Məhkəmə qərarları › İş №2(060)-5434/2020

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5434/2020

09.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5434/2020 09.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı, Ərizəçi Maraqlı şəxs qarşı uzunmüddətli mühafizə orderinin verilməsi tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, ona və azyaşlı övladları X2, X3 və X1 90 gün müddətinə uzunmüddətli mühafizə orderinin verilməsi, uzunmüddətli mühafizə orderinin qüvvədə olduğu dövrdə Maraqlı şəxs yaşadığı ünvan 1 ünvanında və digər yerdə ona və yetkinlik yaşına çatmayan övladları X2, X3 və X1 narahatlıq yarada biləcək hərəkətlərin edilməsinin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, Azərbaycan Respublikası MPM-in 152.1.6-cı maddəsinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı maraqlı şəxslə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ərizəyə əlavə edilmiş Sumqayıt şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(060)- 3467/2020 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə ərizə təmin edilmiş, Ərizəçi və azyaşlı övladları X2, X3 və X1 90 gün müddətinə uzunmüddətli mühafizə orderi verilmişdir. Qətnamənin məzmunundan görünür ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2020-ci il tarixli “Məişət zorakılığı haqqında iş üzrə” qərarına əsasən Maraqlı şəxs məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq edilmiş, ərizəçi və övladlarına qısamüddətli mühafizə orderi verilmişdir. Hazırda ərizəçi xx.xx.2020-ci il tarixdə uzunmüddətli mühafizə orderinin müddətinin bitməsi ilə əlaqədar yenidən ona uzunmüddətli mühafizə orderinin verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, lakin bundan əvvəl ona qısamüddətli mühafizə orderinin verilməsi barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanına müraciət etməmişdir. Halbuki, AR MPM-nin 355-1.1-ci maddəsinə əsasən məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxs verilmiş xəbərdarlığa və qısamüddətli mühafizə orderinin tələblərinə əməl etmədikdə, zərər çəkmiş şəxs və ya müvafiq icra hakimiyyəti orqanı uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Ərizəçi yenidən qanunvericilikdə nəzərdə tutulan əsaslara istinad etməklə ona qısamüddətli mühafizə orderinin verilməsi barədə müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məişət zorakılığını törədən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən edilən xəbərdarlığa və qısamüddətli mühafizə orderinin tələblərinə əməl etmədikdə ona uzunmüddətli mühafizə orderinin verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməlidir. Belə ki, AR MPM-nin məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi barədə işlər üzrə icraatı tənzimləyən normalarında (40-1-ci fəsil) şəxsə məhkəmə qətnaməsi əsasında uzunmüddətli mühafizə orderi verildikdən sonra yenidən onun uzadılması barədə ərizə ilə məhkəməyə müraciət edilməsi nəzərdə tutulmamışdır. Beləliklə, Ərizəçi tərəfindən mübahisənin məhkəməyə qədər nizama salınması qaydasına riayət edilmədiyindən onun ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152.1, 152.1.1, 152.2, 152.3, 152.4, 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Ərizəçi Maraqlı şəxs qarşı uzunmüddətli mühafizə orderinin verilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə, ərizənin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 gün müddətinə Sumqayıt şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar