Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4851/2024 08.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hаkim Behbudova Aynur Mirzalı qızı, İddiaçı cavabdehlər Sumqayıt Şəhəri 4 saylı Notariat Kontoruna və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə NE T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə mürаciət edərək, Sumqayıt Şəhəri 4 saylı Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, ərizə ilk növbədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 149-cu maddəsinə, yəni forma və məzmunla bağlı tələblərinə uyğun olmalıdır. Hazırkı iddia ərizəsi isə bu tələblərə riayət edilmədən hazırlanmışdır. İş materiallarından görünür ki, Sumqayıt Şəhəri 4 saylı Notariat Ofisinin xüsusi notariusu X1 tərəfindən İddiaçı BPM**********83 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 2582,97 manat pulun tutulması üçün icra qeydi verilmişdir. Lakin İddiaçı həmin icra qeydinin ləğvi ilə əlqədar Sumqayıt Şəhəri 4 saylı Notariat Kontoruna müraciət etməsi barədə məlumatı ərizəyə əlavə etməmiş və bununla bağlı notariusun rəsmi imtinasını almamışdır. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, iddiaçı pretenziya qaydasına riayət etmədən, yəni notariusa müraciət etmədən birbaşa məhkəməyə müraciət etmişdir. Bundan əlavə həmin kateqoriya işlər üçün nəzərdə tutulmuş qaydada 100 manat məbləğində dövlət rüsumu da ödənilməmişdir. MPM-in 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məcəllənin 149.2.4-cü maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. Məcəllənin 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2ci maddəsinə uyğun olaraq verilir) əlavə edilir. Həmçinin, iddiaçı iddia ərizəsini prosessual tələblərə əməl etmədən hazırlamışdır. Belə ki, iddia ərizəsində iddiaçının şəxsiyyət vəsiqəsinin seriya nömrəsi, fin kodu qeyd edilməmişdir. Belə olan təqdirdə iddia ərizəsi tələblərə uyğun tərtib edilmədən məhkəməyə təqdim edilmişdir. MPM-in 149.2.2-ci maddəsinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinin bəndlərinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərınə müraciət edə bilərlər. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsini və ona əlavə edilmiş sənədlər geri qaytarılır. 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-in 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, iddia ərizəsi məhkəməyə təqdim edilərkən qanunun qeyd edilən müddəalarına riayət edilməmiş və yuxarıda göstərilən nöqsanlarla məhkəməyə təqdim edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya icra qeydinin ləğvi ilə əlaqədar ilk növbədə notariat ofisinə müraciət etməli olması və iddia ərizəsini tələblərə uyğun tərtib etməli olması izah edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 153, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Sumqayıt Şəhəri 4 saylı Notariat Kontoruna və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hаkim: Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-4851/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4851/2024
08.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver