Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-50/2023 17.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 və onun nümayəndəsi, atası X1, cavabdeh Azərbaycan Dövlət İqtisad Universitetinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı magistr dissertasiyasının ləğv edilməsi və digər tələblərinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh1 və Azərbaycan Dövlət İqtisad Universitetinə (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 2019cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində Cavabdeh1 tərəfindən “Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər” mövzusunda (İxtisasın şifri və adı: 060403-Maliyyə; İxtisaslaşma: Vergi və vergiqoyma) müdafiə edilmiş magistr dissertasiyasının və həmin dissertasiya əsasında Cavabdeh1 verilmiş magistr dərəcəsinin ləğv edilməsi, Cavabdeh1 50 000 manat məbləğində kompensasiyanın, 20 000 manat məbləğində mənəvi zərərin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2008-ci ildən başlayaraq İqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün AMEA-nın İdarəetmə Sistemləri (Kibernetika) İnstitutunda “Vergidən yayınma yayınma risklərinin modelləşdirilməsi” adlı dissertasiya işini yerinə yetirməyə başlamış, 2010-cu ildən isə beynəlxalq konfranslarda tezis, elmi jurnallarda isə məqalələrlə çıxış etmişdir. 31 may 2013-cü il tarixdə Bakı Dövlət Universitetinin nəzdindəki FD.02.016 Dissertasiya Şurasında dissertasiya işini müdafiə edərək iqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2020-ci ilin may ayında internet resurslarında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində Cavabdeh1 tərəfindən müdafiə edilmiş “Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər” mövzusunda magistr dissertasiyasına rast gəlmişdir. Həmin magistr dissertasiyasının mövzusu iddiaçının 2013-cü ildə müdafiə etdiyi dissertasiya mövzusu ilə oxşarlıq təşkil etdiyindən diqqətini cəlb etmiş və linkə daxil olaraq dissertasiyanı oxuyaraq müqayisə etdikdə ona məlum olmuşdur ki, Cavabdeh1 dissertasiyası onun dissertasiyası ilə eynilik təşkil edir. Belə ki, Cavabdeh1 dissertasiya işinin mövzusunun adında cüzi dəyişiklik etməklə, iddiaçının dissertasiya işini olduğu kimi köçürmüş, mündəricata bəzi formal əlavələr etməklə, onu da olduğu kimi saxlamış, dissertasiya işində iddiaçının heç bir elmi işinə istinad etmədən, dissertasiyanın yazılmasında istifadə olunan ədəbiyyat siyahısında iddiaçının dissertasiyasını və elmi əsərlərini göstərmədən, dissertasiya işini əvvəldən axıra kimi köçürərək mənimsəmişdir. Bununla bağlı iddiaçı Azərbaycan Dövlət İqtisad Universitetinin rəhbərliyinə müraciət etsə də, heç bir tədbir görülməmiş, iddiaçıya şablon ifadələrlə cavab verilmişdir. İddiaçı gələcəkdə elmlər doktoru elmi dərəcəsi almaq üçünxarici ölkədə monoqrafiya nəşr etdirməlidir. Lakin, Cavabdeh1 onun dissertasiyasını mənimsədiyi və internet resurslarında plaqiat dissertasiya mövcud olduğu üçün iddiaçının monoqrafiya nəşr etdirməsinə əngəl olacaqdır. İddiaçının vəsatəti əsasında məhkəmə tərəfindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi iş üzrə cavabdeh qismində cəlb edilmişdir. İddiaçı sonradan iddianın həcmini dəyişərək 2019-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində Cavabdeh1 tərəfindən “Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər” mövzusunda (İxtisasın şifri və adı: 060403-Maliyyə; İxtisaslaşma: Vergi və vergiqoyma) müdafiə edilmiş magistr dissertasiyasının və həmin dissertasiya əsasında Cavabdeh1 verilmiş magistr dərəcəsinin ləğv edilməsi,Cavabdeh1 15 000 manat, Azərbaycan Dövlət İqtisad Universitetindən 20 000 manat və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyindən 15 000 manat məbləğində kompensasiyanın, cavabeh Cavabdeh1 7000 manat, Azərbaycan Dövlət İqtisad Universitetindən 7000 manat və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyindən 6 000 manat məbləğində mənəvi zərərin alınaraq ona ödənilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-müəəllifşünaslıq ekspertizası təyin edilmiş və iş üzrə icraat ekspertin rəyi alınanadək dayandırılmışdır. xx.xx.2022-ci il tarixində iş üzrə ekspertin rəyi məhkəməyə daxil olmuş və iş üzrə icraat təzələnmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və həmçinin bildirdi ki, Cavabdeh1 tərəfindən müdafiə edilmiş magistr işinin ləğvini tələb etməyinə səbəb ondan ibarətdir ki, dissertasiyanı yazan zaman o, başqa işlə məşğul olmayıb. O, həmin müddət ərzində başqa işdə çalışıb qazanc əldə edə bilərdi. Həmçinin onun zəhmətinin nəticəsi və beyninin məhsulu olan dissertasiyasının başqa şəxs tərəfindən mənimsənilməsi onun mənəvi stresə məruz qalmasına səbəb olub. İnternet resurslarında elmi araşdırmalarla bağlı axtarış edərkən Cavabdeh1 magistr işinə rast gəlib. Cavabdehin işində istifadə olunan ədəbiyyat siyahısında öz adına rast gəlməyib. O, öz dissertasiyasını internetə yerləşdirib və cavabdehin magistr işinin plagiat olub-olmaması universitet tərəfindən yoxlanarkən buna rast gəlinməməsi mümkün deyil. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddianı qəbul etmir. Magistr dissertasiyasını işləyərkən iddiaçının elmi işini köçürməyib. Magistr işində müxtəlif materiallara əsaslanaraq öz fikirlərini qeyd etmişdir. Magistr işi universitetin xüsusi proqramında yoxlanılmış və onun plagiat olması müəyyən edilməmişdir. O, bu işdən heç bir qazanc əldə etməmişdir ki, iddiaçının da ona qarşı pul tələbi olsun. Qeyd edilənlərə əsasən Cavabdeh1iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 nümayəndəsi, atası X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbi ilə razı deyil. Oğlu bu işdən heç bir qazanc əldə etməyib. Qeyd edilənlərə əsasən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Dövlət İqtisad Universitetinin nümayəndəsi X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı qeyd edilən məsələ ilə bağlı universitetə müraciət edib və ona rəsmi cavab verilib. Azərbaycan Dövlət İqtisad Universiteti ilə başqa ölkələrdə də fəaliyyət göstərən plagiat şirkəti arasında müqavilə var. Həmin şirkətin xüsusi proqramı var ki, bütün elmi işlər təsdiq edilməzdən əvvəl həmin proqramla yoxlanılır. İddiaçının dissertasiya işi 2013-cü ildə yazılıb. Ola bilər ki, elmi iş həmin proqramın internet resurslarında olmadığı üçün onunla magistr işini müqayisə etmək mümkün olmayıb. Belə ki, proqram həmin dissertasiyanı söz kimi oxuya bilmir, yalnız şəkil kimi görür. Magistr dissertasiyasının ləğvi üçün heç bir əsas yoxdur. Həmin elmi işlərdə bəlkə də oxşar hissələr var, lakin mütəxəssis olmadığı üçün dəqiq bir fikir bildirə bilmir. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddiaçı bu məsələ ilə bağlı olaraq nazirliyə də müraciət edib. Məsələyə mahiyyəti üzrə baxılması üçün onun Universitetə müraciət etməsi tövsiyə edilib. İqtisad Universitetinin də mövqeyi ondan ibarət olmuşdur ki, proqram vasitəsilə iddisaçının dissertasiya işini oxumaq mümkün deyildir. Vaxtında həmin proqrama dərs vəsaitləri əlavə edilmədiyi üçün proqram onu oxuya bilmir. Hal-hazırda Təhsil Nazirliyinin bu məsələni araşdıran komissiyası mövcud deyil. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətinə əsasən məyyən olunur ki, iddiaçı xx.xx.1976-cı ildə, Masallı rayonu, Kubin kəndində anadan olmuş, həmin ərazidə qeydiyyatdadır. Cavabdeh1 xx.xx.1995-ci ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində qeydiyyatdadır. Azərbaycan Dövlət İqtisad Universitetinin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli məktubda göstərilmişdir ki, UNEC-də 2016-cı ildən fəaliyyət göstərən antiplagiat proqramının bazası hər il mütəmadi olaraq artırılır. Belə ki, müdafiə olunan dissertasiyalar, büdcə təyinatlı elmi-tədqiqat işləri, nəşr olunan tədris vəsaitləri həmin bazaya daxil edilir. İddiaçı dissertasiya işini 2013-cü ildə müdafiə etsə də, dissertasiya işinin elektron variantı nə universitetin bazasına yerləşdirilməsi üçün təqdim edilməmiş, nə də internet resurslarında yerləşdirilməmişdir. Buna görə də magistrant Cavabdeh1 xx.xx.2019-cu ildə antiplagiat sisteminə daxil etdirdiyi dissertasiya işinin nəticəsi 6.65%-0,0%. Buraxılış işlərinin, dissertasiyaların, tədris-metodiki vasaitlərin və internet resurslarının elektron bazası üzərində işləyən antiplagiat proqramı həmin bazalarda olmayan dissertasiya işini necə yoxlayıb müqayisə edə bilərdi. Antiplagiat qaydaları və sistemin işləmə prinsipləri haqqında həm magistrantlara, doktorantlara, həm də elmi rəhbər və məsləhətçilərə ildə bir dəfədən az olmamaqla “Plagiat PL” şirkətinin nümayəndələri tərəfindən təlimlər təşkil olunur. Həmin təlimlərdə elmi rəhbər və məsləhətçilərin nəşr etdirdiyi yeni tədris vəsaitlərini və məqalələrini elektron variantda sistemə daxil etmələri tövsiyə edilir. Magistrant Cavabdeh1 öz dissertasiya işində iddiaçının əsərlərinə istinad etməməsi magistrantın elmi rəhbəri ilə bağlı məsələdir. Dissertasiyanın yazıldığı sahə üzrə istinad olunan əsəsrlərin aktuallığı elmi rəhbər tərəfindən tövsiyə olunur. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) cavabdehə ünvanladığı xx.xx.2022-ci il tarixli məktuba əsasən UNEC-də oxşar hissələrin aşkarlanması “Plagiat PL” şirkəti ilə bağlanmış müqaviləyə əsasən strikeplagiarism.com platforması üzərindən aparılır, yoxlama üzrə hesabat (arayış) online rejimdə və insan amili olmadan proqram inatı tərəfindən formalaşır. UNEC-in 2019-cu ildə qüvvədə olmuş Antiplagiat ədalarının tələblərinə görə magistr dissertasiyaları üzrə oxşarlıq əmsallarının hədləri əmsal üzrə 50%, 2-ci əmsal üzrə 4%, 3-cü əmsal üzrə isə 30% təyin edilmişdir. Cavabdeh1 təqdim etdiyi dissertasiyanın oxşarlıq yoxlaması üzrə arayışda 1-ci oxşarlıq əmsalı 6,65%, 2-ci və 3-cü oxşarlıq əmsalları isə 0% səviyyəsində müəyyən edilmişdir. Bu əsasla, onun dissertasiyası müdafiə prosesinə buraxılmışdır və müdafiə edilən dissertasiya açıq mənbə kimi UNEC-in internet səhifəsində yerləşdirilmişdir. UNEC-də oxşarlıq hallarının üzə çıxarılması üçün tətbiq edilən proqram təminatı Azərbaycan dilində yazılmış materiallarda olan oxşar hissələrin internet rersurslarmında əlçatan (yoxlama anında) olan və yalnız Azərbaycan dilində yazılmış mənbələrə aidiyyətini müəyyən edə bilir. İddiaçının köçürülməsini iddia etdiyi və ərizəsində qeyd etdiyi 7 mənbədən 1, 2, 3 və 6-cı linklərdə olan mənbələr ingilis və rus dillərindədir. 4-cü mənbənin linkinə https://arastirmax/com/en/system/file s/dergiler/25285/makaleler/6/arastirmax-dvodyicilrnin-gostricilmin-reprezentativliymi n statistik-thlili.pdf baxışın keçirilməsi üçün dəfələrlə, o cümlədən 24 yanvar 2022-ci il tarixində gün ərzində bir neçə dəfə cəhd edilmiş, lakin linkin açılmaması səbəbindən bu mənbəyə baxmaq mümkün olmamışdır. 5ci mənbənin linkinə https.7/arastirmax/com/e n/system/files/dergiler/25285/makaleleı72/arastirmax-sadlsdirilmi%C5%9F-vergi-odyici lrinin-paylanma-qanunu-v-vergidn-yayinma-riski.pdf baxış cəhdi də eyni səbəbdən uğursuz alınmışdır. Ərizədə qeyd edilən 7-ci mənbə İddiaçı məxsus dissertasiyadır və bu mənbə hal-hazırda Azərbaycan Milli Kitabxanasının səhifəsində (http://www.millikitabxana.az/dissertations/iqtisadiyyat?%C4%B0=A) şəkil formatında yerləşdirilmişdir. Lakin belə formatda olan mənbələrin oxşarlıq yoxlamasında istifadəsi UNEC-də tətbiq olunan proqram təminatının texniki imkanları xaricindədir. İnternet resurslarının saxlanıldığı yaddaş qurğularının yoxlama anında əlçatanlığı və onların oxşarlıq yoxlaması üçün istifadə edilə bilən formada olması yoxlamanın nəticələrinə təsir göstərə bilər. Buna görə də, Cavabdeh1 təqdim etdiyi dissertasiyanın oxşarlıq yoxlaması zamanı iddiaçının əsərlərindən götürülmüş hissələrin texniki baxımdan aşkarlanmaması ehtimalı mövcuddur. Cavabdeh1 magistr dissertasiyasında elmi plagiat halının sübuta yetirilməsi və buna görə müvafiq hüquqi məsuliyyətin müəyyən edilməsi isə məhkəmə prosesinin obyekti ola bilər. İş üzrə təyin edilmiş məhkəmə-müəllifşünaslıq ekspertizasına dair ekspert rəyində göstərilmişdir ki, Cavabdeh1 adı altında yayılmış “Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər” adlı dissertasiyanın dərc etdirilməsi və yayılması müəllif-hüquq qanunvericiliyinin müddəalarının pozulması yolu ilə həyata keçirilmişdir. Cavabdeh1 adı altında yayılmış “Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər” adlı dissertasiyanın yazılmasında istifadə olunan ədəbiyyat siyahılarında İddiaçı qeyd edilən dissertasiyasına istinad edilməmişdir. Bununla da, onun müəllif kimi şəxsi (qeyri-əmlak) və əmlak (iqtisadi) hüquqları pozmuşdur. İddiaçı müəllifi olduğu “Vergidən yayınma risklərinin modelləşdirilməsi” adlı dissertasından götürülmüş materiallar “Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər” adlı dissertasiyada Cavabdeh1 adı altında, yəni ona məxsus yaradıcılıq əsəri kimi verilmişdir. Bu da o da deməkdir ki, Cavabdeh1 tərəfindən elmi plagiatçılığa yol verilmişdir. İş materiallarına iddiaçının “Vergidən yayınma risklərinin modelləşdirilməsi” adlı dissertasiya işi əlavə edilmişdir. İş materiallarına cavabdehin “Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər” mövzusunda magistr dissertasiyası əlavə edilmişdir. Mülki Məcəllədə göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2.). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (1097.1.). Hazırkı iş üzrə iddiaçı Cavabdeh1 tərəfindən ona məxsus olan dissertasiya işinin mənimsənilməsinə (plagiata yol verilməsi) əsaslanmışdır. “Müəlliflik və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən bu Qanun Azərbaycan Respublikası ərazisində elm, ədəbiyyat və incəsənət əsərlərinin (müəlliflik hüququ), habelə ifaların, fonoqramların, efir və ya kabel yayımı təşkilatlarının verilişlərinin (əlaqəli hüquqlar) yaradılması və istifadəsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir (1.). Müəlliflik hüququ təyinatından, dəyərindən və məzmunundan, habelə ifadə formasından və üsulundan asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan həm açıqlanmış, həm də açıqlanmamış, obyektiv formada mövcud olan elm, ədəbiyyat və incəsənət əsərlərinə şamil edilir. Müəlliflik hüququnun yaranması və həyata keçirilməsi üçün əsərin qeydiyyata alınması, yaxud hər hansı başqa üsullarla rəsmiləşdirilməsi tələb olunmur (5.1.). Əsəri yaradan şəxs onun müəllifi sayılır. Əsərə müəlliflik, digər sübutlar yoxdursa, adı altında açıqlanmış şəxsə məxsusdur (8.1.). Müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilərlər (45.1). Məhkəmə müəlliflik hüququ və əlaqəli hüquqlar ilə əlaqədar mübahisələrə baxarkən mülki-hüquqi müdafiənin ümumi vasitələrindən başqa iddiaçının tələbi ilə aşağıdakılar barədə qərar qəbul edə bilər: 1) zərərin ödənilməsi əvəzinə pozuntuya yol verən şəxsdən müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması nəticəsində əldə etdiyi gəlirin tutulması; 2) zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə 110 manatdan 55 min manatadək məbləğdə kompensasiya ödənilməsi; 3) hüquq pozuntusunun ağırlıq dərəcəsi və digər şəxslərin qanuni maraqları nəzərə alınmaqla məhkəmə qərarına əsasən pirat nüsxələrin surətinin çıxarılması (istehsalı) üçün istifadə edilmiş material və avadanlıqların müsadirə olunması; 4) pirat nüsxələrin hüquqları pozan tərəfə heç bir kompensasiya ödənilmədən məhkəmə qaydasında müsadirə olunması və ya məhv edilməsi (45.2). Məhkəmə hüquq pozuntusu faktı sübut edildiyi halda vəkilə ödənilən haqq da daxil olmaqla hüquq sahibinin çəkdiyi ağlabatan xərclərin ödənilməsi barədə qərar çıxarmaq hüququna malikdir. Məhkəmə, həmçinin, hüquq pozuntusuna yol vermiş şəxsin bunu bilib-bilməməsindən asılı olmayaraq pozuntulara görə həmin şəxsin müəllifə (digər hüquq sahibinə) və ya əlaqəli hüquqların sahibinə kompensasiya ödəməsi barədə qərar çıxara bilər (45.4.). “Elm haqqında” Azərbaycan Respublikası Qanunda göstərilmişdir ki, 1.0.23-cü maddəsində göstərilmişdir ki, elmi plagiat – müəllifini, götürülmə mənbəyini göstərmədən başqasının əsərlərini, elmi kəşf və ixtirasını, səmərələşdirici təklifini, innovasiya məhsulunu tam və ya qismən mənimsəmək, yaxud özününkü kimi təqdim etməkdir. İş üzrə məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-müəllifşünaslıq ekspertizasına dair ekspert rəyində Cavabdeh1 adı altında yayılmış “Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər” adlı dissertasiyanın dərc etdirilməsi və yayılmasının müəllif-hüquq qanunvericiliyinin müddəalarının pozulması yolu ilə həyata keçirildiyi və elmi plagiatçılığa yol verildiyi göstərilmişdir. Bu səbəbdən iddiaçı ondan bununla bağlı kompensasiya tələb etməkdə haqlı olmuşdur. İddiaçı cavabdehdən 15000 manat məbləğində kompensasiyanın tutulmasını xahiş etsə də, məhkəmə həmin məbləği ağlabatan məbləğdə, yəni 3000 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. “Mənəvi zərərin ödənilməsi haqqında qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən mənəvi zərər anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və sair hallarda özünü büruzə verə bilər. Göründüyü kimi iddiaçıya məxsus dissertasiya işi cavabdeh tərəfindən mənimsənilərək plagiata yol verildiyi üçün iddiaçı mənəvi zərərə məruz qalmışdır. Bu səbəbdən məhkəmə mənəvi zərərin əvəzi olaraq 1000 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması qənaətinə gəlir. İddiaçının Azərbaycan Dövlət İqtisad Universitetinə qarşı kompensasiya tələbinə gəldikdə isə qeyd edilməlidir ki, Cavabdeh1 dissertasiya işinin elmi plagiat olmasının müəyyən edilməsi üçün universitet məsuliyyət daşıya bilməz. Belə ki, iddiaçının dissertasiya işi 2013-cü ildə yazılmışdır və universitet tərəfindən Cavabdeh1 magistr işinin bütün mövcud dissertasiya işləri ilə müqayisə edilərək plagiat olub-olmamasının müəyyən edilməsi praktiki cəhətdən mümkün deyildir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə gəldikdə isə qeyd edilməlidir ki, hazırkı məsələ ilə bağlı nazirlik hər hansı məsuliyyət daşıya bilməz. Bu səbəbdən iddia tələbi Azərbaycan Dövlət İqtisad Universitetinə və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə aid hissədə təmin edilə bilməz. İddia tələbinin magistr dissertasiyasının və həmin dissertasiya əsasında Cavabdeh1 verilmiş magistr dərəcəsinin ləğv edilməsi hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”də göstərilmişdir ki, elmi dərəcələri Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (bundan sonra – Komissiya) təsdiq etdiyi “Azərbaycan Respublikasında elmi və elmipedaqoji işçilərə elmi dərəcələr verilməsinə dair ixtisasların nomenklaturu”na uyğun olaraq elm sahələri üzrə Komissiya verir (1.2.). Fəlsəfə doktoru elmi dərəcəsi magistr (rezident) elmi-ixtisas dərəcəsi və ya ona bərabər tutulan ali təhsili və xüsusi elmi hazırlığı (doktorantura, adyunktura, dissertantura) olan iddiaçılara elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində Komissiyanın yaratdığı dissertasiya şuralarında fəlsəfə doktoru dissertasiyasının müdafiəsindən sonra dissertasiya şurasının vəsatəti əsasında verilir (1.3.). Komissiya şəxslərin elmi dərəcədən məhrum edilməsi (elmi dərəcənin bərpası) məsələsinə, elmi dərəcədən məhrumetmənin (elmi dərəcənin bərpasının) əsasları göstərilməklə, elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi (elmi-texniki) şuralarının vəsatəti və ya fiziki şəxslərin müraciətləri əsasında baxır və qərar qəbul edir. Fiziki şəxsin imzası ilə müraciətində onun soyadı, adı və atasının adı (şəxsiyyət vəsiqəsinin surəti əlavə olunmaqla), elektron və poçt ünvanı, əlaqə nömrələri göstərilir (9.1.). Göründüyü kimi şəxsin elmi dərəcədən məhrum edilməsi müvafiq orqanın müstəsna səlahiyyətinə aid edilmişdir. İddiaçı bununla bağlı həmin orqana müraciət edə, imtina cavabı aldığı təqdirdə isə həmin tələblə müvafiq inzibati məhkəməyə müraciət edə bilər. Bu səbəbdən iddia magistr dissertasiyasının və həmin dissertasiya əsasında Cavabdeh1 verilmiş magistr dərəcəsinin ləğv edilməsi hissəsində təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Müəllif hüquqlarının pozulmasına görə 3000 (üç min) manat məbləğində kompensasiya və 1000 (min) manat məbləğində mənəvi ziyanın əvəzi Cavabdeh1 İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-50/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-50/2023
17.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver