Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5466/2022 27.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçının iştirakı ilə, İddiaçının Cavabdeh qarşı “borc tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “borc tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 115.000 (on bir min beş yüz) manat məbləğində əsas borcun, mənəvi zərərin əvəzi olaraq 1000 (bir min) manat məbləğində pulun və ödədiyi 127,50 manat dövlət rüsumun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun tanışıdır. Onların birbirilərinə etibar və güvəni olmuşdur. Cavabdeh ondan borca pul istəmiş, o da ona olan etibarına görə xx.xx.2020-ci il tarixli Kredit müqaviləsinə əsasən, "xxxx" ASC-nin Sumqayıt şəhər 8 saylı şöbəsi vasitəsi ilə 11500 manat məbləğində borca pul vermişdir. Cavabdeh ona olan borcunu xx.xx.2022-ci il tarixə qədər ödəməyi öhdəliyinə götürmüşdür. Lakin, indiyə qədər cavabdeh öz öhdəliyini yerinə yetirməmişdir. Dəfələrlə cavabdehə xəbərdarlıq etsə də, cavabdeh ona olan borcunu ödəməkdən boyun qaçırmışdır. Cavabdeh faktiki olaraq etibarından sui-istifadə edərək onun külli miqdarda pulunu ələ keçirmişdir. Cavabdehin bu hərəkətləri onda belə bir təəssürat yaradır ki, cavabdeh onun etibarından sui-istifadə etmiş, pulunu ələ keçirərkən onu qaytarmaq niyyəti olmamışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin şərh olunan məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, cavabdeh tərəfindən bugünədək heç bir ödəniş olunmamışdır. Eyni zamanda iddia ərizəsində tələb olunan əsas borcun məbləği texniki səhvə yol verilərək 115000 göstərilmişdir. İddianın həmin hissədə 11.500 manat məbləğində qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli Kredit müqaviləsindən görünür ki, İddiaçı (borc verən) Cavabdeh (borc alan) 11500 (on bir min beş yüz) manat məbləğində pul borc verir. “Borc alan” isə krediti xx.xx.2022-ci il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürür. Beləliklə, göründüyü kimi tərəflər aralarında kredit müqaviləsi bağlanmaqla öhdəlik hüquq münasibəti yaranmışdır. İddiaçı cavabdehin (borclu) üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımı qaydada icra etmədiyini iddia edir və borc məbləğinin geri qaytarılmasını tələb edir. Məhkəmə hesab edir ki, tərəflər arasında borc müqaviləsi ilə bağlı münasibətlər yarandığından mübahisə Mülki Məcəllənin 21-ci fəslində təsbit olunmuş «Öhdəliklərin icrası» və «Borc» müqaviləsi ilə bağlı müddəalar çərçivəsində həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə mülki qanunvericiliyin şərh olunan maddələrində ifadə olunmuş hüquq normalarına əsaslanaraq hesab edir ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü tələb əsaslıdır. Cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Məhkəmə mənəvi zərərin ödənilməsi hissəsində iddia tələbini əsassız hesab edir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində izah edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların X1”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə hesab edir ki, iddiaçı mənəvi zərərlə bağlı tələb irəli sürsə də bu tələbini məhkəmədə əsaslandıra bilmədi, mənəvi zərərin nədə ifadə olunduğunu, hansı mənəvi sarsıntı və iztirablara məruz qalmasını sübut edə bilmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən ödənilmiş rüsumunun 10,2 manatı (8%) iddiaçıya aid edilməli, 117,3 manat (92%) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə işin şərh olunan hallarına hüquq normalarına istinadən qiymət verərək bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 11.500 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 117,3 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 11500 (on bir min beş yüz) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 117,3 (bir yüz on yeddi manat, otuz qəpik) manat İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-5466/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5466/2022
27.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver