Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4934/2025 08.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Behbudova Aynur Mirzalı qızı, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə qarşı “sürücülük hüququna qanunsuz tətbq edilmiş məhdudiyyətin ləğv olunması və hüquqların bərpası” tələbinə dair iddia ərizəsinə ona əlavə olunmuş sənədlərlə birlikdə məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oğlunun sürücülük hüququna qoyulmuş məhdudiyyətin ləğv olunması barədə qərar qəbul edilməsini, EQ/28830523 saylı protokol əsasında verilmiş qərarın hüquqi əsasının araşdırılmasını, haqsız olaraq yazılmış cərimələr üzrə əlavə tədbir görülməməsini və hüquqların bərpa olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun oğlu İddiaçı Vuqar oğlu 2025-ci ildə bir neçə yol hərəkəti qaydası pozuntusu ilə bağlı cərimələnmiş və nəticədə, ümumillikdə 20 bal topladığı iddiası ilə onun sürücülük hüququ məhdudlaşdırılmışdır. Lakin bu cərimələrin bir çoxu sübutsuzdur, bəzi protokollar isə ümumiyyətlə oğlunun iştirakı olmadan, əsassız şəkildə onun adına tərtib edilmişdir. xx.xx.2025-ci tarixində tərtib olunmuş, EQ/28830523 saylı protokolla guya məhdudiyyətə baxmayaraq oğlunun avtomobil idarə etdiyi göstərilmişdir. Lakin radar görüntürlərində sükan arxasında o, X1 olmuş və oğlu həmin vaxt ümumiyyətlə avtomobildə olmamışdır. Avtomobil **-EE-*** dövlət nömrə nişanlıdır və ona məxsusdur. Bu cərimə də daxil olmaqla əvvəlki bütün cərimələr ödənilmişdir. Amma oğlunun sürücülük vəsiqəsi ləğv olunmuş və bu hal hüquqi baxımdan əsassız və qanunsuzdur. İddia ərizəsini nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 103.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. 103.2-ci maddəsinə əsasən İnzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının mübahisələndirdiyi məsələ inzibati xəta haqqında protokoldur. İnzibati xətalar haqqında işlər üzrə qərardan mülki icraat qaydasında deyil, inzibati xətalara dair işlər üzrə icraat qaydasında şikayət verilməsi nəzərdə tutulmuşdur və mövcud iddia ərizəsinə mülki icraat qaydasında məhkəmədə baxılması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Beləliklə məhkəmə hesab edir ki, ərizəyə mülki icraat qaydasında deyil, inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olduğundan iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalı, iddiaçıya müvafiq protokolun və ya qərarın ləğvi ilə bağlı səlahiyyətli orqana və ya inzibati xətalara dair işlər üzrə icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263-264cü, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə qarşı “sürücülük hüququna qanunsuz tətbq edilmiş məhdudiyyətin ləğv olunması və hüquqların bərpası” tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin və iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya müvafiq protokolun və ya qərarın ləğvi ilə bağlı səlahiyyətli orqana və ya inzibati xətalara dair işlər üzrə icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-4934/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4934/2025
08.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver