Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5530/2024 09.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hаkimi Şirəliyeva Vəfa Zavrulla qızı, İddiaçı Cavabdehnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq 27 mart 2023-cü il tarixdə əri X1 ölüm faktının müəyyən edilməsi və ölüm haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2 və 149.2.2ci maddəsinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Hazırki işdə tələb ümumi iddia icraatı qaydasında verilsə də, iddiaçının tələbi ölüm faktının müəyyən edilməsi və ölüm haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdeh üzərinə qoyulması ilə bağlıdır. Məhkəmə qeyd edir ki, mülki prosesdə həyata keçirilən icraatın iddia icraatı və xüsusi icraat adlanan iki növü vardır. MPM-in 306.1-cı maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, həmin icraatın qaydalarını, şərtlərini və baxılma əsaslarını tənzimləyən, qanunla müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Məhkəmə qeyd edir ki, iddia ərizəsindən görünür ki, iddiaçının tələbi ölüm faktının müəyyən edilməsi ilə bağlıdır. Mülki Prosessual qanunvericiliyə əsasən bu növ iddialara xüsusi icraat qaydasında baxılması nəzərdə tutulmuşdur. Lakin hazırki işdə tələb ümumi iddia icraatı qaydasında verilmişdir. Beləliklə, iddiaçı tərəfindən iddia ərizəsinin forma və məzmunu ilə bağlı tələblərə riayət edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsi barədə ərizələrə iddia icraatı qaydasında baxılması nəzərdə tutulmadığından iddianın qəbulundan imtina edilməlidir. Bundan əlavə iddiaçı Cavabdeh qismində qoyaraq ölüm haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulmasını məhkəmədən xahiş edir. Halbuki prosessual qanunvericilikdə inzibati orqanların hərkətlərindən və ya hərəkətsizliyindən şikayətlərə mülki məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmamışdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən həmin Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş İnzibati orqanların Təsnifatında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan olaraq göstərilmişdir. Hazırki işdə də ərizəçi inzibati orqanın onun ərizəsinin təmin edilməsindən imtinasından narazı qalaraq ərizə ilə məhkəməyə müraciət etmişdir ki, bu növ ərizələrə mülki məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmamışdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarına əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması, yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə, habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə olan halda məhkəmə hesab edir ki, iddianın həmin hissəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iddia ərizəsinə iddia icraatı qaydasında baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunsun. İddiaçıya izah olunur ki, ölüm faktının müəyyən edilməsi ilə bağlı xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. İddia ərizəsinə əlavə edilmiş materiallardan görünür ki, iddiaçı hazırki iddia tələbi üzrə 100 manat dövlət rüsumu ödəmişdir. İddia ərizəsinin icraata qəbulundan imtina edildiyindən ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı : İddiaçı Cavabdehnə ölüm faktının müəyyən edilməsi və ölüm haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçı iddia ərizəsinin verilməsi üçün ********** saylı qəbzə əsasən ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya qaytarılsın. Qərardadın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Şirəliyeva
Məhkəmə qərarları › İş №2(060)-5530/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5530/2024
09.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver