Məhkəmə qərarları › İş №2(060)-5517/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5517/2025

20.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5517/2025 20.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh “Changan Qiyuan A05 70 km PRO” markalı avtomobili İddiaçı adına rəsmiləşdirməsi öhdəliyini icra etməsinin məcburi qaydada təmin edilməsini, 1800 manat məbləğində yaranmış gömrük parking saxlanma xərclərinin tam şəkildə ödənilməsi, xeyrinə 3500 ABŞ dolları məbləğində əsas borcun, həmin məbləğə hesablanmış bank uçot dərəcəsinə əsasən faiz borcunun cavabdeh müqavilə öhdəliyini icra etmədiyi halda, BYD QİN PLUS (dövlət qeydiyyat nişanı 60CC924) markalı avtomobilin bazar dəyərinin İddiaçı geri ödənilməsinin təmin edilməsi, cavabdehin borc öhdəliklərini yerinə yetirməməsi ilə yanaşı, həyatına qəsd edəcəyi ilə təhdid edərək şantaj yolu ilə borcun silinməsini və əlavə 1000 manat tələb etməsi faktına görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182-ci maddəsi (hədə-qorxu ilə tələb etmə) əsasında məsuliyyət daşıdığının müəyyən edilməsi və bu faktın məhkəmə qərarında əks olunması, yuxarıdakı şantaj, təhdid və öhdəliklərin yerinə yetirilməməsi nəticəsində iddiaçının şəxsi nüfuzuna və psixoloji sağlamlığına görə mənəvi zərərin əvəzinin 7000 manat məbləğində cavabdehdən tutulmasına qərar verilməsi və 135 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin adına ölkəyə idxal edilmiş “Changan Qiyuan A05 70km PRO” markalı avtomobilin iddiaçının adına rəsmiləşdirməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, həmin avtomobilin gömrük terminalında saxlanma xərclərinin tam şəkildə cavabdeh tərəfindən ödənilməsi, “Qarşılıqlı hesablaşmalar barədə” xx.xx.2024-cü il tarixli Razılaşma əsasında iddiaçının xeyrinə 2500 ABŞ dolları və 1500 manat məbləğində borcun tam tutulması, cavabdehdən “Qarşılıqlı hesablaşmalar barədə” xx.xx.2024-cü il tarixli Razılaşma əsasında iddiaçının xeyrinə 2500 ABŞ dolları və 1500 manat məbləğində borcun tam tutulması gününə qədər bank uçot dərəcəsinə əsasən illik 5 faiz olmaqla faiz məbləğinin tutulması, bu tələblərin icrası qeyri mümkün olduğu halda isə “BYD QİN PLUS Plug-in Hibrid” markalı (ban nömrəsi: LC0C76C42R0373523, buraxılış ili 2024, mühərrik nömrəsi: C********) nəqliyyat vasitəsinin bazar dəyəri kimi 25000 manat məbləğin tam qaytarılması və əlavə olaraq 5000 manat mənəvi zərərin və dövlət rüsumunun tam şəkildə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

3. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında 16 sentyabr 2024-cü il tarixli “Nəqliyyat vasitəsinin alışı üzrə agent xidmətləri” müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən şirkət, cavabdehin sifarişi ilə Çin Xalq Respublikasından 2024-cü il istehsalı olan “Changan Qiyuan A05 70 km PRO” markalı avtomobilin alınmasını və ölkəyə çatdırılmasını təşkil etmişdir. Müqavilə üzrə invoice dəyəri 13000 A BŞ dolları olmuş, lakin cavabdeh yalnız 12000 ABŞ dolları ödəmiş, 1000 ABŞ dolları borc qalmışdır. Belə ki, avtomobil sifarişi verildikdən bir müddət sonra avtomobilin ölkəyə çatdırılması zamanı yolda fors-major halları baş verməsi səbəbindən gecikmələr baş vermiş və buna görə də cavabdeh şirkətə gələrək həyatına qəsd edəcəyini həm şirkətdə, həm də sosial şəbəkələr vasitəsilə bildirmişdir. Ona necə kömək edə biləcəklərini bildirdik də, Kamil şirkətə başqa model avtomobil istədiyini bildirmiş və o da satış məqsədilə ölkəyə gətirdiyi DQN-nı 60CC924 BYD QİN PLUS marka və model olan avtomobili cavabdehin razılığı ilə onun adına rəsmiləşdirərək sifariş etdiyi avtomobillə əvəzləşdirmişdir. Bu əvəzləşmənin və razılaşmanın şərtlərinə əsasən cavabdeh gələcəkdə ölkəyə daxil olmalı olan “Changan Qiyuan A05 70 km PRO” marka və model avtomobili İddiaçı adma rəsmiləşdirməyi öhdəsinə götürərək 17 dekabr 2024-cü il tarixdə razılaşdırılmışdır. Hazırda sifariş edilən “Changan Qiyuan A05 70 km PRO” markalı avtomobil ölkəyə gətirilmiş, lakin cavabdeh avtomobili İddiaçı adına rəsmiləşdirməkdən yayındığı üçün avtomobil 6 aydır Bakı Gömrük Terminalında saxlanılır və hər gün 10 manat olmaqla halhazırda təqribi 1800 manat gömrük parking xərci yaranmışdır. Bundan əlavə, cavabdeh BYD markalı avtomobili artıq üçüncü şəxsə satmış, müqavilə öhdəliyini kobud şəkildə pozaraq ona maddi və mənəvi zərər vurmuşdur. Üstəlik cavabdeh yuxarıda qeyd etdiyi kimi həyatına qəsd edəcəyini dəfələrlə bildirərək avtomobilin sənədləşməsi üçün ondan borcun silinməsini, üstəlik əlavə 1000 manat şantaj yolu ilə tələb edərək iddiaçının şəxsi nüfuzuna və psixoloji sağlamlığına ciddi ziyan vurmuşdur. Bununla bağlı dəfələrlə hüquq mühafizə orqanlarına müraciəti olmuş lakin heç bir nəticə verməmişdir. Bundan başqa, 17 dekabr 2024-cü il tarixli “Qarşılıqlı hesablaşmalar barədə” razılaşma sənədinə əsasən cavabdeh əvəzləşdirilən avtomobilin qiymət fərqinə görə İddiaçı 2500 ABŞ dolları borcu yaranmışdır və həmin borcu 3 ay ərzində ödəyəcəyini öhdəsinə götürmüşdür. Lakin bu günə qədər cavabdeh nə ilkin 1000 dollar borcu, nə də əvəzləşmə ilə bağlı 2500 dollar borcu ödəməyib. Artıq 6 aydır Bakı Gömrük terminalında saxlanılan həmin “Changan” markalı avtomobil cavabdeh tərəfindən İddiaçı adına rəsmiləşdirməməsi səbəbindən maddi və mənəvi ziyan dəymişdir. Belə ki, həmin avtomobilin bazar dəyəri düşməklə yanaşı dəfələrlə alıcı tələbatı olsa da, satışı mümkünsıiz olmuşdur. Hesab edir ki, Cavabdeh xeyrinə 3500 A BŞ dolları məbləğində olan borc, 1800 manat manat məbləğində gömrük park xərci və 7000 manat pul məbləği maddi və mənəvi ziyan vurduğuna görə pul tutulmalıdır. Belə ki, Cavabdeh tərəfindən iddiaçıya qarşı şantaj xarakterli hədələr edilmiş, həyatına qəsd edəcəyi bildirilərək borcun silinməsi, habelə əsassız olaraq əlavə 1000 manat pul tələbi irəli sürülmüşdür. Bu hallar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182-ci maddəsi (hədə-qorxu ilə tələb etmə) ilə cinayət məsuliyyəti yaradır. Bu fakt şəxsi nüfuzuna və psixoloji sağlamlığına zərər vurur və əlavə mənəvi əzab doğurur. Eləcə də hesab edir ki, cavabdehdən ödənilmiş 135 manat dövlət rüsumunun məbləği də tutulmalıdır.

Tərəflərin mövqeləri:

4. Məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, iddiaçı "xxxx" MMC-də satış təmsilçisi kimi fəaliyyət göstərmişdir. Bu MMC Çin-dən avtomobillərin müştərilərin adına gətirilməsi fəaliyyəti ilə məşğul olur. MMC-nin gəliri hər avtomobildən 250-400 dollar borker haqqı tutulmaqla əldə edilirdi. Həmin vaxtlarda şirkətin problemləri mövcud idi. Yüzlərlə avtomobillər Mahaçqalada və Dərbənddə saxlanılmışdı. Hadisə mətbuata da yansımışdı. Müştəri məmnuniyyətinin təmin olunması, vətəndaşların mətbuata və prokurorluğa müraciət etməməsi məqsədilə şirkətin əməkdaşlarının və rəhbərinin adına olan, yaxud anbarda olan avtomobillər təminat qismində müştərilərin adına rəsmiləşdirilirdi. Həmçinin cavabdehin avtomobilinin gətirilməsində də yubanma olmuşdu. İddiaçı həmin vaxt şirkətdə işləmiş, öz adına olan avtomobili cavabdehin adına rəsmiləşdirmişdi. Bunu təsdiq edən qarşılıqlı hesablaşmalar üzrə razılaşma iddiaçı və cavabdeh arasında bağlanmışdır. Avtomobil cavabdehin adına gəlmiş, cavabdeh onu adına rəsmiləşdirməkdən imtina edərək yayınmışdır. Cavabdehin bildirdiyi kimi şirkətə 23300 manat ödəniş olunmamışdır. İnvoys üzrə 13000 dollar ödənilməli olsa da, 12000 dollar ödəniş etmişdir. Sonradan daha baha qiymətə olan avtomobili vermişdirlər. Bundan isə 2500 manat borcu vardır.

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, iddiaçının Çindən avtomobillərin gətirilib satılması ilə məşğul olan şirkəti mövcuddur. Sənan Əsədzadə adına şirkət vasitəsilə 2024-cü ilin sentyabrın 16-da “Changan A05” markalı avtomaşın sifariş vermişdir. Banka 12000 dollar pul ödəmişdir. Ona bildirmişdirlər ki, avtomobil 40-45 günə gələcəkdir. Hər dəfə müxtəlif bəhanələrlə onu yubatmışdırlar. 100 gün keçdikdən sonra öyrənmişdir ki, heç sifariş belə olunmamışdır. Qarşı tərəf iddia edirdi ki, avtomobilin gətirilməsi zamanı yolda bədbəxt hadisə baş vermişdir. Bu isə müqavilədə nəzərdə tutulan fors-major haldır. Heç bir bədbəxt hadisə baş verməmişdir. Ona dəyən zərərin ödənilməsini tələb etsə də, iddiaçı tərəf bundan çəkinmişdir. Daha sonra təklif etmişdir ki, orada olan avtomobillərdən birini ona satsınlar. 21000 manatlıq avtomobili ona 25000 manata satmışdırlar. Həmin avtomobili satdıqdan sonra satışdan əldə etdiyi pul vəsaitinin üzərinə 5200 manat əlavə etməklə istədiyi avtomobili almışdır. İddiaçı tərəf dələduzluqla məşğuldur. Mübahisə predmeti olan avtomobil İddiaçı mülkiyyətində idi. 9 aydan sonra sifariş etdiyi avtomobil gəlmişdir. Hal-hazırda həmin avtomobil gömrükdədir. Şirkət tərəfindən ona 9700 manat məbləğində ziyan dəymişdir. 2500 ABŞ dolları məbləğində iddiaçıya borcu olması cəfəngiyyatdır.

6. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

7. Cavabdeh (sifarişçi) ilə "xxxx" MMC (icraçı) arasında bağlanmış xx.xx.2024-cü il tarixli “Nəqliyyat vasitəsinin alışı üzrə agent xidmətləri müqaviləsi”ndən görünür ki, sifarişçi dəyəri 13000 ABŞ dolları, rəngi gümüşü, istehsal ili 2024-cü il, modeli “Qiyuan A05 70 km pro” olan “Changan” markalı avtomobilin alışının təşkil edilməsi, Azərbaycan Respublikası çatdırılması üzrə xidmətləri sifariş verməyi, icraçıya razılaşdırılmış xidmət haqqını və digər ödənişləri ödəməyi, icraçı isə bu sifarişin müqabilində agent xidmətləri göstərməyi öhdəsinə götürmüşdür.

8. Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli “Qarşılıqlı hesablaşmalar barədə razılaşma”dan görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan razılaşma əsasında, İddiaçı məxsus olan dövlət qeydiyyat nişanı 60CC924 olan BYD QİN PLUS marka və model məxsus olan avtomobili, dövlət qeydiyyat şəhadətnamə nömrəsi BB668694, rəngi ağ mirvari olan, mühərrik nömrəsi C24162235 texniki xüsusiyyətlərə malik olan avtomobili Cavabdeh 14500 (abş dolları) qarşılığında onun xaricdən sifariş əsasında əldə etdiyi və gələcəkdə Azərbaycan Respublikasına daxil olmalı olan Changan Qiyuan A05 70km Pro marka və modelə məxsus olan avtomobil ilə əvəzləşdirirlər. Bu razılaşmaya əsasən həmin 14500 Abş dollarının 12000 Abş dolları olan hissəsi onun xaricdən sifariş etdiyi Changan Qiyuan A05 70km Pro markalı olan avtomobil olaraq gələcəkdə avtomobil ölkəyə gəldikdə onun adına rəsmiləşdiriləcək. Bununla əlaqədar gələcəkdə Cavabdeh qəbul edir ki, heç bir halda əks iddia irəli sürməyəcək. Avtomobilin dəyərinin digər əvəzləşdirilməyən hissəsini yəni 2500 Abş dolları ödənildikdən sonra avtomobili Cavabdeh adına keçirilməsindən dolayı tələb olunan bütün sənədləri təqdim edəcək və öhdəliklərini yerinə yetirəcək.

9. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziyadan görünür ki, 17 dekabr 2024-cü il tarixli “Qarşılıqlı hesablaşmalar barədə razılaşma” müqaviləsinə əsasən, onun adına rəsmiləşdirilmiş **-CC-*** dövlət qeydiyyat nişanlı BYD QİN PLUS markalı avtomobilə görə 1500 ABŞ dolları və 1000 manat məbləğində borcun 5 gün müddətində tam şəkildə ödənilməsi tələb edilmiş, əks təqdirdə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hüquqlarının bərpası məqsədilə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq olunmuşdur.

10. 26 noyabr 2024-cü il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, X10 “BYD minik” markalı, **-CC-*** dövlət qeydiyyat nişnalı avtomobili 20000 manat müqabilində İddiaçı satmışdır.

11. 19 dekabr 2024-cü il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı “BYD QİN Plus plug-in hibrid minik” markalı, **-CC-*** dövlət qeydiyyat nişnalı avtomobili 25700 manat müqabilində X2.

12. 09 sentyabr 2025-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, X7 “BYD QİN Plus plug-in hibrid minik” markalı, **-CC-*** dövlət qeydiyyat nişnalı avtomobili 20000 manat müqabilində X1.

13. Bakı şəhəri Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X5 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərardan görünür ki, "xxxx" MMC-nin drektoru X6 şikayət ərizəsi əsasında toplanmış material üzrə Cavabdeh barəsində cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.

Məhkəmə baxışının hədləri:

14. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 328.1. Əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

16. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək, tərəfləri dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

17. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 16 sentyabr 2024-cü il tarixli “Nəqliyyat vasitəsinin alışı üzrə agent xidmətləri” müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən şirkət, cavabdehin sifarişi ilə Çin Xalq Respublikasından 2024-cü il istehsalı olan “Changan Qiyuan A05 70 km PRO” markalı avtomobilin alınmasını və ölkəyə çatdırılmasını təşkil etməyi, cavabdeh isə razılaşdırılmış xidmət haqqını və digər ödənişləri etməyi öhdəsinə götürmüşdür. Müqavilədə sifariş edilən avtomobilin dəyəri 13000 dollar göstərilmişdir.

18. Həmin avtomobilin ölkəyə çatdırılmasında gecikmə olduğuna görə hazırki iş üzrə "xxxx" MMC-nin əməkdaşı İddiaçı (özünün bildirdiyinə görə həmin MMC-nin əməkdaşı olmuşdur) cavabdehin narazıçılığı səbəbindən Cavabdeh özünə məxsus BYD QİN Plus Plug-in Hibrid minik markalı, 60CC924 dövlət qeydiyyat nişnalı avtomobilə sərəncam verilməsinə dair etibarnamə vermişdir.

19. Onlar arasında 17 dekabr 2024-cü ildə Qarşılıqlı hesablaşmalar barədə razılaşma bağlanmış, həmin razılaşmaya görə tərəflər razılığa gəlmişlər ki, İddiaçı özünə məxsus olan dövlət qeydiyyat nişanı 60CC924 olan BYD Qin Plus markalı avtomobili Cavabdeh Changan Qiyuan A 05 70km pro markalı avtomobilin ölkəyə gətizdirilməsinə görə "xxxx" MMC-yə ödədiyi 12000 dollar vəsaitin əvəzində onun adına rəsmiləşdirsin, Cavabdeh isə öz növbəsində sifariş etdiyi avtomobil ölkəyə gətirildikdən sonra həmin avtomobili, yəni Changan Qiyuan A 05 70km pro markalı avtomobili iddiaçının adına rəsmiləşdirsin. Eyni zamanda Cavabdeh BYD Qin Plus markalı avtomobilə görə 2500 dollar verməyi də öhdəsinə götürmüş və həmin məbləğin ödəniş müddətin də öz aralarında razılaşdırmış və ödəniş edildikdən sonra həmin avtomobilə dair cavabdehin adına bütün sənədlərin təqdim edilməsi ilə bağlı razılaşmışlar.

20. Elə həmin tarixdə, yəni 17 dekabr 2024-cü ildə İddiaçı özünə məxsus olan dövlət qeydiyyat nişanı 60CC924 olan BYD Qin Plus markalı avtomobilə sərəncam verilməsinə dair Cavabdeh etibarnamə vermiş və Cavabdeh bundan iki gün sonra, yəni 19 dekabr 2024-cü il tarixdə həmin avtomobili alqı-satqı müqaviləsi ilə 25700 manat müqabilində X2.

21. Hazırda iddiaçı iddia ilə məhkəməyə müraciət edərək cavabdehə qarşı aşağıda qeyd edilən tələbləri irəli sürür: - Cavabdehin adına ölkəyə idxal edilmiş “Changan Qiyuan A05 70km PRO” markalı avtomobilin iddiaçının adına rəsmiləşdirməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması; - Həmin avtomobilin gömrük terminalında saxlanma xərclərinin tam şəkildə cavabdeh tərəfindən ödənilməsi; - “Qarşılıqlı hesablaşmalar barədə” xx.xx.2024-cü il tarixli Razılaşma əsasında iddiaçının xeyrinə 2500 ABŞ dolları və 1500 manat məbləğində borcun tam tutulması; - Cavabdehdən “Qarşılıqlı hesablaşmalar barədə” xx.xx.2024-cü il tarixli Razılaşma əsasında iddiaçının xeyrinə 2500 ABŞ dolları və 1500 manat məbləğində borcun tam tutulması gününə qədər bank uçot dərəcəsinə əsasən illik 5 faiz olmaqla faiz məbləğinin tutulması; - Bu tələblərin icrası qeyri mümkün olduğu halda isə “BYD QİN PLUS Plug-in Hibrid” markalı (ban nömrəsi: LC0C76C42R0373523, buraxılış ili 2024, mühərrik nömrəsi: C********) nəqliyyat vasitəsinin bazar dəyəri kimi 25000 manat məbləğin tam qaytarılması; - əlavə olaraq 5000 manat mənəvi zərərin və dövlət rüsumunun tam şəkildə tutulması;

22. Beləliklə tərəflər arasında iddiaçıya məxsus, cavabdehin isə adına sifariş etdiyi avtomobillə bağlı bir razılaşma olmuşdur. Belə bir razılaşmanın olması tərəflərin imzaladığı yuxarıda adı qeyd edilən “Qarşılıqlı hesablaşmalar barədə” xx.xx.2024-cü il tarixli razılaşma ilə də təsdiq edilir. Cavabdeh əvvəlki məhkəmə iclaslarında həmin müqavilənin şərtləri ilə razılaşmadığını, həmin müqaviləni iddiaçının imzalamadığı kimi fikirlər səsləndirsə də, razılaşmada ki, imzanın ona məxsus olduğunu təkzib etməmişdir. Eyni zamanda cavabdeh belə razılaşma mövcud deyildirsə iddiaçının özünə məxsus avtomobilə dair ona nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamənin hansı səbəbdən verilməsinin və onun tərəfindən adına avtomobil gələcəyi halda başqa şəxsə məxsus avtomobilin hansı əsasla satılmasının ağlabatan izahını verə bilməmişdir.

23. Cavabdeh daha sonra ona "xxxx" MMC tərəfindən 9700 manat ziyan dəydiyini bildirmiş, bu ziyanın ödənildiyi təqdirdə avtomobilin iddiaçına adına rəsmiləşdirilməsinə razı olduğunu qeyd etmişdir. Cavabdeh ona dəymiş ziyanı belə şərh etmişdir ki, istədiyi, yəni sifariş etdiyi avtomobildən eynisi almaq üçün iddiaçıya məxsus avtomobili sataraq əldə etdiyi vəsaitin üzərinə 5200 manat məbləğində vəsait qomuş, avatomobil ona gec çatdırıldığı üçün yol xərci çox olmuş və ona mənəvi ziyan dəymişdir.

24. Beləliklə məhkəmə cavabdehin hazırki hərəkətlərini hüquqdan sui-istifadə kimi qiymətləndirir.

25. . Mülki Məcəllənin 560-cı maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan suiistifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi xüsusən hüquqdan sui-istifadədir.

26. M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında göstərilmişdir ki, vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə aydınlıq gətirmək vacib hesab edilir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır.

27. Avropa Məhkəməsi də bir sıra qərarlarında göstərmişdir ki, hüquqdan suiistifadə hüquq sahibi tərəfindən bu hüquqdan onun verildiyi və ya yaradıldığı məqsədə zidd və ya açıq-aşkar uyğun olmayan tərzdə zərərli istifadədir (Mirolubovs və digərləri Latviyaya qarşı, 2009, §62, S.A.S Fransaya qarşı iş, 2014, §66 Qərarlar).

28. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməli, mülki hüquqlarını hüquqa uyğun həyata keçirməli, hüquqdan sui-istifadə etməməlidir. Belə ki, mülki hüquq münasibətinin digər tərəfinin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftarına zidd hüququ həyata keçirməməli və öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan inkaryönümlü istinad etməməlidir. Bu mənada bir tərəfin mövcud hüquqi şəraitə güvənməsi və həmin etimadın qanunla qorunduğu halda, digər tərəfin cari hüquqi şəraiti birinciyə ziyan vurmaq məqsədi ilə dəyişməsi vicdanlılığa zidd olmaqla hüquqdan sui-istifadəyə məruz qalmış şəxslərə müdafiə hüququ yaradır.

29. Beləliklə yuxarıda qeyd edilən razılaşmadan görünür ki, tərəflər arasında sözügedən müqavilə şərtlə bağlanmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 328.1-ci maddəsinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Hazırki halda da tərəflər arasında sözügedən müqavilə cavabdehin sifariş etdiyi avtomobil ölkəyə gətirildikdən sonra iddiaçının adına rəsmiləşdirilməsi şərtilə bağlanmışdır. Bu şərt baş verdiyi təqdirdə, yəni avtomobil ölkəyə gətirildikdən sonra cavabdehin həmin avtomobili iddiaçının adına rəsmiləşdirmək vəzifəsi yaranır.

30. Həmin şərtin baş verib-vermədiyinə gəldikdə isə tərəflər avtomobilin Azərbaycana gəldiyini özləri də etiraf etmiş, cavabdeh isə ona avtomobili götürmək barədə təklifin gəlmədiyini bildirmişdir. Tərəflərin öz aralarında mübahisənin barışıq, qarşılıqlı razılaşma yolu ilə həll edilməsi təklif edilsə də tərəflər arasında barışığa nail olunmamışdır. Sözügedən avtomobilin Cavabdeh adına sifariş edilməsi də işin mübahisə edilməyən halıdır.

31. Hazırki halda şərt baş verdiyindən cavabdehin həmin avtomobili iddiaçının adına rəsmiləşdirmək öhdəliyi yaranıb, lakin öhdəlik icra edilməyib. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 443.2-ci maddəyə görə, zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

32. Məhkəmə qeyd edir ki, cavabdehin ilkin tələbi də məhz, “Changan Qiyuan A05 70km PRO” markalı avtomobilin iddiaçının adına rəsmiləşdirməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır. Bu halda məhkəmə qeyd edir ki, iş materialları ilə, habelə tərəflərin izahatları ilə Cavabdeh tərəfindən sifariş edilən avtomobilin ölkəyə gətirildikdən sonra onun öz adına rəsmiləşdirildiyi müəyyən edilməmiş və eyni zamanda tərəflər bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişlər.

33. Məhkəmə qeyd edir ki, cavabdehin adına rəsmiləşdirilməmiş əmlakın, başqa sözlə desək cavabdehin mülkiyyətində olmayan əmlakın iddiaçının adına rəsmiləşdirilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulması hüquqi cəhətdən mümkün deyildir. Buna görə də məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir.

34. Belə ki, Azərbaycan Respublikası ərazisində hüquqi və fiziki şəxslərə məxsus olan bütün mexaniki nəqliyyat vasitələri və onların qoşqularının (bundan sonra “nəqliyyat vasitələri”) dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması (bundan sonra "qeydiyyat") Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnaməyə uyğun həyata keçirilir.

35. Həmin avtomobilin gömrük terminalında saxlanma xərclərinin tam şəkildə cavabdeh tərəfindən ödənilməsi, “Qarşılıqlı hesablaşmalar barədə” xx.xx.2024-cü il tarixli Razılaşma əsasında iddiaçının xeyrinə 2500 ABŞ dolları və 1500 manat məbləğində borcun tam tutulması, cavabdehdən “Qarşılıqlı hesablaşmalar barədə” xx.xx.2024-cü il tarixli Razılaşma əsasında iddiaçının xeyrinə 2500 ABŞ dolları və 1500 manat məbləğində borcun tam tutulması gününə qədər bank uçot dərəcəsinə əsasən illik 5 faiz olmaqla faiz məbləğinin tutulmasına dair iddiaçının tələbləri də qeyd edilən ilkin tələbdən asılı olduğundan, məhkəmə hesab edir ki, iddia həmin hissələrdə də təmin edilməməlidir.

36. Məhkəmə iddianın digər hissəsinə, yəni “BYD QİN PLUS Plug-in Hibrid” markalı (ban nömrəsi: LC0C76C42R0373523, buraxılış ili 2024, mühərrik nömrəsi: C********) nəqliyyat vasitəsinin bazar dəyəri kimi 25000 manat məbləğin tam qaytarılması tələbinə münasibətdə qeyd edir ki, yuxarıda qeyd edilənlər əsasında cavabdehin öz öhdəliyini icra etməməsi nəticəsində iddiaçıya ziyan vurması halı öz təsdiqini tapır ki, bu halda cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinin tələblərindən irəli gələrək iddiaçıya dəymiş ziyanı ona ödəməlidir.

37. Ziyanın məbləğinə gəldikdə isə məhkəmə qeyd edir ki, iddiaçıya məxsus avtomobilin cavabdeh tərəfindən 25700 manata müqabilində özgəninkiləşdirilməsi məhkəməyə sorğu əsasında təqdim edilmiş yuxarıda adı qeyd edilən alqı-satqı müqaviləsi əsasında öz təsdiqini tapır. Bu halda məhkəmə hesab edir ki, iddia 25000 manat məbləğində pul vəsaitinin iddiaçıya ödənilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir.

38. Mənəvi ziyanın ödənilməsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı ona mənəvi zərərin əvəzi olaraq 5000 manat məbləğində vəsaitin ödənilməsini istəsə də, hazırki halda iddiaçı ona mənəvi zərərin dəyməsini yalnız avtomobilin adına rəsmiləşdirilməməsi ilə əsaslandırmış, bunun nəticəsində mənəvi zərərə məruz qalmasını (müalicə xərcləri və.s) təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.

39. Məhkəmə qeyd edir ki, mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir.

40. Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4.13-cü bəndində qeyd edilmişdir ki, müqavilə tərəfinin əsas marağı iqtisadi xarakterli olduğundan bir qayda olaraq müqavilədən irəli gələn öhdəliklərin pozuntusu mənəvi zərərin yaranmasına səbəb olmur (məsələn, borc müqaviləsi üzrə borcun qaytarılmasından yayınma, alqı-satqı müqavilələri üzrə alqı-satqı predmetinin dəyərinin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilməməsi və s.). Müqavilə öhdəliklərinin pozulması o halda mənəvi zərərin yaranmasına səbəb ola bilər ki, bu pozuntu eyni zamanda müqavilə tərəfinin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnmiş olsun. Bu zaman müqavilədə onun predmetinin tərəf üçün qeyri-maddi dəyər daşımasına dair xüsusi şərtin nəzərdə tutulubtutulmamasından asılı olmayaraq, öhdəliyin pozulmasının şəxsin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələndiyi araşdırılmalıdır.

41. Hazırki halda iddiaçıya mənəvi zərər ödənilməsi üçün onun şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilənin mövcudluğu müəyyən edilmir. Belə olan halda məhkəmə hesab edir ki, iddia həmin hissədə də təmin edilməməlidir.

42. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh “BYD QİN PLUS Plug-in Hibrid” markalı (ban nömrəsi: LC0C76C42R0373523, buraxılış ili 2024, mühərrik nömrəsi: C********) nəqliyyat vasitəsinin dəyəri olaraq 25000 (iyirmi beş min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir.

Məhkəmə xərcləri:

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

45. İddiaçı tərəfindən **********65 saylı 18 iyul 2025-ci il tarixli qəbzlə iddia ərizəsinin verilməsi ilə əlaqədar 136 manat dövlət rüsumu ödəmişdir. İddia tələbinin həcmi 30000 manat məbləğində olmuşdur. Dövlət rüsumu haqqında Qanunun 8.1 və 8.1.3-cü maddələrinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddianın qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faiziməbləğində dövlət rüsumu ödənilməlidir. Belə olan halda iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilərkən 180 manat məbləğində dövlət rüsumu ödənilməli idi.

46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 113.1-ci maddəsinə əsasən iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır.

47. Məhkəmə qeyd edir ki, iddia qismən, yəni 25000 manat hissədə təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 136 manat məbləğində pul vəsaiti İddiaçı ödənilməli, eyni zamanda cavabdehdən dövlət rüsumunun əvəzi qismində 14 manat məbləğində pul vəsaiti, iddiaçıdan isə 30 manat məbləğində pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilməlidir. 48.

Nəticə:

49. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh “BYD QİN PLUS Plug-in Hibrid” markalı (ban nömrəsi: LC0C76C42R0373523, buraxılış ili 2024, mühərrik nömrəsi: C********) nəqliyyat vasitəsinin dəyəri olaraq 25000 (iyirmi beş min) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 136 (yüz otuz altı) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Cavabdeh dövlət rüsumunun kəsiri olaraq 14 (on dörd) manat, İddiaçı 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar