Məhkəmə qərarları › İş №2(060)-5654/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5654/2021

23.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5654/2021 23.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nəqliyyat vasitəsinə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin nəqliyyat vasitəsinin cavabdehdən alınaraq ona qaytarılması tələbi barədə iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum ərinə məxsus “Nissan Sunny” markalı, **-ON-*** dövlət qeydiyyat nömrə nişanlı avtonəqliyyat vasitəsinin Cavabdeh satılmasına dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin nəqliyyat vasitəsinin cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, iddiaçı kimi cavabdehlər X7, X5 və Sumqayıt “Asan Xidmət” Mərkəzində Notariat Kontoruna qarşı Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi və “Nissan Sunny” markalı, **- CR-*** dövlət nömrə nişanlı avtomaşın üzrə cavabdehlərin Sumqayıt “Asan Xidmət” Mərkəzində Notariat Kontorunda apardıqları sənədləşmənin etibarsiz hesab edilməsi, həmin əmlakların əvvəlki vəziyyətinə, yəni iddiaçının mülkiyyətinə qaytarılmasına, cavabdehlərdən 30.000 manat maddi və 2.000 manat mənəvi ziyanın tutularaq iddiaçıya ödənilməsinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 27.11.2018-ci il tarixli, 2(012)-2892/2018 saylı qətnaməsi ilə onun iddia iddia tələbi əsassız hesab edilərək təmin edilməmişdir. O, həmin qətnamədən apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 02.05.2019-cu il tarixli, 2(105)-1532/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş və “Nissan Sunny” markalı hazırki dövlət qeydiyyat nömrə nişanı **-CR-*** (keçmiş nömrəsi **-GB-***) olan avtomaşının alqı-satqısına dair X11 ilə X12 arasında bağlanmış 08.02.2016-ci il, X12 ilə X8 arasında bağlanmış 07.01.2017-ci və X8 ilə X9 arasında başlanmış 20.02.2018-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqavilələri etibarsiz sayılmışdır. X11 onun həyat yoldaşı (əri) olmuş və 02.01.2016-ci ildə vəfat etmiş, o, ərinin hüquqi varisidir. Həm də qeyd olunan avtomobil birgə nikah dövründə alınmış, onların birgə mülkiyyəti olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 23.09.2019-cu il tarixli, 2(102)-6125/19 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 02.05.2019-cu il tarixli, 2(105)-1532/2019 saylı qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanmışdır. Abşeron rayon İcra şöbəsi tərəfindən qeyd olunan alqı-satqı müqavilələrinin ləğv edilməsi üçün Azərbaycan Respublikası DİN BDYP İdarəsinə müraciət edilmiş və həmin alqı-satqı müqavilələri ləğv edilmiş və həmin avtomaşının tapılması üçün axtariş verilmişdir. Hazırda ona məlum olmayan hansı bir qanunsuz əsaslasa, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobilin dövlət qeydiyyat nömrə nişanı Ali Məhkəmənin qərarından sonra 06.05.2019-cu il tarixdə dəyişdirilərək **-ON-*** dövlət qeydiyyat nömrə nişanı ilə əvəz edilmiş və avtomobil sonuncu etibarnamə verilmiş X9 tərəfindən ona verilmiş etibarnamə etibarsız hesab edildiyi halda, etibarsız hesab edilmiş etibarnamə ilə həmin nəqliyyat vasitəsini Cavabdeh satmış və onun adına rəsmiləşdirilmişdir. O, həmin cavabdehi tanımır və nəqliyyat vasitəsinin ona verilməsinə dair heç bir göstərişi olmamışdır. İddiaçı iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı məhkəmə iclasında eyni zamanda qeyd etdi ki, cavabdehlə Vüqar Əhmədov, qaynı və qeyriləri arasında tanışlıq və ya hər hansı münasibətlərinin olmasını bilmir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid X9 ifadə verərək, Cavabdehla maşın bazarında “Nissan Sunny” markalı avtomobili sonuncuya satarkən bir alıcı kimi tanışlığının yarandığını və onunla buna qədər və başqa hər hansı tanışlığının olmadığını bildirdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Abşeron rayonu İ.N-nin Mehdiabad qəsəbəsi üzrə nümayəndəliyinin verdiyi nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X2 arasında 24.09.1993-cü il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 36 nömrəsi ilə qeydiyyat aparılmışdır. Nikahdan sonra arvada Xudiyeva soyadı verilmişdir. - Abşeron rayon qeydiyyat şöbəsinin verdiyi 13.01.2016-cı il tarixli, AZ-İ SERİYALİ, 777250 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X11 02.01.2016-cı il tarixdə vəfat etmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X20 İdarəsinin Azərbaycan Respublikası Vəkillər Kollegiyası Sumqayıt regional vəkil bürosunun vəkili xanım N.A.Hüseynovaya ünvanlanmış 26.05.2021-ci il tarixli məktubundan görünür ki, “Nissan Sunny” markalı avtonəqliyyat vasitəsi X6 20.02.2018-ci il tarixdə satılmış, 06.05.2019-cu il tarixdə Cavabdeh tərəfindən əldə edilmişdir. Sözügedən avtomobil hal-hazırda Cavabdeh mülkiyyətindədir. - Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02.05.2019-cu il tarixli, 2(105)-1532/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı Abşeron Rayon Məhkəməsinin 27.11.2018-ci il tarixli, 2(012)-2892/2018 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 27.11.2018-ci il tarixli, 2(012)- 2892/2018 saylı qətnaməsi “Nissan Sunny” markalı, AZ-**-GB-*** dövlət qeydiyyat nişanlı avtomaşının alqı-satqısına dair müqavilələrin etibarsız sayılması barədə iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin həmin hissədə təmin edilməsi, “Nissan Sunny” markalı, **-CR-*** dövlət (AZ-**- GB-***) dövlət qeydiyyat nişanlı avtomaşının alqı-satqısına dair X11 ilə X12 arasında bağlanmış 08 fevral 2016-cı il, X12 ilə X8 arasında bağlanmış 07 yanvar 2017-ci il və X8 ilə X9 arasında başlanmış 20 fevral 2018-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqavilələrinin etibarsiz sayılması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 23.09.2019-cu il tarixli, 2(102)- 6125/19 saylı qərarından görünür ki, İddiaçı və X4 Sumqayıt Apellyasiya Məhkəməsinin 02.05.2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının həmin iş üzrə 02 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının nikah dövründə əldə olunmuş birgə əmlakı olan avtomobili mərhum ərinin verdiyi etibarnamə əsasında onun ölümündən sonra X19 Hacıyevə, o, isə Vüqar Əhmədova satmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə həmin alqı-satqı müqavilələri etibarsız hesab olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 02.05.2019-cu il tarixli qətnaməsindən bir neçə gün sonra, yəni 06.05.2019-cu ildə mübahisəli əmlak Vüqar Əhmədov tərəfindən onun mülkiyyət hüququna dair şəhadətnamə əsasında alqı-satqı müqaviləsi ilə Cavabdeh satılmışdır. Cavabdeh hazırda sözügedən avtomobilin mülkiyyətçisidir. Eyni zamanda məhkəmə araşdırması zamanı cavabdehin Vüqar Əhmədovla, Asif Xudiyevlə və qeyriləri ilə (avtomobili alıb-satmış) sözügedən avtomobilin onun tərəfindən əldə edilməsinə qədər hər hansı tanışlığının, münasibətinin olması, əmlakın mübahisəliliyi barədə bilmək ehtimalı müəyyən olunmadı, həmçinin belə halın mövcudluğuna dair iddiaçı tərəfindən heç bir sübut məhkəməyə təqdim olunmadı. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına təminat verir. Mühasiəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərlə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitutsiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli plenum qərarında göstərilmişdir ki, “Qeyd olunmalıdır ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Yuxarıdakıları göstərməklə, Konstitusiya Məhkəməsinin Plenumu xüsusi qeyd edir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır”. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdehin iddia predmeti olan əmlakın mübahisəli olmasını bilməsi və ya bilməsi olduğu, həmçinin belə halın mövcudluğu barədə məlumatlılığı ehtimalı işin faktiki halları və iddiaçının dəlilləri ilə sübuta yetirilmədiyindən Cavabdeh sözügedən avtomobili vicdanlı əldə edəndir. Belə ki, Cavabdehla Vüqar Əhmədovun və qeyrilərinin (avtomobili alıb satmış) alqısatqıyadək tanışlığının olmaması, sonuncunun avtomobili onun üzərində qeydiyyatdan keçmiş mülkiyyət hüququ əsasında özgəninkiləşdirməsi cavabdehdə əmlakın mübahisəliliyi barədə şübhə yaratmamış, reyestrin həqiqiliyi prezumpsiyası belə halın yaranması ehtimalını istisna etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsassızdır. Məhkəmə eləcə də, belə qənaətə gəlir ki, mübahisəli avtomobil onunla bağlı alqısatqı müqavilələri məhkəmə qaydasında etibarsız hesab olunduqdan sonra özgəninkiləşdirildiyindən, bunun nəticəsində əldə olunmuş vəsaitlə bağlı iddiaçının tələb hüququ vardır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “Nissan Sunny” markalı, **-ON-*** dövlət qeydiyyat nömrə nişanlı avtonəqliyyat vasitəsinin Cavabdeh satılmasına dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin nəqliyyat vasitəsinin cavabdehdən alınaraq ona qaytarılması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı ona məxsus “Nissan Sunny” markalı, **-ON-*** dövlət qeydiyyat nömrə nişanlı avtonəqliyyat vasitəsinin Cavabdeh satılmasına dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin nəqliyyat vasitəsinin cavabdehdən alınaraq ona qaytarılması barədə iddiası təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar