Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4967/2023 09.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X10 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi X2 İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “zəbt edilmiş bağ sahəsindən çıxarılma tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən 1956 saylı bağdan çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, mübahisəli bağ torpaq sahəsi Sumqayıt şəhər, Novxanı bağlar massivində yerləşən və sahəsi 0,12 ha olan 1956 saylı bağdır. Bu bağ sahəsi üzərində onun mülkiyyət hüquqları AR DK ƏM DƏDRX 2 saylı Sumqayıt ərazi idarəsində qeydə alınmış və xx.xx.2022-ci ildə onun adına çıxarış verilmişdir. Lakin cavabdehlər onun mülkiyyətində olan bağı illər öncə zəbt etmiş və bu müddət ərzində onlara bu bağ sahəsindən könüllü çıxmaları barədə təkliflər edilsə də onlar bağdan çıxmamışlar. Cavabdehlərin onun mülkiyyətində olan bağ sahəsində yaşamaları bir mülkiyyətçi kimi ona öz mülkündən istifadə etmək, sərəncam və sahiblik hüququnu həyata keçirməkdə maneələr və əngəllər yaradır. Məhkəmədə İddiaçı eyni məzmunlu izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdi ki, onlar 1995-ci ildən sözügedən torpaq sahəsində məskunlaşmışdılar. Onlar ora gələndə orada heç nə yox idi. Öz zəhmət və vəsaitləri hesabına oranı düzəltmişlər. 30 il müddətində heç kim gəlib bağla maraqlanmamışdır. Hazırda onların məskunlaşmağa başqa yerləri yoxdur. O, aidiyyatı orqanlara da dəfələrlə müraciət etmişdir. Lakin dövlət onları evlə təmin etmir. O, yalnız ona dövlət tərəfindən ev verilərsə oradan çıxmağa razı olacaqdır. Hazırda qeyd olunanları nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirdi ki, onun oradan çıxıb yaşamağa başqa yeri yoxdur. Onlar 30 ildir ki, orada yaşayırlar. İddiaçının 30 ildir həmin bağdan heç xəbərləri olmamış və gəlib maraqlanmamışdırlar. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh3 eyni məzmunlu izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh4 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən məhkəmə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Sumqayıt şəhər sektorunun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam araşdıraraq hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İş materiallarındda olan Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Sumqayıt şəhəri üzrə sektorunun xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cəbrayıl rayonu, Maralyan kəndindən olan məcburi köçkün 1972-ci il təvəllüdlü X9, 2000-ci il təvəllüdlü X12 oğlu, 1996-cı il təvəllüdlü X1 rayon İcra Hakimiyyətinin Sumqayıt şəhəri üzrə səlahiyyətli nümayəndəsinin Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Sumqayıt şəhər sektoruna təqdim etdiyi 13311 nömrəli karta əsasən ailəsi ilə birgə Sumqayıt şəhər sektorunda qeydiyyata alınmışlar və Sumqayıt şəhəri, Corat bağ evində məskunlaşmışlar. X7 həyat yoldaşı Feyziyeva Rənanın məcburi köçkünlərin siyahısında adı göstərilmir. İşdə olan Sumqayıt şəhər Bələdiyyəsi Saray və Novxanı Bağlar massivi üzrə 1 saylı məhəllə komitəsinin xx.xx.2023-cü il tarixli ailə tərkibi haqqında arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2 Əlisadiq qızı və Cavabdeh3 Sumqayıt şəhəri, 1956 nömrəli Novxanı bağ evində xx.xx.1995-ci il tarixdən ailəsi ilə birlikdə qeydiyyatsız yaşayırlar. İşə əlavə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1956 nömrəli torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2023-cü il tarixli arayışlarından görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Cəbrayıl rayonu, Maralyan kəndində qeydiyyatdadırlar. Beləliklə iş materiallarından müəyyən olunur ki, mübahisəli fərdi yaşayış evi iddiaçıya məxsusdur və cavabdehlər heç bir qanuni əsas olmadan həmin evdə məskunlaşmışlar. İddiaçının hazırkı tələbindən müəyyən olunur ki, cavabdehlərin ona məxsus fərdi yaşayış evində məskunlaşması onun iradəsinə ziddir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan Hüquqlarının və X3 Haqqında” Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqları və X3 Haqqında Konvensiya” nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Akimova Azərbaycana qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında hətta orderli mənzilın hüquqi əsas olmadan tutulması mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz (maddə 43). “Cəfərov (Jafarov) Azərbaycana qarşı” xx.xx.2010-cu il tarixli məhkəmə qərarına əsasən “Xarici hərbi təcavüz, müəyyən ərazilərin işğalı və ya mütəmadi atəş altında saxlanması nəticəsində Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerlərini tərk etməyə məcbur olub ölkə hüdudlarında başqa yerə köçmüş şəxslər” məcburi köçkün hesab olunurlar (2-ci maddə). Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər (5-ci maddə). Nazirlər Kabinetinin 24 dekabr 1999-cu il tarixli 200 saylı Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi Qaydası” 4-cü maddəsinə əsasən “Müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüququnu pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. “İnsan hüquqlarının və X3 haqqında Konvensiyanın” Protokolunun (Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Göstərilənlənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlər iddiaçıya məxsus mübahisəli fərdi yaşayış evindən çıxarılmalıdırlar. Məhkəmə araşdırması zamanı təqdim edilmiş sənədlərdən müəyyən edildi ki, iddiaçının köçürülməsini tələb etdiyi mübahisəli fərdi yaşayış evin hüquqi statusunu müəyyən edən sənəd onun adına verilmiş çıxarışdır. Məhkəmə hesab edir ki, şəxs istifadə hüququ əldə etdiyi fərdi yaşayış evində yaşamaq imkanına malik olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. “Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə-şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəliləri keçirmiş şəxslər ödənilməli olan dövlət rüsumundan azaddırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İşin qeyd olunan hallarını və qanunvericiliyin yuxarıda göstərilən müddəalarını nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən 1956 saylı bağdan çıxarılsınlar. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-4967/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4967/2023
09.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver