Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4888/2023 03.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Muradov Nahid Qəhrəman oğlunun katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh2na qarşı uşağın adının dəyişdirilməsinə icazə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2na və Cavabdeh1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları xx.xx.2018-ci il təvəllüdlü X3 adının “Altay”dan – “Bulutay”a dəyişdirilməsinə icazə verilməsinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçıların nümayəndəsi və vəkili Vəkil dəqiqləşmə verərək, xx.xx.2018-ci il təvəllüdlü X3 adının “Altay”dan – “Bulutay”a dəyişdirilməsinə icazə verilməsi vəzifəsinin cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinin Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının üzərinə qoyulması barədə qətnamə çıxarılmasını, eyni zamanda Cavabdeh1 cavabdehlərin sırasından çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onlar xx.xx.2017-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2022ci il təvəllüdlü X6 adlı uşaqları doğulmuşdur. Onlar xx.xx.2018-ci il təvəllüdlü X3 adını Altay”dan “Bulutay”a dəyişmək istəyirlər. Bunun üçün cavabdehə müraciət etmişdirlər. Lakin müraciətlərinə müsbət cavab verilməmiş və onlara məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət edirlər. İddiaçıların nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasına öz nümayəndəsini göndərməmiş, bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçıların nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - 2 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsinin verdiyi nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 ilə X2 arasında xx.xx.2017-ci il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 536 nömrəsi ilə qeydiyyat aparılmışdır. Nikahdan sonra arvada Əzimli soyadı verilmişdir. - Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, iddiaçıların birgə nikahından xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X6 adlı övladları vardır. - Cavabdeh1 xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı1 və İddiaçı2 xx.xx.2018-ci il təvəllüdlü X3 adının “Altay”dan – “Bulutay”a dəyişdirilməsi ilə bağlı müraciətləri qeydiyyat orqanında təmin edilməsi qanunvericiliyə əsasən mümkün deyildir. - Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubun məzmunundan görünür ki, qeyd olunan ad Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Azərbaycan şəxs adları barədə məlumat” siyahısında göstərilmədiyi üçün və azyaşlının mənafeyini nəzərə alaraq adının qeyd olunan ada dəyişdirilməsi şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən məqsədəmüvafiq hesab edilməmişdir. - Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2404/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1nə qarşı “övladları xx.xx.2018-ci il təvəllüdlü X3 adının “Altay”dan - “Bulutay”a dəyişdirilməsinə icazə verilməsinin cavabdehin üzərinə qoyulması” barədə iddiası inzibati icraat qaydasında baxılmalı olan iddia olmadığından mümkün sayılmaması qərara alınmışdır. - Məhkəmə sorğusu əsasında alınaraq iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarınının Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, 2010-2023-cü illərdə Azərbaycan Respublikasının vətəndaşlarına “Bulutay” adının verilib-verilməməsi, eləcə də hazırda bu adın qoyulmasının mümkünlüyü barədə məlumatın istənilməsi ilə bağlı müraciətə baxılmışdır. Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemindəki bütün məlumatlara baxış keçirilərkən “Bulutay” adı verilməklə doğumu qeydə alınmış şəxs aşkar olunmamışdır. Həmçinin “Azərbaycan Dilinin Böyük X8”ndə “Bulutay” adına, onun mənşəyinə, alındığı dilə və tarixən hansı dilə mənsubluğuna, eləcə də bu adın oğlan və ya qız uşaqlarına verilməsinə dair hər hansı məlumat qeyd edilməmişdir. İnternet üzrərindən araşdırma aparılarkən “Bulutay” adının türk mənşəli oğlan adı olduğu, “bulud və ay”, “buludlu ay” mənasını ifadə etdiyi məlum olmuşdur. Müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1 ilə İddiaçı2 oğlu xx.xx.2018-ci il təvəllüdlü Altay Əzimlinin doğumu xx.xx.2018-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayon qeydiyyat şöbəsində dövlət qeydiyyyatına alınmışdır. Qanunvericiliyin tələblərindən irəli gələrək İddiaçı1 və İddiaçı2 yetkinlik yaşına çatmayan övladının adının “Altay”dan “Bulutay”a dəyişdirilməsi barədə Cavabdeh1nə müraciətindən imtina olunaraq məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçılar birgə nikahdan olan yetkinlik yaşına çatmayan övladları xx.xx.2018-ci il təvəllüdlü Altayın adının “Bulutay” adı ilə dəyişdirilməsi ilə əlaqədar Cavabdeh1nə müraciət etmiş, lakin uşağın adının dəyişdirilməsindən imtina edilmişdir. İddiaçılar tərəfindən cavabdeh qismində çıxış edən Cavabdeh2na müraciət edilmiş, lakin Komissiya Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Azərbaycan şəxs adları barədə məlumat” siyahısında göstərilmədiyi üçün və azyaşlının mənafeyini nəzərə alaraq adının qeyd olunan ada dəyişdirilməsindən imtina etmişdir. Hazırda iddiaçılar cavabdeh orqanın imtinasını qanunsuz hesab edərək məhkəmə qayadasında mübahisələndirirlər. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV hissəsinin ikinci cümləsinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.4-cü maddəsinə əsasən, fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 53.1-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. Bu Məcəllənin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Həmin Məcəllənin 192-ci maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir. L.Ramazanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2021-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarına əsasən, şəxsi ad fərdin özünümüəyyənetməsinin fundamental amillərindən biridir, onun başqalarından fərqləndirilməsi məqsədlərinə xidmət edir. Ad, şəxsiyyətin fərdiləşdirilməsinin əsas təzahürlərindən biri olaraq şəxsi həyat sahəsinə daxildir. Ad hüququ həm də ona görə əhəmiyyətlidir ki, insan öz adı ilə ictimai münasibətlərdə iştirak edir və onun olmaması şəxsiyyəti hüquq və vəzifələri əldə etmək və həyata keçirmək imkanından məhrum edə bilər. Digər tərəfdən ad hüququnun təzahürü kimi ad almaq hüququ mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyyən olunmuşdur. Belə ki, hüquqların məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir. “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 24-cü maddəsinə əsasən, hər bir uşaq doğulduqdan sonra dərhal qeydə alınmalı və ada malik olmalıdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 7-ci maddəsinə müvafiq olaraq, uşaq doğulduqdan sonra dərhal qeydə alınır və doğulduğu andan ad və vətəndaşlıq əldə etmək hüququna, habelə mümkün olduğu dərəcədə öz valideynlərini tanımaq və onlardan qayğı görmək hüququna malikdir. Avropa Məhkəməsi baxdığı bir sıra işlərdə müəyyən etmişdir ki, adın verilməsi və dəyişdirilməsi ilə əlaqədar məsələlər Konvensiyanın 8-ci maddəsində təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququnun təsir dairəsinə düşür (X4rşı iş üzrə 2008-ci il 21 oktyabr tarixli Qərar, §43 və Macalin X1rşı iş üzrə 2015-ci il 15 sentyabr tarixli Qərar, §21). Əsaslandırılmış müvafiq səbəb olmadan şəxsin ada malik olmaq və ya adını dəyişmək hüququna məhdudiyyətin qoyulması Konvensiyanın 8-ci maddəsinin məqsədləri ilə uzlaşmır. Başqa şəxslərin hüquqlarına vurulmuş hər hansı faktiki zərər olmadan formal olaraq qanuni məqsədə istinad etmək bu hüququn məhdudlaşdırılmasına haqq qazandıra bilməz (Daróczy Macarıstana qarşı iş üzrə 2008-ci il 1 oktyabr tarixli Qərar, §32). Avropa Məhkəməsi baxdığı işlərin birində milli hakimiyyət orqanlarının iki şəxsin familiyalarını dəyişmələrinə imtina etmələrini (icazə verməmələrini) 8-ci maddənin pozuntusu kimi qiymətləndirmişdir, çünki məhkəmələr ərizəçilərin dəlillərini nəzərə almadan və ya çəkişən ictimai maraqları və ərizəçilərin maraqlarını tarazlaşdırmadan qanunvericiliyin və normativ aktların sırf formal olaraq tətbiqini həyata keçirmişlər (Aktaş və Aslaniskender Türkiyəyə qarşı iş üzrə 2019-cu il 25 iyun tarixli Qərar, § 47). İşin hallarından göründüyü kimi cavabdeh tərəfindən “Bulutay” adının “Azərbaycan şəxs adları barədə məlumat” siyahısında göstərilmədiyindən və azyaşlının mənafeyinə uyğun olmaması əsası ilə adın dəyişdirilməsindən imtina edilmişdir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, müəyyən edilmiş sübutlardan göründüyü kimi “Bulutay” adı uşaq üçün uyğun olmayan ad kimi qəbul edilə bilməz. Belə ki, bu adın dövlətin milli və dil özəlliklərinə hər hansı mənfi təsir göstərdiyi bildirilməmişdir. “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 79 nömrəli Qərarının 1.4-cü bəndinə əsasən, uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. 1.5. Adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Məhkəmə işin faktiki hallarını hüquq normalarına əsasən təhlil edib, iddiaçılar tərəfindən övladlarına vermək istədikləri mübahisələndirilən “Bulutay” adının uşağın gələcəkdəki mənafeyinə xələl gətirməməsini, cinsinə uyğun olduğunu və gülünc ad olmadığını nəzərə alaraq bu nəticəyə gəlir ki, iddiaçıların iddia tələbi əsaslı və qanuni olduğundan təmin edilməli, xx.xx.2018-ci il tarixdə İstanbul şəhərində doğulmuş X3 adı «Altay» adından «Bulutay» adı kimi dəyişdirilərək qeydiyyata alınmalıdır. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. xx.xx.2018-ci il təvəllüdlü X3 adının “Altay”dan – “Bulutay”a dəyişdirilməsinə icazə verilməsi vəzifəsi cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının üzərinə qoyulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-4888/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4888/2023
03.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver