olmamışdır. Bu halda isə onun mənzilə olan istifadə hüququ itirilmiş hesab edilməlidir. Cavabdeh onu mənzilində tək və köməksiz halda tərk edərək mənzildən getmiş, uzun müddətdir ki, özünə seçdiyi başqa ünvanda ailə üzvləri ilə birlikdə yaşayır və bu günə qədər də mənzilə qaytımaq istəməmiş və ümumiyyətlə mənzildən getməsinə haqq qazandırmışdır. Beləliklə, təsdiq edilir ki, cavabdeh artıq özünə başqa yaşayış yeri seçmişdir və onun bu mənzildə yaşamaq zərurəti yoxdur.
Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi:
3. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7067/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı qarşı iddiaçı xx.xx.1957-ci il təvəllüdlü X4 ilə birlikdə ünvan 2 ünvanına istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi barədə iddia tələbi üzrə 2(0600-7067/2024 saylı mülki iş məhkəmənin digər hakiminin icraatında olan İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair 2(060)-7046/2024 saylı mülki işə birləşdirilməsi qərara alınmışdır.
Qarşılıqlı iddia tələbi:
4. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı, xx.xx.1957-ci il təvəllüdlü Cavabdeh, cavabdeh xx.xx.1958-ci il təvəllüdlü X4 ilə birlikdə ünvan 5, mənzil 1-ə istifadə hüququnun tanınmasına və həmin mənzilə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
Qarşılıqlı iddia tələbinin əsaslandırıldığı hallar:
5. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh, 23 iyul 1998ci il tarixdə cavabdeh İddiaçı ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurub. Nikah Sumqayıt Şəhər qeydiyyat şöbəsində qeydiyyata alınmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1998-ci il iyul ayının 23-cü günündə 85 nömrə ilə qeyd edilmişdir. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 1999-cu ildən xx.xx.1938-ci il təvəllüdlü X2 adınadır. 1999-cu ildə sözü gedən mənzili birlikdə alıblar və birgə mülkiyyətləridir. Nikahları pozulmuşdur, aralarında narazılıqlar olmuşdur. Hansı ki, bu narazılıqların başlıca səbəbi cavabdeh X2 iddiaçı Cavabdeh evdən məcbur şəkildə çıxarması və şəxsi əşyalarını verməməsidir. Halbuki həmin mənzildə iddiaçının payı vardır.
Tərəflərin mövqeləri:
6. Məhkəmə iclaslarında iştirak edən ilkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, tərəflər birgə nikahda olmuşlar. Artıq 2 ildir ki, ilkin iddia üzrə cavabdeh həmin mənzildə yaşamır. İlkin iddia üzrə cavabdeh yaşlı şəxsi evdə qoyub çıxıb getmişdir. Belə ki, ilkin iddia üzrə cavabdeh ünvan 3 ünvanına, yəni bacısının yanında yaşamağa getmişdir. 1 il ərzində ilkin iddia üzrə iddiaçı ilkin iddia üzrə cavabdehin geri qayıtmasını gözməmiş, lakin ilkin iddia üzrə cavabdeh geri qayıtmadığı üçün ilkin iddia üzrə iddiaçı nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Bundan sonra ilkin iddia üzrə cavabdeh nikahın pozulması, eyni zamanda mənzilin bölünməsini tələb etmişlər. Hazırda tərəflərin nikahına xitam verilmişdir. Məhkəmə iclasları zamanı, hətta ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia ilə müraciət edən zaman da ünvan olaraq Sumqayıt şəhəri, 3-cü mikrorayonda yerləşən mənzili göstərmişdir. İlkin iddia üzrə cavabdeh artıq 2 ilə yaxındır ki, sözügedən mənzildə yaşayır. Bu səbəbdən də, ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi rədd edilməlidir. İlkin iddia üzrə iddiaçı 80 yaşında yaşlı kişidir. İlkin iddia üzrə cavabdeh ilkin iddia üzrə iddiaçının qayğısına qalmamaq üçün evi tərk etmişdir. İlkin iddia üzrə iddiaçı ilkin iddia üzrə cavabdehi evdən qovmamışdır. Onun ilkin iddia üzrə cavabdehə ehtiyacı var idi. Pay bölgüsü ilə bağlı işdə də qarşı tərəf evi özünün tərk etdiyini etiraf etmişdir. 80 yaşlı şəxs heç vaxt ilkin iddia üzrə cavabdehi evdən qovmazdı.
7. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, ilkin iddia üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin 27 iyun 2024-cü il tarixli məktubundan görünür ki, ünvan 5 ünvanında yerləşən 1 saylı mənzil Sumqayıt Xalq Deputatları Soveti İcraiyyə Komitəsi, Mənzillərin dəyişdirilməsi bürosu tərəfindən verilmiş xx.xx.1988-ci il tarixli 1882 nömrəli order, Sumqayıt Şəhər İcra Hakimiyyəti MTİİB 3 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.1996-ci il tarixli 1218 nömrəli mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 Ns-li forma) və mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə ərizələri əsasında X1 adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. Sumqayıt şəhər 2 saylı dövlət notariat kontorunun təsdiq etdiyi xx.xx.1999-cü il tarixli 3M1/80 reyestr nömrəli məzilin dəyişmə müqaviləsi əsasında sözügedən mənzil İddiaçı adına qeydiyyata alınaraq, xx.xx.1999-cü il tarixli, 19721 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir və mənzil hal-hazırda İddiaçı mülkiyyətindədir. ünvan 7 ünvanında yerləşən 46 saylı mənzil Sumqayıt Xalq Deputatları Soveti İcraiyyə Komitəsi, Mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş xx.xx.1972-ci il tarixli 05/57 nömrəli order, Sumqayıt Şəhər icra Hakimiyyəti MTİİB 6 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli 238 nömrəli mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 N-li forma) və mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə ərizələri əsasında İddiaçı adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. Sumqayıt şəhər 2 saylı dövlət notariat kontorunun təsdiq etdiyi xx.xx.1999-cü il tarixli 3M1/80 reyestr nömrəli mənzilin dəyişmə müqaviləsi əsasında sözügedən mənzil X1 adına qeydiyyata alınaraq, xx.xx.1999-cü il tarixli, 23825 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Sumqayıt şəhər 1 saylı regional “ASAN xidmət” mərkəzində notariat ofisinin təsdiq etdiyi xx.xx.2023-cü il tarixli 2V-394 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mənzil üzərində X3 mülkiyyət hüququ qeydiyyata alınaraq 01,05.2023-cü il tarixli ********** qevdivyat nömrəli dövlət revestrindən çıxarış verilmişdir və mənzil hal-hazırda X3 mülkiyyətindədir.
9. 1972-ci il tarixli, 14 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Sumqayıt şəhəri, 18-ci məhəllədə yerləşən 1 otaqlı, yaşayış sahəsi 16,12 kv.m, köməkçi sahəsi 12,90 kv.mdən ibarət olan 1 nömrəli mənzil, 7/27a nömrəli yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında İddiaçı verilmişdir.
10. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı nümayəndəsi Vəkil1 ilkin mediasiya sessiyasında iştirak etmişdir.
11. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3024/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, ilkin İddiaçı və qarşılıqlı iddiaçı Cavabdeh arasında xx.xx.1998ci il tarixdə Suqmayıt şəhər VVAQ şöbəsində bağlanmış 85 saylı nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir.
Məhkəmə baxışının hədləri:
12. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikasının Konstitusiyası: 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İİ hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
15. 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsi: 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. 54-cü maddəsinin tələbinə görə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. 87-ci maddəsinə görə yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli qərarı 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
17. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsini və vəkilini dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, ilkin iddia təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir.
18. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı ilə cavabdeh 23 iyul 1998ci il tarixdə nikaha daxil olmuşlar. Hazırda mübahisə predmeti olan ünvan 5 ünvanında yerləşən 1 saylı mənzil İddiaçı məxsusdur. İddiaçı 24 mart 1999-cu il tarixli dəyişmə müqaviləsinə əsasən özünə məxsus ünvan 9 ünvanında yerləşən 46 saylı mənzili X1 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 1 saylı mənzillə dəyişərək sonuncu mənzili əldə etmişdir. İddiaçı və cavabdeh həmin mənzildə yaşamışlar. 2023-cü ilin yay aylarında tərəflər arasında münasibət pozulmuş, cavabdeh həmin mənzili tərk etmişdir. 08 aprel 2024-cü ildə İddiaçı nikahın pozulmasına dair iddia ilə məhkəməyə müraciət etmişdir. Bundan sonra cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sözügedən əmlak üzərində payların müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli, 2(060)-3024/2024 saylı qətnaməsi ilə ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, ilkin İddiaçı və qarşılıqlı iddiaçı Cavabdeh arasında xx.xx.1998-ci il tarixdə Sumqayıt şəhər VVAQ şöbəsində bağlanmış 85 nömrə ilə qeyd edilmiş nikahın pozulması, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh eyni zamanda məhkəməyə qarşılıqlı iddia ilə müraciət edərək sözügedən mənzilə istifadə hüququnun tanınmasını və həmin mənzilə köçürülməsini məhkəmədən xahiş etmişdir.
19. Məhkəmə cavabdehin mübahisəli mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi məsələsinə qiymət verməzdən əvvəl, ilk növbədə ümumiyyətlə onun həmin yaşayış sahəsinə münasibətdə istifadə hüququnun yaranıb-yaranmaması (mövcud olubolmaması) məsələsinin araşdırılmasını zəruri hesab edir. Belə ki, mövcud olmayan hüququn itirilmiş hesab edilməsindən söhbət gedə bilməz.
20. İşin hallarından göründüyü kimi tərəflər mübahisə predmeti olan mənzilə 1999cu il tarixdə köçüb yaşamışlar. Ona görə də məhkəmə qeyd edir ki, mübahisəli mənzildən istifadə edilməsi ilə əlaqədar hüquq münasibətlərinin elə həmin tarixdən əmələ gəlməsi nəzərə alınmalıdır. Bu səbəbdən həmin münasibətlərə Mülki Prosessual Məcəllənin 217.2ci maddəsinin tələbləri baxımından xx.xx.2009-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin aidiyyəti müddəaları tətbiq edilməlidir.
21. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı və onun ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
22. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən, altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində 6 ay və daha uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.
23. Mübahisənin həlli, yəni cavabdehin mübahisəli mənzildən olan istifadə hüququnun itirilib-itirilməməsinin müəyyən edilməsi üçün onun bu yaşayış sahəsini tərk etməsinin səbəbləri araşdırılmalı və bu tərk etmənin daimi və yaxud müvəqqəti əsaslarla olmasına qiymət verilməlidir.
24. Belə ki, bu münasibətləri tənzimləyən yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri baxımından bu kateqoriya işlər üzrə əsas şərt icarəçi və ya qeydiyyatda olan şəxslərin mənzildə 6 ay və daha artıq müddətdə üzrsüz səbəbdən yaşamamasını və hüquqları mübahisələndirilən şəxslərin başqa yerdə daimi yaşayış yerlərinin olmasını sübut etməkdir.
25. İlkin iddia üzrə iddiaçı cavabdehin aralarındakı münasibətlərin pozulması səbəbindən evi tərk etdiyini, 6 (altı) aydan çox müddət keçməsinə baxmayaraq geri qayıtmadığını, bu səbəbdən nikahın pozulması ilə bağlı tələblə məhkəməyə müraciət etdiyini bildirmişdir.
26. Hazırda iddiaçı cavabdehin mübahisəli mənzildə yaşamadığı üçün istifadə hüququnun itirilməsini mübahisələndirir.
27. Cavabdeh məhkəmə iclasında iştirak etməsə də, onun həmin mənzildə yaşamaması özünün qarşılıqlı iddiası, habelə digər məhkəmə icraatı zamanı qəbul edilmiş yuxarıda adı qeyd edilən məhkəmə qətnaməsi ilə də öz təsdiqini tapır. Lakin o, mənzildən İddiaçı tərəfindən məcburi olaraq çıxarıldığını bildirmişdir.
28. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyinə əsasən ilkin və qarşılıqlı iddialar üzrə tələblər bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
29. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları və sübutları da təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran faktlar və sübutlar əsasında hüquqi qiymət verməlidir.
30. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282)
31. Qarşılıqlı iddiaçı mübahisəli mənzildən məcburi çıxarılmasını qeyd etsə də, məhkəmə iclaslarında iştirak etməmiş, bu halı təsdiq edən hər hansı sübutu məkəməyə təqdim etməmişdir. Məhkəmə işin hallarına istinadən xüsusilə qeyd etməyi zəruri hesab edir ki, ilkin iddia tələbi üzrə cavabdehin mənzilə köçürülmə tələbi bilavasitə ona qarşı iddiaçının hazırki iddianı qaldırması ilə bağlı olmuşdur. Başqa sözlə, hazırki iddia qaldırılmadığı təqdirdə mövcud vəziyyət davam edəcək idi, yəni cavabdeh mənzilə köçürülmə tələbini irəli sürmədən başqa ünvanda yaşamaqda davam edəcəkdi.
32. Belə olan halda məhkəmə qeyd edir ki, xx.xx.2009-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tələbləri baxımından ilkin iddia tələbi üzrə cavabdehin mübahisəli mənzildən istifadə hüququnun yaranmasına baxmayaraq həmin hüquqdan istifadə etməməsi ilə əlaqədar bu hüququ itirmişdir.
33. Məhkəmə qarşılıqlı iddia tələblərinə qiymət verərək hesab edir ki, bu tələbə ilkin iddianın təmin edilib-edilməməsindən asılı olaraq qiymət verilməlidir.
34. Məhkəmə qeyd edir ki, həm qarşılıqlı iddiaçı Cavabdeh mübahisəli mənzilə münasibətdə istifadə hüquqununun itirilmiş hesab edilməsi nəticəsinə gəlindiyi üçün, həm də məhkəmə tərəfindən qarşılıqlı iddia üzrə iddiaçının iddia ərizəsində bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmaması müəyyən edildiyindən onların qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair qarşılıqlı iddia ərizəsi əsaslı sayıla bilməz.
35. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək qeyd edir ki, ilkin iddia təmin edilməklə ilkin iddia tələbi üzrə Cavabdeh Sumqayıt şəhəri, 18-ci məhəllə, ev 7\27a ünvanında yerləşən 1 saylı mənzilə istifadə hüququ itirilmiş hesab edilməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir.
Nəticə:
36. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İlkin iddia tələbi təmin edilsin. Cavabdeh Sumqayıt şəhəri, 18-ci məhəllə, ev 7\27a ünvanında yerləşən 1 saylı mənzilə istifadə hüququ itirilmiş hesab edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva