Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5055/2022 11.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X4 oğlunun katibliyi, iddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərin Sumqayıt şəhəri, 45-ci məhəllə, ev 11b/15, mənzil 63-də yerləşən yaşayış sahəsində olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər XDS-in İcra Komitəsinin xx.xx.1986-cı il tarixli, 15 saylı qərarı ilə Cavabdeh1 ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, 45-ci məhəllə, ev 11b/15 ünvanda yerləşən yaşayış sahəsi 28,46 kv metr olan ikiotaqlı 63 saylı mənzilə köçmək üçün xx.xx.1986-cı il tarixli, 444 saylı order verilmişdir. Verilmiş order əsasında Cavabdeh1 ilə mənzil kirayə müqaviləsi bağlanmışdır. İddiaçı Cavabdeh1 ilə xx.xx.1990-cı il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və onun razılığı ilə icarədarın ailə üzvü kimi həmin mənzilə köçərək qeydiyyata düşmüşdür. 32 ildir ki, iddiaçı həmin mənzildə yaşayır və ondan istifadə edir. Cavabdeh1 ilə bir müddət birgə yaşadıqdan sonra valideyinləri xəstə və yaşlı olduğu üçün o, birinci nikahdan olan yetkinlik yaşına çatmayan iki övladı ilə birgə Rusiya Federasiyasına köçüb getmiş və yaşadığı mənzillə bütün əlaqələrini kəsmişdir. O vaxtdan iddiaçı icarədarın ailə üzvü kimi mənzil kirayə müqaviləsindən irəli gələn öhdəlikləri lazımınca yerinə yetirir. 30 il ərzində Rusiya Federasiyasında daimi yaşamaqla cavabdeh faktiki olaraq yaşayış sahəsinə olan hüququnu itirmişdir. Bu müddət ərzində o, bir dəfə də olsun mənzillə maraqlanmamış və mənzil kirayə müqaviləsindən irəli gələn vəzifələrini yerinə yetirməmişdir. İddiaçının nümayəndəsi, Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə göndərilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1962-ci ildə, Yardımlı rayonu, Bərcan kəndində anadan olmuşdur. O, Sumqayıt şəhəri, 45-ci məhəllə, ev 11b/15, mənzil 63-də qeydiyyatdadır. Sumqayıt şəhər XDS-in İcra Komitəsinin xx.xx.1986-cı il tarixli, 444 saylı notarial qaydada təsdiq edilmiş orderi ilə müəyyən edilir ki, Cavabdeh1 ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, 45-ci məhəllə, ev 11b/15 ünvanda yerləşən yaşayış sahəsi 28,46 kv metr olan ikiotaqlı 63 saylı verilmişdir. Orderdə iddiaçının ailə üzvləri kimi digər cavabdehlər göstərilmişdir. Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən iddiaçı ilə Cavabdeh1 xx.xx.1990-cı ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. 7 saylı Mənzil-Kommunal Sahəsinin 182 saylı, xx.xx.2021-ci il tarixli arayışına əsasən ünvan 1 ünvanında hal-hazırda iddiaçı yaşayır, cavabdehlər isə mənzildə qeydiyyatda olsalar da, orada yaşamırlar. Məhkəmə sorğusu əsasında məhkəməyə ünvanlanmış Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2022-ci il tarixli, 33/3683 nömrəli məktubunda cavabdehlər barəsində dəqiq təyinedici məlumatlar (doğum tarixi, pasport nömrəsi) olmadığından sorğunun cavablandırılmasının imkan xaricində olduğu qeyd edilmişdir. İşdə olan 7 saylı Mənzil-Kommunal sahəsi tərəfindən təsdiq edilmiş və ünvan 2 ünvanında yaşayan X1 və ünvan 3 ünvanında yaşayan qonşu X2 tərəfindən tərtib edilərək imzalanmış akta əsasən cavabdehlər mübahisəli mənzildə yaşamırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İşdən göründüyü kimi mübahisəli mənzil order əsasında xx.xx.1986-cı il tarixində Cavabdeh1 ailə üzvləri ilə birlikdə verilmişdir. İddaçı isə 1990-cı ildə Cavabdeh1 ilə nikaha daxil olaraq həmin mənzilə köçmüşdür. Bu səbəbdən hazırkı mübahisəyə həmin dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Həmin Mənzil Məcəlləsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir (51). İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar (53). İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır (60). Müəyyən edilmişdir ki, cavabdehlər artıq mübahisəli mənzildə yaşamırlar və onların başqa yaşayış yerləri vardır. Cavabdehlərin mübahisəli mənzilə yaşayış sahəsi kimi ehtiyacları aradan qalxmışdır. Bu səbəbdən iddia təmin edilməli və cavabdehlərin mübahisəli mənzilə istifadə hüququna xitam verilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarından biri onun barəsində yaşayış sahəsindən çıxarılma və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamənin olmasıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Sumqayıt şəhəri, 45-ci məhəllə, ev 11b/15, mənzil 63 ünvanına istifadə hüquqları itirilmiş hesab olunsun. Hazırkı qətnamə göstərilən şəxslərin həmin mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-5055/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5055/2022
11.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver