Məhkəmə qərarları › İş №2(060)-5398/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5398/2021

03.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5398/2021 03.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Abbasov Mübariz Telman oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «qızıl-zinət əmlak tələbinə» dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «qızıl-zinət əmlak tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, ümumi dəyəri 4050 (dörd min əlli) manat, üç ədəd fərqli formada olan qızıl-zinət əşyalarının cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, məcburi köçkün olduğu üçün maddi sıxıntı yaşaması səbəbindən ailəsinin dolanışığını təmin etmək məqsədilə “Sədərək” ticarət mərkəzindən ucuz qiymətə aldığı əşyaları qapıqapı düşüb satıb pul qazanmaq məcburiyyətində qalmışdır. 2019-cu ildə satış üçün nəzərdə tutulmuş malların siyahısını oğlu instaqram səhifəsinə qoyub müştəri axtardığı zaman cavabdeh ona zəng edib bəzi malları almaq istədiyini bildirmişdir. Onunla görüşmüş və cavabdeh ondan xalça,elektrik cihazı və bir neçə xırda-para şeyləri almışdır. Bir müddətdən sonra yenidən zəng edib mal almaq niyyətini bildirmiş və bu minvalla aralarında etibarlı münasibətlər yaranmağa başlamışdır. 2019-cu ilin sentyabr ayında Cavabdeh ona zəng edərək qızıl-zinət əşyaları almaq istədiyini bildirmiş, o da ona məxsus üç formada olan qızıl boyunbağlarının fotosunu cavabdehin telefonuna göndərmiş və cavabdeh də razılığını bildirərək gətirilməsini xahiş etmişdir. Çəkisi 13,76 qram olan qızıl zəncirin 1650 (min altı yüz əlli) manata, çəkisi 14,90 qram olan qızıl zəncirin 1700 (min yeddi yüz) manata və çəkisi 10 qram olan qızıl zəncirin 1300 (min üç yüz) manata alqısatqısına dair cavabdehlə aralarında şifahi razılıq əldə etmişlər. Razılığa əsasən cavabdeh ondan aldığı qızıl-zinət əşyalarının hər birinin pulunu ayda 200 manat verməklə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh 1-2 ay ərzində xalça və elektrik cihazına dair ona borclu qaldığı 200 manatla birgə ümumilikdə 800 (səkkiz yüz) manat pul ödəmiş, yəni cavabdeh ondan aldığı ümumi dəyəri 4650 (dörd min altı yüz əlli) manat olan qızıl zinət əşyalarına dair cəmi 600 manat ödəniş etmişdir. Qalıq 4050 (dörd min əlli) manat borcu artıq 2 ildir ki, cavabdehdən ala bilmir. Bununla bağlı cavabdehlə aralarında yaranan mübahisəni təkrartəkrar telefon vasitəsi ilə həll etmək istəmiş, amma nəticə olmamışdır. Cavabdeh borclu olduğu qızıl-zinət əşyalarını onunla apardığı telefon danışıqlarında etiraf etmiş, bu etiraf diskə köçürülərək məhkəməyə subut növü kimi təqdim edilmişdir. Bundan başqa qızıl-zinət əşyalarının cavabdeh tərəfindən alınmasını şahidlər də təsdiq edə bilərlər. Qızıl-zinət əşyalarının cavabdeh tərəfindən mənimsənilib qaytarılmaması ona böyük ziyan vurmuşdur. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək göstərmişdir ki, o, iddiaçıdan qeyd edilən qızıl-zinət əşyalarını həqiqətən almış, lakin maddi vəziyyəti çətinləşdiyi üçün borcunu ödəyə bilməmişdir. O, iddiaçıya borcunu hissəhissə ödəyə biləcəyini bildirsə də, iddiaçı razılaşmayaraq borcun tam şəkildə bir dəfəyə ödənilməsini tələb etmişdir. Ona görə də, borcunu bir dəfəyə ödəməyə imkanı olmadığı üçün iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, iddiaçı onun həyat yoldaşıdır, onu avtomobili ilə cavabdehin evinə aparmış, qızılın birini ona evində, ikisini isə “ASAN” xidmətin yanında vermişlər. Daha sonra cavabdeh borcunu 400 manat olmaqla hissə-hissə ödəyəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 göstərdi ki, o, iddiaçı ilə onun həyat yoldaşı X4 məxsus avtomobillə gedərkən iddiaçı qeyd olunan qızıl-zinət əşyalarını yolüstü Sumqayıt “ASAN” xidmətin yanında Cavabdeh vermişdir. Ona məlumdur ki, nə həmin qızıl-zinət əşyaları, nə də ki, onun dəyəri iddiaçıya qaytarılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 Nəzakət Sulduz qızının ifadəsinə oxşar ifadə verdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçının tələb etdiyi qızılzinət əşyaları cavabdehdədir. Cavabdeh həmin qızılların dəyərini iddiaçıya ödəmədiyindən, həmin qızıl-zinət əşyaları cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2-ci maddəsinin mahiyyətindən görünür ki, hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdən görünür ki, iddiaçı məcburi köçkün olduğu üçün qanunvericiliyə uyğun olaraq dövlət rüsumu ödəməkdən azad edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçıya məxsus ümumi dəyəri 4050 (dörd min əlli) manat olan üç ədəd “qızıl zəncir” Cavabdeh alınaraq İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçıya məxsus ümumi dəyəri 4050 (dörd min əlli) manat olan üç ədəd “qızıl zəncir” Cavabdeh alınaraq İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar