Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5228/2021 03.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə 03 avqust 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" MMC-yə məxsus olan, PRT/C-04448/09 saylı könüllü sığorta müqaviləsi ilə "xxxx" ASC tərəfindən sığorta olunmuş "Siyəzən” yanacaqdoldurma məntəqəsinə vurulmuş ziyana görə ödənilmiş 1000 (bir min) manat sığorta ödənişini və məhkəmənin hesabına köçürülmüş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh tutularaq İddiaçı ASC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, “Opel Vectra“ markalı, **-CB- *** dövlət qeydiyyat nişanlı avtomobil, sahibi tərəfindən "xxxx" ASC-də 25.08.2009-cu il tarixdən 25.08.2010-ci il tarixədək "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" haqqında AA ******* nömrəli şəhadətnamə ilə sığortalanmışdır. Cavabdeh etibarnamə və avtonəqliyyat vasitələrini idarə etmək hüququ olmadan, sərxoş vəziyyətdə 06.01.2010-cu il tarixdə, Opel Vectra" markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək, yol hərəkəti qaydalarını pozmuş, “Azpetrol LTD" MMC-yə məxsus olan, PRT/C-04448/09 saylı könüllü sığorta müqaviləsi ilə "xxxx" ASC tərəfindən sığorta olunmuş “Siyəzən'' yanacaqdoldurma məntəqəsinin yanacaq pompasına və onu üzərində olan reklam lövhəsinə çırpılaraq ziyan vurmuşdur. Hadisə Siyəzən RPŞ tərəfindən qeydə alınmış, cinayət işi başlanmasının rədd edilməsi və cavabdehin barəsində inzibati tənbeh tətbiq edilməsi barədə 14 yanvar 2010-cu il tarixli qərar qəbul edilmişdir. Araşdırma zamanı miiəyyən olmuşdur ki, cavabdeh sürücülük hüququ və etibarnamə olmadan avtomobili idarə edib, yol-nəqliyyat hadisəsini törətmişdir. Sürücülük hüququnun olmamasını cavabdehin özü də etiraf etmişdir (izahatın surəti əlavə olunur). PRT/C- 04448/09 saylı sığorta müqaviləsinə və N PRT-002/2010 saylı sığorta aktına əsasən "Azpetrol LTD” MMC-yə məxsus pompanın dəyişdirilməsi və onun üzərində olan reklam lövhəsinin təmiri "xxxx" ASC tərəfindən sığorta müqaviləsinə əsasən 6 257 manat məbləğdə sığorta ödənişi həyata keçirilmişdir. 22.01.2018-ci il tarixdə "xxxx" ASC subqroqasiya qaydasında "Azsığorta” ASC-yə müraciət edərək Azərbaycan Respublikası Mülki Məcəlləsi 936.1-ci və "İcbari Sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddələrinə əsasən 1000 manat məbləğində "xxxx" ASC-nin bank hesabına ödənilməsini xahiş etmişdir. "xxxx" ASC həmin məbləği "06.03.2018-ci il tarixdə "xxxx" ASC-nin bank hesabına 1000 manatı ödəmişdir. "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” haqqında AD 408929 nömrəli şəhadətnaməyə əsasən "xxxx" ASC tərəfindən vurulmuş ziyana görə avtomobilin sahibinə 5000 manat məbləğində sığorta ödənişi edilmişdir. Qeyd olunan yol-nəqliyyat hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına, 1250 manat məbləğində ödəniş edildiyinə görə "xxxx" ASC-nin cavabdehdən həmin məbləği subqroqasiya qaydasında tələb etmək hüququ yaranır. Cavabdeh etibarnamə və avtonəqliyyat vasitələrini idarə etmək hüququ olmadan "Opel Vectra” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək yol nəqliyyat hadisə törətdiyi üçün "AZSİĞORTA” ASC-nin Cavabdeh qarşı üçüncü şəxsə vurulmuş ziyana görə ödənilmiş məbləği subroqasiya qaydasında tələb etmək hüququ yaranmışdır. Ona görə də İddiaçı ASC iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ASC eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında nümayəndə qismində iştirak etmək imkanları olmadığından, iddia tələbini müdafiə etdiklərini və göndərdikləri sübutlar əsasında iştirakları olmadan işə baxaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5 və 185.6-cı maddələrinə əsasən məhkəmə işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmənin 06.07.2021-ci il tarixli iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, iddia tələbi tamamilə əsassızdır. Belə ki, bu hadisə 11 il əvvəl baş vermişdir. Hazırki tələb üzrə iddia müddəti ötürüldüyündən iddia təmin edilməməlidir. Qeyd etdiklərinə əsasən, o, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan İddiaçı ASC-nin 06.03.2018-ci il tarixli, 1008/FY/CML- 0311/2018 saylı sığorta aktından görünür ki, “Opel Vectra“ markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən 25.08.2009-cu il tarixdən 25.08.2010-ci il tarixədək icbari sığorta növü üzrə sığortalanmışdır. Sığortalı avtomobil 06.01.2010-cu il tarixdə, “Azpetrol LTD" MMC-yə məxsus olan “Siyəzən'' yanacaqdoldurma məntəqəsinin yanacaq pompasına və onun üzərində olan reklam lövhəsinə çırpılaraq ziyan vurmuşdur. Yanacaq pompasına və onun üzərində olan reklam lövhəsinə yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq vurulmuş zərər 11257 manat qiymətləndirilmişdir. Bununla əlaqədar 1000 manat sığorta ödənişi "xxxx" ASC-nin hesabına köçürülmüşdür. İşdə olan 121 nömrəli 11.02.2010-cu il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə "Siyəzən” yanacaqdoldunma məntəqəsinə dəymiş zərərlə bağlı 6257,43 manat ödəniş həyata keçirilmişdir. "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 18.01.2018-ci il tarixli 05/01-92 saylı məktubdan görünür ki, 06 yanvar 2010-cu il tarixində, saat 00:45 radələrində mülki məsuliyyəti "xxxx" ASC-də sığorta olunmuş (nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında şəhadətnaməsi AA2336763) “Opel Vectra” markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi yol hərəkəti qaydalarını pozmuş və "xxxx" MMC-yə məxsus olan, PRT/1C-04448/09 saylı könülü sığorta şəhadətnaməsi ilə “Xalq Sığorta’’ ASC-də sığorta olunmuş, "Siyəzən” yanacaqdoldunma məntəqəsinin yanacaq pompasına və onun üzərində olan reklam lövhəsinə çırpılaraq maddi ziyan vurmuşdur. PRT/1C-04448/09 saylı sığorta şəhadətnaməsinə və PRT- 002/2010 saylı sığorta aktına əsasən "Azpetrol LTD” MMC-yə məxsus pompanın dəyişdirilməsi və onun üzərində olan reklam lövhəsinin təmiri ilə bağlı "xxxx" ASC tərəfindən 6 257,43 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1 və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddələrinə əsasən, 1000,00 (bir min) manat məbləği "xxxx" ASC-nin aşağıda göstərilən bank hesabına köçürülməsinə dair sərəncam verilməsini xahiş edir. İşdə olan 14 yanvar 2010-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən baş vermiş yol nəqliyyat hadisəsi faktında cinayət tərkibi olmadığından həmin faktla əlaqədar toplanmış materialları üzrə cinayət işi başlanması rədd edilmiş, xx.xx.1982-ci il təvəllüdlü, Siyəzən şəhəri, İ.Qayıbov küçəsi ev 6-da yaşayan Cavabdeh əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 151.3, 152-2.3 maddələrinin əlamətləri olduğundan barəsində inzibati tənbeh tətbiq edilməsi üçün qəbul edilmiş qərar Siyəzən RPŞ-nə göndərilmişdir. İşdə olan Alkoqolun qəbulu faktı və vəziyyətini təyin edən 06.01.2010-cu il tarixli 08 nömrəli protokolun surətindən görünür ki, Cavabdeh yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. İş materiallarında olan 14.03.2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən "xxxx" ASC-yə 1000 manat ödəniş edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 06.01.2010-cu il tarixdə Cavabdeh etibarnamə və avtonəqliyyat vasitələrini idarə etmək hüququ olmadan, sərxoş vəziyyətdə “Opel Vectra" markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozmuş, “Azpetrol LTD" MMC-yə məxsus olan “Siyəzən'' yanacaqdoldurma məntəqəsinin yanacaq pompasına və onun üzərində olan reklam lövhəsinə çırpılaraq ziyan vurmuşdur. Hazırda iddiaçı sığorta şirkəti yanacaqdoldurma məntəqəsinin yanacaq pompasına və onun üzərində olan reklam lövhəsinə dəymiş zərərin aradan qaldırılması üçün ödənilmiş 1000 manat sığorta ödənişinin cavabdehdən tutulması barədə iddia qaldırmışdır. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddəti anlayışının tətbiqi ilə bağlı qeyd edilir ki, “iddia müddətinin əhəmiyyəti bunlardır: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır (377.1). İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır (377.2). İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır (377.3). Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarından görünür ki, Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə tələb cavabdehin vurduğu ziyanla bağlı olduğundan iddiaçının tələbinə ümumi, yəni on illik iddia müddəti şamil edilməlidir. Məhkəmə qeyd edir ki, mübahisənin qanuni həlli baxımdan iddia müddətinin axımının başlanmasının müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. İş materiallarından görünür ki, sözügedən sığorta hadisəsi 06.01.2010-cu il tarixdə baş vermişdir. İddiaçı sığorta şirkəti cavabdehin etibarnamə və avtonəqliyyat vasitələrini idarə etmək hüququ olmadan, sərxoş vəziyyətdə sözügedən hadisəni törətdiyini, cavabdehə qarşı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsinə əsasən (o cümlədən həmin vaxt qüvvədə olan “Azərbaycan Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında” Qanunun 23cü maddəsinə əsasən) subroqasiya hüququnun yaranıb-yaranmadığını, dəymiş ziyanın məbləğini, yəni ziyanın sığorta müqaviləsi ilə əhatə olunub-olunmadığını 06.01.2010-cu il tarixdə bilmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı şirkət sığorta fəaliyyətini peşəkar şəkildə həyata keçirən hüquqi şəxs olduğundan o, öz hüququnun pozulduğunu 06.01.2010-cu il tarixdən bilməli olmuşdur. Məhkəmə onu da qeyd edir ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin "Siyəzən” yanacaqdoldurma məntəqəsinə 6257,43 manat dəymiş zərər 11.02.2010-cu il tarixdə ödənilmişdir. Lakin İddiaçı ASC tərəfindən 1000 manat məbləğində sığorta ödənişi "xxxx" ASC-nin məktubu əsasında hadisənin baş verdiyi vaxtdan 8 il sonra, 14.03.2018-ci il tarixdə ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia müddətinin axımı hadisənin baş verdiyi tarixdən hesablanmalı olduğundan qeyd edilən hal iddia müddətinin axımının kəsilməsinə səbəb ola bilməz. Odur ki, məhkəmə hesab edir ki, iddia müddətinin başlanğıcı 06.01.2010-cu il tarixdən hesablandıqda, iddia müddəti 06 yanvar 2020-ci ildə bitmiş, iddiaçı şirkət isə hazırkı iddia ərizəsi ilə məhkəməyə 31.05.2021-ci il tarixdə müraciət etməklə, qanunla müəyyənləşdirilmiş 10 illik iddia müddətini ötürmüşdür. Bu səbəbdən İddiaçı ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-5228/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5228/2021
03.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver