Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5034/2025 29.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı cavabdeh Mənsurzadə Firuzə Cəbrayıl qızına qarşı mənzilə istifadə hüququnun itirilməsi tələbinə dair iş üzrə (açar sözlər: mənzilə istifadə hüququnun itirilməsi) Giriş hissə: Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Mənsurzadə Firuzə Cəbrayıl qızına qarşı mənzilə istifadə hüququnun itirilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: a) iddia tələbi
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Mənsurzadə Firuzə Cəbrayıl qızının Sumqayıt şəhəri, 12-ci mkr, ev 1, 6 saylı mənzilə istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Mənsurzadə Firuzə ünvan 1 ünvanında yerləşən 6 saylı mənzilə yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi zəruridir. Sumqayıt Şəhər Məhkəməsinin 22 avqust 2019-cu il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Hələ cavabdehlə nikah münasibətlərinin pozulması barədə məhkəmə qətnaməsi çıxarılmamışdan əvvəl cavabdeh mübahisəli mənzili daimi və könüllü olaraq tərk etmişdir. 7 ildir ki, cavabdeh mübahisəli mənzillə əlaqəni kəsmişdir.
b) iddiaya etiraz
3. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.
c) məhkəmə icraatı iştirakçılarının izahatları
4. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq bildirdi ki, o, boşandıqdan sonra keçmiş həyat yoldaşına başqa ev vermişdir. Cavabdeh uzun müddətdir ki, həmin evdə yaşayır. O, hazırda cavabdehin özünün yaşadığı evdən istifadə hüququnun itirilmiş hesab edilməsini istəyir. Mübahisəli evi satmaq fikrindədir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə əsasən) xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Əsaslandırıcı hissə:
a) mülki işin materialları
6. xx.xx.2014-cü il tarixli mənzili bağışlama müqaviləsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X1 və Nümayəndə Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 1 ünvanında yerləşən 6 saylı mənzili İddiaçı bağışlamışlar.
7. RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 1 ünvanında yerləşən 6 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2014-cü il tarixdə qeydə alınmışdır.
8. RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 60 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2013-cü il tarixdə qeydə alınmışdır.
9. AZ-İ seriyalı, 467654 saylı nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İddiaçı və Mənsurzadə Firuzə Cəbrayıl qızı arasında olan nikaha Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən xx.xx.2023-cü il tarixdə xitam verilmiş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 585 nömrə ilə qeyd edilmişdir.
10. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2025-ci il tarixli, ******* nömrəli arayışından görünür ki, Mənsurzadə Firuzə Cəbrayıl qızı Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 1, 6 saylı mənzildə qeydiyyatdadır.
11. Sumqayıt Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsinin xx.xx.2025-ci il tarixli, 581/2- M-7403 nömrəli məktubdan görünür ki, İddiaçı hazırkı məsələ ilə bağlı məhkəməyə müraciət olunması tövsiyə edilmişdir.
12. Azərbaycan Respublikası Sumqayıt şəhər İHB-nin 3 nömrəli Sahə İƏD üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 77 nömrəli arayışından görünür ki, Mənsurzadə Firuzə Cəbrayıl qızı Sumqayıt şəhəri, Koroğlu prospekti, 12-ci mikrorayon, ev 1, 6 saylı mənzildə 2019-cu ildən yaşamır.
b) tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
14. «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokol: “1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.”
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
16. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il Qərarı: “Eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. İlk növbədə xüsusilə qeyd olunmalıdır ki, mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququ müxtəlif hüquqi kateqoriyalardır. ... mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır.”
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli Qərarı: “Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.”
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
d) məhkəmənin mövqeyi
20. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır.
21. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı və cavabdeh Mənsurzadə Firuzə Cəbrayıl qızı rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşlar. Tərəflər arasında nikah xx.xx.2019-cu il tarixli məhkəmə qətnaməsinə əsasən pozulmuşdur. Mübahisəli mənzil bağışlama qaydasında iddiaçıya verilmişdir və halhazırda da iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı cavabdehlə aralarında olan nikahın pozulduğunu, cavabdehin onun keçmiş ailə üzvü olmasını, həmçinin sonuncunun uzun müddət mübahisəli mənzildə yaşamadığını əsas gətirərək onun həmin mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsini xahiş edir.
22. Məhkəmə iddiaçının dəlilləri ilə razılaşaraq ilk növbədə bildirir ki, iş materiallarından tərəflər arasında mübahisəli yaşayış sahəsindən istifadə ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada hər hansı razılaşmanın olmadığı müəyyən edilir.
23. Belə olan halda məhkəmə hesab edir ki, mövcud münasibətlərin həlli zamanı Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq olunmalıdır.
24. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa, bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmanın hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər.
25. Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir.
26. Məhkəmə qeyd etməyi zəruri sayır ki, mübahisə predmeti olan mənzilin 2014-cü ildə bağlanmış bağışlama müqaviləsinə əsasən, əvəzsiz olaraq iddiaçıya bağışlanması, yəni iddiaçının həmin mənzili bağışlama müqaviləsi əsasında əldə etməsi və əmlakın birgə mülkiyyət hesab edilən kateqoriyaya aid olmaması, mənzil iddiaçının mülkiyyətinə keçdikdən sonra cavabdeh həmin mənzildə iddiaçı ilə birlikdə yaşadığından, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-30.2-ci maddələrinə müvafiq olaraq, onun həmin evdən istifadə hüququnun yaranması, lakin sonradan tərəflərin münasibətləri pozulduğundan və aralarında olan nikaha məhkəmə qaydasında xitam verildiyindən, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə, cavabdehin həmin mənzilə istifadə hüququnu itirməsi (ən geci nikahın pozulması dövlət qeydiyyatına alındığı gündən – xx.xx.2023-cü il tarixdən) və hazırda formal olaraq qeydiyyatda qalması müəyyən edilmişdir.
27. Cavabdehin uzun müddətdir ki, mübahisəli mənzildə yaşamaması və başqa mənzilə malik olması onun özünə başqa daimi yaşayış yeri seçdiyi və mənzilə ehtiyacının aradan qalxdığı qənaətinə gəlməyə imkan verir.
28. Məhkəmə, həmçinin, qeyd etməyi zəruri sayır ki, istifadə hüququ mülkiyyətçi ilə bu hüquqa malik şəxslər arasında davam edən, vaxtaşırı dəyişə və xitam verilə bilən münasibətlərlə bağlı olduğundan, həmişəlik və ya ehtiyat bir hüquq sayılmır. Yuxarıda da qeyd edildiyi kimi, cavabdeh hazırda iddiaçıya məxsus mənzildə yaşamır, sadəcə formal olaraq qeydiyyatda saxlanılır. Onun həmin evdən istifadə hüququ itirildiyi halda, formal olaraq hələ də qeydiyyatda qalması isə iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Qanunda nəzərdə tutulmuş əsaslar yarandıqda istifadə hüququn aradan qalxması (xətm olması) və ya itirilməsinin mümkün olması da məhz mülkiyyətçinin üstün hüquqlarının olması ilə əlaqəlidir.
29. Beləliklə, iddia təmin edilməli, cavabdeh Mənsurzadə Firuzə ünvan 1 ünvanında yerləşən 6 saylı mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir.
Nəticə hissəsi:
30. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. Mənsurzadə Firuzə ünvan 1 ünvanında yerləşən 6 saylı mənzilə istifadə hüququ itirilmiş hesab edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Pərvin İmamverdiyeva