Məhkəmə qərarları › İş №2(060)-5660/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5660/2021

27.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5660/2021 27.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı X1 nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair mülki işə 27 iyul 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X4 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 (beş min) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X4 iddia tələbini onunla əsaslandırmışdır ki, ona mebel dəsti lazım olduğundan Sumqayıt şəhərində yerləşən mebel mağazalarına yaxınlaşmışdır. Cavabdeh adlı şəxs ona bildirmişdir ki, 5000 manat ödəyəcəyi təqdirdə bir ay ərzində ona lazım olan mebel dəstini təhvil verəcəkdir. Şifahi razılaşmaya əsasən mebel dəstini bir ay müddətində çatdırılıb quraşdırılması ilə birlikdə 5000 manat məbləğində tərəfindən almağa razılaşmışlar. Beləliklə, o 5000 manatı cavabdehə ödəməyi, cavabdeh isə bir ay müddətində mebel dəstinin gətirilib quraşdırılmasına dair öhdəlik götürmüşdür. Cavabdehə 22.12.2019-cu il tarixdə 4200 manat, 29.12.2019-cu il tarixdə isə 800 manat məbləğində nəğd şəkildə pul ödəmişdir. Cavabdeh pulun ödənilməsi barədə ona ödəniş qəbzləri təqdim etmişdir. Cavabdeh razılaşdırdığı kimi mebel dəstini gətirib quraşdırılmasına dair öhdəlik götürsə də bu öhdəliyi bu günə qədər yerinə yetirməmişdir. Hər dəfə cavabdehə götürdüyü öhdəliyi yerinə yetirmədiyini desə də müxtəlif bəhanələrlə götürdüyü öhdəliyi yerinə yetirməkdən boyun qaçırmışdır. Cavabdehə olan müraciəti nəticəsiz qaldığından Sumqayıt şəhər 4-cü Polis Bölməsinə müraciət etmişdir. Oradan yazılı olaraq ona bildirilmişdir ki, mülki qaydada məhkəməyə müraciət etməlidir. Göründüyü kimi onun hüquqları pozulmuşdur, cavabdeh isə pozulmuş hüquqlarının bərpası üçün hər hansı bir addım atmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd etdiklərinə əsasən, iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X1 nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, iddiaçı cavabdehdən tələb etdiyi 5000 (beş min) manat məbləğində pulu cavabdehə vermişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, həqiqətən də o mebel mağazalarının birində işləyir. İddiaçı və ailəsi onun işlədiyi mebel mağazasına yaxınlaşmış, mebel mağazasının direktoru İsmayılov Fuad adlı şəxslə mebel alınması ilə bağlı razılığa gəlmişlər. Bununla əlaqədar F.İsmayılova 5000 manat pul ödəmişlər. İddiaçının istinad etdiyi qəbz mebel mağazasının direktoru İsmayılov Fuad adlı şəxs tərəfindən imzalanmış və onun möhürü ilə təsdiqlənmişdir. Həmin qəbzlər onun tərəfindən imzalanmamış, tələb olunan pul məbləği ona verilməmişdir. F.İsmayılov bir çox şəxslərdən mebel satılması adı ilə pul almış, lakin mebelləri təhvil verməmişdir. Bununla əlaqədar onun barəsində hətta cinayət işi də açılmışdır. Onda olan məlumata görə F.İsmayılov artıq həbs edilmişdir. İddiaçı isə onun həbs edildiyini görəndən sonra ona qarşı belə bir iddia qaldırmışdır. Halbuki, 5000 manat pul ona deyil, Fuad İsmayılova verilmişdir. Göstərilənlərə əsasən cavabdeh iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarına əlavə edilmiş Sumqayıt hərbi Polis İdarəsinin 4-cü Polis Bölməsinin 29.03.2021-ci il tarixli məktubu ilə X3 onun 15.03.2021-ci il tarixdə 4-cü Polis Bölməsinə daxil olmuş ərizəsi ilə əlaqədar ərizəsində göstərilən xüsusatlar mülki xarakterli olduğundan Sumqayıt şəhər məhkəməsinə müraciət etmək hüququnun olması izah edilmişdir. İşdə olan 22.12.2019-cu il tarixli 529380 saylı qəbzdən görünür ki, X4 tərəfindən Orbita mağazasına 4200 manat ödəniş edilmişdir. X2 adlı şəxsin imzası və möhürü ilə təsdiq edilmişdir. İşdə olan 29.12.2019-cu il tarixli 480208 saylı qəbzdən görünür ki, X4 tərəfindən Orbita mağazasına 800 manat ödəniş edilmişdir. X2 adlı şəxsin imzası və möhürü ilə təsdiq edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, məhkəməyə bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Belə ki, iddiaçı Cavabdeh 5000 manat məbləğində pulu həqiqətən mebel satmaq adı ilə ondan aldığını, beləliklə cavabdehin həmin pul məbləğini mənimsəyərək qanunsuz olaraq özündə saxladığını sübut edə bilməmişdir. Belə ki, işdə olan qəbzlər Cavabdeh tərəfindən imzalanmamış və onun möhürü ilə təsdiq edilməmişdir. İddiaçı isə məhkəməyə bunun əksini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. (Mülki Prosessual Məcəllənin 81-ci maddəsi). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı X1 Cavabdeh qarşı ondan 5000 manat məbləğində pulun tutulması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilən 30 manat dövlət rusumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar