Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5323/2021 28.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı və nümayəndəsi Vəkil1, Cavabdeh nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 28 sentyabr 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 34500 ABŞ dolları məbləğində pulun, habelə tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2014-cü ilin yanvar ayında qızı Şəbnəmə nişan tədbiri keçirmək üçün yer tutmaq məqsədilə “Həyat palas” şadlıq sarayına getmiş, şadlıq sarayının administratoru işləyən Şamo adlı şəxslə toy tarixini danışanda o, öz mobil nömrəsini ona verib, beh vermək istədikdə isə ona zəng vurmasını təklif etmişdir. İki gündən sonra o, Şamonun ***-***-**-** mobil nömrəsinə zəng vuraraq onunla danışıb ona 50 manat beh pulu vermişdir. Sonradan isə onların arasında ailəvi münasibət yaranmışdır. Həmin tarixlərdə o, heç bir yerdə işləmədiyi üçün, maddi imkansızlığı ilə bağlı Sumqayıt şəhəri 5-ci mikrorayon ərazisində yaşadığı mənzili sataraq, oğlu Nahid üçün iş yeri təşkil etmək qərarına gəlmişdir. Bu məqsədlə Cavabdeh da zəng vurub evi satmaq istədiyini bildirmişdir. Bir neçə gündən sonra o, Elvin adlı şəxsi evə gətirmiş və Elvin evi bəyəndiyindən alqı-satqı müqaviləsi bağlamaq üçün notariusa gəldikləri zaman Şamo onu dilə tutub “gəl həmin pulu mənə ver, mənim böyük qazanc verəcək alverim vardır, həmin pulu o işə qoyub 15 gündən sonra verdiyin puldan əlavə sənə 5000 manat pul verəcəyəm” demişdir. O da onun sözünə inanıb elə notariat kontorunda 34 min 500 ABŞ dollarını Şamoya vermişdir. 15 gündən sonra Şamodan xəbər çıxmamış və ona zəng vurduqda ona “bir-iki gün səbirli olun, mən özüm sizə zəng vuracağam”-deyə cavab vermişdir. Təxminən 10 gün sonra o, Şamonun mobil telefonuna zəng vuranda o “X2 Dubay şəhərindən ərəb dostundan bijuteriya sifariş verdiyini, icarəyə də mağaza götürdüyünü, böyük partiya malının gəldiyini” bildirmişdir. O, hətta onu götürüb 2-ci mikrorayon ərazisində yerləşən yaşayış binasının altında yerləşən boş obyekti ona göstərib, oranı icarəyə götürdüyünü, mebel sifariş verdiyini deyərək, malı gələndə alver edib vəd etdiyi pulu ona verəcəyini bildirmişdir. Sonra yenidən inanıb bir neçə gün də gözlədikdən sonra Şamo malların gömrükdə ilişib qaldığını bildirmiş, yaxın vaxtlarda mallarını gömrükdən çıxaracağını demişdir. O, hər dəfə Şamodan işlə bağlı soruşduqda o, hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Bundan sonra o, Şamodan verdiyi pulları geri gaytarmasını tələb etməyə başlamışdır. Şamo ona pulu qaytaracağını söz vermişdir. Sonradan Şamonun əmisi Mütəllim onunla əlaqə saxlayaraq Şamonun borcundan 15 min manat ödəyəcəyini və pul kartı açdırmaqlarını, imkan düşdükcə hər ay 200 manat ödəyəcəyini bildirmişdir. Mütəllim vəd etdiyi kimi həmin karta iyul və avqust aylarında hər ay 200 manat, ümumilikdə 400 manat pul ödəmişdir. Şamo isə altı aydan sonra ona demişdir ki, ondan aldığı pulu Dubaydan bijuteriya gətirmək məqsədi ilə Ərəbistan vətəndaşına vermişdir, həmin şəxs ondan başqa daha 12 nəfərdən də böyük məbləğdə pul almışdır, onun özü isə həmin ərəbə 12 min manat pul vermişdir, lakin ərəb pulu alıb Ərəbistana çıxıb getmişdir və getdikdən sonra onunla əlaqəsi kəsilmişdir, buna görə də verilən pullar batmışdır. Lakin Şamo ondan aldığı pulları hissə-hissə qaytaracağını, qaytara bilməyəcəyi təqdirdə isə Corat qəsəbəsindəki evini satacağını bildirmişdir. Hər dəfə müxtəlif bəhanələr gətirməkə o bu pulu ödəməmişdir. Lakin cavabdeh aldığı pulu vermədiyi üçün o, ondan hüquqmühafizə orqanlarına müraciət etmişdir. Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin 08.02.2021-ci il tarixli qərarı ilə aparılan araşdırma nəticəsində cinayət işi üzrə icraata xitam verilmiş və ona mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, hazırda cavabdehdən tələb etdiyi pulu 2015-ci ilin yanvar ayında Şamoya vermişdir. Həmin puldan Şamo cəmi bir dəfə ona 6000 manat pul qaytarmışdır. Bir də oğlu Nahidə maşının içində 3000 manat qaytarıbdır. Qalan borcu qaytarmayıbdır. Məhkəməyə təqdim etdiyi diskdəki səs yazısı istintaqda ekspertizası keçirilən səs yazısıdır. Həmin səs yazısını oğlu Nahid yazıbdır. Hətta səsin yazılmasından Şamonun da xəbəri olmuşdur. Lakin səsin yazıldığı tarix və hansı şəraitdə yazılmasını bilmir. Şamo onun oğlu və dostlarından polisə şikayətlə müraciət etdikdən sonra onun tərəfindən Şamoya qarşı ərizə verilmişdir. Həmin tarixə qədər isə Şamo hər dəfə onu aldatdığına görə heç bir yerə müraciət etməmişdir. Çünki o hər dəfə onu aldatmış, narahat olmamağımı bildirərək pulu qaytaracağını demişdir. Qeyd etdiklərinə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, tələb olunan borcun verilməsi barədə yazıı sübut olmasa da, borcun verilməsini təsdiq edən mötəbər sübut – səs yazısı mövcuddur. Həmin səsin cavabdehə məxsus olması cinayət işinin istintaqı zamanı keçirilən ekspertiza zamanı öz təsdiqini tapmışdır. Hesab edir ki, iddia tələbi üzrə iddia müddəti ötürülməmişdir. Belə ki, iddiaçı polis orqanına müraciət etmişdir. Polisdə gedən araşdırmanın nəticəsini gözləmiş, cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edildikdən sonra mülki qaydada iddia qaldırmışdır. Bu səbəbdən iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Vəkil2 iddia tələbinə etiraz edərək bildirdi ki, iddia ərizəsi tam əsassızdır və rədd olunmalıdır. Belə ki, Cavabdeh 2013-cü ildə Sumqayıtda “Həyat Palace” Şadlıq Evində administrator işlədiyi vaxt İddiaçı öz qızına nişan etmək üçün müraciət edərkən onunla tanış olmuşdur. Nişandan müəyyən müddət sonra Əfsanə ona zəng edərək çay içməyə dəvət etmiş və beləliklə aralarında münasibət yaranmışdır. Şamo 2014-cü il tarixdə ərəb milliyətindən olan bir şəxslə bijuteriya işi ilə ələqədar kiçik biznes qurmağa başlamışdır. Əvvəlcə kiçik məbləğlə alver olmuş və gəlir olduğunu görüb mülkiyyətində olan 2 avtomobili satıb 55000 ABŞ dolları məbləğində pulu həmin ərəbə vermişdir ki, bijuteriya biznesıni daha da genişləndirsin. Ərəblə Şamonun arasında olan danışıqlarda bəzən Əfsanə də iştirak etmiş və o da bu biznesin gəlirli olduğunu gördüyünə görə Əfsanə Şamoya evini satıb bu biznesə qoymaq istədiyini bıldirəndə, Şamo ona bu işə qarışmadığını, birbaşa ərəblə danışa biləcəyini Əfsanəyə bildirmişdir. Beləliklə, Əfsanə evini satıb 34000 ABŞ dolları məbləğində pulu Şamonun yanında ərəbə vermişdir. Dəfələrlə Əfsanə ilə ərəb arasında bijuteriya biznesi ilə əlaqədar telefon danışığı, yazışmalar olmuşdur. X3 iştirakı ilə bu bıznes ılə əlaqədar görüşmüşlər. Ərəbə pul veriləndən bir ay sonra həmin ərəb Dubaya getmiş, bir neçə ay whatsapp ilə Şamo və Əfsanə ilə əlaqə saxlamış, sonra isə ümumiyyətlə ondan xəbər olmamışdır. Bundan sonra Şamo da, Əfsanə də ərəb tərəfindən aldadıldığını başa düşmüşlər. Əfsanə pulu ərəbə özü verdiyinə, bıznes barədə ərəblə özü söhbət etdiyinə görə o, Şamodan həmin pulu tələb etmırdi. Əfsanə özü də başa düşürdü ki, hər ikisi aldanmışdır. Lakin sonradan Əfsanə nədənsə bu barədə Şamoya qarşı hüquq-mühafizə orqanlarına müraciət etmişdir. İddia ərizəsində əsasən Sumqayıt şəhər Pi-nin cinayət işi üzrə icraata xitam verilməsi barədə 08.02.2021-ci il tarixli qərarına istinad edilmışdir. Qərarın yekununda qeyd olunur ki, Cavabdeh İddiaçı bijuterıya alveri edərək ona 500 manat əlavə pul verəcəyı adı ilə 34500 ABŞ dolları pulunu alaraq dələduzluq yolu ilə ələ keçirməsi istintaq materialları ilə sübuta yetirilmir. Göründüyü kimi Şamo istintaqda şahid kimi verdiyi ifadəsində də pulun Əfsanə tərəfindən birbaşa ərəb milliyətindən olan şəxsə verildiyi bildirilmişdir. Həmçinin, cinayət işi üzrə qəbul edilmiş hər hansı qərarın mülki iş üzrə heç bir preyudisial əhəmiyyəti yoxdur. Yəni əgər Şamonun pul məbləğini Əfsanədən götürməsi istintaq materialları ilə sübuta yetirilsə belə bunun heç bir əhəmiyyəti yoxdur. Çünki hazırda məhkəmədə verdiyi izahatında pulun Şamoya verilmədiyıni bildirir. Bundan əlavə 03.08.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsi bildirmişdir ki, Cavabdeh İddiaçı borcunun olmasını təsdiq edən səs yazısı mövcuddur və həmin səs yazısı istintaq zamanı təqdim olunmuş, fonoskopik ekspertizasının rəyi də əldə edilmişdir. 19.08.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında isə İddiaçı bildirmişdir ki, Şamonun ona borclu olmasını etiraf etməsi barədə səs yazısı olan diski məhkəməyə təqdim edə bilər. Həmin səs yazısı istintaqda ekspertizası keçirilən səs yazısıdır. Həmin səs yazısını onun oğlu Nahid yazıb, hətta səsin yazılmasından Şamonun da xəbəri olmuşdur. Lakin səsin yazıldığı tarix və hansı şəraitdə yazılmasını bilmir. İstintaq zamanı əldə olunmuş məhkəmə fonoskopik ekspertizasının 16.03.2020-ci il tarixli 3027 nömrəli rəyindən görünür ki, təqdim olunmuş səs və nitq ehtimal ki, Cavabdeh məxsusdur. Göründüyü kimi bu sadəcə ehtimaldır. Hətta səs yazısı Şamoya məxsus olsa belə həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılması göstərilməlidir. Lakin iddiaçı tərəf bunu göstərə bilmir. Hətta istintaq zamanı Cavabdeh belə səs yazısının mövcud olmasını mübahisələndirmiş və təzyiq altında yazdırıldığını bildirmişdir. Ekspert rəyinin nəticə hissəsində qeyd edilir ki, diktorun danışıq anında emosional-psixoloji vəziyyətini müəyyən etmək mümkün olmadı. Beləliklə, ekspert rəyinə əsasən səs yazısının Cavabdeh məxsus olması sadəcə ehtimal edilir. Mövcud prosessual qanunvericiliyə əsasən isə şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Beləliklə, iddiaçı təqdim etdiyi səs yazılarının nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılması barədə hər hansı sübut təqdim edə bilmir. Belə olan halda həmin yazıların heç bir sübut əhəmiyyəti də yoxdur. Qeyd olunanlardan əlavə, İddiaçı Cavabdeh 34500 ABŞ dolları məbləğində pulun tutulmasını tələb etsə də, iddia ərizəsində qeyd etdikləri əsaslı olsa da belə, həmin pulun tələb edilməsi üçün iddia müddəti ötürülmüşdür. Belə ki, iddia ərizəsindən də görünür ki, İddiaçı Cavabdeh 34500 ABŞ dolları məbləğində pulu 2015-ci ilin yanvar ayında vermiş və Şamo həmin pulu 15 gündən sonra qaytarmalı idi. Əgər belə olduğunu qəbul etsək, o zaman Cavabdeh həmin pulu ən geci 2015-ci ilin fevral ayının sonunda ödəməli olduğunu nəzərə alsaq, o zaman iddiaçı hüquqlarının pozulduğunu həmin vaxtda bilib məhkəməyə müraciət etməli idi. Deməli, iddiaçının məhkəməyə müraciət etməli olduğu son tarix 2018ci ilin fevral ayı olmalı idi. Lakin 27.07.2019-cu il tarixdə gecə təxminən 00:40 radələrində Şamoya qarşı quldurluq cinayəti törədildikdən sonra iddiaçı həmin cinayəti ört-basdır etmək üçün guya Şamonun ona borclu olduğunu bildirərək polisə müraciət etmişdir. Deməli, iddiaçı artıq polisə şikayət ərizəsi ilə müraciət edərkən (1 il 4 ay sonra) iddia müddətini ötürmüşdü. Hətta, 19.08.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında İddiaçı bildirmişdir ki, pul 2015-ci ilin yanvar ayında Şamoya verilibdir və 15 günə qaytarılmalı idi. Lakin Şamo 15 günə pulu qaytarmamışdır. Həmin puldan Şamo bir dəfə 6000 manat pul qaytarmışdır. Bir də oğlu Nahidə maşının içində 3000 manat qaytarıbdır. İddiaçının oğlu Nahid Sətdərlinin istintaq zamanı verdiyi ifadəsində və İddiaçı məhkəmə iclasında verdiyi izahatında Şamonun avtomaşında Nahidə 3000 manat pulu cibindən çıxararaq anasının borcunun əvəzi olaraq verməsi də tamamilə yalandır. 3800 manat məbləğində pul (Nahidin dediyi kimi 3000 manat deyil) Nahid və dostları tərəfindən Şamoya qarşı təzyiq edildikdən sonra məcburi şəkildə götürülmüşdür. Həmçinin, Şamonu təkləyərək və üzərinə bıçaq çıxardıb hədə-qorxu gələrək 3800 manat pul tələb edərkən Şamonun həmin pulu öz xoşu ilə Nahidə verməsi inandırıcı deyildir. Həmin pul məbləğinin də Nahid Sətdərlidən tələb edilməsi ilə bağlı Şamo tərəfindən məhkəməyə ayrıca müraciət olunacaqdır. Azərbaycan Respublikası Mülki Məcəliəsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə 6 ildir. Qeyd edilənləri nəzərə alaraq İddiaçı Cavabdeh qarşı mövcud iddia tələbi ilə məhkəməyə qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməklə müraciət etdiyindən iddia müddəti tətbiq edilərək iddia rədd edilməlidir. Göstərilənlərə əsasən cavabdehin nümayəndəsi iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər Polis İdarəsinin 08 fevral 2021-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarından görünür ki, Cavabdeh və X1 əməllərində cinayət tərkibi olmadığından İddiaçı müraciəti əsasında toplanmış material üzrə fakta görə başlanmış cinayət işinin icraatına xitam verilmişdir. X1 əməlində Azərbycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində İXM-nin həmin maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Sumqayıt şəhər Pİ-nin 3-cü PB-nə göndərilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, məhkəməyə bu halları təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Belə ki, iddiaçı cavabdehə 2015-ci ilin yanvar ayında 34500 ABŞ dolları məbləğində pul verdiyini, cavabdehin həmin pulu hal-hazıradək qaytarmadığını bildirmişdir. İddiaçı dediklərinin təsdiqi kimi məhkəməyə yalnız Cavabdeh aid olan səs yazısı ilə bağlı audio-disk təqdim etmişdir. Məhkəməyə təqdim edilmiş Cavabdeh aid olduğu iddia edilən səs yazısında deyilir: “Sentyabrın 15-nə qədər, Əfsanə xanım, alacağımı verəcəm, ondan bir saat keçsə dünyanın ən pis adamı mənəm, bunu qoy hamı bilsin...” Cinayət işi üzrə icraat çərçivəsində keçirilən məhkəmə fonoskopik ekspertizasının 16.03.2020-ci il tarixli, 3027 saylı rəyində qeyd edilmişdir ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “Kodak” markalı CD diskdə ola mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi-hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Kodak” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “K 1” kimi işarə olunmuş diktorun səsi və nitqi ehtimal ki, Cavabdeh məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Kodak” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “K 1” kimi işarə olunmuş diktorun danışıq anında emosional-psixoloji vəziyyətini müəyyən etmək mümkün olmadı. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Kodak” markalı CD diskdə olan mübahisəli fonoqramlarda montaj əlamətlərinin olub-olmadığını müəyyən etmək mümkün olmadı. Məhkəmə qeyd edilən səs yazısını iddiaçı tərəfindən cavabdehə 34500 ABŞ dolları məbləğində pul verildiyini təsdiq edən əsaslı şübhədən kənar mötəbər sübut kimi qəbul etmir. Belə ki, həmin səs yazısında Cavabdeh “sentyabrın 15-nə qədər alacağımı verəcəm” dedikdə hansı məbləği nəzərdə tutduğu, “alacağım” dedikdə hazırki iş üzrə İddiaçı tərəfindən tələb edilən 34500 ABŞ dolları məbləğində pulu nəzərdə tutub-tutmadığını müəyyən etmək mümkün deyil. Halbuki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. (Mülki Prosessual Məcəllənin 81-ci maddəsi). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası əsaslı şübhədən kənar mötəbər sübutlarla təsdiq edilmədiyindən təmin edilməməlidir. Məhkəmə onu da qeyd edir ki, hazırki iş üzrə iddiaçı tərəfindən cavabdehə borc və ya hər hansı başqa məqsədlə pul verildiyi, yəni tərəflər arasında hər hansı öhdəlik münasibətinin olduğu öz təsdiqini tapmadığından cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiqi barədə ərizəsinə qiymət verilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilən 30 manat dövlət rusumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-5323/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5323/2021
28.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver