Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5292/2022 26.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı1, İddiaçı2 nümayəndəsi və vəkili Qasımov Salman Elman oğlunun iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına və Sumqayıt “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsinə qarşı “uşağın adının dəyişdirilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına və Sumqayıt “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsinə qarşı “uşağın adının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladı xx.xx.2020-ci il təvəllüdlü X1 adının “Məhəmməd”dən “Muhəmməd”ə dəyişdirilməsinə icazə verilməsinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar, xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X3 olmaqla iki övladları var. Onlar uşaqlarının adını “Muhəmməd” qoymaq istəyirdilər. Lakin Sumqayıt ‘ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsindən onlara bildirilmişdir ki, “Muhəmməd” adı qadağan olunmuş addır. Ona görə də uşağa “Muhəmməd” adı ilə doğum haqqında şəhadətnamə verilə bilməz. Bu səbəbə görə də qeydiyyat şöbəsi uşağın adını “Məhəmməd” kimi qeyd etməyi təklif etmiş və uşağın doğumunu qeydə alaraq akt qeydində uşağın adını “Məhəmməd” kimi qeyd etmişlər. Lakin onlar bununla razı deyillər. Çünki ölkədə “Muhəmməd” adını daşıyan kifayət qədər insan var. Ona görə də hesab edirlər ki, uşağın adı dəyişdirilməli və uşağa “Muhəmməd” adı qoyulmalıdır. Bunun üçün onlar Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına da müraciət etmişlər. Lakin müraciətlərinə müsbət cavab verilməmiş və onlara məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Hesab edirlər ki, cavabdehlərin hərəkətləri qanunsuz və əsassızdır. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı1 eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı2 nümayəndəsi və vəkili Vəkil digər iddiaçı tərəfindən verilən izahatı müdafiə etdiyini bildirdi. Əlavə olaraq göstərdi ki, mübahisələndirilən məqamla bağlı Konstitusiya məhkəməsinin Qərarı vardır və statistikaya əsasən “Muhəmməd” adı 2021-ci ildə 14 nəfərə verilmişdir. Qeyd etdiyi halların nəzərə alınaraq iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehlərin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda şərh olunanlarla əsaslandırır. Mülki iş materiallarında olan: AZ-İ seriyalı, 622814 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı1 və İddiaçı2 arasında Sumqayıt şəhər qeydiyyat şöbəsində xx.xx.2010-cu il tarixdə 1729 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. AZ-İV seriyalı 428835 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 xx.xx.2020-ci ildə Bakı şəhərində anadan olmuş, atası İddiaçı1, anası İddiaçı2dır. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş № A-293-164, xx.xx.2021-ci il tarixli məktubun məzmunundan görünür ki, qeyd olunan ad Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Azərbaycan şəxs adları barədə məlumat” siyahısında göstərilmədiyi üçün və azyaşlının mənafeyini nəzərə alaraq adının qeyd olunan ada dəyişdirilməsi şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən məqsədəmüvafiq hesab edilməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 05/Q-169-76 saylı məktubdan görünür ki, X1 adının “Muhəmməd” dəyişdirilməsi ilə bağlı müraciəti qeydiyyat orqanında təmin edilməsi qanunvericiliyə əsasən mümkün deyildir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-885/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1na və Sumqayıt “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsinə qarşı “övladları xx.xx.2020-ci il təvəllüdlü X1 adının “Məhəmməd”dən “Muhəmməd”ə dəyişdirilməsinə icazə verilməsinin cavabdehlərin üzərinə qoyulması” barədə iddiası inzibati icraat qaydasında baxılmalı olan iddia olmadığından mümkün sayılmaması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 2-1(105)-343/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 885/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(060)-5292/2022 saylı sorğusuna Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarınının Reyestri xidməti tərəfindən verilmiş 05/2-7605/13 saylı 17 sentyabr 2022-ci il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Respublikasi Prezidentinin 23 may 2012-ci il tarixli 2236 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası (bundan sonra - Komissiya) yaradılmışdır. Komissiya haqqında Əsasnamənin 2.1.11-ci yarımbəndi ilə orfoqrafiya lüğətinin təkmilləşdirilməsi məqsədi ilə yeni terminlərin, coğrafi adların və şəxs adlarının verilmə prinsiplərinin müəyyənləşdirilməsi onun əsas vəzifələrindən biri kimi təsbit edilmişdir. Doğumun qeydiyyatı zamanı valideynlər “Məhəmməd” adının müxtəlif formalarda yazılmasını tələb etdiklərindən 2016-cı ildə Nazirlik tərəfindən bu adın yazılış qaydası ilə bağlı Komissiyaya sorğu ünvanlanmış, xx.xx.2016-cı il tarixli cavab məktubunda həmin adın onomastik adlar sistemində ənənəvi fonetik prinsipə əsasən düzgün yazılış formasının “Məhəmməd” və “Məmməd” olduğu, digərlərinin isə Azərbaycan dilinin ədəbi dil normalarına uyğun olmaması əsası ilə qəbul edilmədiyi bildirilmişdir. Eyni zamanda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının adları, atalarının adları və soyadları dövlət dilində yazılır. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Naziliyinin “Azərbaycan şəxs adları barədə məlumat” siyahısından görünür ki, “Muhəmməd” adı son beş il üzrə 36 nəfərə verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçılar birgə nikahdan olan yetkinlik yaşına çatmayan övladları xx.xx.2020-ci il təvəllüdlü Məhəmmədin adının “Muhəmməd” adı ilə dəyişdirilməsi ilə əlaqədar cavabdeh Sumqayıt “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin uşağın adının dəyişdirilməsindən imtina edilmişdir. Bundan sonra iddiaçılar tərəfindən digər cavabdeh qismində çıxış edən Cavabdeh1na müraciət edilmiş, lakin Komissiya Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Azərbaycan şəxs adları barədə məlumat” siyahısında göstərilmədiyi üçün və azyaşlının mənafeyini nəzərə alaraq adının qeyd olunan ada dəyişdirilməsindən imtina etmişdir. Hazırda iddiaçılar cavabdeh orqanların imtinasını qanunsuz hesab edərək məhkəmə qayadasında mübahisələndirirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV hissəsinin ikinci cümləsinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. 26.4-cü maddəsinə əsasən, fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 53.1-ci maddəsinə əsasən, uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. 53.2-ci maddəsinə əsasən, uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. 192-ci maddəsinə əsasən, adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir. L.Ramazanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2021-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarına əsasən, şəxsi ad fərdin özünümüəyyənetməsinin fundamental amillərindən biridir, onun başqalarından fərqləndirilməsi məqsədlərinə xidmət edir. Ad, şəxsiyyətin fərdiləşdirilməsinin əsas təzahürlərindən biri olaraq şəxsi həyat sahəsinə daxildir. Ad hüququ həm də ona görə əhəmiyyətlidir ki, insan öz adı ilə ictimai münasibətlərdə iştirak edir və onun olmaması şəxsiyyəti hüquq və vəzifələri əldə etmək və həyata keçirmək imkanından məhrum edə bilər. Digər tərəfdən ad hüququnun təzahürü kimi ad almaq hüququ mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyyən olunmuşdur. Belə ki, hüquqların məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir. “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 24-cü maddəsinə əsasən, hər bir uşaq doğulduqdan sonra dərhal qeydə alınmalı və ada malik olmalıdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 7-ci maddəsinə müvafiq olaraq, uşaq doğulduqdan sonra dərhal qeydə alınır və doğulduğu andan ad və vətəndaşlıq əldə etmək hüququna, habelə mümkün olduğu dərəcədə öz valideynlərini tanımaq və onlardan qayğı görmək hüququna malikdir. Avropa Məhkəməsi baxdığı bir sıra işlərdə müəyyən etmişdir ki, adın verilməsi və dəyişdirilməsi ilə əlaqədar məsələlər Konvensiyanın 8-ci maddəsində təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququnun təsir dairəsinə düşür (X5rşı iş üzrə 2008-ci il 21 oktyabr tarixli Qərar, §43 və Macalin X2rşı iş üzrə 2015-ci il 15 sentyabr tarixli Qərar, §21). Əsaslandırılmış müvafiq səbəb olmadan şəxsin ada malik olmaq və ya adını dəyişmək hüququna məhdudiyyətin qoyulması Konvensiyanın 8-ci maddəsinin məqsədləri ilə uzlaşmır. Başqa şəxslərin hüquqlarına vurulmuş hər hansı faktiki zərər olmadan formal olaraq qanuni məqsədə istinad etmək bu hüququn məhdudlaşdırılmasına haqq qazandıra bilməz (Daróczy Macarıstana qarşı iş üzrə 2008-ci il 1 oktyabr tarixli Qərar, §32). Avropa Məhkəməsi baxdığı işlərin birində milli hakimiyyət orqanlarının iki şəxsin familiyalarını dəyişmələrinə imtina etmələrini (icazə verməmələrini) 8-ci maddənin pozuntusu kimi qiymətləndirmişdir, çünki məhkəmələr ərizəçilərin dəlillərini nəzərə almadan və ya çəkişən ictimai maraqları və ərizəçilərin maraqlarını tarazlaşdırmadan qanunvericiliyin və normativ aktların sırf formal olaraq tətbiqini həyata keçirmişlər (Aktaş və Aslaniskender Türkiyəyə qarşı iş üzrə 2019-cu il 25 iyun tarixli Qərar, § 47). İşin hallarından göründüyü kimi cavabdehlər tərəfindən “Muhammed” adının “Azərbaycan şəxs adları barədə məlumat” siyahısında göstərilmədiyi, Azərbaycan dilinin ədəbi dil normalarına və azyaşlının mənafeyinə uyğun olmaması əsası ilə adın dəyişdirilməsindən imtina edilmişdir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, müəyyən edilmiş sübutlardan göründüyü kimi “Muhəmməd” adı Azərbaycanda digər hallarda rəsmi olaraq qeydiyyata alınmışdır və bu səbəbdən uşaq üçün uyğun olmayan ad kimi qəbul edilə bilməz. Belə ki, bu ad Respublikada artıq qoyulub və adın dövlətin milli və dil özəlliklərinə hər hansı mənfi təsir göstərdiyi bildirilməmişdir. “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 79 nömrəli Qərarının 1.4-cü bəndinə əsasən, uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. 1.5. Adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Qeyd olunmalıdır ki, Nazirlər Kabineti yanında Terminologiya Komissiyası tərəfindən hazırlanmış şəxs adları lüğətində “Muhəmməd” adı qadağan olunmuş adlar siyahısında qeyd olunmamışdır. Məhkəmə işin faktiki hallarını hüquq normalarına əsasən təhlil edib, iddiaçılar tərəfindən övladlarına vermək istədikləri mübahisələndirilən “Muhəmməd” adının uşağın gələcəkdəki mənafeyinə xələl gətirməməsini, cinsinə uyğun olduğunu və gülünc ad olmadığını, Ədliyyə Naziliyinin “Azərbaycan şəxs adları barədə məlumat” siyahısında “Muhəmməd” adının son 5 il ərzində 36 uşağa qoyulması kimi səciyyəvi halları nəzərə alaraq bu nəticəyə gəlir ki, iddiaçının iddia tələbi əsaslı və qanuni olduğundan təmin edilməli, xx.xx.2020-ci il tarixdə Bakı şəhərində doğulmuş X1 adı «Məhəmməd» adından «Muhəmməd» adı kimi dəyişdirilərək qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119-cu maddəsinə əsasən, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2020-ci il tarixdə Bakı şəhərində doğulmuş X1 adı, «Məhəmməd» adından «Muhəmməd» adına dəyişdirilsin və doğum akt qeydində müvafiq dəyişiklik edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-5292/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5292/2022
26.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver