Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5723/2021 16.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1, Maraqlı tərəf AR-nın ƏƏSMN yanında X8 Xidmətinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə q̇arşı "İstehsalat zədəsi" formalı aktın verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 fevral 2019-cu ildə "xxxx" MMC-də iş zamanı baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində "Kəllə əsasının sınığı” xəstəliyi səbəbindən ölmüş oğlu X2 ölümü ilə bağlı "İstehsalat zədəsi” formalı aktın verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X6 onun oğludur. O, 27.11.2018-ci ildə Sumqayıt Texnologiyalar Parkında “Yarımstansiyalara xidmət sahəsi’ndə 3-cü dərəcəli elektrik montyoru peşəsinə işə qəbul edilmişdir. P.Musazadə işdə olan zaman yəni 01.02.2019-cu ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ölmüşdür. Bunu P.Musazadənin adına verilmiş AZ-İ № 980347 saylı “Ölüm haqqında şəhadətnamə” təsdiq edir. Oğlunun ölümünə səbəb olmuş yol-nəqliyyat hadisəsinin səbəbkarı Cavadov Ramin Qəhrəman oğlu Sumqayıt Şəhər Məhkəməsinin 13.06.2019-cu il tarixli, 1(060)-268/2019 saylı hökmü ilə AR CM-nin 263.2-ci maddəsi ilə təqsirkar bilinərək 5 il 1 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Oğlu P.Musazadə iş zamanı bədbəxt hadisə səbəbindən ölsə də işlədiyi "xxxx" MMC “İstehsalat zədəsi” aktı tərtib etməmişdir. Oğlunun vəfatından sonra "xxxx" MMC rəhbərliyi övladının ölümünü gizlətmək məqsədilə onu müəssisədə 4 ay müddətinə işə qəbul etmiş və ona hər ay 360 manat əmək haqqı ödəmişlər. Cavabdeh təşkilat sonradan ştat ixtisarını bəhanə gətirərək həmin pulu ona ödəməkdən imtina etmişdir. Əslində isə "xxxx" MMC rəhbərliyi guya ömrünün sonuna qədər hər ay 350 manat ödəyəcəyi vədinə xilaf çıxaraq ödənişdən imtina etmişdir. Dəfələrlə oğlu ilə əlaqədar baş vermiş bədbəxt hadisənin araşdırılması və "İZ” formalı aktın verilməsi xahişi ilə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh əsassız bəhanələr gətirərək araşdırma aparmaqdan və "İZ” formalı aktın verilməsindən imtina edir. Cavabdeh baş vermiş bədbəxt hadisəni araşdırmır və “İZ” formalı aktı tərtib etmir.Qeyd olunanlara əsasən iddiaçı, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. O, eyni zamanda bildirdi ki, cavabdeh təşkilat "xxxx" MMC X2 ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 25.000 (iyirmi beş min) manat məbləğində maddi yardım vermişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahat verərək bildirdi ki, P.Musazadə ilə Cəmiyyət arasında 22.01.2019-cu il tarixdə əvəzçilik üzrə müddətli əmək müqaviləsi bağlanaraq Texniki dəstək departamentinin Energetika şöbəsinin Yarımstansiyalara xidmət sahəsinə 3-cü dərəcəli elektrik mantyori işinə qəbul edilmiş və iş saatları 1800-dan 2100-a kimi müəyyən edilmişdir. Eyni zamanda P.Musazadə ilə bağlanmış əmək müqaviləsinə uyğun olaraq işə gəlib-getmək üçün o, nəqliyyatla təmin edilmiş, onun iş rejimi nəzərə alınaraq saat 2115-2120-də hərəkətə başlayan nəqliyyat vasitəsilə getməli olduğu, lakin bəzi hallarda P.Musazadənin öz seçiminə əsasən kənar nəqliyyat vasitəsilə hərəkət etmiş, P.Musazadə 01.02.2019-cu il tarixdə iş yerini vaxtında tərk etsə də şirkət tərəfindən ayrılmış nəqliyyat vasitəsindən istifadə etməməmişdir. P.Musazadə 01.02.2019-cu il tarixdə saat 2100-da iş vaxtı "xxxx" MMC-nin ərazisini tərk etmiş, işlədiyi ərazinin qarşısından keçən Bakı-Quba şossesinin 37-ci kilometrində təxminən saat 2140-da baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmiş, hadisə müəssisənin ərazisindən kənarda, iş vaxtından sonra baş vermiş, bu hal onun əmək funksiyasının icrası ilə bağlı olmamışdır. P.Musazadə ilə baş vermiş bədbəxt hadisə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.02.2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na əsasən istehsalatda baş verən bədbəxt hadisə hesab edilməmişdir. Məhkəmə iclasında maraqlı tərəf AR ƏƏSMN yanında X8 Xidmətinin nümayəndəsi X9 izahat verərək bildirdi ki, P.Musazadənin iş vaxtı ölümü ilə əlaqədar köməklik göstərilməsi barədə anası İddiaçı Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasına ünvanladığı 10 mart 2020-ci il tarixli şikayət ərizəsi əsasında X8 Xidmətində araşdırma aparılmışdır. P.Musazadə ilə baş vermiş bədbəxt hadisə iş vaxtından sonra müəssisənin ərazisindən kənarda baş verdiyindən və onun əmək funksiyalarının icrası ilə bağlı olmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na əsasən X8 Xidməti tərəfindən təhqiq edilməmiş və istehsalatda baş verən bədbəxt hadisə hesab olunmamışdır. Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsinin və maraqlı tərəfin nümayəndəsinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-268/2019 saylı, 13.06.2019-cu il tarixli hökmündən görünür ki, Cavadov Ramin Qəhrəman oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 05 (beş) il 01 (bir) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. - Həmin hökmdən görünür ki, Cavadov Ramin Qəhrəman oğlu X3 avtomobillə ehtiyatsızlıqdan vurub sonuncunun ölümünə səbəb olmuşdur. - Bu hökmdən görünür ki, zərərçəkmiş şəxs X2 hüquqi varisi X7r. - "xxxx" MMC-nin 483 №-li, 03.05.2017-ci il tarixli vəsiqəsindən görünür ki, X6 həmin təşkilatda 3-cü dərəcəli elektrik montyoru vəzifəsini icra etmişdir. - "xxxx" MMC-nin 37 №-li, 27.11.2018-ci il tarixli vəsiqəsindən görünür ki, X6 həmin təşkilatda dispetçer vəzifəsini icra etmişdir. - Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən 05 fevral 2019-cu il tarixdə verilmiş AZ-İ seriyalı 980347 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 01 fevral 2019-cu il tarixdə kəllə əsasının sınığı nəticəsində Sumqayıt şəhərində ölmüşdür. - İşə qəbul haqqında 22.01.2019-cu il tarixli, 12-İRD/t №-li əmrdən görünür ki, X6 22.01.2019-cu il tarixindən əvəziçilik üzrə Texniki dəstək departamentinin Energetika şöbəsinin Yarımstansiyalara xidmət sahəsinə 3-cü dərəcəli elektrik montyoru peşəsinə 1 ay sınaq müddəti ilə işə qəbul edilmişdir. Əmək haqqı 560 manat müəyyən edilmişdir. Əsas: İşçinin dərkənar ilə şəxsi ərizəsi və əmək müqaviləsi. - 52/19 №-li əmək müqaviləsindən görünür ki, X6 "xxxx" MMC-nin Texniki dəstək departamentinin Energetika şöbəsinin Yarımstansiyalara xidmət sahəsinə 3-cü dərəcəli elektrik montyoru peşəsinə işə qəbul edilmişdir. İşin birinci 1 (bir) ayı (həftəsi) sınaq müddəti hesab edilir. Bu əmək müqaviləsi 22.01.2019-cu il tarixindən 22.04.2019-cu il tarixinədək 3 (üç) ay müddətinə, aylıq əmək haqqı 560 manat olmaq şərtilə bağlanmışdır. - İşçinin əmək müqaviləsinə xitam verilməsi haqqında 05.02.2019-cu il tarixli, 37- İRD/x №-li əmrdən görünür ki, Texniki dəstək departamentinin Energetika şöbəsinin Yarımstansiyalara xidmət sahəsinin əvəzçilik üzrə 3-cü dərəcəli elektrik montyoru X6 ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “e” bəndinə əsasən (işçi vəfat etdikdə) 01.02.2019-cu il tarixdən xitam verilmişdir. Vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının 3 (üç) misli miqdarında müavinət ödənilməsi əmr edilmişdir. - Vəfat etmiş işçinin ailəsinə maddi yardım verilməsi haqqında 15.05.2019-cu il tarixli, 01-41-K №-li əmrdən görünür ki, Sumqayıt Texnologiyalar Parkı" MMC-nin vəfat etmiş işçisi X2 ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Cəmiyyətin vəfat etmiş Texniki dəstək departamentinin Energetika şöbəsinin Yarımstansiyalara xidmət sahəsinə 3-cü dərəcəli elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru X6 üçün 25.000 (iyirmi beş min) manat məbləğində maddi yardım ayrılması və onun əmək haqqı kartı hesabına köçürülməsi əmr edilmişdir. - İşə qəbul haqqında 15.05.2019-cu il tarixli, 62-İRD/t №-li əmrdən görünür ki, İddiaçı 15.05.2019-cu il tarixindən Maliyyə-inzibati idarəsinin İnzibati departamentinin İnzibati təsərrüfat şöbəsinə çayçı peşəsinə 1 ay sınaq müddəti ilə işə qəbul edilmişdir. Əmək haqqı 385 manat müəyyən edilmişdir. - 200/19 №-li əmək müqaviləsindən görünür ki, İddiaçı "xxxx" MMC-nin Maliyyəinzibati idarəsinin İnzibati departamentinin İnzibati təsərrüfat şöbəsinə çayçı peşəsinə işə qəbul edilmişdir. İşin birinci 1 (bir) ayı (həftəsi) sınaq müddəti hesab edilir. Bu əmək müqaviləsi 15.05.2019-cu il tarixindən 15.08.2019-cu il tarixinədək 3 (üç) ay müddətinə, aylıq əmək haqqı 385 manat olmaq şərtilə bağlanmışdır. - İşçinin əmək müqaviləsinə xitam verilməsi haqqında 20.08.2019-cu il tarixli, 181- İRD/x №-li əmrdən görünür ki, Maliyyə-inzibati idarəsinin İnzibati departamentinin İnzibati təsərrüfat şöbəsinin çayçısı İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən, 20.08.2019-cu il tarixdən xitam verilmişdir. 2019/2020-ci illərin əmək məzuniyyətinin istifadə etmədiyi 11 (on bir) təqvim günü əmək məzuniyyəti əvəzinə kompensasiya ödənilməsi əmr edilmişdir. - Azərbaycan Respublikası Sumqayıt Şəhər Prokurorluğunun İddiaçı ünvanlanmış 30.04.2021-ci il tarixli məktubundan görünür ki, 01.02.2019-cu il tarixdə X2 iş vaxtı avtoqəza nəticəsində ölməsi ilə bağlı "xxxx" MMC tərəfindən sığorta pulunun verilməməsi barədə daxil olmuş müraciətə baxılmışdır. İddiaçı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin İddiaçı ünvanlanmış 28.04.2021-ci il tarixli məktubundan görünür ki, "xxxx" MMC-nin rəhbərliyi tərəfindən Xidmətə təqdim edilmiş məktub və sənədlərdən məlum olmuşdur ki, P.Musazadə ilə Cəmiyyət arasında 22.01.2019-cu il tarixdə əvəzçilik üzrə müddətli əmək müqaviləsi bağlanaraq Texniki dəstək departamentinin Energetika şöbəsinin Yarımstansiyalara xidmət sahəsinə 3-cü dərəcəli elektrik montyori işinə qəbul edilmiş və iş saatları 1800-dan 2100-a kimi müəyyən edilmişdir. Eyni zamanda məktubda P.Musazadə ilə bağlanmış əmək müqaviləsinə uyğun olaraq işçinin işə gəlib-getmək üçün nəqliyyatla təmin edildiyi, onun iş rejimi nəzərə alınaraq saat 2115-2120-də hərəkətə başlayan nəqliyyat vasitəsilə getməli olduğu, lakin bəzi hallarda işçinin öz seçiminə əsasən kənar nəqliyyat vasitəsilə hərəkət etdiyi, 01.02.2019-cu il tarixdə iş yerini vaxtında tərk etsə də şirkət tərəfindən ayrılmış nəqliyyat vasitəsindən istifadə etmədiyi bildirilmişdir. Məktubda P.Musazadənin 01.02.2019-cu il tarixdə saat 2100-da iş vaxtı "xxxx" MMC-nin ərazisini tərk etdiyi, işlədiyi ərazinin qarşısından keçən Bakı-Quba şossesinin 37-ci kilometrində təxminən saat 2140-da baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etdiyi, hadisənin müəssisənin ərazisindən kənarda, iş vaxtından sonra baş verdiyi, bu halın onun əmək funksiyasının icrası ilə bağlı olmadığı qeyd edilmişdir. P.Musazadə ilə baş vermiş bədbəxt hadisə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.02.2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na əsasən istehsalatda baş verən bədbəxt hadisə hesab edilməmişdir. - 07.09.2021-ci il tarixli Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin məhkəmənin göndərdiyi sorğusuna əsasən təqdim edilmiş cavab məktubundan görünür ki, P.Musazadənin iş vaxtı ölümü ilə əlaqədar köməklik göstərilməsi barədə anası İddiaçı Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasına ünvanladığı 10 mart 2020-ci il tarixli şikayət ərizəsi əsasında X8 Xidmətində araşdırma aparılmışdır. P.Musazadə ilə baş vermiş bədbəxt hadisə iş vaxtından sonra müəssisənin ərazisindən kənarda baş verdiyindən və onun əmək funksiyalarının icrası ilə bağlı olmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na əsasən X8 Xidməti tərəfindən təhqiq edilməmiş və istehsalatda baş verən bədbəxt hadisə hesab olunmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X6 ilə "xxxx" MMC arasında bağlanılmış 22.01.2019-cu il tarixli, 52/19 №-li əmək müqaviləsinə əsasən o, Texniki dəstək departamentinin Energetika şöbəsinin Yarımstansiyalara xidmət sahəsinə 3-cü dərəcəli elektrik montyoru peşəsinə işə qəbul olunmuşdur. Cavadov Ramin Qəhrəman oğlu avtomobillə X3 ehtiyatsızlıqdan vurub sonuncunun ölümünə səbəb olmuşdur. X6 01 fevral 2019-cu il tarixdə kəllə əsasının sınığı nəticəsində Sumqayıt şəhərində ölmüşdür. Cavabdeh təşkilat tərəfindən X2 ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə X6 üçün 25.000 (iyirmi beş min) manat məbləğində maddi yardım ayrılması və onun əmək haqqı kartı hesabına köçürülməsi əmr edilmişdir. İddiaçı "xxxx" MMC-nin Maliyyə-inzibati idarəsinin İnzibati departamentinin İnzibati təsərrüfat şöbəsinə çayçı peşəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi 15.05.2019-cu il tarixindən 15.08.2019-cu il tarixinədək 3 (üç) ay müddətinə, aylıq əmək haqqı 385 manat olmaq şərtilə bağlanmışdır. Cavabdeh təşkilat tərəfindən verilmiş 20.08.2019-cu il tarixli, 181-İRD/x №-li əmr əsasında əmək müqaviləsinə 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. Bu əmrlə iddiaçıya 2019/2020-ci illərin əmək məzuniyyətinin istifadə etmədiyi 11 (on bir) təqvim günü əmək məzuniyyəti əvəzinə kompensasiya ödənilməsi əmr edilmişdir. X8 Xidməti tərəfindən X2 ölümü istehsalat zamanı baş verən bədbəxt hadisə hesab olunmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217-ci maddəsinin 1-ci bəndinə əsasən İşəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. Həmin maddənin 2-ci bəndinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır. Bu maddənin 3-cü bəndinə əsasən bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır. Həmin maddənin 4-cü bəndinə əsasən bədbəxt hadisənin baş vermə faktını gizlədən, aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır. Bu maddənin 5-ci bəndinə əsasən bədbəxt hadisələrin araşdırılmasının, uçotunun aparılması bu maddədə nəzərdə tutulmuş qaydalar əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktla tənzimlənir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 15.04.1999-cu il tarixli, 122 №-li Azərbaycan Respublikası Prezidentinin Fərmanının 1-ci bəndinin 9-cu hissəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə 1999-cu ilin iyulun 1-dək: həmin Məcəllənin 217-ci maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydasının təsdiq edilməsi tapşırılmışdır. Bu Fərmanın 2-ci bəndinin 6-cı hissəsinin “b” bəndinə əsasən aşağıda göstərilən səlahiyyətləri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin Məcəllənin 15-ci maddəsinin ikinci, üçüncü, dördüncü, beşinci, altıncı hissələrində, 217-ci maddəsinin birinci və ikinci hissəsində, 218-ci maddəsinin beşinci, altıncı, yeddinci hissələrində, 223-cü maddəsinin beşinci hissəsində, 235-ci maddəsinin birinci və ikinci hissələrində və 237-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş “əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanı”nın səlahiyyətlərini - X8 Xidməti vasitəsilə həyata keçirir. “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 1.2-ci bəndinə əsasən işçilərin səhhətinin pozulması aşağıdakı hallarda təhqiq edilməlidir: əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən; müəssisəyə məxsus və müəssisənin müqaviləsi (sifarişi) əsasında kənar təşkilatlardan verilmiş nəqliyyatda işə gedərkən, yaxud işdən qayıdarkən; müəssisənin ərazisində, yaxud başqa iş yerində iş vaxtı müəyyən edilmiş fasilələr də daxil olmaqla, işçi işə başlamazdan əvvəlki və ya işi qurtarıb müəssisədən çıxan vaxt ərzində; keçirildiyi yerdən asılı olmayaraq, müəssisə tərəfindən iməclik tədbirləri keçirildiyi müddətdə; işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddətdə; istehsal avadanlıqları və obyektlərində qəza zamanı; növbə istirahətində olan işçilər (bələdçi, refrijator briqadasının işçisi, növbədə olan sürücü, dəniz, çay və hava nəqliyyatlarının ekipaj üzvləri, növbə ekspedisiya üsulu ilə işləyənlər və başqaları) növbə (vaxta) qəsəbəsinin ərazisində olduqları vaxt; işçilər xidmət obyektlərinin arasında hərəkət etməklə (iş vaxtı ümumi istifadədə olan nəqliyyatda, yaxud piyada gedərkən, həmçinin işəgötürənin (onun vəzifəli şəxslərinin tapşırığını yerinə yetirərkən) fəaliyyət göstərdikləri müddətdə; işəgötürənin yazılı sərəncamına əsasən, əmək vəzifələrini şəxsi minik maşınında yerinə yetirdiyi vaxt; əmək vəzifələrini yerinə yetirərkən işçiyə başqa şəxs tərəfindən bədən xəsarətləri yetirildikdə, yaxud o öldürüldükdə; əmək vəzifələrini yerinə yetirərkən itkin düşmə, zədələnmələr, peşə xəstəlikləri və zəhərlənmələr, istivurma, yanma, donma, suda boğulma, ildırım vurma, fauna və flora növləri ilə təmas nəticəsində zədələnmələr, tibbi rəyə əsasən istehsalatda əmək şəraiti ilə əlaqəli infarkt, insult, həmçinin təbii fəlakətlər (zəlzələ, sürüşmə, daşqın, qasırğa və s.) zamanı. Həmin Qərarın 1.4-cü bəndinə əsasən istehsalatda bədbəxt hadisələr təhqiq edilərkən aşağıdakı hallar müəyyən edildikdə, hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır: təbii ölüm, özünə qəsd, intihar hadisələri, həmçinin cinayət törədilərkən (təbii ölüm faktı məhkəmə-tibb ekspertizasının rəyi ilə, özünə qəsd, intihar və cinayət faktları isə hüquq mühafizə orqanları tərəfindən təsdiq edilməlidir), şəxsi məqsədləri üçün hər hansı işlə məşğul olarkən, su hövzələrinin istehsalat obyektlərində çimərkən, balıq ovlayarkən (əgər bu əmək fəaliyyəti ilə bağlı deyilsə), işçilərin öz təşəbbüsləri ilə nahar fasilələrində və ya işdən sonra idman tədbirləri keçirərkən işçilərin xəsarət alması və ya ölümü; texniki spirtlərin, aromatik, narkotik vasitələrin, psixotrop maddələrin istehsalat prosesində istifadəsi ilə bağlı olmayan zəhərlənmələr, əmək funksiyalarını icra edərkən alkoqollu içkilərin, narkotik vasitələrin, psixotrop, toksik və digər zəhərli maddələrin təsirindən ürək dayanması, infarkt, insult, asfiksiya, hərəkətlərin koordinasiyasının pozulması və fikir dalğınlığı nəticəsində baş vermiş bədbəxt hadisələr. Bu Qərarın 2.1-ci bəndinə əsasən ağırlıq dərəcəsindən asılı olmayaraq bütün növ xəsarətlər, bir nəfərin həlak olması və qrup halında baş vermiş bədbəxt hadisələrin təhqiqatı X8 Xidmətinin rəisinin (və ya onun tapşırığı ilə X8 Xidmətinin yerli bölməsinin) əmri ilə yaradılmış komissiya tərəfindən aparılır. İki-dörd işçinin ölümü və əlahiddə ağır nəticəli (beş və daha artıq işçinin həlak olduğu) bədbəxt hadisələrin (qəzaların) təhqiqatı Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin əmri ilə yaradılan komissiya tərəfindən aparılır. Həmin Qərarın 2.2-ci bəndinə əsasən xəsarətlə nəticələnmiş bədbəxt hadisələrin təhqiqatını aparmaq üçün tərkibi: sədr — X8 Xidmətinin vəzifəli şəxslərindən, üzvlər — işəgötürənin və müəssisənin həmkarlar ittifaqı təşkilatının nümayəndələrindən ibarət Təhqiqat komissiyası yaradılır. Qrup halında xəsarətlə və ya bir nəfər işçinin ölümü ilə nəticələnmiş bədbəxt hadisələrin təhqiqatını aparmaq üçün tərkibi: sədr — X8 Xidmətinin vəzifəli şəxsləri, üzvlər — sahə həmkarlar ittifaqı birliyinin, müəssisənin və yaxud onun tabeçiliyi üzrə yuxarı orqanının (əgər varsa) nümayəndələrindən ibarət Təhqiqat komissiyası yaradılır. İki-dörd işçinin ölümü və ya əlahiddə ağır nəticəli bədbəxt hadisələrin (qəzanın) təhqiqatını aparmaq üçün tərkibi: sədr — X8 Xidmətinin vəzifəli şəxslərindən (rəhbər işçilərindən), üzvlər — sahə həmkarlar ittifaqı birliyinin (Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının), müəssisənin və ya onun tabeçiliyi üzrə yuxarı orqanının (əgər varsa) nümayəndələrindən ibarət Təhqiqat komissiyası yaradılır. Sahə həmkarlar ittifaqı birliyi, müəssisənin həmkarlar ittifaqı təşkilatı, müəssisə və ya onun tabe olduğu yuxarı orqan (əgər varsa) Təhqiqat komissiyalarının tərkibində iştirak edəcək nümayəndələri barədə X8 Xidmətinə hadisə baş verən gün rəsmi məlumat verməlidirlər. Təhqiqat komissiyasının yaradılmasına əsas bədbəxt hadisə barədə X8 Xidmətinə işəgötürən tərəfindən verilən məlumat ola bilər. Əgər gizlədilmiş bədbəxt hadisə halı dövlət nəzarət orqanları, həmkarlar təşkilatı tərəfindən aşkar edilərsə və yaxud belə məlumat mətbuatdan, radio və televiziya verilişlərindən, digər mənbələrdən daxil olarsa, bədbəxt hadisənin gizlədilmə səbəbləri X8 Xidməti tərəfindən araşdırılır və lazımi hallarda işəgötürənin iştirakı olmadan bu Qaydalara müvafiq bədbəxt hadisənin təhqiqatının aparılmasını təşkil edir. Bu Qərarın 2.5-ci bəndinə əsasən təhqiqat komissiyası bədbəxt hadisənin səbəbini və iş yerinin şəraitini təhqiq edir, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının standartlarının pozulmasına yol vermiş şəxsləri aşkar edir. Hadisənin şahidlərindən və zərərçəkəndən izahatlar alır, bədbəxt hadisənin səbəblərini və onların aradan qaldırılması üzrə tədbirləri göstərməklə lazımi nüsxələrdən ibarət tədqiqat aktı tərtib edir və müəssisə tərəfindən hadisə barədə İZ formalı aktın düzgün olmasına nəzarət edir. Qeyd olunan Qərarın 2.6-cı bəndinə əsasən bədbəxt hadisənin təhqiqatı başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada İZ formalı akt tərtib edilməli və onun 1 nüsxəsi mütləq zərər çəkən işçiyə təqdim olunmalıdır. Qaydaların 2.4 bəndində göstərilən halda İZ formalı aktın 1 nüsxəsi zərərçəkənin əmək müqaviləsində olduğu müəssisəyə göndərilir. İşçinin əmək qabiliyyətinin bir gündən artıq müddətə itirilməsinə və ya tibbi rəy əsasında gündən artıq müddətə başqa işə keçirilməsinə səbəb olmuş bədbəxt hadisə İZ formalı aktla rəsmiləşdirilir (əlavə 1) və istehsalatda bədbəxt hadisələrin qeyd jurnalında qeydə alınır (əlavə 2). Təhqiqat komissiyası İZ formalı aktın işəgötürən tərəfindən düzgün tərtib olunmadığını müəyyən edərsə, onun yenidən tərtib edilməsini tələb etmək hüququna malikdir. Bədbəxt hadisənin təhqiqat materialları İZ formalı aktla birlikdə bədbəxt hadisənin qeydə alındığı müəssisədə 45 il müddətində saxlanılmalıdır. Başqa instansiyalara göndərilmiş İZ formalı aktlar və onların surətləri lazım olmayanadək və onlarda nəzərdə tutulmuş bütün tədbirlər yerinə yetirilənədək saxlanılır. Həmin Qərarın 3.1-ci bəndinə əsasən təhqiqat komissiyası əmək qanunvericiliyinə və bu Qaydaya əsasən bədbəxt hadisənin təhqiqatının aparılması müddətinə, müvəqqəti olaraq yaradılır. Təhqiqat komissiyası heyətinin ezamiyyə xərcləri hər bir komissiya üzvünün mənsub olduğu təşkilat tərəfindən (verilmiş əmrə əsasən) ödənilir, təhqiqat işinin gedişi dövründə onun aparılması ilə əlaqədar ortaya çıxan digər əlavə xərclər isə hadisə baş vermiş müəssisə və ya onun tabeçiliyi üzrə yuxarı orqanı tərəfindən ödənilir. Təhqiqat komissiyasının yekun sənədi (akt) komissiyanın bütün üzvləri tərəfindən imzalanır. Akt tərtib edilən zaman komissiyanın hər bir üzvü öz rəyini yazılı şəkildə komissiyanın sədrinə təqdim edir. Baş vermiş bədbəxt hadisələrin təhqiqatı komissiya tərəfindən 20 gün müddətinə aparılır və xüsusi təhqiqat aktı tərtib edilir (əlavə 4). Zəruri hallarda, Təhqiqat komissiyası sədrinin əsaslandırılmış müraciətinə əsasən bu müddət komissiyanın yaradılması barədə sərəncam (əmr) verən orqan tərəfindən artırıla bilər. Komissiyanın üzvləri zərərçəkənlərlə və ya onların ailə üzvləri ilə görüşərək, bədbəxt hadisə ilə əlaqədar qüvvədə olan qanunvericiliyə müvafiq, onların hüquqlarını izah etməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının oğlu X2 ölümü X8 Xidməti tərəfindən istehsalatda baş verən bədbəxt hadisə hesab olunmadığından müvafiq təhqiqat komissiyası yaradılmamış, təhqiqat aparılmamış, akt tərtib edilməmiş və cavabdeh təşkilatın “İstehsalat zədəsi” formalı aktı tərtib etmək öhdəliyi yaranmamışdır. Bundan əlavə, iddiaçının hazırki tələbi irəli sürmək üçün subyektiv hüququ mövcud deyildir. Çünki, müvafiq cinayət işində mərhum Pərviz Musazadənin, yəni zərərçəkmişin, hüquqi varisi qismində iddiaçı deyil, X10 tanınmışdır. Məhkəmə hesab edir ki, sözügedən Qaydalarda qeyd olunan (2.3-cü bəndi) “zərərçəkənin, yaxud onun mənafeyini təmsil edən şəxsin” ifadəsində nəzərdə tutulan səlahiyyətli qismində hazırki mülki işin halları baxımından zərərçəkmiş şəxsin hüquqi varisi başa düşülməlidir. Belə olduqda hazırki iddia ilə məhkəməyə Natiq Aydınov müraciət etmək hüququna malikdir. Belə ki, M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki iddia əsassızdır. Məhkəmə, eyni zamanda, qeyd edir ki, müvafiq dövlət orqanının təhqiqat komissiyası yaratmaması, faktın istehsalatda baş verən qəza hesab etməməsi həmin təşkilatın inzibati funksiyasından irəli gəldiyindən mülki məhkəmə icraatında və hazırki iddia çərçivəsində araşdırıla bilməz, göstərilən məsələlər inzibati məhkəmədə mübahisələndirilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə q̇arşı oğlu X2 ölümü ilə bağlı "İstehsalat zədəsi” formalı aktın verilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238-242-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə q̇arşı oğlu, X2 ölümü ilə bağlı "İstehsalat zədəsi” formalı aktın verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-5723/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5723/2021
16.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver