Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5229/2021 06.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair mülki işə 06 iyul 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq, "xxxx" ASC tərəfindən "Hundai Accent” markalı **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə avtomobilin sahibinə ödənilmiş görə 3898 manat və məhkəmənin hesabına köçürülmüş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müşətərək qaydada tutularaq "AZSİĞORTA” ASC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "Hundai Sonata" markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobil “AZSİĞORTA" ASC-də 05.10.2012-ci il tarixdən 04.09.2013-cıi tarixədək "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" haqqında AA 742942 nömrəli şəhadətnamə ilə sığortalanmışdır. Cavabdeh1 sürücülük hüququ olmadan digər Cavabdeh2 sahibliyində olmuş "Hundai Sonata" markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobili 15.08.2013-cü il tarixdə idarə edərək Bakı şəhəri, S.Rəhimov küçəsində yol-nəqliyyat hadisəsi törətmiş, X2 məxsus olmuş ''Hundai Accent” markalı **-SP-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə həmin avtomobilə maddi ziyan vurulmuşdur. Hadisə Nəsimi RPİ-nin DYPŞ tərəfindən qeydə alınmış, BYP 267320 nömrəli, 15.08.2013-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23.08.2013-cü il tarixli, 3(006)-1265/2013 saylı qərarı ilə Cavabdeh1 İXM-nin 152.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 7 gün müddətinə inzibati qaydada həbs edilmişdir. "Avto Fiks” şirkət tərəfindən "Hundai Accent" markalı **-SP-*** dövlət nömrə nişanlı avtomobilə vurulmuş maddi ziyan 3898 manat məbləğində müəyyən edilmiş və "xxxx" ASC həmin məbləğdə pulu sığorta ödənişi kimi avtomobilin sahibinə ödəmişdir. Sürücülük hüququ olmadan avtomobili idarə edib hadisə törətdiyinə görə həm Cavabdeh1 ilə yanaşı həmin avtomobili icarəyə, yəni sahibliyində olmuş Cavabdeh2 həmin avtomobili idarə etmək üçün Cavabdeh1 verdiyinə görə subsidiar mülki məsuliyyət daşıyır. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirdi ki, o Cavabdeh1 tanımır. İddiaçı illər öncə də bu tələblə məhkəməyə müraciət etmişdir. Lakin sonradan iş baxılmamış qalmışdır. Mülkiyyətində olan "Hundai Sonata" markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobili illər öncə başqa bir şəxsə etibarnamə ilə idarə etmək üçün vermişdir. Sonradan ona məlum olmuşdur ki, həmin şəxs onun avtomobilini etibarnamə əsasında bir neçə şəxsə satmışdır. Bunu bildikdən sonra o bütün etibarnamələri ləğv etdirmişdir. "Hundai Sonata" markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilin tapılması və üzərinə həbs qoyulması üçün dövlət yol polis idarəsinə müraciət etmişdir. Sonda avtomaşını tapmaq mümkün olmuşdur. Hazırda həmin avtomaşın onun mülkiyyətindədir, sadəcə olaraq o avtomaşının dövlət nömrə nişanını dəyişmişdir. Hazırki qəzanın törədilməsində onun heç bir təqsiri olmadığından iddia ona münasibətdə təmin edilməməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh1 iş materiallarında olan poçt ünvanına məktub ünvanlanmış, məktub üzərində “Bu ünvanda yaşamır” poçt qeydi yazılaraq məhkəməyə geri qaytarılmışdır. Eyni zamanda cavabdehin adına elektron informasiya sistemində müəyyən edilmiş əlaqə nömrələrinə sms bildiriş göndərilməsi mümkün olmamışdır (çatdırılmamışdır). Bu səbəbdən Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə iddiaçının nümayəndəsinin və Cavabdeh1 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan İddiaçı ASC-nin 25.09.2013-cü il tarixli, 3202/CML-2681/2013 saylı sığorta aktından görünür ki, "Hundai Sonata" markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı ASC tərəfindən 05.09.2012-ci il tarixdən-04.09.2013-cü il tarixədək icbari sığorta növü üzrə sığortalanmışdır. Sığortalı avtomobil 15.08.2013-cü il tarixdə ''Hundai Accent” markalı **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəqliyyat vasitəsinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq vurulmuş zərər 3898 manat qiymətləndirilmişdir. İş materiallarında olan “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən 23.08.2013-cü il tarixli, 7827 saylı arayışdan müəyyən olunur ki, 15.08.2013-cü il tarixdə saat 15:30 radələrində Bakı şəhəri, S.Rəhimov küçəsində Cavabdeh1 idarə etdiyi "Hundai Sonata" markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 məxsus olmuş ''Hundai Accent” markalı **-SP-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPŞ-nin 15.08.2013-cü il tarixli inzibati xəta haqqında iş üzrə protokolunun surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 152.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdə olan Nəqliyyat vasitəsinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə Avto Fiks tərəfindən verilmiş 11.09.2013-cü il tarixli hesabatdan görünür ki, ''Hundai Accent” markalı **-SP-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərin həcmi ümumilikdə 3898 manat məbləğində müəyyən edilmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 23.08.2013-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarının surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 152.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 7 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İş materiallarında olan 25.09.2013-cü il tarixli, 5773 saylı ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən X1 3898 manat ödəniş edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 15.08.2013-cü il tarixdə Cavabdeh1 idarə etdiyi "Hundai Sonata" markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobillə ''Hundai Accent” markalı **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Bu zaman onun sürücülk hüququ olmamışdır. Hazırda iddiaçı sığorta şirkəti ''Hundai Accent” markalı **-SP-*** avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün ödənilmiş 3898 manat sığorta ödənişinin cavabdehlərdən tutulması barədə iddia qaldırmışdır. Mülki hüququn ən vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir. Delikt öhdəliyi aşağıdakı xüsusiyyətlər ilə səciyyələnir: - qanundan əmələ gəlməsi; - həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi; - zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108-ci maddəsi ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə vurulmuş zərərə görə məsuliyyəti müəyyən edir. Bu Məcəllənin 1108.3-cü maddəsində yüksək təhlükə mənbələrinin (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) qarşılıqlı təsiri nəticəsində dəymiş zərərin əvəzinin ümumi əsaslarla onların sahiblərinə ödənilməsi nəzərdə tutulmuşdur. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göründüyü kimi zərərçəkmişə dəymiş zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə ya mülkiyyət hüququ ilə sahiblik edən şəxsin, ya da nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur (936.1). Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir (936.2). Faydalanan şəxs sığorta ödənişini aldıqda, subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir (936.3). “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. İşin mübahisələndirilməyən hallarından göründüyü kimi "Hundai Sonata" markalı, **- CV-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi Cavabdeh1 tərəfindən 15.08.2013-cü il tarixdə törədilmiş, hadisə törədilən vaxt sürücünün sürücülük hüququ olmamışdır. Beləliklə yol-nəqliyyat hadisəsi Cavabdeh1 tərəfindən törədildiyindən və həmin hadisədə onun təqsirli olması öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 münasibətdə təmin edilməli, Cavabdeh2 münasibətdə isə iddia təmin edilməməlidir. Belə ki, Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Hazırki iş üzrə yol-nəqliyyat hadisəsi törətmiş avtomobilin idarə edilməsi riskini Cavabdeh1 daşımışdır. Məhkəmə hesab edir ki, Cavabdeh1 avtomobili idarə etməsində avtomobilin mülkiyyətçisi Cavabdeh2 hər hansı təqsiri olması iş materialları ilə müəyyən edilmir. Belə ki, Cavabdeh1 sözügedən avtomobili Cavabdeh2 razılığı və xəbəri olmadan idarə etmişdir. Nəticədə hadisəni Cavabdeh1 törətmiş, avtomobil hadisə zamanı faktiki olaraq Cavabdeh1 istifadəsində olmuşdur. İnzibati xəta haqqında protokol da Cavabdeh1 barəsində tərtib edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, vurulmuş zərərdə təqsiri olmayan Cavabdeh2 üzərinə zərərin əvəzini ödəmək vəzifəsi qoyula bilməz. Beləliklə məhkəmə hesab edir ki, zərərçəkənə dəymiş zərərin əvəzini ödədiyindən və tələb etmək hüququ ödənilmiş məbləğ həddində iddiaçıya keçdiyindən sözügedən zərərin aradan qaldırılması üçün iddiaçı sığorta şirkəti ödədiyi 3898 manat sığorta ödənişini Cavabdeh1 tələb etməkdə haqlıdır. Ona görə də iddia tələbi bu hissədə təmin edilməlidir. Məhkəmə həmçinin AR MPM-nin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 30 manat dövlət rüsumu da Cavabdeh1 alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 3898 (üç min səkkiz yüz doxsan səkkiz) manat sığorta ödənişi məbləği və 30 (otuz) manat dövlət rüsumu olmaqla, ümümilikdə 3928 (üç min doqquz yüz iyirmi səkkiz) manat pul tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-5229/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5229/2021
06.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver