Məhkəmə qərarları › İş №2(060)-5054/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5054/2022

09.08.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5054/2022 09.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı mənzil istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Sumqayıt şəhəri, 20-ci mikrorayonda yerləşən 126/1 saylı evə olan istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 20-ci mikrorayonda yerləşən 126/1 saylı ev mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin mənzil 2012-ci ildə alqı-satqı yolu ilə onun adına mülkiyyət kimi qeydiyyatdan keçmiş və bu barədə ona MA seriyalı, ******* saylı qeydiyyat vəsiqəsi verilmişdir. Cavabdehlərin pasport qeydiyyatları formal xarakter daşıyır. Cavabdehlərin sözügedən mənzilə qeydiyyatda olmağı onun mülkiyyəti üzərində sərəncam vermək hüquqlarını məhdudlaşdırır. Belə ki, o, mənzil və kommunal xidmətlər haqqını artıq məbləğdə ödəməyə məcbur olmuşdur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən məhkəmə hazırki mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, iş materiallarını tədqiq edərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 20-ci mikrorayonda yerləşən 126/1 saylı evin mülkiyyətçisi İddiaçıdur və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası DİN-nin ******* №-li, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Sumqayıt şəhəri, 20-ci mikrorayonda yerləşən 126/1 saylı evdə qeydiyyatdadırlar. - xx.xx.2013-cü il tarixli arayışdan görünür ki, İddiaçı Sumqayıt şəhəri, 20-ci mikrorayon, 126/1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 136 nömrəli vərəqində ********** nömrəsi ilə xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır. - ünvan 3 Notariat Ofisinin ünvan 2 ünvanlanan xx.xx.2022-ci il tarixli, 2573 №-li məktubundan görünür ki, ünvan 3 Notariat Kontorunun 2012-ci ilə dair sənədləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin arxivinə təhvil verildiyindən qeyd olunan alqısatqı müqaviləsi ilə bağlı sənədləri təqdim etmək imkan xaricindədir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt şəhəri, 20-ci mikrorayonda yerləşən 126/1 saylı evin mülkiyyətçisi İddiaçıdur. Cavabdehlər mübahisəli mənzildə pasport qeydiyyatında formal olaraq qalmışlar ki, bu da iddiaçının mülkiyyətində olan mənzilinə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur və artıq kommunal xərclərin meydana gəlməsi ilə nəticələnir. Cavabdehlər indiki mülkiyyətçinin ailə üzvləri deyil və müqavilə bağlananadək sözügedən mənzildə pasport qeydiyyatında olmuşlar. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 572.1-ci maddəsinə əsasən alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Göründüyü kimi, cavabdehlər mənzilin keçmiş sakinləridir. Formal olaraq qeydiyyatda qalmışdırlar. Bu da iddiaçının mülkiyyətində olan mənzilinə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur və artıq kommunal xərclərin meydana gəlməsi ilə nəticələnir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Odur ki, cavabdehlərin mənzildən istifadə hüququ itirilmiş hesab olunmalıdır. Hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehlərin mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Həmin qanunun 3-cü maddəsinə görə yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə- yalnız Azərbaycan Respublikasıvətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və müvafiq dövlət orqanına izah edilməsidir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzilə yaşayış sahəsinə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 234-234 və 360-cı maddələrinə əsasən, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Sumqayıt şəhəri, 20-ci mikrorayonda yerləşən 126/1 saylı evə istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar