Məhkəmə qərarları › İş №2(060)-502/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-502/2023

30.01.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-502/2023 30.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı mənzilə olan istifadə hüququnun itirilməsi tələbinə dair mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı mənzilə olan istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Məmmədcanov Ruhsarə Məmmədcan qızının ona məxsus Sumqayıt şəhəri, 41 A məhəllə, ev 5 A, 7 saylı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi və pasport qeydiyyatından çıxmaqlarına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbinin qeydiyyatdan çıxarılmaya dair hissəsinə münasibətdə iş üzrə icraata xitam verilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Sumqayıt şəhəri, 41 A məhəllə, ev 5 A, mənzil 7 onun mülkiyyətindədir. Həmin evi o Cavabdeh1 38000 (otuz səkkiz min manat 0 qəpik) AZN ödəməklə, AN- İ ******* N-li xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlayaraq almışdır. Həmin alqı- satqı müqaviləsi əsasında AR ƏMDK yanında DƏDRX.-nin xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışı ilə onun mülkiyyətinə verilmişdir. Cavabdehlər köhnə ev sahibinin ailə üzvləridir. Ev satıldığı gündən cavabdehlər heç biri mübahisəli mənzildə yaşamırlar. Hal-hazırda cavabdehlərin onun mənzili ilə heç bir əlaqələri yoxdur, onlara aid heç bir əşya da yoxdur. Belə ki, alqı-satqı müqaviləsinin 13-cü bəndində cavabdeh özünün də, ailə üzvlərinin də qeydiyyatdan çıxmağını öz üzərinə öhdəlik kimi götürmüşdür. Belə ki, cavabdeh və onun ailə üzvləri qeydiyyatdan çıxmamışlar. AR DİN-nin xx.xx.2022-ci il tarixli, ******* nömrəl arayışından da görünür ki, hələ də qeydiyyatdadırlar. Onların qeydiyyatda qalması onun mənzil hüquqlarının pozulması deməkdir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Mənzil onun adına onun mülkiyyətindədir. AR Konstitutsiyasının və AR tərəfdar çıxdığı beynəlxalq konvensiyalara görə mənzilindən maneəsiz istifadə etmək hüququna malikdir. Bunları nəzərə alaraq, iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, cavabdehlər keçən ilin aprelinə kimi qeydiyyatdan çıxmağa söz vermişdirlər, lakin bu günə kimi hələ də qeydiyyatdadırlar. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul edərək, mübahisəli mənzildən qeydiyyatdan çıxmağa razı olduğunu, sadəcə olaraq hazırda qeydiyyata düşməyə başqa ünvanının olmadığını, digər cavabdehlərin isə anası və oğlu olduğunu bildirmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 41 A məhəllə, ev 5 A, 7 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 1********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş 10 fevral 2022-ci il tarixli AN-İ seriyalı ******* saylı alqısatqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Sumqayıt şəhəri, 41 A məhəllə, ev 5 A, 7 saylı mənzili 38000 (otuz səkkiz) manata Cavabdeh1 almışdır. Həmin müqavilənin 13-cü bəndinə görə satıcı xx.xx.2022-ci il tarixədək satdığı evdən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Sumqayıt şəhəri, 41 A məhəllə, ev 5 A, 7 saylı mənzildə qeydiyyatdadırlar. Göründüyü kimi, İddiaçı adına Sumqayıt şəhəri, 41 A məhəllə, ev 5 A, 7 mənzilə dair hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verilməklə, o həmin evə mülkiyyət hüququ əldə etmişdir. Mənzilin əvvəlki ev sahibi və ailə üzvləri evi boşaldaraq mənzili İddiaçı təhvil vermiş, özlərinə isə başqa bir yaşayış yeri seçmişlər. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə istifadə hüququnun qalması İddiaçı göstərilən mənzillə bağlı mülkiyyət hüququnun həyata keçirilməsinə maneə yaradır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqlamüəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri , sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Həmin Qanunun 9-cu maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Belə məlumat olmadıqda isə, yaşayış yerini dəyişmiş şəxs məhkəmə qətnaməsi ilə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Məmmədcanov Ruhsarə Məmmədcan qızının Sumqayıt şəhəri, 41 A məhəllə, ev 5 A, 7 saylı mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır (217.4). Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Sumqayıt şəhəri, 41 A məhəllə, ev 5 A, 7 saylı mənzildən istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar