Məhkəmə qərarları › İş №2(060)-5301/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5301/2023

06.11.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5301/2023 06.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əzizli Səma Elburus qızının katibliyi, İddiaçı və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vəkil X2 Cavabdeh1 (Ağaxanım) Absufyan qızının iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 (Ağaxanım) Absufyan qızına, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə 06 noyabr 2023-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 (Ağaxanım) Absufyan qızına, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 (Ağaxanım) Absufyan qızının, Cavabdeh2 və Cavabdeh3 xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Sumqayıt şəhəri, Zeynalabdin qəsəbəsi, D/Y,Y/M, ev 9, mənzil 25-ə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Zeynalabdin qəsəbəsi, D/Y,Y/M, ev 9, mənzil 25 xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Bildirir ki, mənzil əvvəl order əsasında yoldaşına məxsus olub. xx.xx.2012-ci ildə isə onun adına özəlləşdirilmişdir. Cavabdeh1 (Ağaxanım) Absufyan qızı onun gəlini, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 isə onun nəvələridir. Belə ki, oğlu X4 1991-ci ildə Cavabdeh1 (Ağaxanım) Absufyan qızı ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Cavabdehlər ona məxsus mənzildə qeydiyyatda olsalar da, ona məxsus mənzildə yaşamırlar. Belə ki, onlar 1993-cü ildən ona məxsus mənzili tərk ediblər. Hazırda Cavabdeh1 (Ağaxanım) Absufyan qızı və Cavabdeh2 Siyəzən şəhərində, digər Cavabdeh3 isə Sumqayıt şəhərində yaşayır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ailəlidirlər və hər birinin iki övladları var. Cavabdehlərin hər birinin daimi yaşayış yerləri var. Ona görə də hesab edir ki, cavabdehlərin ona məxsus mənzilə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Yuxarıda qeyd etdiklərinə əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, mənzildən qeydiyyat çıxmaq üçün cavabdeh özü və qızlarının hər birinə 2000 manat verilməsini istədi. Ona görə də o, məcbur olub hazırkı ərizə ilə məhkəməyə müraciət edib. Əlavə olaraq onu da qeyd edir ki, cavabdeh oğlu ilə ailə qurarkən onun mənzili ilə üzbəüz mənzilə köçmüş və orada yaşamağa başlamışdır. Daha sonra oğlu müharibədən yaralı vəziyyətdə gəlmişdir. Bununla əlaqədar həmin evi satıb onun müalicəsinə xərcləmişdir. Həmin vaxtdan oğlunun ailəsi, yəni cavabdehlər həmin mənzili tərk edib gediblər. 30 ilə yaxındır onun evində yaşamırlar. Sonra cavabdeh də Siyəzəndə özünə ev tikdirmişdir. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vəkil X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 (Ağaxanım) Absufyan qızı iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir, iddiaya etiraz edir. 1991-ci ildə ailə qurub. Həmin mənzildən nə vaxt çıxdığını dəqiq xatırlamır. 1998-ci il olmalı idi. Hazırda Bakı şəhərində yaşayır. İş üzrə digər cavabdehlər onun övladlarıdır. Qızlarından biri Ceyranbatan qəsəbəsində, digəri isə Siyəzəndə yaşayır. O mənzilin özəlləşdirilməsinə razılıq verməmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X7 ifadəsində bildirdi ki, o, ancaq Mələyi tanıyır. Adları keçən digər şəxsləri tanımır. Mələk onun qonşusudur. Mübahisəli mənzildə ancaq iddiaçı, oğlu və yoldaşı yaşayıb. Qeyd edir ki 1982-ci ildən iddiaçı ilə qonşuluqda yaşayır. Məhkəmə iclasında şahid qismində iştirak edən X1 ifadəsində bildirdi ki, iddiaçı ilə həm qohum, həm də qonşudur. İddiaçı onun nənəsidir. Hazırda mübahisəli mənzildə babası, nənəsi və dayısı yaşayır. Əvvəllər mübahisəli evdə başqa şəxslər yaşamayıb. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan MA seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Zeynalabdin qəsəbəsi, D/Y,Y/M, ev 9, mənzil 25 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2012-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh1 (Ağaxanım) Absufyan qızı, Cavabdeh2 və Cavabdeh3 Sumqayıt şəhəri, Zeynalabdin qəsəbəsi, D/Y, Y/M, ev 9, 25 saylı mənzildə qeydiyyatdadırlar. Məhkəmə işdə iştirak edən şəxləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, Zeynalabdin qəsəbəsi, D/Y,Y/M, ev 9, 25 saylı mənzil Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarış əsasında xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır. Cavabdehlər Cavabdeh1 (Ağaxanım) Absufyan qızı, Cavabdeh2 və Cavabdeh3 həmin mənzildə qeydiyyatda olsalar da, hazırda mübahisəli mənzildə yaşamırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasənqətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə mübahisəli hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixədək yarandığından hazırki mübahisə həmin tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin normaları əsasında həll edilməlidir. 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 6-cı hissəsinə görə şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə görə icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına əsasən Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ-ci hissəsini məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və onun ailə üzvlərinin müvəqqəti o, cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxslərin yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Mübahisənin həlli, yəni cavabdehlərin mübahisəli mənzildən olan istifadə hüququnun itirilib-itirilməməsinin müəyyən edilməsi üçün onların bu yaşayış sahəsini tərk etməsinin səbəbləri araşdırılmalı və bu tərk etmənin daimi və yaxud müvəqqəti əsaslarla olmasına qiymət verilməlidir. Belə ki, bu münasibətləri tənzimləyən yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri baxımından bu kateqoriya işlər üzrə əsas şərt icarəçi və ya qeydiyyatda olan şəxslərin mənzildə 6 ay və daha artıq müddətdə üzrsüz səbəbdən yaşamamasını və hüquqları mübahisələndirilən şəxslərin başqa yerdə daimi yaşayış yerlərinin olmasını sübut etməkdir. Məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzildə uzun müddət yaşamaması işdə olan sübutlarla, cavabdehin məhkəmə iclasında verdiyi izahatı, həmçinin şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Digər tərəfdən cavabdehlər mübahisəli mənzili məcburi olaraq deyil, könüllü olaraq tərk etmişdirlər. Belə ki, cavabdehlər bu müddət ərzində mənzilə köçürülmə barədə iddia qaldırmamış və ya mənzildən istifadəyə maneə törədilməsi ilə bağlı hər hansı orqana şikayət etməmişdirlər. Bu isə, cavabdehlərin müvəqqəti deyil, məhz daimi əsaslarla mübahisəli mənzildən köçməsi faktını təsdiq edir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 (Ağaxanım) Absufyan qızının, Cavabdeh2 və Cavabdeh3 Sumqayıt şəhəri, Zeynalabdin qəsəbəsi, D/Y,Y/M, ev 9, mənzil 25-ə olan istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1 (Ağaxanım) Absufyan qızının, Cavabdeh2 və Cavabdeh3 Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Dəmir yol yaşayış massivi, ev 9, 25 saylı mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayətiverilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar