Məhkəmə qərarları › İş №2(060)-5559/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5559/2024

29.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5559/2024 29.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsi Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Sumqayıt 1 saylı Mediasiya Təşkilatına qarşı "barışıq sazişinin etibarsız hesab edilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdehlər Cavabdeh2 və Sumqayət 1 saylı Mediasiya Təşkilatına qarşı "barışıq sazişinin etibarsız hesab edilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh2 17 aprel 2018-ci ildə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuş və nikahları Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 894 nömrəli akt qeydi ilə rəsmiləşdirmişlər. Birgə nikah münasibətlərindən xx.xx.2018-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X8 adlı iki övladları doğulmuşdur. Cavabdeh2 ilə ailə qurduqdan sonra bir müddət mehriban yaşasalar da, sonradan bir-birilərini başa düşməmiş və aralarında söz-söhbət yaranmağa başlamışdır. Cavabdeh2 nikahın pozulması üçün məhkəməyə müraciət etməmişdən əvvəl İddiaçı ilkin mediasiya sessiyasında iştiraka dəvət etmiş, o da bu təklifini qəbul etmiş və Sumqayıt 1 saylı Mediasiya Təşkilatında mediator Qabil Əsgərovun iştirakı ilə aşağıdakı şərtlərlə xx.xx.2024-cü il tarixli, MŞS/MT030/2024-00218 saylı Barışıq sazişini imzalamışlar: 1. Mediasiya prosesində İddiaçı və Cavabdeh2 bir-birilərinə qarşı heç bir şərt irəli sürmədən və barışmaq üçün vaxt verilmədən aralarındakı nikah qeydinin pozulmasına razılıq verib; 2. Mediasiya prosesində rəsmi nikah münasibətlərindən doğulmuş övladlarımız - xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X5 Cavabdeh2 himayəsinə verilməsinə razılaşıb, uşaqların yetkinlik yaşma çatanadək saxlanılması üçün hər bir uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat alimenti fevral ayından başlayaraq hər ayın sonuncu günündən gec olmayaraq Cavabdeh2 (uşağın anası) ödəyəcəyinə dair razılaşıb, öhdəlik götürdü. Lakin, cavabdeh ilə aralarında olan barışıq sazişini bağladıqdan sonra iddiaçıya məlum olub ki, Cavabdeh2 Azərbaycan Hava Yolları “AZAL”-da təyyarə bələdçisi vəzifəsində işləyir və həftənin müəyyən vaxtı Azərbaycan Respublikasının hüdudlarından kənarda olur. Belə olan halda, Cavabdeh2 xx.xx.2018-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X5 təlim - tərbiyyəsi ilə məşğul olub, onların normal inkişafını təmin etmək imkanından mərhum olacağı aşkardır. Halhazırda iddiaçının qızları xx.xx.2018-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X8 iddiaçının yanında qalır və onların tərbiyəsi ilə məşğul olur. Ona görə də aralarında olan barışıq sazişinin etibarsızlığı barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən Sumqayıt 1 saylı Mediasiya təşkilatı tərəfindən təsdiq edilmiş 08 fevral 2024-cü il tarixli, MŞS/MT030/2024-00218 saylı Barışıq Sazişinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, barışıq sazişinin etibarsızlığına əsas kimi aldadılmasını qeyd etmişdir. Belə ki, sözügedən saziş bağlanan zaman uşaqlara anasının özünün baxacağına dair razılıq əldə edilsə də, sonradan Cavabdeh2 işləməsi və həftənin müəyyən vaxtlarında ölkə hüdudlarından kənarda olması müəyyən edilmişdir.

4. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı barışıq sazişinin etibarsız hesab edilməsi və ya ləğv edilməsinə əsas ola biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının həmin sazişin etibarsız hesab edilməsi üçün tək səbəbi cavabdehin əmək müqaviləsinə əsasən "xxxx" QSC-də təyyarə bələdçisi vəzifəsində işləməsidir ki, bu hal da sazişin etibarsız hesab edilməsinə əsas deyildir. Qeyd olunanlara əsasən iddia tələbi əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh Sumqayıt 1 saylı Mediasiya Təşkilatının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

6. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Sumqayıt 1 saylı Mediasiya Təşkilatının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. Belə ki, işin materiallarında olan Cavabdeh2 ilə İddiaçı arasında mediator X6 iştirakı ilə xx.xx.2024-cü il tarixdə bağlanılmış № MŞS/MT030/2024/00218 saylı barışıq sazişinə əsasən Mediasiya prosesində hər iki tərəf - İddiaçı ilə Cavabdeh2 bir- birinə qarşı heç bir tələb irəli sürmədən və barşıq üçün vaxt verilmədən aralarındakı Nigah qeydinin Sumqayıt şəhəri: “ ASAN xidmət" mərkəzi Qeydiyat şöbəsi, xx.xx.2018-ci il 894 № ilə qeyd edilmiş, AZ-İİ № 267704) pozulmasına razılaşırlar. Ailə qanunvericiliyinə əsasən mübahisənin bu hissəsi Məhkəmə nüstəvisində həll ediləcəkdir. Tərəflərin, yəni İddiaçı və Cavabdeh2 rəsmi nikah münasibətlərindən (Sumqayıt şəhəri: "ASAN xidmət" mərkəzi Qeydiyat şöbəsi, xx.xx.2018-ci il 894 № ilə qeyd edilmiş, AZ-İİ № 267704) doğulmuş övladları aşağıdakılardır: xx.xx.2018-ci il doğumlu X7. Şəx/vəs: AA 1945370. xx.xx.2020-ci il doğumlu X8. Şəx/vəs: AA 1945371. Mediasiya prosesində - İddiaçı ilə Cavabdeh2 rəsmi nikah nünasibətlərindən (Sumqayıt şəhəri: “ASAN xidmət” mərkəzi Qeydiyat şöbəsi, xx.xx.2018-ci il 894 № ilə qeyd edilmiş, AZ-İİ № 267704) doğulmuş övladları xx.xx.2018-ci il doğumlu X3/vəs: AA 1945370, xx.xx.2020-ci il doğumlu X8. Şəx/vəs: AA 1945371. Uşaqların şaxlanması üçün İddiaçı (uşaqların - atası) hər bir uşaq ücün 235 manat olmaqla cəmi 470 manat alimenti fevral ayından başlayaraq (hər ayın sonuncu günündən gec olmayaraq Cavabdeh2 (uşağın anası) ödəyəcəyinə dair razılaşdılar və öhdəlik götürdü. Mediasıya prosesində - İddiaçı (uşağın - atası) X2 və X5 Cavabdeh2 (uşağın anası) himayəsinə verilməsinə (yanında yaşamasına) razılaşdılar. Mediasiya prosesində - Cavabdeh2 (uşağın anası) ilə İddiaçı (uşağın atası) X7 və X8 ataları - İddiaçı ilə hər hansı (ay,gün və aat barədə məhdudiyyət qoyulmadan sərbəst şəkildə görüşüb ünsiyyətdə mane olmayacağı barədə Cavabdeh2 (uşağın - anası) razılaşaraq öhdəlik götürdü.

9. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4876/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən ərizə qismən təmin edilərək, ərizəçi Cavabdeh2 ilə maraqlı şəxs İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin aşağıdakı şərtlərlə qismən təsdiq edilməsi, “1. Tərəflər, yəni İddiaçı ilə Cavabdeh2 rəsmi nikah nünasibətlərindən doğulmuş övladları xx.xx.2018-ci il doğumlu X7 və xx.xx.2020-ci il doğumlu X1 üçün İddiaçı (uşaqların - atası) hər bir uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat alimenti fevral ayından başlayaraq (hər ayın sonuncu günündən gec olmayaraq Cavabdeh2 (uşağın anası) ödəyəcəyinə dair razılaşdılar. 2.İddiaçı (uşağın - atası) uşaqları- X7 və X5 Cavabdeh2 (uşağın - anası) himayəsinə verilməsinə (yanında yaşamasına) razılaşdı. 3.Cavabdeh2 (uşağın anası) ilə İddiaçı (uşağın atası) X7 və X5 ataları - İddiaçı ilə hər hansı (ay, gün və saat barədə məhdudiyyət qoyulmadan sərbəst şəkildə görüşüb ünsiyyətdə mane olmayacağı barədə Cavabdeh2 (uşağın anası) öhdəlik götürdü”, ərizənin qalan hissədə təmin edilməməsi, qətnamənin alimentlə bağlı hissəsi dərhal icra olunması, iş üzrə ödənilmiş dövlət rüsumunun ərizəçiyə aid edilməsi qət edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

10. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında xx.xx.2024cü il tarixdə mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi bağlanmışdır. Hazırda iddiaçı sözügedən barışıq sazişinin bağlanılması zamanı aldadıldığını iddia edərək, barışıq sazişinin etibarsız hesab edilməsini tələb edir. Cavabdeh iddia tələbinə etiraz edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

12. Maddə 6.2 Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

13. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

14. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

15. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.

16. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

17. Maddə 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir.

18. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

19. Maddə 881.1. Barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu

20. Maddə 1.0.7. barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır.

21. Maddə 3.1.2. Ailə münasibətlərindən irəli gələn mübahisələrə mediasiya tətbiq edilir.

22. Maddə 5.3. Mediasiya zamanı tərəflər öz mülahizələrinə əsasən maddi və prosessual hüquqlarından istifadə edirlər, habelə tələblərinin həcmini artırmaq və ya azaltmaq, bu Qanunun 28-ci və 29-cu maddələrinin tələbləri nəzərə alınmaqla mediasiyanın istənilən mərhələsində mediasiyadan imtina etmək hüquqlarına malikdirlər.

23. Maddə 33.1. Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır.

24. Maddə 33.2. Barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır.

25. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

26. Məhkəmə hesab edir ki, mübahisənin düzgün həlli və iddia tələbinin qanuni əsasının müəyyən edilməsindən ötrü tərəflər arasında bağlanmış barışıq sazişinin mahiyyətini aydınlaşdırmaq lazımdır. Bunun üçün barışıq sazişinin anlayışına diqqət yetirilməlidir.

27. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda (maddə 1.0.7) verilmiş məhdud anlayışa görə barışıq sazişi tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Göründüyü kimi, verilən anlayışla mediasiya prosesinin nəticəsində əldə edilmiş barışıq sazişinin məqsədini müəyyənləşdirmək çətinlik yaradır. Ona görə də barışıq sazişinin mahiyyətini və məqsədini aydınlaşdırmaqdan ötrü Mülki Məcəllənin 881.1-ci maddəsində barışıq razılaşmasına (sazişinə) verilən anlayışa müraciət etmək zərurəti yaranır (MM-nin 2.3-cü maddəsinə əsasən ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir). Həmin müddəada verilən anlayışdan görünür ki, barışıq sazişi tərəflər arasında bağlanmış bir müqavilədir və onun əsas məqsədi mübahisəli vəziyyətin (qeyri müəyyənliyin) qarşılıqlı güzəştlər yolu ilə həll edilməsindən ibarətdir. Bu zaman tərəflər üzərlərinə yeni öhdəliklər götürməklə özləri üçün yeni hüquq və vəzifələr yaratmış olurlar.

28. Beləliklə, barışıq sazişi, qanunun müəyyən etdiyi kimi, iki tərəfli müqavilə (əqd) olduğundan onun istər bağlanması, istərsə də etibarsızlığı ilə bağlı məsələlərə əqdin bağlanması və etibarsızlığı barədə müddəlar tətbiq ediləcəkdir.

29. Müqavilə iki və ya bir neçə şəxsin konkret münasibətlərindən irəli gələn hüquq və vəzifələrinin müəyyən edilməsi, dəyişdirilməsi və xitamı üçün, qanunla müəyyən edilmiş hallarda yazılı, yaxud şifahi formada öz iradə azadlıqları ilə əldə etdikləri razılaşmadır. Müqavilənin bağlanması əqli (şüuri) iradəyə söykənir və bu özünü müqaviləni bağlayan tərəflərin onun məzmununu sərbəst (iradə azadlığı çərçivəsində) müəyyən etməkdə ifadə edir (Mülki Məcəllənin 389.1 və 390.1-ci maddələri). Əqdin bağlanması üçün əqli iradənin (müqaviləni bağlayan tərəflərin onun məzmununu və hüquqi nəticələrini dərk etməsi) mövcud olmaması əqdin etirbarsızlığına səbəb olan başlıca əlamətdir.

30. Yuxarıda qeyd edilən müddəalarda əqdlərin etibarsızlığı anlayışı və əsasları göstərilmişdir. Qanunun etibarsız əqdlərə verdiyi anlayışdan görünür ki, etibarsızlıq üçün əsas şərt əqdin qanunda müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanılması şərtidir. Əqdin etibarsızlığına səbəb olan şərtləri qanunvericiliyə əsasən, ümumi formada (şərti olaraq) subyektə (əqdin tərəflərinə) bağlı olan, iradə ifadəsinə bağlı olan və əqdin forma və məzmununa bağlı olan şərtlərə ayırmaq olar.

31. Subyektə bağlı olan şərtlərə, bir qayda olaraq Mülki Məcəllənin 349-cu maddəsində (Hüquqi şəxsin hüquq qabiliyyətindən kənara çıxan əqdin etibarsızlığı), 343cü maddəsində (Fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin bağladığı əqdin etibarsızlığı) və 345-ci maddəsində (On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı) göstərilən etibarsızlıq üçün əsasları aid etmək olar. Subyektə bağlı olan şərtlər, əsasən şəxsin əqd bağlamaq üçün yetərli səlahiyyətə malik olmaması ilə bağlıdır.

32. İradə ifadəsinə bağlı olan şərtlər Mülki Məcəllənin 339-cu maddəsində (Hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı) 340-cı maddəsində (Uydurma və yalan əqdlərin etibarsızlığı), 342-ci maddəsində (Fəaliyyət qabiliyyəti olmayan şəxslərin bağladığı əqdlərin etibarsızlığı), 344-cü maddəsində (On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı), 346-cı maddəsində (Öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığı) və 347-ci maddəsində (Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin etibarsızlığı) nəzərdə tutulmuş şərtlərə aid edilə bilər. İradə ifadəsinə bağlı olan şərtlər ümumiyyətlə iradə ifadəsinin olmaması, yaxud olduğu halda da qüsurlu (zədəli) olması ilə bağlı olan şərtlərdir.

33. Əqdin forma və məzmununa bağlı olan şərtlər isə, Mülki Məcəllənin 329-cu maddəsində (Əqdlərin formaları), 331-ci maddəsində (Yazılı əqd) və 334-cü maddəsində (Əqdin notariat qaydasında təsdiqlənməsi) göstərilmişdir. Bu şərtlər əqdin forma və məzmununa dair əvvəlcədən müəyyənləşdirilmiş şərtlərin pozulması ilə əqdin bağlanmasını nəzərdə tutan şərtlərdir.

34. Etibarsız əqdlərin şərti təsnifatından da görünür ki, iradə ifadəsinə bağlı olan etibarsız əqdlərdən biri də aldatma nəticəsində bağlanmış əqddir. Mülki Məcəllənin 339.2ci maddəsində əqdin aldatma ilə bağlanması elə bir nəticəni nəzərdə tutur ki, bununla aldadan tərəf əqdi bağlamağa sövq etmək məqsədilə müəyyən faktlara dair bilə-bilə yalan məlumatlar verməklə, yaxud əqdin bağlanmasını şərtləndirən hallar barədə qəsdən susmaqla digər tərəfin iradə ifadəsinin yaranmasına nail olmuş olur. Aldatma nəticəsində digər əqd iştirakçısında əqd və onun elementləri, onun bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində yanlış təsəvvür yaranır. Aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir.

35. İddiaçı da mediasiyada bağlanmış barışıq sazişini aldadılma nəticəsində imzalamasını iddia edir. Aldaldılmasını isə Cavabdeh2 hazırda işləməsi, həftənin müəyyən vaxtlarında ölkə hüdudlarından kənarda olması, uşaqlara baxa bilməməsi ilə izah edir.

36. Məhkəmə qeyd edir ki, aldatma nəticəsində bağlanmış əqdi qanun mübahisələndirilən əqdlərə aid etmişdir. Mülki Məcəllənin 337.2-ci maddəsinin mənasından da göründüyü kimi, mübahisələndirilən əqdlər mübahisələndirilənə qədər etibarlı olur. Bu tipli əqdin mübahisələndirilməsi isə əqdi etibarsız hesab edən tərəfin digər tərəfə etibarsızlıqla bağlı iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Mülki Məcəllənin 337.2-ci maddəsində birbaşa göstərilməsə də, qanun müqaviləni mübahisə edən tərəfin üzərinə əqdin etibarsızlığına səbəb olan halları sübut etmək yükünü qoymuşdur.

37. Lakin iddiaçı Barışıq sazişinin bağlanması zamanı aldadıldığını iddia etsə də, bu dəlilini təsdiq edə biləcək heç bir sübutu məhkəməyə təqdim edə bilməmiş, iş materiallarından olan sübutlar isə, əksinə iddiaçının dəlillərini tamamilə rədd edilməsinə kifayət qədər əsas verir.

38. Şərh edilənlərdən də göründüyü kimi, Barışıq Sazişinin şərtləri tərəflər arasında əvvəlcədən razılaşdırılmış və onlar həmin Sazişi öz istəkləri ilə imzalamışlar. Barışıq Sazişi bağlanarkən iddiaçının aldadılması, ona hər hansı formada təzyiq göstərilməsi kimi hallar, habelə Barışıq Sazişinin etibarsızlığına səbəb ola biləcək əsaslar məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir.

39. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Sumqayıt 1 saylı Mediasiya Təşkilatına qarşı "barışıq sazişinin etibarsız hesab edilməsi tələbi"nə dair iddia ərizəsi rədd edilməlidir.

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

42. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

43. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

44. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

Nəticə hissəsi:

45. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdehlər Cavabdeh2 və Sumqayıt 1 saylı Mediasiya Təşkilatına qarşı "barışıq sazişinin etibarsız hesab edilməsi tələbi"nə dair iddia ərizəsi rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar