Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4835/2024 07.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X12 Fikrət qızının sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sumqayıt şəhəri, 10cu mikrorayon ünvanında yerləşən 54 saylı evin 16-cı mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul etməyi xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanında yerləşən 54 saylı evin 16-cı mənzili mülkiyyət hüququ ilə ona məxsusdur (xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmış MU Seriyalı ******* saylı Çıxarış). X7 onun keçmiş gəlinidir. Oğlu X1 Könül Fikrət qızı ilə 2003-cü ildə nikaha girmişdir. Onların birgə nikahlarından Cavabdeh xx.xx.2004-cü ildə və X9 xx.xx.2010-cu ildə anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə R.Quliyevlə K.Quliyeva arasında nikaha xitam verilmiş və həmin tarixdən sonra Könül Quliyeva mülkiyyətçisi olduğu mənzili tərk edərək öz valideynlərinin yaşadığı ünvana qayıtmışdır. Məhkəmə qətnaməsinə əsasən Cavabdeh da anasının (X7) yanında qalması qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi ilə K.Quliyeva və onun iki uşağının Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 54, mənzil 16-da istifadə hüququ tanınmış və mülkiyyətçisi olduğu mənzildə qeydiyyata alınmışlar. Lakin 2016-cı ildən sonra nə K.Quliyevə, nə də onun iki uşağı sözügedən mənzildə yaşamamışlar. Cavabdehin mülkiyyətçisi olduğu mənzildə 2016-cı ildən sonra yaşamadığı 16 saylı MİS-in xx.xx.2023cü il tarixli aktı təsdiq edir. Cavabdehin mülkiyyətçisi olduğu mənzildə qeydiyyatda olması onun mülkiyyət hüququnun həyata keçirilməsinə maneçilik törədir. Həmçinin bildirir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-253/2024 saylı qətnaməsinə əsasən cavabdehin anasının və bacısının mülkiyyətçisi olduğu mənzildən istifadə hüquqları itirilmiş hesab edilmişdir. Cavabdehin qeydiyyatı formal xarakter daşıyır. Qeyd olunan hüquq normalarından da görünür ki, cavabdeh mənzildə yaşamır. Belə olan halda cavabdehin mənzildən istifadə hüququ itirilmiş hesab olunmalıdır. Məhkəmədə İddiaçı eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, həmin evdə qaz, işıq olmadığına görə onlar mənzildən çıxmışlar. Onlar həmin evdən çıxanda o, azyaşlı olmuşdur. Hazırda 20 yaşı var, tələbədir. Yaşamağa yerləri yoxdur. O, həmin evə köçüb yaşamaq istəyir. Bu mümkün olmadığı halda həmin evdən payını tələb edir. Qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edib, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan 16 saylı Mənzil İstismar Kommunal Sahəsinin möhürü ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 54, mənzil 16-da qeydiyyatda olan X8 və övladları Quluyeva Minayə Rəşad qızı və X9 2016-cı ildən qeyd olunan ünvanda yaşamırlar. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 54, mənzil 16-da qeydiyyatdadır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-819/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-1308 nömrəli qətnaməsi ilə iddianın təmin olunması, X2 azyaşlı uşaqları ilə birgə Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 54, mənzil 16-a olan yaşayış hüquqlarının tanınması və həmin mənzildə qeydiyyata alınmaları qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-253/2024 nömrəli qətnaməsi qismənxx.xx.2004-cü il təvəllüdlü Cavabdeh aid hissədə ləğv edilərək ilkin və qarşılıqlı iddia ona aid hissədə baxılmamış saxlanılması qərara alınmışdır. Məhkəmə cavabdehə münasibətdə də iddianı əsaslı hesab edir və bununla bağlı aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 146.1-ci maddəsin əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsindəəqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrli qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokolun (qeyri-rəsmi 1 saylı Protokol) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Məhkəmə iclasında müəyyən olundu ki, həmin mənzil dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmışdır. Mənzildə cavabdehə məxsus hər-hansı əmlak yoxdur. Cavabdehin həmin ünvanda qeydiyyatı formal xarakter daşıyır. Cavabdeh qeyd olunan mənzildən qeydiyyatda olması iddiaçının öz mülkiyyəti üzərində sərəncam vermək hüquqlarını, öz mülkiyyətindən maneəsiz istifadə hüququnu məhdudlaşdırır. Cavabdehin mənzildən qeydiyyatdan çıxarılması üçün mənzildən istifadə hüququna məhkəmə qaydasında xitam verilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Odur ki, cavabdehin mənzildən istifadə hüququ itirilmiş sayılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 19 noyabr 2004-cü il tarixli Qərarında qeyd edilir ki: -Mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas alan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Məhkəmə cavabdehin mübahisəli mənzildə yaşamaması səbəblərini araşdıraraq hesab edir ki, cavabdehin uzun müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı bir üzrlü səbəblərlə əlaqədar olmayıb, anası Könül Quliyevanın iddiaçının oğlu ilə nikahları pozulması və daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməsi ilə əlaqədardır. Ona görə ki, iş üzrə müəyyən edilmiş hallarından görünür ki, cavabdehin anası Könül Quliyevanın 2016-cı ildə iddiaçının oğlu ilə nikahları pozulduqdan sonra mübahisəli mənzili tərk etmiş və daimi başqa yaşayış yeri seçməklə, mübahisəli mənzillə əlaqəsini kəsmişdir. Həmçinin Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 54, mənzil 16 tam mülkiyyət hüququ üzrə iddiaçının adına qeydiyyata alınmışdır. Odur ki, cavabdehin uzun müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı üzrlü səbəblə əlaqədar ola bilməz. Buna görə də cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilməlidir. Qeyd edilməlidir ki, əgər faktiki yaşama yoxdursa hər hansı bir istifadə hüququndan bəhs oluna bilməz. Həmin mənzildə yaşamaq üçün əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən əvvəllər istifadə etmək hüququ olan şəxsin həmin hüququnun qalması hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Sadalanlara əsasən məhkəmə qeyd edir ki, yaşayış sahəsinə ehtiyac aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh mübahisə predmetinə daxil olan mənzili tərk etməklə uzun müddətdir ki həmin mənzilə yaşamır və həmin mənzildən istifadə etmir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzildə uzun müddət yaşamaması və həmin mənzildən istifadə etməməsi halları, yalnız onun başqa yaşayış sahəsinə köçməklə həmin yaşayış sahəsinə ehtiyacının aradan qalxması ilə izah oluna bilər. Odur ki, iddia təmin edilərək, cavabdehin mübahisəli mənzilin yaşayış sahəsinə olan istifadə hüququ itirilməlidir. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Qeyd olunan normalardan çıxış edərək, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 54-də yerləşən 16 saylı mənzilə olan istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-4835/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4835/2024
07.10.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver