Məhkəmə qərarları › İş №2(060)-5751/2022

Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(060)-5751/2022

02.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5751/2022 02.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2000 manat məbləğində qonorarın və ödənilmiş 40 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 2018-ci ildə ona müraciət edərək bildirmişdir ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 50.9 kv.m. olan 2 otaqlı 40 saylı mənzillə bağlı məhkəmə mübahisəsi mövcuddur və bu işi aparmaq üçün onun vəkilə ehtiyacı var. Sənədlərlə tanış olduqdan sonra mübahisəli mənzillə bağlı məhkəmə çəkişmələri müsbət həll olunduğu halda gələcəkdə ona ediləcək müvafiq ödəniş (qonorar) müqabilində bu mülki işini aparmağa razılıq vermişdir. Müxtəlif məhkəmə instansiyalarda məhkəmə çəkişmələrdən sonra 2019-cu ildə iş Cavabdeh xeyrinə həll olunmuşdur və mübahisəli mənzil ona qaytarılmışdır. O, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdikdən sonra cavabdehdən vəd etdiyi qonorarın ödənilməsini xahiş etmişdir. Cavabdeh isə ona bildirmişdir ki, mənzili satışa çıxarıb və mənzil satılan kimi vəd edilmiş qonorarı ona ödəyəcəkdir. Pandemiya ilə əlaqədar cavabdehi narahat etməmişdir. Sonuncu dəfə ona zəng etdikdə o, bildirmişdir ki, mənzili hələ satmayıb maddi çətinlikləri olduğuna görə qonorarı ödəyə bilmir. Sonradan məlum olmuşdur ki, cavabdeh mübahisəli mənzili satıb başqa ünvana köçmüşdür. Göründüyü kimi, cavabdeh götürdüyü öhdəliyi yerinə yetirməkdən yayınır və bilərəkdən qonorarı ödəmir. Cavabdeh 2000 manat məbləğində olan qonorarı könüllü ödəməkdən boyun qaçırdığına görə, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin şərh olunan məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Sumqayıt Şəhər Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Mülki iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli Cavabdeh tərəfindən verilmiş iltizamdan görünür ki, o, vəkil İddiaçı məhkəmədə olan mübahisələri müsbət həll etdiyinə görə əvvəlcədən razılaşdırılmış mənzilin bazar qiymətinin 4% miqdarında, yəni 2000 manat məbləğində qonararı 15 avqust 2019-cu il tarixədək ödəməyi öhdəsinə götürür. Məhkəmə işin faktiki hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1, 783, 385.1, 386.1, 425, 442, 448-ci maddəsinin tələblərinə əsasən qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün cavabdehdir və mülki məsuliyyət daşıyır. Odur ki, iddia təmin edilməli, Cavabdeh 2000 manat tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən mülki iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40 manat Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 238, 241, 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2000 (iki min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40 (qırx) manat İddiaçı xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Sumqayıt Şəhər Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar