Məhkəmə qərarları › İş №2(060)-5428/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5428/2021

17.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5428/2021 17.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, İddiaçı, Cavabdeh və nümayəndəsi vəkil X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbinə» dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 4000 (dörd min) manat və 30 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 4030 manat məbləğində pulun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, Cavabdeh mebel satmaq adı ilə onu aldadaraq Bakı şəhəri, Yeni Suraxanı qəsəbəsində 4000 (dörd min) manat pulunu ələ keçirmişdir. Faktla bağlı o, Suraxanı RPİ-nin 31-ci PBya cinayət işinin açılması ilə bağlı müraciət etsə də, müraciəti təmin edilməmişdir. Cavabdeh təhqiqatda izahat verərək göstərmişdir ki, o, 2017-ci ildən 2020-ci ilə qədər Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən “Orbita” mebel dükanında fəhlə işləmişdir. 2019-cu ilin yay aylarında sonradan tanıdığı İddiaçı adlı şəxsdən həmin vaxt mebel dükanının müdiri işləyən 1980-ci il təvəllüdlü X3 göstərişi ilə Suraxanı rayonu ərazisində 3 ay müddətinə iki dəfə eyni yerdə görüşərək, ümumilikdə 4000 (dörd min) manat pul almış və həmin pulu Sumqayıt şəhərində mebel dükanında Fuada vermişdir. İzahatdan göründüyü kimi cavabdeh ondan pulu almağı təhqiqat zamanı etiraf etmişdir. Cavabdeh tərəfindən pulun geri qaytarılmaması onun mülkiyyət hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərdi ki, o, X1 tapşırığı ilə qeyd olunan 4000 manat məbləği iddiaçıdan almışdır. Lakin Fuad vaxtı uzadaraq mebelləri təhvil verməmişdir. Təhqiqat zamanı polisə satılası ev olduğunu, bununla bağlı Fuadın qardaşı Rüfətlə danışmalı olduğunu bildirmiş, lakin Rüfət razılıq vermədiyi üçün evi sata bilməmişdir. O, Fuada iddiaçının ona zəng etdiyini bildirmiş, o da problemi həll edəcəyini qeyd etmişdir. Bundan sonra iddiaçının ona zəng etmədiyini nəzərə alaraq məsələnin həll olunduğu zənn etmişdir. O, məhkəmədən qeyd olunanların nəzərə alınmasını və iddianın rədd edilıməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi vəkil X5 iddia tələbini əsassız hesab edərək göstərdi ki, Cavabdeh iddiaçıdan aldığı 4000 manat pulu müdiri Fuad İsmayılova vermiş və buna görə də, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, tərəfləri dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nın 28.04.2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Cavabdeh iddiaçıdan 4000 manat pul aldığını və həmin pulu X4 verdiyini etiraf etmişdir. Cavabdehin məhkəmə iclasında verdiyi izahatdan da görünür ki, cavabdeh iddiaçıdan 4000 manat pulu aldığını etiraf edir. Lakin bu pulu müdiri Fuad İsmayılovun tapşırığına əsasən aldığını bildirir. Beləliklə də, işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçı mebel almaq üçün cavabdehə ayrı-ayrı vaxtlarda cəmi 4000 manat pul vermiş, cavabdeh həmin pulu iddiaçıdan almasına baxmayaraq razılaşdıqları alqı-satqı üzrə öhdəliyini yerinə yetirməyərək vəd etdiyi mebelləri iddiaçıya təhvil verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 4000 (dörd min) manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 241-244, 252 və 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 4000 (dörd min) manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar