Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5195/2024 10.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirlimiş hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, Cavabdeh və onun azyaşlı övladı xx.xx.2016-cı il təvəllüdlü Rüstəmli Uğur Tural oğlunun Sumqayıt şəhəri, Corat qəsəbəsi, məhəllə 74 ünvanında yerləşən ev 100Q-dən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, məhəllə 74 ünvanında yerləşən, ev 100Q mülkiyyət hüququ ilə ona məxsusdur. Sözügedən evə görə ona qeydiyyat vəsiqəsi verilmişdir. Cavabdeh onun qızıdır. Həmçinin mülkiyyətçisi olduğu evdə cavabdehin övladı da (xx.xx.2016-cı il təvəllüdlü Rüstəmli Uğur Tural oğlu) qeydiyyatdadır. Qızı və onun övladı mülkiyətində olan fərdi evdə 30 oktyabr 2012-ci ildən yaşamırlar. Bunu tərtib olunmuş xx.xx.2024-cü il tarixli akt təsdiq edir. Cavabdehin və onun övladının mənzilində qeydiyyatda olması mənzil üzərində hüququnun həyata keçirilməsinə mane olur, əlavə xərclər çəkilməsinə səbəb olur. Onların qeydiyyatları formal xarakter daşıyır.
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, qızına 3 otaqlı ev almışdır. O, hal-hazırda həmin evdə yaşayır. Qızı ilə münasibətləri yaxşıdır. Gəliş-gedişi var. Qızı qeydiyyatdan çıxmağa etiraz etmir. Lakin həyat yoldaşı etiraz edir.
4. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh nümayəndəsi X6 izahatında bildirdi ki, 11 ildir ki, Cavabdeh ilə evlidirlər. Cavabdeh 2012-ci ildən mübahisəli mənzildə yaşamır.
Tədqiq olunan sübutlar:
5. Sumqayıt şəhər X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 74-cü məhəllədə yerləşən 2 otaqlı, yaşayış sahəsi 50.12 kv.m, köməkçi sahəsi 47.22 kv.m-dən ibarət olan 100Q nömrəli yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır.
6. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı, Cavabdeh, X1, X5, Rüstəmli Uğur Tural oğlu ünvan 1 ünvanında qeydiyyatdadırlar.
7. Sumqayıt şəhəri, Corat qəsəbəsi sakinləri – X3, X7, X13 tərəfindən tərtib edilmiş və Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbə İƏD-i üzrə nümayəndəsi Elvaris Əliyev tərəfindən təsdiq olunmuş 21 iyun 2024-cü il tarixli aktdan görünür ki, ünvan 1 saylı fərdi yaşayış evi İddiaçı adınadır, qeydiyyatdadır, yaşayır, ünvan 1 ünvanında Cavabdeh qeydiyyatda olsa da, 30 oktyabr 2012-ci il tarixdən oğlu xx.xx.2016-cı il təvəllüdlü Rüstəmli Uğur Tural oğlu anadan olduğu tarixdən hal-hazırki vaxta kimi bu ünvanda yaşamırlar.
8. AZ-İ 809128 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə Cavabdeh arasında 06 noyabr 2012-ci il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 1929 nömrəsi ilə qeydiyyat aparılmışdır.
Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
10. Azərbaycan Respublikası Konstitusiyasının:
-13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. -29-cu maddəsinin 3-cü hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
11. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. -228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. -228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
12. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarı.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
13. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, iddiaçını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməlidir.
14. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, məhəllə 74 ünvanında yerləşən 100Q saylı ev İddiaçı mülkiyyətindədir. İddiaçı həmin mənzil üzərində mülkiyyət hüququ Sumqayıt şəhər X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsində 15 dekabr 1989-cu il tarixli protokol əsasında qeydə alınmışdır. Həmin mənzildə İddiaçı ilə yanaşı qızı Cavabdeh və nəvəsi Rüstəmli Uğur Tural oğlu da qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş AZ-İ 809128 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə Cavabdeh arasında 06 noyabr 2012-ci il tarixdə rəsmi nikah bağlanmışdır. Göründüyü kimi cavabdeh faktiki olaraq iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən çıxıb getməklə (ailə həyatı qurmaqla evi tərk etmiş, özünə məxsus mənzildə yaşayır) həmin mənzildə yaşamır. Hal-hazırda İddiaçı Cavabdeh və onun övladı Rüstəmli Uğur Tural oğlunun sözügedən mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir.
15. Məhkəmə cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi məsələsinə qiymət verməzdən əvvəl, ümumiyyətlə onun həmin yaşayış sahəsinə münasibətdə istifadə hüququnun yaranıb-yaranmaması (mövcud olub-olmaması) məsələsinin araşdırılmasını zəruri hesab edir. Belə ki, mövcud olmayan hüququn itirilmiş hesab edilməsindən söhbət gedə bilməz.
16. Bu baxımdan məhkəmə hesab edir ki, ilk növbədə hazırki işə tətbiq edilməli olan hüquq norması müəyyən edilməlidir. Buna görə də tərəflər arasında sözügedən mənzilə dair hüquq münasibətinin hansı dövrdə yaranmasının müəyyən edilməsi zəruridir.
17. İş materiallarından görünür ki, İddiaçı həmin mənzil üzərində mülkiyyət hüququ Sumqayıt şəhər X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsində 15 dekabr 1989-cu il tarixli protokol əsasında qeydə alınmışdır.
18. Məhkəmə qeyd edir ki, əgər yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə bağlı hüquq münasibətləri 01 sentyabr 2000-ci ilədək, yəni hazırkı Mülki Məcəllə qüvvəyə minənədək yaranmışdırsa, onda belə münasibətlərdən irəli gələn mübahisələrə 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olmuş 1982-ci il tarixli Mənzil Məcəlləsinin 53 və ya 123- cü maddələrinin tələblərinə görə baxılır.
19. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq olunmalıdır.
20. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı və onun ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
21. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən, altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində 6 ay və daha uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.
22. Mübahisənin həlli, yəni cavabdehin mübahisəli mənzildən olan istifadə hüququnun itirilib-itirilməməsinin müəyyən edilməsi üçün onun bu yaşayış sahəsini tərk etməsinin səbəbləri araşdırılmalı və bu tərk etmənin daimi və yaxud müvəqqəti əsaslarla olmasına qiymət verilməlidir.
23. Belə ki, bu münasibətləri tənzimləyən yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri baxımından bu kateqoriya işlər üzrə əsas şərt icarəçi və ya qeydiyyatda olan şəxslərin mənzildə 6 ay və daha artıq müddətdə üzrsüz səbəbdən yaşamamasını və hüquqları mübahisələndirilən şəxslərin başqa yerdə daimi yaşayış yerlərinin olmasını sübut etməkdir.
24. Məhkəmə cavabdehin mübahisəli mənzildə yaşamamasının səbəblərini araşdıraraq hesab edir ki, cavabdehin uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı bir üzrlü səbəblərlə əlaqədar olmayıb, onun daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməsi ilə əlaqədardır. Ona görə ki, işin materialları ilə mübahisəsiz şəkildə təsdiq olunur ki, cavabdeh mübahisəli mənzildən köçüb getmiş və daimi başqa yaşayış yeri seçməklə, mübahisəli mənzillə əlaqəsini kəsmişdir. Odur ki, cavabdehin uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı üzrlü səbəblə əlaqədar ola bilməz.
25. Bundan başqa, həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hazırki cavabdehin övladı Rüstəmli Uğur Tural oğlu da həmin ünvanda qeydiyyata düşmüş və anasının himayəsindədir. Bu halda cavabdehin mənzilə istifadə hüququna xitam verildiyindən onun övladının da yaşayış yeri anasının yanı olduğundan övladının qeydiyyatda qalması da hüquqaziddir.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2016-cı il təvəllüdlü Rüstəmli Uğur Tural oğlunun da sözügedən mənzilə istifadə hüququna xitam verilməlidir.
27. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək qeyd edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh və Rüstəmli Uğur Tural oğlunun Sumqayıt şəhəri, Corat qəsəbəsi, məhəllə 74 ünvanında yerləşən 100Q saylı evdən istifadə hüququna xitam verilməlidir.
Nəticə:
28. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh və onun yetkinlik yaşına çatmayan oğlu Rüstəmli Uğur Tural oğlunun Sumqayıt şəhəri, Corat qəsəbəsi, məhəllə 74 ünvanında yerləşən 100Q saylı evə istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva